525.Az

Vaqif Səmədoğlunun “Sandıq şeirləri”


 

Vaqif Səmədoğlunun “Sandıq şeirləri”<b style="color:red"></b>

Hərdən mənə elə gəlir ki,
mən yox,
şeirlər məni yazır. 
Oxunuram, oxunmuram,
kimi bəyənir məni
başqasının zəhləsi gedir
hər sözümdən, fikrimdən.
Bilmirəm,
bilmək də istəmirəm
kim cırıb atacaq,
kim əzbərləyəcək məni...

Doğrusu, Vaqif Səmədoğlunun “Sandıq şeirləri” adı ilə çap olunan kitabını əlimə alanda heç bir tərəddüd keçirmədim. İllər boyu sevdiyim bir şairin hətta ən zəif şeiri ilə qarşılaşacağım halda (axı, “Sandıq şeirləri” bəzən QLAVLİT təhlükəsindən üzə çıxarılmayıb sonra  müəllifə “dissident”lik hüququ qazandıranda ortaya gəlir, bəzən də redaktorların çapa layiq bilmədikləri, indi fürsət düşmüşkən külliyyatlara daxil edilir) onu necə şövq ilə oxuyacağımı düşündüm. Çünki bu dünyada çox adlar şərtidir. “Sandıq şeirləri” də eləcə,  şeir gec də üzə çıxa bilər, amma nə zamanın, nə də şairin burada günahı yox... Vaqif Səmədoğlunun “Mən burdayam, ilahi” və “Uzaq, yaşıl ada” kitablarında da xeyli əvvəl yazılan şeirlər az deyildi.

Görəsən, Vaqif Səmədoğlunun elə bir şeiri varmı ki, zamanında uğurla qarşılansın və üstündən illər keçəndən sonra müasirliyini itirmiş olsun, yəni “vaxtın şeiri” kimi ömrünü başa vursun?  Yoxdur və Vaqif Səmədoğlunun əksər şeirləri  yazıldığı zamanı bitməyən şeirlərdir. Burada vaxt və zaman söhbətini bitirək.

Əsl şeirin zamanı bilinmir, bədii mükəmməllik, fikri-intellektual səviyyə o şeirin qanında, canında varsa, əsrlərlə yaşayacaq.

Vaqif Səmədoğlu poeziyası haqqında kifayət qədər yazılıb, hətta namizədlik dissertasiyaları qələmə alınıb. Onun şeirləri, bu şeirlərin özəllikləri, bədii-sənətkarlıq xüsusiyyətləri, sərbəst şair düşüncəsi, xalq poeziyasına, milli şeirimizə və eyni zamanda modern poeziyaya bağlılığı müxtəlif nəsildən olan müəlliflərin yazılarında öz əksini tapıb. Şərəfinə yazılan şeirlərin sayı da onun istedadına və şəxsiyyətinə ehtiramdan yaranıb və buna şübhə ola bilməz ki, Vaqif Səmədoğlu atası Səməd Vurğundan sonra ədəbi camiənin və böyük oxucu kütləsinin seçilmişlərindən biridir. Bəzi misallarsız keçinmək olmaz.

ANAR: Məncə, Vaqifin  ən parlaq özəlliyi, ən böyük uğuru heç kəsin demədiyini heç kəsin ağlına gəlməyən şəkildə deməsindədir. Bu poeziya bizə bildiyimizi bir daha izah etməyə çalışmır, bizi hər şeyə tamam başqa bucaqdan baxmağa çağırır.

ƏBÜLFƏZ ELÇİBƏY: Bir vaxt Səməd Vurğun yaradıcılığı ilə Vaqif bəy Səmədoğlunun yaradıcılığını üz-üzə qoymağa cəhd edənlər də vardı. Ədəbiyyatımızda heca vəzni ilə sərbəst şeiri üz-üzə qoyanlar da tapılmışdı. Mən o zaman həmin adamların bəzilərinə: - ədəbiyyatımızda bu sünni-şiə davasını salmaqda məqsədiniz nədir deyirdim. Vaqif bəy hansı vəzndə yazırsa-yazsın, mənim üçün onun hər bir şeiri yaradıcılıq nümunəsi idi.  Şair Vaqif bəy Səmədoğlu varlığa və Azadlığa sonsuz, bəlkə də oxucu üçün ifrat vurğun, Allahın dostu, ölümlə məzələnən gözəl bir İnsan , işıqlı bir Ulduzdur!

