525.Az

NATO-da “hərbi çevriliş”


 

NATO-da “hərbi çevriliş”<b style="color:red"></b>

Avropa İttifaqına sıx inteqrasiyadan imtina etməklə Ukrayna regionda, eləcə də dünyada güc balansının dəyişməsi mənzərəsinə çatışmayan son ştrixi əlavə etdi.

Onun bu addımı beynəlxalq münasibətlər sisteminin, eləcə də Qərbin hərbi-siyasi məkanda tətbiq etdiyi gücün yeni konfiqurasiyasını yaratdı. Beləcə, beynəlxalq aləmdə sanki tədricən hər şey öz yerini tutmağa başladı. 

ABŞ-ın ən böyük düşməni olan Sovet İttifaqı hazırda heç də rəqibindən zəif olmayan Avrasiya İttifaqı ilə əvəzlənməkdədir. Zənnimcə, 2013-cü il noyabrın 21-də Ukrayna hökuməti ölkənin gələcək inkişaf prioritetini müəyyənləşdirən yekun qərarı verməklə bu tarixi prosesi bir qədər də sürətləndirdi. Rəsmi Kiyev gözlənildiyi kimi (mən bu qərarın qəbuluna şübhə etmirdim) yeni, daha keyfiyyətli həyat uğrunda mübarizədə yaxın müttəfiq kimi Rusiyanı seçdi. Təbii ki, belə bir qərarın qəbulu ilk növbədə Ukraynaya bəzi keçmiş hökumət başçılarının ölkəni və xalqı yuvarladıqları daşlı-kəsəkli dərədən çıxmaq şansı verir. Söhbət Yuşenkoyadək dövləti idarə etmiş Kravçuk kimilərdən gedir. Kravçuk 1991-ci il dekabrın 22-də digər respublikalarla ilkin razılıq əldə edilməmiş, ittifaq əmlakı bölüşdürülməmiş, imperiya ərazilərində və onun hüdudlarından kənarda xidmət edən minlərlə hərbçinin taleyi həll olunmamış SSRİ-nin buraxılması ilə bağlı sənədə imza atan üç nəfərdən biri olub. Açığını desək, xəlvəti icra olunmuş bu işin adı xəyanətdir. Cənab “narıncı” Yuşenko isə hakimiyyəti dövründə islahatçı kimi adı tarixə düşmüş Yuliya Timoşenko ilə birgə ölkə daxilində fitnə-fəsad yaradaraq, cəmiyyəti “özümüzünkülər” və “yadlar” adı altında bir-birinə düşmən olan iki cəbhəyə parçaladı. Özü də ukraynalılarla ruslar arasındakı tarixi dostluq və hətta qohumluq əlaqələrini zədələmək məqsədilə utanmadan həyasızcasına ən sərt və iyrənc vasitələrə əl atmaqdan belə çəkinmədi.

Lakin əcnəbilərin tövsiyəsilə istifadə edilən narıncı pərdə sonadək tab gətirə bilmədi. Nəticədə əli hər şeydən üzülmüş, nüfuzu sarsılmış Yuşenko A. S. Puşkinin “Balıqçı və balıq” nağılındakı qoca qarı kimi uçuq təknəsinə qayıtdı.

Gec də olsa, sonda ukraynalıların sağlam düşüncəsi siyasi-iqtisadi hərc-mərcliyə (ifadəmə görə üzr istəyirəm) qalib gəldi - 75 milyonluq gələcək aqibətini özü müəyyənləşdirdi, necə deyərlər, həyati əhəmiyyətli bir seçim etdi. Xalqın qəlbində çoxəsrlik qonşu kimi Rusiya və eyni kökdən olan (slavyan) rusların köməyilə mövcud mürəkkəb problemlərin həll ediləcəyinə dair ümid yarandı. Fikrimcə, həmin qərar hazırkı dərin iqtisadi, maliyyə və nə qədər ağrılı olsa da deməliyəm ki, mənəvi böhrandan çıxış yolu ola biləcək.

