525.Az

0:11 hesabı ilə uduzan millimizin kapitanı danışdı (FOTOLAR)


 

0:11 hesabı ilə uduzan millimizin kapitanı danışdı (FOTOLAR)

"Sissi Rayt hər oyundan sonra bizi dəstəkləyir, ruhlandırır və komandanın parlaq gələcəyinə inandığını xatırladır. Biz də onunla işlədiyimiz üçün fəxr edirik. Raytın qadın futbolunda böyük təcrübəsi və biliyi var".

Qol.Az-ın məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın kapitanı Əminə Heydərova Nigeriyaya 0:11 hesabı ilə uduzduqların oyundan sonra FİFA-nın rəsmi saytına müsahibəsində deyib.

Ə.Heydərova özünün komandadakı rolundan da danışıb: "Mənim bir kapitan kimi əsas rolum komandanı dəstəkləmək və futbolçuları növbəti oyunlara hazırlamaqdır. Hər zaman futbolçulara deyirəm ki, məyus olmağa dəyməz. Çünki biz gənc komandayıq. Qarşıda uzun yolumuz var. Daha təcrübəli komanda olacağıq. Hazırda isə dünya çempionatında çıxış edən ən gənc komanda bizik. Meydanda təcrübəmiz azdır və biz hər şeyi sıfırdan başlamalıyıq".

Kapitan daha sonra dünən Lənkəranda Nigeriya yığması ilə oyunda qeydə alınan böyükhesablı məğlubiyyətə də toxunub: "Biz mundialda Kolumbiya və Nigeriyaya qarşı oynadıq. Hər iki komanda 20-30 illik tarixə malikdirlər. Bizim də bu qədər vaxta və belə nəsilə ehtiyacımız var. Oyuna gəldikdə isə birinci matçımızla ikinci arasında böyük fərq nəzərə çarpırdı. Nigeriya millisi Kolumbiyadan daha güclü idi. Ancaq siz diqqət yetirdinizsə, biz sonadək mübarizə apardıq. Lakin bu tip oyunlar hamımız üçün böyük təcrübədir".

Qeyd edək ki, millimiz dünya çempionatının qrup mərhələsində Kolumbiyaya 0:4, Nigeriyaya 0:11 hesabı ilə məlub olub. Komandamız qrupda son görüşünü sentyabrın 29-da Kanadaya qarşı keçirəcək

 





26.09.2012    çap et  çap et