FİKRƏT QOCA: Vaqifin böyük şair olması başqa mövzudur, o, insan kimi böyük şəxsiyyət idi. O, həyatda kim idisə, şeirlərində də o idi..

KAMİL VƏLİ  NƏRİMANOĞLU: Vaqif bəy Avropa səviyyəli şairdir. Və ən qəribəsi də budur ki, Vaqif bəy öz şairliyinin səviyyəsini yaxşı bilən şairdir.

Bu misalların sayını artırmaq da olar, məsələ burasındadır ki, Vaqif Səmədoğlu haqqında nə yazılıbsa, onun şəxsiyyəti həmişə ön planda olub. Fikrət Qocanın “həyatda kim idisə, şeirlərində də o idi” fikri bu deyilənləri ən yığcam şəkildə ümumiləşdirir. Amma söhbəti Vaqif Səmədoğlunun “Sandıq şeirləri” üzərinə yönəldək.

Vaqif Səmədoğlu şeirinin başlıca leytmotivi insan ömrünün beşikdən məzara, olumdan ölümə qədərki yolun sonsuzluğudur. Onun şeirlərində həyat eşqi, yaşamaq yanğısı o qədər qeyri-adidir ki, kifayət qədər kədərli və kifayət qədər ağrılı notlarla qarşılaşsan da, bu hissiyyat səni pessimist olmağa qoymur. Ən kədərli şeirində belə Vaqif Səmədoğlu səndə  ölüm həyəcanı, dünyadan ayrılmaq duyğusu yaratmır.

Səndən yenə
qar yağır.
Yenə sazaq dolu sinəndən
şaxtalı sözlər,
qırovlu ahlar,
buz bağlamış
gülüşlər çıxır.
Ölüm qat-qat istidir səndən.

Nəyi intixab etməli? Qarlı, şaxtalı, buz bağlamış, sazaq dolu gülüşlərimi, yoxsa bu soyuqluqdan qat-qat isti ölümü? Ümumiyyətlə, Vaqif Səmədoğlu Ölüm haqqında ən çox söz açır, amma heç bir şeirində ölümü qorxulu, vahiməli obraza çevirmir, ölüm haqqında mümkün qədər sakit və təmkinli danışır, ölümü də həyat qədər dəyərləndirir. Baxırsan, onun şeirlərində  həyatdan, insan qəlbinin çırpıntılarından, gerçəkliyin sənə çəkdirdiyi ağrı-acılardan çox şey  var, amma bütün bunlar şəklin görünən üzüdür. “Neçə ildir iki eynək şüşəsi durur dünyayla gözlərimin arasında”- əslində, o  iki eynək şüşəsi arxasında iki gözün bəsirət dünyası boylanır.

Vaqif Səmədoğluya filosof-şair təyiniylə yanaşmaq heç bir çətinlik törətmir. Çünki onun poeziyası başdan-ayağa fəlsəfi ahəng üstündə köklənib. Bu, həyatın fəlsəfəsidir. Düşüncələrin poeziya şəklində ifadəsidir.

İlahi,
yatağın nə sağında,
nə solunda,
nə bir gözəlin qolunda
yatmaq istəyirəm.
İlahi,
nə söyüd kölgəsində,
nə dünyanın ən azad ölkəsində
yatmaq istəyirəm.
İlahi,
dar quyu dibində,
qaranlıq nəm içində,
işıqlı qəm içində,
ağrısız
yatmaq istəyirəm.

Əbədi narahatlıq nədən doğur? İnsan mövcudluğunu yalnız nəyəsə nail olmaq, nələrisə əldə eləmək, rahatlıq və bolluq içində nəfəs almaq kimi obıvatel düşüncəyə sərf eləmək deyil, həyatın, dünyanın, səni əhatə edən mühitin dərkinə səfərbər etmək insanı sonsuz sayda suallar qarşısında qoyur. Vaqif Səmədoğlunun poeziyası bu sualların cavabıdır.