Baş verənlər Avropa İttifaqında kifayət qədər əsəb pozğunluğu, müttəfiqlər üçün isə əsl şok təəssüratı yaratdı. Rusiyanın müqaviməti Avropa ilə yanaşı, ABŞ da qıcıqlandırıldı. Ukrayna ilə Rusiya Federasiyasının siyasi-iqtisadi yaxınlaşması Avrasiya İttifaqı ideyasının gerçəkləşməsinə hər vasitə ilə mane olmağa cəhd göstərən Avropa siyasətçilərinin ümidlərini puç etdi. Bu məqamda ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun postunu tərk edərkən əsəbi halda səsləndirdiyi bir fikri xatırlamaq yerinə düşərdi: “Biz Avrasiya İttifaqının qurulmasına yol verməyəcəyik. Bu təşkilatın gələcəyi yoxdur, onun yaranmasına mane olmaq bizim əsas vəzifəmiz olacaq”.  Bu cür qərəzli mövqeyi nəzərə alaraq deyə bilərik ki, ABŞ və Avropa Avrasiya İttifaqını öz iqtisadi maraqları və siyasi ambisiyaları üçün əsl təhlükə hesab edir. Unutmayaq ki, bir vaxtlar Avropa kimi ABŞ da şübhəli məqsədlərlə Şərqə doğru irəliləmək siyasəti yürüdürdü. Həmin dövrdə keçmiş sosialist düşərgəsi ölkələrindəki vəziyyət qətiyyən nəzərə alınmadı. İşlər o həddə çatdı ki, Şərqi Avropa dövlətləri hətta NATO və Avropa İttifaqına üzv qəbul edildi. Özü də həmin siyasi gedişlər Varşava hərbi-siyasi ittifaqının ləğvi - NATO-nun mübarizə apardığı “düşmən” döyüş meydanını tərk etdiyi vaxtda həyata keçirildi. 23 il ərzində Avropa İttifaqına daxil olan ölkələr bu günə kimi Avropa məkanında arzusunda olduqları “xoşbəxtlik” paylarını ala bilmədilər. Əksinə bu dövrdə onların iqtisadiyyatına, mənəvi-əxlaqi dəyərlərinə böyük zərbə dəydi. Fakt göz qarşısındadır - hazırda nə siyasi dividendləri var, nə də söz verdikləri müstəqillik və azadlıqları. Nəticədə başqa sahələr üzrü sürətlə “inkişaf” gedir: gey və lezbiyanların sayı gündən-günə artır, vətəndaş cəmiyyətinin sərbəst şəkildə özünü idarə etmək hüququ məhdudlaşdırılır. Bu təşkilatın Avropa Şurasının yeni üzvləri son vaxtlar heç ziyafətlərə və şam yeməklərinə də dəvət edilmirlər. Onların fikri heç bir məsələdə nəzərə alınmır. Hər şey Avropanın başda Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya olmaqla əsas yeddi-səkkiz ölkəsi tərəfindən həll edilir. Yerdə qalanların fikri isə kimsəyə maraqlı deyil. Müharibə alovuna bürünmüş, əhalinin yeməyə çörək tapmadığı regionlardan gələn miqrantların sayı, işsizliyin və cinayətlərin səviyyəsi getdikcə yüksəlir. Qərb demokratiyasının al-qırmızı şüarı isə getdikcə qara rəngə bürünür. Ortada bir ibrətamiz nümunə, yaradıcı bir layihə yoxdur!  Bu illər ərzində Qərb nə kimsəyə yardım əli uzadıb, nə də ki, kiminsə bir problemini həll edib. Necə deyərlər, nə diriyə haydır, nə ölüyə vay. Mövcud münaqişələrin aradan qalxması üçün barmağını belə tərpətməsə də, onlarla vətəndaş müharibəsinin başlanmasına təkan verib. Ən acınacaqlısı isə bütün bunların bizim gözümüz önündə baş verməsidir. Kütləvi informasiya vasitələri hər gün yüzlərlə ölüm faktı barəsində məlumat yayır. İnsan həyatı o qədər ucuzlaşıb ki, artıq ölümə insan faciəsi kimi baxa bilmirik. Oxuduğumuz, eşitdiyimiz xəbərlərdə bizi həlak olanların acı taleyi deyil, ölənlərin sayı maraqlandırır. Məhvedici gücə malik Avropa demokratiyasının hiss olunduğu İraq, Liviya, Suriya, Əfqanıstan və onlarla bu kimi ölkələrdə ölüm həyatın ayrılmaz hissəsinə çevrilib. Qəribədir ki, baş verənlərə şahidlik etməklə yanaşı, aramızdakı insanların bəziləri hətta bu avrokabusun carçısına çevrilir, ətrafdakıları həmin məkrli siyasətə qoşulmağa səsləyir.

