525.Az

Terminalogiya komissiyasının yaradılması ilə bağlı iş gedir


 

JALƏ ƏLİYEVA: “DİLİMİZİN BUGÜNKÜ VƏZİYYƏTİ İLƏ BAĞLI HƏYƏCAN TƏBİLİ ÇALANLAR SIRASINDA OLMUŞUQ”.

Terminalogiya komissiyasının yaradılması ilə bağlı iş gedir<b style="color:red"></b>

“Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Azərbaycan dilinin bugünkü vəziyyəti ilə bağlı bu günə qədər həyəcan təbili çalanlar sırasında olub. Həqiqətən də, dəfələrlə iclaslarımızda, bütün çıxışlarımızda Azərbaycan dilinin bu gün televiziyalarda, mətbuat orqanlarında, küçədəki reklam çarxlarında düşdüyü vəziyyəti, mətbəələrdə yayımlanan mətbu nümunələrində Azərbaycan dilinin özünəxaslığına bir kölgə gətirilməsi haqqında danışmışıq”.

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva 1 avqust tarixinin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunmasına münasibətini bildirərkən deyib. Onun sözlərinə görə, təbii ki, bu baxımdan, ölkə Prezidenti İlham Əliyevin bir neçə il öncə imzaladığı məlum “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncam çox vaxtında verilmiş bir sərəncamdır və bu sərəncamdan sonra nəhayət, dövlət dilimizin təmizliyinin, saflığının qorunması istiqamətində ciddi nəticələr, müsbət irəliləyişlər əldə ediləcək. O,deyib ki, ölkə prezidentinin sərəncamında məhz cəmiyyətdən gələn narahatçılıq və dilimizlə məşğul olan insanların narahatçılığı bənd-bənd öz əksini tapıb. “Ölkə Prezidenti tezis şəklində göstərir ki, hansı məsələlərdə problemlər var və nə etmək lazımdır. Artıq bu yöndə müvafiq işçi qrup fəaliyyət göstərir. Eyni zamanda, terminalogiya komissiyasının yaradılması ilə bağlı iş gedir. Bu da çox əhəmiyyətli məsələdir. Azərbaycan Prezidentinin həmin sərəncamında Azərbaycan dili ilə yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə fəaliyyətinin, terminologiya istiqamətinin də inkişafına diqqət verilir və məsələ kompleks şəkildə öz həllini tapır. Çünki Azərbaycan dilinin bu gün televiziyada, mətbuat orqanlarında, küçədəki reklam lövhələrində, mətbu nümunələrində yad elementlərdən xali olmadığı bizim hər birimizə yaxşı məlumdur və bu baxımdan qeyd etmək istəyirəm ki, ölkə başçısının bu yöndəki sərəncamı tarixi əhəmiyyətli bir sənəddir. Odur ki, bu sərəncamdan sonra dilimizin təmizliyinin, saflığının qorunması istiqamətində ciddi addımlar atılıb və mühüm nəticələrin, irəliləyişlərin əldə edildiyini düşünürəm”-deyə, J.Əliyeva sözlərinə əlavə edib.

Əlifbaya keçid məsələsinə gəlincə, millət vəkili xatırladıb ki, bu, həmişə çox mürəkkəb məsələ olub. “Azərbaycanda çoxlu sayda əlifbalar dəyişib, amma bu dəyişiklik millətin mədəniyyətinə, dilinə ziyan vuran məsələdir. Amma latın qrafikasına keçidin isə müsbət cəhətləri var. Bu baxımdan, əlifba məsələsi üzərində möhkəm dayanmaq, əlifba stabilliyi və normativliyi çox mühüm məsələdir. Ona görə də, eyni zamanda, Əlifba Günü kimi də 1 avqust tarixi bizim üçün dəyərlidir. Bilirsiniz ki, Azərbaycanda yeni əlifbaya keçid 10 il davam etdi. Bu proses 1990-cı illərin əvvəlindən başladı və 2001-ci ildə yekunlaşdı.

Əlifba quruculuğu məsələsində biz kifayət qədər normal hərəkət etdik. Yəni nə tələsdik, nə də gecikdik. Latın qrafikasına keçid də mürəkkəb hadisə idi. Bu proses üç mərhələdə həyata keçirildi. Belə ki, bu əlifbaya keçid ən mobil sahə olan məktəbdən başladı, sonra dövlət idarələri, sonda isə mətbuat tam olaraq latın qrafikalı əlifbaya keçdi. Burada ən ağır sahə KİV olduğu üçün sonuncu mərhələdə tam olaraq bu sahədə latın əlifbasına keçildi. Doğrudur, mətbuat adamları hazırlıqlı idilər, söhbət bütövlükdə cəmiyyətdən, oxuculardan gedir. Yəni, cəmiyyətin bunu mənimsəməsi mürəkkəb proses idi, ona görə də son olaraq mətbuatda bu proses reallaşdırıldı. Latın qrafikasına keçid tam başa çatmayanda müxalifət qəzetləri yazırdı ki, guya hakimiyyət bu əlifbaya keçmək istəmir. Amma keçəndə də müxalifət yazdı ki, bu əlifbaya ona görə keçildi ki, camaat müxalifət mətbuatını oxumasın. Amma bu iddiaların heç bir əsası yox idi. Əlifbaya keçid düşünülmüş şəkildə, problemsiz həyata keçirildi”-deyə, J.Əliyeva sonda bildirib.

K.HƏMİDOV

 





30.07.2016    çap et  çap et