Bir gün şirin,
bir gün acıyam,
Bir gün kiminsə ayaqaltı,
bir gün kiminsə tacıyam.
Bir gün çağa,
bir gün ixtiyar qocayam.
Bir gün zirzəmi,
Bir gün damda bacayam.
Amma hər gün hamıya,
salam-duaçıyam.

Vaqif Səmədoğlu poeziyasını son zamanlar dekadentizm ədəbi cərəyanı  çərçivəsində təhlil edirlər. İfrat fərdiyyətçilik və pessimizm, ictimai həyata etinasızlıq, şəxsiyyətin görüşlərindəki, əhval-ruhiyyəsindəki düşgünlük - vaxtilə, Sovet dönəmində, sosrealizm zamanında  dekadentizmi bu cür səciyyələndirirdilər. İndi necə, nə dəyişilib? Sırf kədər fəlsəfəsi, insanın kədərlə “qol-boyun olması”, ölümlə bağlı düşüncələr,  dünya ilə küskün mövqedə dayanan “mən”in tənhalığı - indi şeirimizdəki “çöküş fəlsəfəsi”ni belə mənalandırırlar.

Təbii ki, hər bir poetik düşüncənin öz adı olmalıdır. Və dekadentizmin, eləcə də digər ədəbi cərəyanların bizim poeziyada  yuva qurması, təzahürü  birmənalı qarşılanır.  Biz də bu fikirlərə müəyyən dərəcədə haqq qazandırırıq. Doğrudan da, Vaqif Səmədoğlunun şeirlərindəki ağrı-acını, Allah, Dünya, Ömür və Ölüm haqqında düşüncələrini bir yerə toplayanda belə qərara gəlirsən ki, o, bu dünyanın-faniliyin içində əzab çəkirmiş.  Nəsimi deyirdi: “Olmuşam dərdü-fəraqından zəif ol həddə kim, Gətirəməzlər xəyala nəqşimi nəqqaşilər”. Bu beyt klassik poeziyanın lirik qəhrəmanının əzablarının böyüklüyünü fantastik dərəcədə göz önündə canlandırır, romantika özünün ən yüksək zirvəsinə çatır. Amma Vaqifin şeirlərində günün, zamanın əzablarından doğub içindən fəvvarə vuran dərdlər baş alır.

Getmə, getsən
bir şüştər açılar qürbətdə,
vətəndə
səhər kimi!
Zili-dar ağacı
bəmi- məzar.

“Şüştər” Azərbaycan muğamları içərisində ən kədərlisidir (bunu daha Üzeyir Hacıbəyli söyləyib).  Qürbətin doğurduğu kədər hissi ilə vətəndə açılan səhərin  bənzəyən-bənzədilən müstəvisində yerləşdirilməsi, nəticədə iki obrazın (Vətən və Qürbətin) “hibriti”ndən  üçüncü bir obrazın-”Şüştər”in yaranması assosiativ təfəkkürün məhsuludur. Sonuncü iki misra isə yeni-üçüncü obrazın əlaməti kimi diqqəti cəlb edir: zili-dar ağacı, bəmi məzar.

Amma unutmayaq ki, Azərbaycan poeziyasında kədər, göz yaşı motivlərinin tarixi çox qədimdir və onda beş-altı şair istisna olunmaqla poeziyamızı dekatentizm poeziyası adlandırmalıyıqmı? Yəni məsələnin bu tərəfi də var. Digər tərəfdən, dekadent adlandırılan şeirlərində elə nikbin çalarlar var ki, tamamilə kədərə, ümidsizliyə qarşıdır. Elə Vaqif Səmədoğlunu götürək:

Mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.
Dalamır indi məni
nə illərin
başyuxarı axarı,
nə də ömrün
üzüqoylu axırı.
Bilirəm,
yer üzündə bütün izlər
ömürdən gedir,
dəniz belə gözdən itir.
Bilirəm,
yer üzündə
bir yol da salınmadı
insan gözündən.
Tapılmadı itənlər.
Mənsə gah həyata,
gah ölümə səbəb gəzirəm.
Yaşayıram, dözürəm.
Bir misra da, bir gecə də.
Çünki
mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.

