525.Az

Mövlanaya “Yazıçı” sevgisi


 

Mövlanaya “Yazıçı” sevgisi<b style="color:red"></b>

Oxuculara məlum olduğu kimi, ədəbiyyatımızın təbliğində, dəyərli söz adamlarının yığcam bir formada tanıdılmasında “Yazıçı”nın özünəməxsus rolu var və bu da danılmazdı.

Maraqlıdır ki, “Yazıçı” ədəbiyyat tariximizin təkcə bu günümüzün çağdaş nümayəndələrini deyil, həmçinin klassiklərimizin, o cümlədən də türk dünyasının böyük yazarlarını ürək genişliyi ilə, səxavətlə təqdim edir. Bu da  “Yazıçı”nın böyük söz önündə hər zaman sayğı ilə dayandığının ən yaxşı göstəricisidi.

“Yazıçı”nın  2016-cı ilin mart, aprel aylarını əhatə edən 1-ci, bütövlükdə isə 166-cı sayı işıq üzü görüb. Bu ilin ilk sayı islam və türk dünyasının ən böyük və hər kəsin birmənalı şəkildə qəbul etdiyi, hətta xristian dünyasının da yararlandığı Mövlana Cəlaləddin Rumiyə həsr olunub. Təbii ki, bu ad və bu böyük adın dünyada tanınmasına bütün həyatını həsr etmiş o böyük şəxsiyyət hər kəsə məlumdu və az-çox sözdən baş çıxaran insanlar Mövlanadan bir misra da olsa bilir və onun vurğunudur. “Yazıçı”nın bu sayının üz qabığında böyük və əbədiyaşar Mövlananın təsviri verilib. Həmçinin üz qabığında Mövlanaya Nazim Hikmətin həsr etdiyi şeir təqdim olunub.

Azərbaycan və türk ədəbiyyatının canlı klassiklərindən olan Xalq yazıçısı Anar özünün “Çağdaşımız Mövlana” adlı məqaləsində o böyük insanın cizgilərini və ona olan sevginin paralellərini oxuculara çatdırır. “Yazıçı”nın bu sayında Ramiz Rövşənin “Sevgi məktubu” kimi şeiri bütünlüklə Mövlana ruhunu oxucuya yaşadır.

Bu sayda həmçinin Vaqif Bayatlı Odərin, Məmməd İsmayılın, Şahin Fazilin, Fethi Gediklinin, Novruz Süleymanlının, akademik Rəfael Hüseynovun, İsmayıl Vəliyevin, Teymur Kərimlinin, Şaiq Vəlinin, Ədalət Əsgəroğlunun, Sabir Sarvanın, Vaqif Əlixanlının, Ağacəfərin, Xanəmirin, Ayişə Nəbinin,  Zahid Sarıtorpağın, Fəxri Uğurlunun, Hikmət Məlikzadənin, Sayman Aruzun yazıları da işıq üzü görüb. Oxucular Xalq şairi Zəlimxan Yaqubun “Mövlana türbəsində” şeirini, inanıram ki, birnəfəsə oxuyacaqlar.

O cümlədən, Sona Vəliyevanın “Səni sevdim, Allahım” adlı, Həzrəti Mövlanaya həsr olunmuş şeirini də mütaliə etmək söz adamının könlünə, ruhuna bir həzinlik bəxş edir. “Yazıçı”nın bu sayında mərhum şairimiz Akif Səmədin Mövlanaya yazdığı misralar da yer alıb.

Baş redaktoru Azər Abdulla, məsul katib Əli Həsənli olan “Yazıçı”nın bu sayı da şəxsən bir oxucu kimi mənim stolüstü dərgimə çevrildi. Ona görə də yaradıcı heyətə təşəkkürlərimi bildirirəm.

Ə.MƏDƏTOĞLU

 





30.07.2016    çap et  çap et