Nə isə... Olanlar keçmişdə qaldı. Amma bu xoşagəlməz “ifunət” vicdanlı ukraynalıların beynini və ürəyini hələ çox bulandıracaq.

Bizə gəlincə, 23 ildir Ermənistanla müharibə şəraitində olan Azərbaycan dəstək və yardım, təcavüzkarın mühakimə olunması əvəzinə Avropa İttifaqından saysız-hesabsız məzəmmət və qınaq görür. Necə deyərlər, yanan da mən, yaman da mən. Vəziyyət o həddə çatıb ki, Avropa Parlamenti, Baş Assambleya qarşısında hüquqlarımızı müdafiə etmək isbata heç bir ehtiyacı olmayan bir məsələni sübut etmək məcburiyyətində qalmışıq. Buna baxmayaraq, bu günədək torpaqlarımızı işğal etmiş Ermənistanın təqsirkar olduğunu xatırladacaq nə bir sənəd qəbul edilib, nə də ciddi bir addım atılıb. Minlərlə soydaşımız öz tarixi yurd-yuvalarından didərgin salındığı halda Avropa hələ də Azərbaycanın işğalçı siyasətin qurbanı olduğunu etiraf etmək istəmir. Axı Avropa bizə nə yaxşılıq edib? Mənim ağlıma heç nə gəlmir. Amma biz... Şəxsən biz Avropanın enerji təhlükəsizliyi kimi bir çox məsələlərdə əlimizdən gələni də, gəlməyəni də etmişik. Qərb həyat tərzinin həvəskarları Avropanın Yaxın Şərqdə sülhün bərqərar olmasında kiçik də olsa, əgər hansı bir rol oynayıbsa, buyurub misal çəkə bilərlər. Qoy desinlər görək, İraq, Liviya, Suriya, Əfqanıstanda, NATO və Avropa İttifaqına üzv olmaqdan imtina etdiyi üçün hərbi gücə məruz qalan Yuqoslaviyada demokratiyanın hansı forması hökm sürür. Və yaxud da buyurub izah etsinlər görək Əfqanıstan ərazisində narkomafiyaya qarşı Qərb hansı demokratik üsullardan istifadə edir. Axı onlar özləri etiraf edirlər ki, məhz Qərbin göstərişi ilə Əfqanıstandan Avropaya daşınan narkotikin miqdarı iki min dəfə artıb. Bütün bunlar Qərbin “xeyirxah” əməllərinin cüzi hissəsidir. Bəlkə Azərbaycan siyasətçilərinin və siyasətşünaslarının bəziləri Qərbə ona görə bu qədər sadiqdirlər?!

İndi isə bir qədər pravoslav Ukraynanın islam aləminə bəxş etdiyi dəyərli “töhfə”dən danışaq. SSRİ-nin süqutundan sonra güclü düşmənin olmaması NATO hərbi-siyasi blokunun üzvlərini çaşdırdı. İclaslardan birində məlum oldu ki, düşmənin yoxluğu NATO çərçivəsində Qərbin hərbi qüvvələrinin səfərbər edilməsində bir sıra çətinliklər törədəcək.  Bu zaman həm özününkülərə, həm də özgələrinə qarşı ürəyi kinlə dolu olan Böyük Britaniyanın o vaxtkı baş naziri Marqaret Tetçer həmkarlarını sakitləşdirərək dedi: “İndi bizim ortaq düşmənimiz islamdır”. O gün, bu gündür Qərb dünyası islama və müsəlmanlara qarşı müharibə elan etdi. Hadisələrin sonrakı gedişatı isə hamımıza yaxşı bəllidir...

