525.Az

Afaq Məsud dünyası - (on dördüncü yazı)


 

Afaq Məsud dünyası - <b style="color:red">(on dördüncü yazı)</b>

Afaq Məsudun orijinal olmayan əsəri yoxdur, ancaq görünür, əsərləri içərisində “İzdiham”dan daha orijinalı da yoxdur...

Özü bu fikirdədir ki, əsərlərinin çoxu - “İzdiham”, “Sərçələr”, “O məni sevir” və sair, əslində, Yeni İnsana ünvanlanmış ədəbiyyatlardır. Bunlar ədəbiyyatımızda yeni fazadır. Mən “ədəbiyyatın predmeti olan” insanın... dünya dönəmində üz-üzə, gözə-gözə qaldığı məhkumluqların, açılmaz qanunauyğunluqların özünü açmağa cəhd eləmişəm”...

Əsəri oxuyub qurtarırsan, daha doğrusu, udursan və onda görürsən ki, daxilində, ruhunda yazıçının səni köklədiyi hadisələr artır, törəyir, şaxələnir, gözlərin qarşısında canlı, izdihamlı insan (və ovqat, tipaj, maska) mənzərələri oynaşır, sayrışır, sürətlə bir-birini əvəz edir. Bərq vurur... Və sönür... Yerində isə qəribə bir hiss giziltisi qalır...

Yazıçı “Roman, Esse, Hekayə” (1998) kitabında “İzdiham” romanına (poemasına) yazdığı ön sözdə diqqəti çəkən bir izahat verir:

“İzdiham”ın bu kitabda nəşri əsərin üçüncü və yeganə mükəmməl nəşridir.

Əsərin dəfələrlə, dönə-dönə uğursuz nəşrlərini (gah təsadüfi ixtisarlarla, gah oxunmayacaq dərəcədə xırda şriftlərlə, gah da saysız-hesabsız korrektura səhvləri ilə çap olunmasını) mən, bu əsərin nəinki Azərbaycanın mühitinə, psixologiyasına, mənəviyyatına və ədəbiyyatına, ilk baxışda sonsuz texniki işarələrdən ibarət əlifbasına, söz və söz birləşmələrinə də yadlığı ilə bağlayıram. Və bu, məni nə kədərləndirir, nə də sevindirir.

Dərinə getsək, “İzdiham” nəinki Azərbaycanın ədəbiyyatına və mənəviyyatına, bütövlükdə bizim yaşadığımız dünyaya yaddı...

Çətinliyə düşə biləcək hörmətli oxucum kömək məqsədilə bircə onu deyə bilərəm ki, ədəbiyyat vasitəsilə yaranan bu əsəri səslə də oxumaq olar, hansısa musiqi alətində, hətta zərb alətlərində də çalmaq olar”...

“...Əslində, Zamanın faciəsi - günlərin bir günü qəfildən nataraz həşərata çevrilməsi, dəqiqəbaşı otağa girənləri diksindirərək qorxunc görkəmi ilə evdəkilərə əngəl olması deyil. Zamanın faciəsi - boz stansiya ilə evi arasında keçən yeknəsəq ömrünün ondan, heç kimə lazım olmayan qorxunc və əcaib böcək düzəltməsidi. “İzdiham” isə fantasmaqoriya təsirini bağışlayan şüuraltı yaddaşdır və əlbəttə ki, kütləvi əsər deyil. Amma bizdə də, eləcə xarici ölkələrdə də bu əsər yüksək qiymətləndirilir. Bir çoxları onu, ümumiyyətlə, mənim yaradıcılığımın zirvəsi hesab edirlər. “İzdiham” 1994-cü ildə Kafkanın dil vətəni olan Almaniyada da, Berlinin Mərkəzi Ədəbiyyat Evində də böyük maraqla qarşılandı. Əsərlə bağlı geniş müzakirələr, müxtəlif səpkili görüşlər keçirildi. Kafka yaradıcılığına yaxından bələd olan alman auditoriyasında Kafkanın adı xatırlanmadı”...

