525.Az

"Birliy"in Böyük Britaniyadakı gənclərə hərtərəfli fayda verəcəyinə inanırıq"


 

"Birliy"in Böyük Britaniyadakı gənclərə hərtərəfli fayda verəcəyinə inanırıq"<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi fevral ayından etibarən  Böyük Britaniyada universitetlərdə oxuyan azərbaycanlı tələbələr və təhsilini artıq bitirmiş məzunlar tərəfindən könüllü olaraq “Birlik” adında azərbaycanca aylıq ictimai-mədəni gənclik qəzeti fəaliyyətə başlayıb. Səkkiz səhifə və 500 nüsxə ilə nəşr edilmiş qəzet London və bölgələrdəki 25-dən çox universitetdəki azərbaycanlı tələbələrə pulsuz paylanıb. Müsahibimiz publisistika və ədəbi fəaliyyətindən tanıdığımız Mançester Universitetinin məzunu, “Birlik” qəzetinin baş redaktor Səməd Səfərovdur.

- Səməd bəy, “Birlik” qəzetinin yaratmaq fikri necə yarandı?

- Ötən ilin sonunda Mançesterdə təhsil alan azərbaycanlı tələbələrlə görüşərkən Böyük Britaniyada 600-dən çox azərbaycanlı tələbənin oxuduğunu öyrəndim. O zaman tələbələrlə söhbətlərimdən belə məlum oldu ki, bu qədər gənc həmyerlimizin bu ölkədə toplaşmasına baxmayaraq, onlar arasında ünsiyyət, tanışlıq, əməkdaşlıq, təcrübələrin bölüşülməsi aşağı səviyyədədir. Onda mən publisistika və ədəbiyyat sahəsində müəyyən təcrübəmə arxalanaraq ictimai-mədəni gənclik qəzeti nəşr etməyin tələbələrimiz üçün faydalı olacağını düşündüm. Amma bu təşəbbüs mənimlə birlikdə zəhmət çəkmiş tələbə dostlarımsız qeyri-mümkün olardı. Ona görə də Mançester Universitetindən Ziya Qafarlı və Fərman Fərmanovun və Liverpul Universitetindən Anar Süleymanovun adlarını mütləq çəkməliyəm. Onların köməyi və iştirakı olmasaydı, bu layihə çətin ki, gerçəkləşəcəkdi.

- “Birlik” qəzetinin azərbaycanlı tələbələrə nə kimi faydası olacağını düşünürsünüz?

- Qəzetimizin səhifələrində biz məhz Böyük Britaniyadakı gənclərin tələblərinə və maraqlarına hesablanmış mövzuları işıqlandırmağı düşünürük. Məsələn, ilk sayımızda Böyük Britaniyada sürücülük vəsiqəsinin alınması və xarici pasportu itirdikdə vətəndaşların nə etməli olduqları haqqında məlumat verilib. Bundan əlavə, gənclərimizin tələbəlik həyatı, onların güzəranları qəzetimizdə əks olunur. Məsələn, xaricdə təhsil alan tələbələrin əksəriyyəti sağlam qidalanmır və bu müəyyən fəsadlarla nəticələnir. Odur ki, ilk növbədə onlara sağlam qidalanma haqqında məsləhətlər verildi. Digər tərəfdən hər bir tələbəni maraqlandıran məsələlərdən biri karyeradır. Bu səbəbdən biz təhsildən sonra Böyük Britaniyada müvəqqəti qalmaqla Azərbaycana birbaşa qayıtmaq seçimlərini müzakirə etdik.

Eyni zamanda ictimai fəaliyyətə, mədəniyyətimizin təbliğatına da xüsusi diqqət ayırırıq. Məqalələrdən birində Novruz bayramı təşkil etmək istəyən ictimai fəal tələbələrə faydalı məsləhətlər təqdim olundu. Biz həm də tələbələrin Böyük Britaniyanı daha yaxından tanımaları üçün bu ölkə və buradakı xalqların tarixi və mədəniyyəti haqqında məlumatlara, əyləncə xarakterli məqalələrə də yer verdik.

Biz qəzetimizdə daima rəngarəng mövzuları təqdim etməyə çalışacağıq və ümid edirik ki, Böyük Britaniyadakı azərbaycanlı gənclər arasında əlaqələndirmənin inkişaf etdirilməsində, onların qürbət həyatındakı çətinliklərin həllində, bu təcrübənin uğurlu alınmasında, Azərbaycanın mədəniyyətinin təbliğatı uğrunda əməkdaşlığın genişləndirməsində, təcrübələrin bölüşülməsində və istedadlı gənclərin üzə çıxarılmasında öz töhfəmizi vermiş olacağıq.

- Böyük Britaniyadakı azərbaycanlı gənclər “Birlik” qəzetini necə əldə edə bilərlər?

- Bizim hazırda iyirmidən çox universitetdə təmsilçilərimiz var. Biz bu universitetləri “Paylanma mərkəzləri” adlandırırıq. Hər ay təmsilçilərimiz bizə neçə qəzetin tələb olunduğunu söyləyir və biz də onlara həmin miqdarda pulsuz qəzet yollayırıq. Oxucular qəzeti həmin paylanma mərkəzlərində əldə edə bilərlər. Lakin bunun üçün onların universitetlərə səfər etmələrinə ehtiyac olacaq. Yox, əgər oxucular qəzetin birbaşa olaraq onların ünvanlarına göndərilməsini arzulayırlarsa, bu zaman ayda 2 funt (2,5 AZN) dəyərində ödəniş etməli olacaqlar.

Böyük Britaniya hüdudlarından kənardakı  həmvətənlərimiz qəzetimizin elektron variantını qəzetin dərc olunduğu tarixdən üç həftə sonra internet səhifəmizdə - www.birlik.co.uk ünvanında oxuya bilərlər.

- Layihənizin qeyri-kommersiya məqsədli olduğu qeyd edilib. Bəs, büdcəniz necə maliyyələşir?

- Layihəmiz qeyri-kommersiya məqsədlidir və biz bu layihənin icrasından heç bir mənfəət əldə etmirik. Büdcəmiz, əsasən, reklam və ianələrin hesabına toplanır. Səhifələrimizdəki məqalələrin hamısı tələbə və məzunlar tərəfindən qələmə alınır və biz müəlliflərə qonorar ödəmirik.

Gələcəkdə büdcəmizin yüksəldiyi təqdirdə səhifələrimizin və tirajımızın sayını artırmağı düşünürük. Amma məhdud tələbi nəzərə alaraq, gəlirimiz yüksələrsə, Böyük Britaniyada gənclərimiz üçün müxtəlif ictimai-mədəni tədbirlər təşkil etməyi də planlaşdırırıq.

- Səməd bəy, bu xoşniyyətli layihənizdə sizə və redaksiya heyətinin üzvlərinə uğurlar arzulayırıq.

- Mən də sizə təşəkkür edirəm və ümid edirəm ki, qarşıya qoyduğumuz məqsədləri layiqincə icra edib, Böyük Britaniyadakı gənclərimizə böyük fayda verəcəyik.

 





01.03.2013    çap et  çap et