525.Az

XI “Avropa-Asiya” Beynəlxalq musiqi festivalında Azərbaycan musiqisi səslənəcək


 

XI “Avropa-Asiya” Beynəlxalq musiqi festivalında Azərbaycan musiqisi səslənəcək<b style="color:red"></b>

Aprelin 5-dən 7-dək Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində XI “Avropa-Asiya” Beynəlxalq musiqi festivalı keçiriləcək.

525.az-ın məlumatına görə, festival çərçivəsində baş tutacaq yeddi konsert proqramında yerli bəstəkarların əsərləri ilə yanaşı, Azərbaycan, İsveçrə, İsveç, Xorvatiya, Vyetnam, Türkiyə, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Yaponiya və Çin bəstəkarlarının yaradıcılıq nümunələri də ifa olunacaq. 

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, S.Saydaşov adına konsert salonunda baş tutacaq festivalın açılış mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadənin “Metomorfoz” əsəri də səsləndiriləcək.

Festival çərçivəsində Azərbaycan bəstəkarlarından Fikrət Əmirovun “Muğam” poeması, Cahangir Cahangirovun “Rondo”, Ərtoğrol Cavidin “Poema”, Sərdar Fərəcovun simli orkestr üçün “Süita”, Dadaş Dadaşovun “Kapriççio” əsərləri ifa olunacaq. 

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov Tatarıstan Bəstəkarlar İttifaqının sədri, Rusiyanın Xalq Artisti Rəşid Kalimulinin dəvəti ilə festivalda fəxri qonaq kimi iştirakı da gözlənilir. 

Festivalda Azərbaycan bəstəkarlarının əsərlərini kamançada Mədinə Şahgəldiyeva, fortepianoda Sevinc Kərimova ifa edəcəklər.

GÜNEL

 





04.03.2013    çap et  çap et