Müəllif əsərin yazılma prosesini təfsilatı ilə xatırlayır:

“İzdiham”ın yazılma tarixçəsinin özü də qəribədi. 90-cı illərin yayı idi. Mən nə yazdığımı özüm də bilmədən yazırdım. Bu, belə baş verirdi ki, mən günün hansısa saatları qəfildən yazı ovqatına düşür, kağız-qələmimi götürüb otağıma çəkilir, orda müəyyən vaxtı heç nə düşünmədən, dayanmadan yazır, bir qədər sonra fəaliyyət limiti bitmiş elektron cihaz kimi, dayanır, qələmi yerə qoyub ayağa qalxırdım. Yazılanları hissə-hissə işə gətirib Natiqə (tərcüməçi Natiq Səfərov nəzərdə tutulur-N.C.) oxuyur, Natiq hər yeni parçadan heyrətlənir, bunun nə isə tamam ayrı növ nəsr olduğunu deyir, əsərin ardını gözləyirdi. Beləcə həftələr ötür, yazı hissə-hissə artırdı. Günlərin birində, öz-özünə başlamış bu əcaib yazı öz-özünə də dayandı. Mən hiss elədim ki, daha yazmaq istəmirəm. Bir neçə həftə də gözlədim. Əsərin ardı gəlmirdi. “Əsəri bütövlükdə oxumaq lazımdı” - deyən Natiq əlyazmanı məndən alıb evə apardı. Səhəri gün onun xırda gözləri qəribə bir işıltıyla alışıb yanırdı... Qovluğu mənə uzadıb:

-Afka, əsər bitib ki?! - dedi”...

Və əlavə edir:

“...Əlyazmanı bir də başdan-ayağa oxudum və anladım ki, əsər, həqiqətən, bitib. Özü də gözəl bir sonluqla. Roman boyu bu dünyanın qorxunc yaşam labirintlərində azıb dolaşan, xəyanət və yalan dolu sürüşkən yoxuşlarından necəsə salamat çıxan baş qəhrəman - əsər boyu ha tərəfdənsə aramlı, qara qasırğa kimi əsib üstünə yeriyən,  gah onu arxadan haqlayıb, cənginə alan qorxunc izdihamdan qurtulmaqdan ötrü gah ağac budağından asılmış almaya, gah qaza çevrilən, gah ölüb qurumuş ağacın oyuğunda gizlənən gənc qadın, sən demə, həm də bütün bunlara hardansa kənardan tamaşa edirmiş... Belə bir sonluğu, düşünürəm ki, yüz il fikirləşsəydim tapa bilməzdim. Sözümü ona gətirirəm ki, əsərin yazılma tarixçəsində beyni söndürülmüş dəftərxana işçisi qismində iştirak eləmişəm”.

Ramiz Rövşən əsərin dərin avtobioqrafik məzmun-mündərəcəsinə işarə edərək yazır ki, “müəllifin “poema” adlandırdığı və nəinki nəsrimizdə, heç Afaqın yaradıcılığında da bənzəri olmayan bu tənha əsər sanki onun öz doğmaları ilə vidalaşması idi. Bu romanı yazmaqla Afaq həm də uşaqlıqdan bəri yaddaşında gəzdirdiyi ən ağır zədənin, ən dərin çatın üstündən adlayıb keçə bildi”...

Müəllifin özü isə əmindir ki, “İzdiham” ilahi duyum (və idrak!)dan gəlir.

Roman-poema zahirən rahat, təmkinli, daxilən isə gərgin bir poetik intonasiya-sintaksislə başlayır:

“...Yenə atasını gətirirdilər... Atasının cənazəsini uzun-uzun kişilər gətirirdi. Onların ardınca uzun-uzadı dəstələrlə qara geyimli adamlar gəlirdi. Adamların üzü batan günün rəngindən qırmızı idi deyə, hamısı bir-birinə oxşayırdı. Bir az da elə bil keçiyə oxşayırdılar. Bəbəyi görünməyən xırda gözləri günün zəif işığından qıyıla-qıyıla, itələşə-itələşə gəlirdilər...

