525.Az

“Misir Azərbaycanla əlaqələri möhkəmləndirmək niyyətindədir”


 

“Misir Azərbaycanla əlaqələri möhkəmləndirmək niyyətindədir”<b style="color:red"></b>

“Misir qardaş Azərbaycan Respublikası ilə bütün sahələrdə dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə rəvac vermək niyyətindədir”.

Bunu Misirin Azərbaycandakı səfiri Suzan Cəmil ölkəsinin Milli bayramı münasibətilə keçirilən tədbirdə deyib.

O bildirib ki, bu baxımdan Misir Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, ona qardaş olan Azərbaycan xalqının sülh və əmin-amanlıqda yaşamaq hüququnu dəstəkləyir.

S.Cəmil əlavə edib ki,  iyul inqilabı azadlıq və müstəqillik əzmində olan bir çox xalqa iradə və ilham verdi. Onun sözlərinə görə, son beş ildə Misir daha iki inqilab yaşayıb ki, bunlardan biri 2011-ci ilin 25 yanvar tarixinə təsadüf edib, digəri isə zülmə, korrupsiyaya və dini ekstremizmə qarşı 2013-cü ilin 30 iyununda baş verib. Hazırda Misir taleyüklü bir zaman yaşayır, lakin sadiq xalqın və vətənpərvər ordunun iradəsi, həmçinin prezidentin müdrik rəhbərliyi sayəsində Misir bütün maneələrin öhdəsindən gələcək və geniş miqyaslı inkişafa nail olacaq.

Diplomat deyib ki,  Misir ərəb, müsəlman xalqları, həmçinin, Afrika qitəsinə mənsubiyyətinə əsaslanan milli kimliyini hər zaman hifz etməyə can atıb. “Dərin ənənələrə əsaslanan bu cür kimlik Misirə beynəlxalq ictimaiyyətlə dostluq , sülh  və etimad əlaqələrini möhkəmləndirmək imkanını verib”.

S.Cəmil ölkəsinin terrorçuluğun və ekstremist qrupların törətdiyi zorakılığın bütün təzahür növlərinə müqavimət göstərməkdə və aradan qaldırmaqda qətiyyətli və dönməz bir mövqedə olduğunu diqqətə çatdırıb:  “Misir beynəlxalq ictimaiyyəti  terrorun yox edilməsi istiqamətində birgə səy göstərməyə bir daha səsləyir. Bəşəriyyətin beşiyi, tarixin yarandığı məkan olan Misir maariflənmənin “məşəli” və gerçək mülayim İslamın yer tapdığı bir məmləkətdir. Misirin adı Quran da daxil olmaqla digər müqəddəs kitablarda sülh,  rifah və əmin-amanlıq diyarı kimi çəkilmək şərəfinə layiq görülüb”. O vurğulayıb ki, Misir müxtəlif dinlərin və mədəniyyətlərin sülhyönümlü bir mühitdə birgə mövcud olmalarından tam agahdır. Yaxın keçmişdə Əl Əzharın baş imam və Roma Papası arasındakı görüş bu qəbildən olan bariz bir nümunədir, bir sıra çağırışlarla üzləşən bu iki dini təsisat arasında olan ortaq zəminə dəlalət edir.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan Respublikası prezidenti və hökuməti adından Misir xalqının Milli gününü təbrik edib. Azərbaycan və Misir arasında əlaqələrin qarşılıqlı hörmət prinsipinə əsaslandığını deyən nazirin sözlərinə görə, beynəlxalq təşkilatlar çərçivəsində göstərilən qarşılıqlı dəstək  iki ölkə arasındakı ənənəvi dostluğun göstəricisidir. “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində sülh yolu ilə həllində Azərbaycana göstərdikləri dəstəyə görə Misirə bir daha təşəkkür edirik”.

Ş Mustafayev bildirib ki, bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət dövriyyəsində 30% artım müşahidə olunub. İndiyədək hökumətlərarası komissiyanın 3 iclasının keçirildiyini deyən nazir cari ilin sonuna qədər komissiyanın növbəti iclasının keçiriləcəyini qeyd edib.

PƏRVANƏ

 





30.07.2016    çap et  çap et