525.Az

Görünən dağda gördüklərim...


 

...YAXUD “KEÇƏN GÜNLƏRİN “TƏRCÜMEYİ-HALI” HAQQINDA QEYDLƏR

Görünən dağda gördüklərim...<b style="color:red"></b>

... Memuar ədəbiyyatı o zaman böyük (ictimai) maraq doğurur ki, müəllif məşhur, tanınmış adam, şəxsiyyət olsun.

Əlbəttə, istisna mümkündür, bir səfilin də memuarı məşhur “Səfillər”də olduğu kimi diqqət çəkə bilər, amma hər halda şəxsiyyətin qələmindən çıxan memuar cilalanmasa belə, parıldayacaq.

Bu mənada görkəmli dilçi, ədəbiyyatşünas, ictimai xadim Nizami Cəfərovun “Azərbaycan” jurnalının 2016-cı il 5-ci, 6-cı, 7-ci saylarında “Keçən günlərin “tərcümeyi-halı” sərlövhəsilə çap olunmuş memuarları məni maraqlandırdı və yadıma hər şeydən öncə bir atalar sözünü saldı: “Görünən dağa nə bələdçi”.

Bəli, o neçə  illərdir göz qabağındadır; həm müstəqim, həm də məcazi mənada. Bu memuarları oxuyana qədər mənə də elə gəlirdi ki, onu yaxından tanıyıram, amma bu yazıları hələ gözdən keçirəndə hiss etdim ki, yanılmışam, bu əsəri dübarə oxumaq üçün də gözümə su versəm, pis olmaz.

O, özünəməxsus incə, şirin bir yumorla keçdiyi yolların mənzərəsini (və bu yollardakı “insan mənzərələri”ni) yaradıb. Yaradıb ki, bu gör-götür dünyasında hardan gəlib hara getdiyini, niyə getdiyini biləsən...

Müəllif isə öz memuarları haqqında gümanla danışır; yazır ki, ...bəlkə kiməsə lazım oldu...Əslində isə bu memuarlar bütün xalqa, necə deyərlər, məmə yeyəndən, pəpə yeyənə kimi hamıya lazımdı. Ən azı, ibrət götürmək üçün lazımdı.

O yazır ki, tərcümeyi-halımı varaqladıqca görürəm ki, çox adama borcluyam. Əsasən, borclu olduğu adamların portretini yaradır, borclu olduğu adamlardan yazır. Borclu olduğun adamın haqqında da niyə yazmayasan ki?  

Və sözünün mabədini belə gətirir: “..Nə bilmək olar, bəlkə də ən çox Əlövsət Abdullayevə borcluyam ki, hara gedəcəyimi bilmədiyim bir vaxtda qabağa düşdü.. Və mənə “arxamca gəl!” dedi...

Memuarlardan görünür ki, N.Cəfərovun “hara gedəcəyini bilmədiyi vaxtlar” kifayət qədər olub, amma həmişə qarşısına xeyirxah insanlar çıxıb və indi o özünü məhz bu xeyirxahlara borclu sayır. Və mənə elə gəlir ki, bu memuarları da ona bu borc yazdırıb. Xronoloji ardıcıllıqla bu xeyirxahlardan bəhs etsəm, gərək öncə mərhum dilçi Samət Əlizadəni xatırlayam; nədən ki, S.Əlizadə qəbul imtahanında onaltı yaşlı ağstafalı abituriyent Cəfərov Nizamiyə ədəbiyyat yazılı imtahandan sərbəst mövzuda yazdığı inşaya görə “beş” yazmasaydı, o universitet tələbəsi ola bilməyəcəkdi...

S.Əlizadə ilə başlayan xeyirxahların sırasında məşhur dilçi və ədəbiyyatşünasdan Mir Cəlal, Abbas Zamanov, Ağamusa Axundov, Nəriman Həsənzadə, Tofiq Hacıyev, Vaqif Vəliyev, Firudin Hüseynov, Misir Mərdanov, Cəlal Abdullayev, Xalid Əlimirzəyev, Təhsin Mütəllibov, Nəsir Məmmədov, Muxtar Hüseynzadə, Yusif Seyidov, Abdulla Vəliyev, Musa Adilov, Zinyət Əlizadə, Aydın Məmmədov, Kamil Vəliyev, Firudin Cəlilov və başqaları yeri gəldikcə anılır. Sadəcə anılmır, yox, müəyyən hadisələrin, əhvalatların bədii-yumoristik təqdimatıyla onların obrazları yaradılır.

N.Cəfərovun yazılı təhkiyəsi, şifahi təhkiyəsi (nitqi) kimi nə qədər rəvan, cazibəli, şirəli olsa da, kifayət qədər iri həcmli bu memuarı varaqladıqca içimdə bir nigarançılıq da oyanırdı...