Arada bir adamların içindən kimsə yeri təpikləyib göyə atılırdı. Lap arxadan, hardasa izdihamın qurtaracağından kişnərti səsləri eşidilirdi...

...Uğultunun içi ilə hardansa, uzaqdan zəif-zəif sızan tanış səs eşidilirdi...

Atası idi... tabutda gözüyumulu uzana-uzana, burnunun içində balaca bayquş kimi buppuldayırdı... Harasısa ağrıyırdı, ya ağlayırdı?! Ya bəlkə, oxuyurdu?..

Qəhər boğazını sıxdı:

-Ana-a-a!.. - deyib qışqırdısa da, səsini eşidən olmadı”...

“Xəstə” təxəyyülün verdiyi mənzərələr nə qədər dəhşətlidirsə, o qədər də əyanidir. Elə bil gözünlə görürsən...

“...Atasının cənazəsini babası sürüyürdü. Tabutun iplərini iki tərəfdən çiyninə aşırıb uzun boynuyla irəliyə dartına-dartına, nəfəsi kəsilə-kəsilə addımlayırdı... Arada bir qoltuğundakı uzun dürməkdən dişləyib qəhərli səsiylə:

-Yazıq balam... -deyib hıçqırırdı...

...Babasının ardınca nə qədər qaçdısa da, çata bilmədi. Babasının uzun boyu qara izdiham içində bir müddət də görünüb yox oldu”...

İzdiham nəinki yeri, göyü də tutur...

“...Göy adamla dolu idi... Adamlar uğuldaya-uğuldaya nə isə danışır, danışa-danışa elə bil, ona baxırdılar... Hamısı da acıqlı idi... deyinib uğuldaya-uğuldaya aşağı enir, üstünə yeriyirdilər...

Adamlar irəlilədikcə göyün özü ağırlaşıb pillə-pillə aşağı enirdi”...

Bu da son:

“...Səhnədə yarıçılpaq vəziyyətdə dayanıb dura-dura, gedənlərin ardınca baxıb gördü hamısının qıçı gödəkdi.

Əyilib öz uzun ayaqlarına baxanda boğazını qəhər tutdu... ayaqqabısının bir tayını çıxarıb gedənlərə atdı...

Ayaqqabı hamıdan arxada gedən arıq kişiyə dəyib onu böyrü üstə yıxdı...

Kişi yıxılıb yanındakına, yanındakı o birinə, o biri bu birinə dəydi... və gödəkqıç adamlar domino daşları kimi sırayla yerə sərildilər...

Sonra hardansa qalın bığlı, qoca qarovulçu gəlib çıxdı, onları bir-bir səliqəylə domino qutusuna yığıb cibinə basdı, ona baxıb öskürə-öskürə:

-Anan zəng eləmişdi, uşaqların ağlayır... -deyib çıxdı...

...və bir müddət dəhlizdən, qarovulçunun köhnə ayaqqabılarının səsi eşidildi və itdi”.

“İzdiham”ın ən yaxşı şərhçisi, yəqin ki, tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir olmuşdur... O yazır:

“...Sözün ənənəvi mənasında nə süjet, nə məzmun, nə ideya, nə də xarakterlərə malik olmayan, həddindən artıq qeyri-xətti təhkiyə ilə səciyyələnən, kliplərdə olduğu kimi qatmaqarışıq səhnələrin gözlənilməz keçid və dəyişmələrindən ibarət bu uzun-uzadı monoloq niyə, görəsən, elə bu monoloqun özü qədər də anlaşılmaz axıcılıqla oxunur, texnogen eranın qaçhaqaçından yorulmuş beynimiz, ürəyimiz, ruhumuza sərin hava kimi dolur, su kimi çilənir? Bunun sirri nədir? Bəlkə özü üçün də bir möcüzə, sirr kimi meydana çıxan bu əsəri yazan müəllif heç bir xarici ölkə yazıçısını təqlid etməyib, bəlkə heç modernizm haqqında da düşünməyib, sadəcə, özünü qəfil püskürən şüuraltının hökmünə tabe edib, onun diktəsinə boyun əyib və “poema” öz-özünə, müəllifin kənar təsiri olmadan doğulub”...