Vaqif Səmədoğlu  şeirinin özəllikləri haqda da söz açmaq gərəkdi. Həm hecada, həm də sərbəstdə onun gözəl şeir nümunələri var. Şeirdə novatorluq cəhdlərində bulunmaq, dildə yeniliyə nail olmaq çətindir və şeirin hansı vəzndə yazılmasından asılı olmayaraq bu, hünər tələb edir.  Gəlin belə bir fikirlə razılaşaq ki, söz istənilən bir mənaya malik ola bilər, o, buqələmundur, hər dəfə onda təzə çalarlar, hətta bəzən təzə rənclər də meydana gələ bilər. Bu mənada Əli Kərimlə Vaqif Səmədoğlu müasir Azərbaycan şeirində xüsusilə seçilir. Sərbəst şeirə xas olan bir çox özəl keyfiyyətlər onların poetik təfəkkürünün zənginliyini nümayiş etdirir. Əli Kərimdə bu özəllik sözün mətn arasında qəribə və gözlənilməz assosiasiyalarla başa çatırsa, Vaqif Səmədoğluda bu, çox  zaman heç bir qeyri-adiliklə şərtlənmir.

Yer üzündə
bircə qadın varsa
məhəbbət var yer üzündə.
Yer üzündə
bircə cocuq varsa,
övlad var yer üzündə.
Yer üzündə
bircə ağac varsa,
kölgə var yer üzündə.
Yer üzündə
bircə tikə torpaq varsa,
vətən var yer üzündə.

Vaqif Səmədoğlunun sərbəst şeirlərində elə ilk misradan şeirin bütün ideyasını açıqlayan fikrin özəyi, təməl daşı qoyulur. Məsələn, o, bir şeirini “Məzara bənzəyir yaxşı insan” misrasıyla başlayır. Təbii ki, uzun müddət çox şeirlərdə əsas fikri yalnız şeirin son misrasında ifadə etmək kimi şablon bir üsuldan imtina edib, bunu əvvələ keçirmək yenilik kimi görünməsə də, hər halda fikrin pilləvari inkişafı kimi maraqlıdır. İnsan niyə məzara bənzəyir? Çünki məzar kimi o da yaya, qışa dözümlüdür, məzar daşı kimi dinməzdir. Şeirin sonluğuna diqqət edək: “Uzaqdan başdaşına bənzəyir insan, yaxından ağlaşmağa”. Ümumiyyətlə, Vaqif Səmədoğlunun poetik təfəkkürü üçün quruculuq, konstruktivlik xasdır. Tənqidçi Nizaməddən Mustafa yazır:
“O, dilin öz içərisində “gəzişə-gəzişə” dilin streotiplərini dağıdır. Və burada bədii təfəkkürün dağıdıcılığı quruculuğunu şərtləndirir.  Şair üçün “salxım söyüd” olduğu kimi “xan söyüd” də ola bilər. Səməd Vurğun çinara “üç boylu” deyir, Nəbi Xəzri “xan çinar”. Məsələ onda deyil ki, “söyüd” ismi hansı sözlə təyinlənir, məsələ ondadır ki, incəsənətdə, tutaq ki, heykəltaraşlıqda zənci də süd rəngində ola bilər. Məsələ  söyüdün “salxımlığında”, yaxud “xanlığında” deyil, məsələ söyüdə qonub oxuyan  qumru ki var, ondadır”.
Vaqif Səmədoğlunun sevgi şeirləri ayrıca bir söhbətin mövzusudur. Qoy sevgi şeirləri yazan bir çox şairlərimiz məndən inciməsin. “Sevgi dilini” Vaqif Səmədoğludan öyrənsinlər.

Yuxuda kimi görmüsən
bu gecə?
Gözlərində bir yalqız məzarın
kimsəsizliyi var.
Yum gözlərini,
gözlərinə baş çəkim,
bir dəstə gül qoyum gözlərinə.

Vaqif Səmədoğlu Azərbaycan poeziyasında nadir Təklərdən biri idi. Təklərdən yazmaq, onların şeirlərini izah eləmək çətindir. Çoxları kimi mən də bu çətinlikdən qurtula bilmədim...

 





08.08.2016    çap et  çap et