525.Az

“Bizim qırmızı xəttimiz Dağlıq Qarabağdan keçir”


 

HƏMİD QARADƏNİZ: “TÜRKİYƏ İLƏ ERMƏNİSTAN ARASINDA SƏRHƏDLƏRİN AÇILMASI AZƏRBAYCANA BAĞLIDIR”

“Bizim qırmızı xəttimiz Dağlıq Qarabağdan keçir”<b style="color:red"></b>

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Həmid Qaradəniz iki ölkə arasında media sahəsində əməkdaşlıq əlaqələri, qardaş ölkədə baş verən hərbi çevriliş cəhdi, Dağlıq Qarabağ problemi və digər məsələlərlə bağlı “525”ə müsahibə verib. 

-Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında medianın rolu yetərincədirmi?

- İki ölkə arasında tarixi bağlılıq, qardaşlıq əlaqələrindən irəli gələn münasibətlərin hərtərəfli inkişafında mətbuat həmişə müsbət rol oynayıb. Zaman-zaman mediada yayılan müəyyən fikirlərlə bağlı tənqidlərimiz olsa da, yanlışları düzəltmə istəyimizin arxasında Azərbaycan mediasını daha güclü, mükəmməl görmək məqsədi dayanır. Bu hər birimizin qardaşlıq borcudur. Dost, qardaş gördüyü xəta, səhvi söyləyib düzəltməyə çalışmalıdır. Ümumiyyətlə, Azərbaycan mediasında iki qardaş ölkə arasında münasibətlərə mənfi yöndə təsir etmə məqsədi daşıyan xəbərlərə demək olar ki, rast gəlməmişəm. Ancaq bəzən həm Azərbaycan, həm də Türkiyə mətbuatında qarşılıqlı olaraq tənqid mahiyyətində yazılar işıq üzu görür. Bu da bir-birimizi pisləmək deyil, daha yaxşı olmağımız, inkişaf etməyimiz məqsədilə həyata keçirilir.

-İki ölkə arasında media sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri hansı səviyyədədir?

- Digər sahələrdə olduğu kimi, Türkiyə ilə Azərbaycan arasında media sahəsində də əməkdaşlıq əlaqələri mövcuddur. Mütəmadi olaraq qardaş ölkə mediaları qarşılıqlı təcrübə mübadilələri aparır, əldə etdiyi uğurları bir-biri ilə paylaşır və nəticədə hər iki ölkə mediası daha da inkişaf edir. Məsələn, keçən ilin may ayında Türkiyə-Azərbaycan Media Əməkdaşlıq layihəsi (TAMEP) çərçivəsində Azərbaycanın bir sıra qəzet və informasiya agentliklərinin gənc jurnalistlərindən ibarət bir qrupunun Türkiyəyə səfəri reallaşdırılaraq onlara “TRT” və “Anadolu” Agentliklərində təlimlər keçirilib, media sahəsində təcrübə mübadiləsi aparılıb. Biz bu cür əməkdaşlıq əlaqələrinin davamlı olmasını arzu edirik.

- Türkiyədə baş verən hərbi çevriliş cəhdi zamanı Azərbaycan dövlətinin verdiyi dəstəyi necə qiymətləndirirsiniz?

- Təəssüflər olsun ki, Türkiyə iyulun 15-də xaricdən dəstək alan içimizdəki xainlərin, terror şəbəkəsinin hücumuna məruz qalıb. Ölkəmizdə hərbi çevriliş cəhdi baş verərkən yanımızda olduğunu göstərən ilk dövlətlərdən biri Azərbaycan idi. Başda prezident İlham Əliyev olmaqla rəsmi Bakı bu üzücü hadisələr zamanı verdiyi bəyanatlarla Türkiyə dövlətinə, millətinə dəstək olduğunu nümayiş etdirib. Çox şükür ki, bu hadisələrdə Türkiyə dövləti, milləti, demokratiyası qələbə qazanıb. Lakin bu üzücü hadisələr bizə Silahlı Qüvvələrimizin daxilində nə qədər satqın və xainlərin olduğunu göstərib, istər insan, istərsə də iqtisadi faktorlar baxımından dövlətimizin bir az da olsa, geri düşməsinə səbəb olub. Baş qaldıran bu xainlərin qarşısını türk milli iradəsi, siyasi gücü ala bilib. Bu hadisələr həm də bizə əsl dostlarımızın sədaqətini göstərib. Azərbaycan həmişəki kimi hadisəylə bağlı dərhal bəyanat verərək sözdə yox, əməldə bizə istənilən dəstəyi verməyə hazır olduğunu nümayiş etdirib. Əlbəttə ki, bütün bu dəhşətli hadisələr geridə qalacaq, ölkəmiz inkişaf prosesinə qaldığı yerdən davam edərək ən güclü dövlətlərdən biri kimi çağdaş dünyamızda öz layiqli yerini tutacaq. Bu uğurdan qardaş Azərbaycan dövlətinə də pay düşəcək. Çünki Türkiyənin güclü olması Azərbaycanın, Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir. Hərdən özümə sual edirəm ki, görəsən dünyada Türkiyə ilə Azərbaycan kimi dostluq, qardaşlıq əlaqələrinə malik olan başqa dövlətlər varmı. Bilmirəm, bəlkə də var. Ancaq inanmıram ki, bu birlik Türkiyə-Azərbaycan dostluğuna çata bilsin.

- Son günlər Türkiyə mətbuatında Ermənistanla sərhədlərin açılması məsələsi yenidən gündəmə çıxarılır. Sizin bu barədə mövqeyiniz nədən ibarətdir?

- Hər bir ölkənin öz qırmızı xətti var. Bizim də bu məsələdə qırmızı xəttimiz Dağlıq Qarabağdan keçir. Azərbaycanın dərdi dərdimiz, sevinci sevincimizdir.  Dağlıq Qarabağ məsələsi öz həllini tapmayana qədər bizim Ermənistanla əlaqələrimiz qurulmayacaq. Nə zaman işğal olunmuş torpaqlar geri qaytarılar, Qarabağda Azərbaycanın dövlət bayrağı ucaldılar, himni səsləndirilər və rəsmi Bakı İrəvanla artıq münasibətlərinin normallaşdığını bizə bildirərsə, biz o zaman Ermənistanla münasibətlərimizə baxacağıq. Əks halda, Türkiyənin Ermənistanla diplomatik əlaqələrinin bərpası müzakirə mövzusu olmayacaq. Bir sözlə, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi Azərbaycana bağlıdır. Bunu hər zaman Türkiyə rəhbərliyi bəyan edir. Təbii ki, biz də rəsmi Bakı kimi problemin diplomatik yolla həll olunmasını və nəticədə dostlarımızın çoxalmasını istəyirik. Lakin Azərbaycan bunun əleyhinə olduğu təqdirdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpasından söhbət gedə bilməz. Bu rəsmi Ankaranın mövqeyidir.

Ceyhun ABASOV

 





30.07.2016    çap et  çap et