“İzdiham” - şüurun qara qutusudur” adlı məqalənin müəllifi, gənc tədqiqatçı Aygün Əliyevanın yozum-mülahizələri də maraq doğurmaya bilməz. Onun fikrincə, “İzdiham” -düşünən hər kəs üçün onun müəllifini təhlil etməyə sonsuz imkanlar yaradır”, yaxud, “bu əsər şüuraltı yaddaş xatırlamasıdı...” kimi açıqlamalar forma və üslub, həmçinin, mövzu və məzmun baxımından fərqli nəsr nümunəsi kimi nəzər-diqqəti cəlb etmiş bu romanın çoxplanlı və çoxcəhətli ilmələrində azıb qalmış oxuculardan xəbər verir.

Roman ətrafında aparılan çoxsaylı təhlillər, yazılan məqalələr arasında əsəri qorxulu yuxu (ujas) janrına aid edənlərlə yanaşı (Ə.Cahangir “Yoldan başqa yol yoxdur”), təkliyin faciəsindən, ekzistensializmdən söhbət açanlar da oldu.

Əsərin riyazi düsturunu isə Ramiz Rövşən müəyyənləşdirdi:

“...Sadəcə, eyni mənzildə doğma adamlar bir-birinə mane ola-ola, sürtüşə-sürtüşə, hər təmasda bir-birindən nə isə qopara-qopara, ala-ala, amma əvəzində heç nə verməyə-verməyə yaşayırlar. Bu adamların təkcə bir-birinə hirsi və nifrəti yox, sevgisi və mərhəməti də dağıdıcıdır”.

“Afaq Məsud - şəxsiyyətin təkliyi və ekzistensial yadlaşmadan çəkilən əzabları təsvir etmək baxımından müasir nəsrimizdə bir çox maraqlı nümunələr yaratdı. Onun yazı tərzindəki ironik çalarlar (özünüironiya) bəzən tragizmi, fəci məqamları yumşaldır. Bəzən oxucuya elə gəlir ki, müəllif özü bu tragizmi təsvir etməkdən qorxur və çəkinir” (N.Əliyeva. “Tək və izdiham”).

Bizə isə məlum olur ki, müəllif, nəinki, bu səhnələri təsvir etməkdən çəkinir, əksinə, bundan hətta zövq alır”...

Məqalə, fikrimizcə, olduqca maraqlı sayıla biləcək belə bir sonluqla başa çatır:

“...Əsərləri, yaradıcı baxışları tez-tez müqayisə olunan Kafkanın qəhrəmanı əsərin sonunda ölsə də, Afaq Məsudun qəhrəmanı yaşamağa davam edir. Üstəlik, yazıçının digər əsərlərinə də ayaq açıb, başqa adlarda və formalarda üzə çıxır. Bu keçidlər hərfi mənada yox, ruhsal-duyğu köçürmələri ilə baş verir. Bizim bu qadın-qəhrəman şüalanır... Ona yazıçının növbəti əsərlərində, ayrı forma və məzmun çalarlarında, ayrı zaman və məkan ölçülərində yenidən rast gələcəyik...

Biri digərini gah təqdir, gah da təkzib edən müxtəlif mülahizələr də göstərir ki, Afaq Məsud “özündən asılı olmayaraq” elə bir şedevr yaratmışdır ki, ideya-poetik məzmunu (sehri) heç vaxt sonacan açılmayacaq... “Qara qutu” kimi... Yaxud “qırxıncı otaq” kimi... Yaxud da əsl ədəbiyyat kimi...

 





01.08.2016    çap et  çap et