...Hə, bu da o nigarançılığın sonu... 90-cı illərin əvvəllərindəki güzəranını açıqlayarkən yazır: “Belə bir dövrdə siyasətdən kənarda qalmaq mümkün deyildi. Demokratik qüvvələrin demək olar ki, hamısı Xalq Cəbhəsinin ətrafında toplaşmışdı. Və təbii ki, mən də orda idim. Xalq Cəbhəsində partiyalaşma başlayanda tarixini az-çox bildiyim müsavatın üzvü oldum. Divana-mərkəzi quruma seçildim. Mədəniyyət komitəsinə rəhbərlik etməklə yanaşı, “Yeni Müsavat” qəzetində baş redaktor müavini, sonra isə “Yeni Turan” qəzetində baş redaktor oldum”.

Bu gün cəmiyyətimizdə, əsasən “elitar” təbəqə arasında müsavata və eləcə də onun orqanlarına qarşı münasibəti nəzərə alsaq, bu etirafın bir adı var: ləyaqət.

Bəli o, təxminən yarım əsrin mənzərəsini yaradan memuarında hər şeyi öz adıyla çağırmağı, ağa ağ, qaraya qara deməyi bacarıb. Məncə memuarın ən böyük uğuru da bununla bağlıdır. Mən inanmıram ki, bu gün deputat  kürsüsündə əyləşən hər ziyalı öz keçmişini dilə gətirərkən bunca səmimi (və həm də cəsarətli) olsun.

Hətta Xalq Cəbhəsi dönəmində yüksək vəzifə daşıyan, bu günlər isə xaricdə yaşamaq məcburiyyətində qalan, adı artıq bir Azərbaycan dilçisi kimi “unudulan” Kamil Vəlini də unutmur. Namizədliyi irəli sürülmüş bir dekan seçkisi mərasimini incələyərkən yazır: “Seçkidən öncə keçirilən iclasda qocaman müəllimlərimizdən biri çıxış elədi, dedi ki, fakültə dağılır, ona bir ağsaqqal lazımdır. Məsələnin bu cür qoyuluşu mənim xeyrimə deyildi. Çünki mən gənc idim. Özünün namizədliyi olan “ağsaqqalı” orta yaşlı Kamil Vəliyev çətin vəziyyətə saldı:

-Fakültəyə ağsaqqal yox, dekan lazımdır... Biz buraya dekan seçməyə yığışmışıq. Elə bir adam seçək ki, qəbul imtahanında iştirak etməyib, cinayətə batmayıb.. O da Nizami Cəfərovdur... Ağsaqqalı isə səsvermə ilə seçmirlər, o tarixən seçilir.

Müdrik.. Və müdrik olduğu qədər də emosional Kamil Vəliyev (Kamil Vəli Nərimanoğlu) həmişə sözü yerində deməyi bacarıb. Bir dost, yüz düşmən qazanıb”.

Və N.Cəfərov “bir dost, yüz düşmən” qazanmağın yolunu bilə-bilə bu gün, bəli məhz bu gün Kamil Vəlidən belə səxavətlə danışırsa, demək o, özü də bir dostun xətrinə  yüz düşmən qazanmaqdan qorxmur! Demək şərt yüz düşməni yox, bir dostu qazanmaqdı!

Əslində, sözün bu yerində, bu mərtəbəsində bu söhbətə yekun vurmaq olardı, çünki N.Cəfərovun memuarı məhz bu mərtəbədən kifayət qədər aydın görünür. Amma sezdim ki, yox, görünən dağda gördüklərimi sizinlə paylaşmalıyam..

O, özünü borclu saydığı insanlara yaraya bilmədiyinə görə təəssüflənir və deyir ki, ancaq mən hələ də onların bu dünyada olmadıqlarına inana bilmirəm. Və inanmıram ki, nə zamansa inana billəm.. Amma bir təsəllisi də var: “Çalışırdım ki, bir balaca istedadı olan hər kəsə kömək edim...” və dərhal təəssüfünü də bildirir: “..bunu da bəzən qeyri-prinsipiallıq kimi qəbul edirdilər”.

Hərdən nə isə oxuyanda diqqətini çəkən cümlələrin, altından karandaşla xətt çəkirəm ki, sonradan o haşiyələrin üstə bir də qayıdım... N.Cəfərovun “Azərbaycan” jurnalının üç sayına səpələnmiş memuarları da qara qarandaşın cizgisinə məruz qalmışdı. Və mən bu cizgilərlə, cığırlarla görünən dağa bir qədər də yaxınlaşmağı qərara aldım.

