525.Az

Vaqif Bayatlı Odərin şeirləri


 

Vaqif Bayatlı Odərin <b style="color:red">şeirləri</b>

Əbədi çölün düzündə görünənlərə və

görünməzlərə  əbədi Qadınlar haqqında

 

Qadınlar həm də bu dünyaya,

hətta Allaha da

kişilərin axıradək anlamadığı

bir İtaətlə də təsir edərlər,

həm də kişilərin heç zaman duymadığı

Allahdan gələn hansısa gizli bir qüvvəni

hiss edər, duyarlar,

eləcə  də o anlar, həm də çox anlar

Allaha kişilərdən daha yaxın olar onlar.

 

... Qadınlarda İlahidən nəsə

    zəriflikdən doğan

insanüstü bir qüvvə də var,

elə  ona görə də

hətta dünyanı sarsıdan,

dünyanı qorxudan ən qəddar imperatorlar da

çox zaman öz qadınlarından çəkiniblər,

o qadınlar həmişə hökmdarlar haqda

tarixin bildiyindən daha çox şey biliblər.

 

Qadınlarda kişilərdən fərqli

başqa bir qüvvə də var,

kişilər  çox zaman dünyanı,

qüvvəylə, güclə, qolla, qıçla,

daha çox günahla, suçla alarlar,

qadınlarsa əbədiyyəti öz zəif, zərif canlarıyla,

çiçəklərin açmasıtək səssiz yerişləriylə,

Allaha doğma əzablarıyla,

Allah yanında bir an çəkən

əzablı min illəriylə,

min illər çəkən

əzablı anlarıyla qazanarlar.

 

lll

 

Tək bir dərəsiz, dağsız da

Vətən yarım Vətən demək

        

İllərdi  Qarabağ sözünə, həm də

dopdoğmaca Vətənimizi qoruyan 

dopdoğmaca əsgərlərimizə hamımızdan çox baş çəkən Aqil Abbasa

 

Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,

mən elə bilirdim, Sən də o zaman

Şuşada həlak olmusan?!

Deyirlər, bizimkilər çəkiləndən sonra

Şuşanı qorumağa qalxan onlarla tar

hamısı  orada döyüşüb həlak olublar,

düşmən hələ də qorxuyla yollara baxır,

həm də onlar bizim qayıtmağımızdan çox,

Tarın qayıtmağından qorxur,

 

Sən də, sən də  hələ sağsan, sevgililər sevgilisi,

aşiqlər aşiqi, dəlilər dəlisi a saz?

Mən elə bilirdim,  sən də Şuşada şəhid olmusan,

səni döyüşlərdə neçə yerdə şəhid olan,

bütün  şəhid ruhlarımıztək elə vurulan an

yenidən qalxıb döyüşə atılan görüblər,

ancaq qardaşım saz, incimə,

ağılsız sinələrdə çox ağılsız görünürsən zaman-zaman,

düş o sinələrdən, yenidən qılınctək sıyrıl, eşqtək şahlan.

 

Tək Qarabağsız yox, bir dərəsiz, dağsız da

Vətən yarım Vətən demək,

əsgərləri yarım əsgər,

generalları yarım general demək,

ey əlli milyonun göy, qırmızı, yaşıl qanı bayraq,

hər an göyünə, qırmızına, yaşılına yaraşan

bayraqlar bayrağı əsgər doğ bizə,

qanadlan, tək göydə yox, həm də qanımızda uç,

uç, uç, damarlarımızda bütöv Azərbaycan doğ,

elə o tay, bu tay, Xəzər qarışıq Azərbaycan –

                          Xəzərbəycan doğ.

 

lll

 

Qoyunun ağı da, qarası da

dövlətlərimizin adı

 

Qoyun üzlərə, qoyun gözlərə

 

Min illərdi düz demirlər:

yaxşılar gedir, pislər qalır,

pis həmişə çox görükür,

nə  qədər yaxşı getsə də,

yenə  minlər, yüzlər qalır.

 

Yenə, yenə min illərlə

eşq gözləyən dağlar, düzlər,

üzlər, gözlər, nazlar qalır,

öpülməmiş dodaqlarda

öpülməmiş səslər, sözlər,

öpülməmiş közlər qalır.

 

Hər nə gəldi diləyirik,

hər cür qələt eləyirik,

adama qoyun deyirik,

deyirik, son anda amma,

yenə  bizə hamıdan doğma

qoyun üzlər, gözlər qalır.

 

 





04.03.2013    çap et  çap et