525.Az

«Qarabağ məsələsində ayrıseçkilik qəbuledilməzdir»


 

«Qarabağ məsələsində ayrıseçkilik qəbuledilməzdir»<b style="color:red"></b>

SEYİD CAMAL ƏZİMBƏYLİ: «HƏR BİR ŞƏXS BU MƏSƏLƏDƏ HƏMRƏY OLMALI VƏ DÖVLƏT KOMİTƏSİNİN SÖZÜGEDƏN TƏKLİFİNİ DƏSTƏKLƏMƏLİDİR» 

«Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü, Xocalıya Ədalət Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası və Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən «Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə» kampaniyasının çox uğurlu olduğunu düşünürəm». Bu sözləri «525»ə açıqlamasında Qarabağ seyid ocaqlarının təmsilçisi, şərşünas Seyid Camal Əzimbəyli deyib. Bu kampaniyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlərin təqdirəlayiq olduğunu diqqətə çatdıran C.Əzimbəyli kampaniya çərçivəsində bir neçə gün öncə Ağdamın Çəmənli kəndində yerləşən «Cümşüd» məscidində keçirilən tədbirin son dərəcə uğurlu və təqdirəlayiq olduğunu bildirib. O, bu görüşdə tanınmış simaların iştirakının tədbirin əhəmiyyətindən xəbər verdiyini deyib: «Həqiqətən də bu, çox böyük və əhəmiyyətli tədbir idi. Burada icra başçılarının, tanınmış şəxslərin, Qarabağ seyid ocaqlarının iştirakı son dərəcə əhəmiyyətlidir. Tolerant ruhda təşkil edilən tədbirin əsas hədəfi milli-mənəvi dəyərlərimizin mühfizəsi və milli ruhumuzun dirçəlməsi, eləcə də Qarabağımıza gedən yolun aranmasında mühüm addım idi. Fevralın 22-də Ağdamın Çəmənli kəndində, cəhbənin 2 kilometrliyində yerləşən «Cümşüd» məscidində keçirilən həmin tədbirdə Qazi Qarabağ azanı səsləndirildi. Həmin tədbirdə Dövlət Komitəsinin sədri Elşad İskəndərov tərəfindən bu azanın hər cümə günü ölkənin məscidlərində səslənməsi təklif edildi. Sevindirici haldır ki, tədbirdə iştirak edən inanc adamları, digər şəxslər bu təklifə müsbət qarşılayaraq, buna dəstək oldu. Fərəhləndirici məqam ondan ibarətdir ki, indiyədək Bakı və Sumqayıt şəhərləri üzrə 20-dən çox, ölkəmizin digər regionlarında 50-dən artıq dini icma bu kampaniyaya qoşulub və proses davam edir. Məhz bu təklifdən sonra ölkə boyu məscidlərdə günorta namazında Qazi Qarabağ azanının səsləndirilməsi qürurverici məqamdır. Sonuncu dəfə Qarabağda səslənən bu azanın ölkə boyu məscidlərdə səslənməsi bir çox məqamları ilə anlamlıdır. Bu addımın milli ruhun dirçəlməsində müstəsna rol oyanayacağı danılmazdır. Minlərlə insanın Qazi Qarabağ azanını dinləməsi milli ruh baxımından son dərəcə önəmlidir. Bu bir növ Qarabağa cihad çağırışıdır».

Onun sözlərinə görə, bu tədbirin Qarabağ seyid ocaqlarının təmsilçilərindən olan Seyid Lazım Ağanın məzarının olduğu məkanda keçirilməsi Qarabağı düşünən hər bir şəxsə ayrıca mesajdır. O, E.İskəndərovun Dövlət Komitəsinə sədr gəldikdən inanclı şəxslərlə sistemli şəkildə fəaliyyət aparmasının da mühüm məqam olduğunu deyib.

C.Əzimbəyli azanın səsinin aşağı olmasından şikayətlənən, eləcə də dini basqının olmasını əllərində bayraq tutan şəxslərin bu məsələyə biganə yanaşmasının qəbuledilməz olduğunu bildirib: «Zaman-zaman ölkədə dini basqının olduğunu, azanın səsinin aşağı olmasını bəyan edənlərin bu məsələyə biganə yanaşması üzücüdür. Hesab edirəm ki, onlar yalnız öz məqsədləri üçün hərəkət edirlər. Belə olmasaydı, Qazi Qarabağ azanınıda ayrıseçkiliyə yol verməzdilər. Fikrimcə, vətənpərvərlik hissi olan hər bir şəxs bu məsələdə həmrəy olmalı və Dövlət Komitəsinin sözügedən təklifini dəstəkləməlidir. Qarabağ məsələsində ayrıseçkiliyə yol vermək qəbuledilməzdir. Özünü mənəviyyət, İslami dəyərlərin təəssübkeşi adlandıran şəxslərin bu təklifə dəstək olmaması onların dini adı altında gizlənməsindən xəbər verir. Lakin bununla yanaşı əsl inanclı şəxslərin bu kampaniyaya dəstək olması qürurvericidir. Əgər Qarbağa gedən bir yol ordumuzun, dövlətimizin güclü olmasından keçirsə, digər tərəfdən bu, milli və mənəvi ruhumuzun yüksək səviyyədə olmasını vacib edir. Buna görə də, mən hər bir şəxsi «Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə» kampaniyasına dəstək olmağa çağırıram».

Qeyd edək ki, Qazi Qarabağ azanı işğaldan əvvəl Ağdam və Şuşa “Cümə” məscidlərindən səsləndirilən son azandır. Azan Qarabağın məşhur simalarından olan Hacı Hafiz Sədrzadə tərəfindən səsləndirilmiş və və lentə köçürülmüşdür. 20 ildən sonra dini icmaların irəli sürdüyü təşəbbüslə qeyd olunan azanın cəhbə bölgəsində səsləndirilməsi Dövlət Komitəsi tərəfindən dəstəklənmişdi.

Bildirək ki, «Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə» kampaniyasının əsas məqsədi ölkədə fəaliyyət göstərən dini icmalarda, o cümlədən ictimaiyyətdə vətənpərvərlik ruhunun yüksəldilməsi və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasıdır.

Aqil LƏTİFOV 

 





01.03.2013    çap et  çap et