Kimsə inkar edə bilməz ki, amerikalıların “Şər imperiyası” adlandırdıqları SSRİ-nin yerini tutmuş Rusiya Federasiyası Ukraynanın Avropa İttifaqından üz çevirməklə bağlı verdiyi tarixi qərarı sayəsində özünün NATO hərbi-siyasi alyansı ilə birlikdə Qərbin ən böyük düşməninə çevrildi. Belə olduğu təqdirdə islam faktoru beynəlxalq münasibətlərdə öz aktuallığını itirərək, ikinci plana keçir. İndi NATO-nun bütün nifrəti, kin-küdurəti və hərbi qüvvəsi Avrasiya İttifaqının, ilk növbədə onun nüvəsi olan Rusiyanın zərərsizləşdirilməsinə yönəldiləcək.

Odur ki, Ukraynanın Qərb dünyasına verdiyi “dərs” və islam aləminə bəxş etdiyi bu “töhfə” xüsusi diqqət və yüksək qiymət tələb edir!

Bütün bunlar son iki-üç il ərzində baş verən hadisələrlə əlaqəli dəyişikliklərdir. Amma bu gün Türkiyədə çevriliş cəhdinin neytrallaşdırılması, bu çevrilişin himayədarlarının Türkiyənin NATO çərçivəsində strateji, hərbi müttəfiqi olan ABŞ izinin aşkar edilməsi nəticəsində Yaxın Şərq regionunda, eləcə də dünya miqyasında güc balansının yenidən tənzimlənməsi məsələsi ortaya çıxdı. NATO-nun mühüm üzvü olan bir ölkədə çevriliş etməyi lazım bilən təşkilat rəhbərliyi çətin seçim qarşısındadır. Avropa və Yaxın Şərqdə güc mərkəzi - Türkiyəyə qarşı belə xəyanət bu ölkənin NATO-nun üzvlüyündən çıxması və Rusiya-İran-Azərbaycan alyansına daxil olması günün ən aktual və vacib məsələsinə çevrilib.

Belə olduğu halda dünyada söz sahibliyi Rusiya və İranın ətrafında birləşən dövlətlərin payına düşür. Böyük iqtisadi və hərbi potensiala malik iki müsəlman dövlətinin - Türkiyə və İranın bir araya gəlməsi son 200 ildə  Qərbə vurulan ən ciddi zərbə olacaq. Bu ölkələr arasında münasibətlərin gərgin saxlanılmasını prioritet məsələ hesab edən Qərb dövlətləri - İngiltərə, Fransa və ABŞ öz əməlləri ilə artıq bu məsələnin həllində, planlaşdırılmasında aparıcı rolu itirmiş olurlar.

İranla düşmən mövqeyindən çıxış edən Amerikanın himayəsinə arxalanan Körfəz ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı vəziyyətdən çıxış yolunu Rusiya və Türkiyə ilə yaxın olmaqda axtarır. “İrana qarşı müharibə aparsa, biz Səudiyyə Krallığına kömək edə bilməyəcəyik” deyən Barak Obamanın belə münasibəti, demək olar ki, bu ölkəni ənənəvi düşmən qarşısında tərkisilah etməyə bərabər idi.

Odur ki, Türkiyədə baş verən uğursuz hərbi çevriliş cəhdi dünya xəritəsində güc balansının dəyişməsinə gətirib çıxartdı. Bunu NATO-da uğurlu çevriliş kimi qiymətləndirmək mümkündür.

 





06.08.2016    çap et  çap et