N.Cəfərov universitetdə (ADU-da) ona dərs demiş müəllimləri adbaad xatırlayandan sonra yazır ki, onlar müxtəlif nəsilləri təmsil etdiklərinə görə, elmi-nəzəri səviyyələri, əsaslandıqları tətqiqat metodları bir-birindən fərqlənirdi, ancaq hamısını, istisnasız olaraq bir qayə birləşdirirdi ki, bu da Ana dilinə sonsuz məhəbbət idi. Memuardan belə məlum olur ki, Nizamini dilçilik elminə müəllimlərindən əxz etdiyi bu “sonsuz məhəbbət gətirib. Yoxsa, o, öz sözü, “jurnalist olmaq eşqilə alışıb yanırmış”. Hətta hərdən dövrü mətbuata tez-tez onun imzasına rast gələndə fikirləşirəm ki, bu yanğı hələ də sönməyib. Hər halda Afaq Məsudun “Həllac Mənsur”una üz tutub Həllac Mənsurdan yazanda, ya nəsə bir səbəb tapıb Sabirin “Beynəlmiləl” şeirindən bəhs edəndə başa düşülür ki, məqsəd nədi. Bəli, “Beynəlmiləl” xatırlanırsa, Həllac Mənzur yad olunursa, demək bunun səbəbi var. Nə Həllac Mənzur tarix səhnəsindən çəkilir, nə “Beynəlmiləl”in ruhu.

“Onsuz da bunlar şəhid olmaqdan ötrü ölürlər”. Bu Ağamusa müəllimin-Ağamusa Axundovun Təbrizdə Təbriz sürücüləri haqqında işlətdiyi sözdür və Nizami bu sözü bir çimdik duz kimi öz memuarına qatıb.

“İstedadlı adamın səhvini kəndir edib onun boğazına keçirmək olmaz”. Bu da Nəriman Həsənzadənin sözüdür. N.Cəfərovun bircə dəfə eşitməklə hələ də yaddaşında yaşatdığı söz..

N.Cəfərovun öz memuarında Nəriman Həsənzadədən dönə-dönə söhbət açması özü də memuara saflıq, təravət və həm də düz, məzə gətirir. Tofiq Mütəllibov Nəriman Həsənzadənin yanında Hikmət Ziyaya deyir ki, Nəriman müəllim mənim şeirlərimi mətbəəyə oxumadan göndərir.. Hazırcavab Hikmət Ziya onun sözünü kəsib: “Düz eləyir da! Oxusa, göndərməz, axı...”.

Memuarda Hüseyn Ariflə bağlı bölmə də hər şeydən öncə yumor duyğusu ilə zəngindir... Məlum olanda ki, el arasında haqqında lətifələr dolaşan şairlə müəllif vaxtaşırı görüşüblər, daha artıq söhbətə lüzum qalmır, oxucu istər-istəməz maraqlı məqamlar gözləyir. Və memuarda belə məqamlar yetərincədir. N.Cəfərov redaksiyadakı görüşlərin birində H.Arifə deyəndə ki, Hüseyn qağa, Anar sizə xalq şairi adı verməsə, Yazıçılar İttifaqı nüfuzdan düşəcək, şair üzünü dərhal ətrafdakılara tutub deyir: “Bunu qoruyun, böyük tənqidçidir”.

Göründüyü kimi, ilk baxışda lətifə kimi təqdim olunsa da, böyük ictimai yükü göz qabağındadır.

Müəllif İsmayıl Şıxlı və Qara Namazovla bağlı söhbətlərində öz memuarını “xışma-xışma” duzlayıb və əsla şorunu çıxarmayıb.           

Təxminən 50-60 illik bir ömrü-zaman kəsiyini əhatə edən memuar haqqında elə bu murazın özünü də yazmaq olar, amma mənim məqsədim sadəcə oxucunu bu yazıya qarşı istiqamətləndirməkdir. Amma daha bir bölmədən də bəhs etməyə ehtiyac duyuram. Bu N.Cəfərovun şöhrətli Şərqşünas Rüstəm Əliyevlə neçə illər öncə baş tutan bir görüşü ilə bağlıdır. Və məhz bu görüşün təfsilatı böyük Nizami Gəncəvi haqqında içimdəki nigaransızlığa son qoydu.

Memuarın sonunda N.Cəfərov ulu öndərlə görüşlərini xatırlayır və yazır ki, Türkiyənin dövlət xadimləri ilə görüşlərin birində Heydər Əliyevin Mərkəzin başqanı (yəni Atatürk mərkəzinin sədri- M.O.) barəsində işlətdiyi -”çox böyük bir professor” ifadəsi mənim üçün indiyə qədər aldığım və bundan sonra alacağım) adların ən böyüyü oldu. Bu söhbəti də xırdalamaq istəmirəm və sevinirəm ki, bu memuarın ardı yazılır və yazılacaq, çünki memuarın son cümləsində Nizami Cəfərov özü də vurğulayır ki, “günlər keçir, ancaq izsiz yox... Tərcümeyi-hal (və Tarix) yarada-yarada...”

 





30.07.2016    çap et  çap et