525.Az

“Füzulişünaslıq: tarixi və nəzəriyyəsi” Özbəkistanda nəşr edilib


 

“Füzulişünaslıq: tarixi və nəzəriyyəsi” Özbəkistanda nəşr edilib<b style="color:red"></b>

Humanitar və ictimai elmlərin önündə gedən ədəbiyyatşünaslarımızın beynəlxalq əlaqələri genişlənir. Bu günlərdə çağdaş elmi fikir və  “Çağdaş poeziya və klassik irs” (2000), “Poetika məsələləri” (2002), “Füzuli sehri” (2003), “Füzulinin əruz  kanonları ilə  tədris təcrübəsi” (2008), “Azərbaycan füzulişünaslığı” (2007). “Ədəbiyyatşünaslıqda füzuli fenomeni” (2009), “Bədii düşüncə: tarixi həqiqət və estetik ideal” (2011) kimi monoqrafiyaları ilə tanınan füzulişünas alim Gülşən Əliyeva- Kəngərlinin Özbəkistanda, Daşkəndin “Mümtaz söz” nəşriyyatında “Füzulişünaslıq: tarixi və nəzəriyyəsi” monoqrafiyası işıq üzü görüb.

Kitabı özbək dilinə Feyzi Şahismayil tərcümə edib. Kitabın redaktoru və məsul mühərriri Daşkənd Dövlət Universitetinin “Ədəbiyyat nəzəriyyəsi” kafedrasının müdiri filologiya elmləri doktoru, professor Həmidulla Boltabayev, rəyçiləri AMEA-nın müxbir üzvü Teymur Kərimli və filologiya üzrə fəlsəfə doktoru Yaşar  Qasımovdur.

Füzulinin 500 illik yubileyi zamanı Türkiyə Böyük Millət Məclisində çıxış  edərkən  Heydər Əliyev  demişdi ki,  Füzuli bütün türkləri birləşdirən şairdir. Bu gün bu böyük və şərəfli tarixi vəzifəni dahi şairin irsinin və  onun haqqındakı elmin  tədqiqatçıları yerinə yetirir. G.Əliyeva-Kəngərlinin “Füzulişünaslıq: tarixi və nəzəriyyəsi” kitabı Azərbaycan-Özbək ədəbi əlaqələrinin dəyərli faktı olaraq, həm hər iki xalqın ədəbiyyatşünaslıq elminin qarşılıqlı zənginləşməsi işinə, həm də türk xalqlarının  birliyi idealına xidmət edəcək.

Belə bir nəşrin əhəmiyyəti bir də ondadır ki, o, paralel ədəbi mühitlər arasında əlaqələri möhkəmlədir. Özbəkistanda XX əsrdə müstəqil füzulişünaslıq elmi yaranıb və  bu iş bir qədər zəif tərzdə  indi də davam etdirilir. Gülşən Əliyeva- Kəngərlinin “Füzulişünaslıq: tarixi və nəzəriyyəsi” kitabı çağdaş  özbək füzulişünaslığı üçün dəyərli örnək ola bilər. Bu kitab həm də  Azərbaycan elmi və nəzəri-estetik fikrinin üfüqlərini genişləndirir.

FİRƏNGİZ

 





01.03.2013    çap et  çap et