525.Az

“Azərbaycanın təhsil tarixi”: milli təhsil haqqında fundamental əsər


 

“Azərbaycanın təhsil tarixi”: milli təhsil haqqında fundamental əsər

VII YAZI

Azərbaycanın təhsil naziri, tanınmış ziyalı, ictimai xadim, professor Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” Azərbaycanın təhsil tarixinin publisistik dillə qələmə alınan ensiklopediyasıdır. Azərbaycan təhsilinin tarixi ilk dəfədir ki, bu cür əhatəli və sistemli şəkildə oxuculara təqdim olunur.

Çoxcildliyin dördüncü fəsli məktəbdənkənar təhsilə, bu sahədə təhsilin vəziyyətinə həsr olunub. Sözügedən fəsildə Ekoloji tərbiyə və təcrübəçilik mərkəzləri, Uşaq-gənclər idman məktəbləri, Uşaq-gənclər şahmat məktəbləri, Texniki yaradıcılıq mərkəzləri, Gənc turistlər və diyarşünaslıq mərkəzləri və Uşaq yaradıcılıq və tərbiyə işi mərkəzləri haqda ətraflı məlumatlar yer alıb.

Təhsil naziri Misir Mərdanov qeyd edib ki, məktəbdənkənar təhsil müəssisələri dövlətin təhsil sisteminin tərkib hissələrindən biridir. Məktəbdənkənar təhsil müəssisələrinin əsas vəzifəsi uşaq və gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməklə yanaşı, onların maraq, meyil və bacarıqlarını, intellektual səviyyələrini, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir. Buna görə də məktəbdənkənar müəssisələrdə uşaqların yaradıcılıq tələbatlarının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şəraitin olması vacibdir.

Nazir bildirib ki, müstəqillik ərəfəsində ölkədə qeyri-sabitlik bütün sahələrdə olduğu kimi, məktəbdənkənar müəssisələrin də fəaliyyətinə öz mənfi təsirini göstərdi. Bu illər ərzində məktəbdənkənar müəssisələrin iş ritmi pozulmağa başladı. 1991-ci ildə Nazirlər Kabinetinin qərarı iıə Yuru Qaqarin adına Bakı şəhər Uşaq-Gənclər Yaradıcılıq Sarayının adı dəyişdirilərək Tofiq İsmayılov adına Bakı şəhər Uşaq-Gənclər Yaradıcılıq Sarayı adlandırıldı. Sarayın nəzdində Uşaq Dünyası Rəsm Qalereyası və Uşaq Yaradıcılıq Evi fəaliyyət göstərməyə başladı. Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə təqribən 33 məktəbdənkənar müəssisə məhv edildi. Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin zəngin maddi-texniki bazası, təcrübəçilik sahələri, canlı güşə, sərgi salonları işğalçılar tərəfindən dağıdıldı. İşğal nəticəsində Şuşa, Ağdam, Xankəndi, Xocavənd, Xocalı, Qubadlı, Cəbrayıl, Füzuli, Zəngilan, Laçın rayonlarında fəaliyyət göstərən idman məktəblərinə böyük ziyan dəydi. İşğal olunmuş ərazilərdə məktəbdənkənar müəssisələrə aid 1 yeni tipli idman kompleksi, 4 yeni tipli ikimərtəbəli inzibati bina, 7 yeni tipli birmərtəbəli inzibati bina, 6 uyğunlaşdırılmış inzibati bina, 1stolüstü tennis zalı, 1 üzgüçülük hovuzu, 1güləş zalı, 2 oyun zalı, 3 idman zalı, 1 futbol meydançası, 1 basketbol meydançası erməni işğalı altında qaldı. Bu illər ərzində Cəbrayıl, Kəlbəcər, Beyləqan, İmişli, Biləsuvar, Ağdərə, Xocavənd, Xankəndi və Şuşa rayonlarının texniki yaradıcılıq mərkəzləri bağlandı. İşğal olunmuş şəhər və rayonlarımızda fəaliyyət göstərən bir sıra məktəbdənkənar müəssisələr isə məcburi köçkün düşərək ölkənin şəhər və rayonlarında məskunlaşmağa məcbur oldu:

“Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışından sonra məktəbdənkənar təhsil sahəsində islahatlar həyata keçirilməyə başlandı. 1994-cü ildə Nazirlər Kabinetinin qərarı ilə “Məktəbdənkənar təhsil müəssisələrinin nümunəvi əsasnaməsi” təsdiq olundu. Bu əsasnaməyə uyğun olaraq, məktəbdənkənar müəssisələr yeni - məktəbdənkənar tərbiyə işi mərkəzi, uşaq yaradıcılıq mərkəzi, şagirdlərin ekoloji tərbiyə və təcrübəçilik mərkəzi, texniki yaradıcılıq mərkəzi, gənc turistlər və diyarşünaslıq mərkəzi, uşaq-gənclər idman məktəbi, uşaq-gənclərin fiziki hazırlıq klubu, estetik tərbiyə mərkəzi, bədii yaradıcılıq evi, uşaq-rəsm qalereyası, uşaq-gənclər şahmat məktəbi adlarıyla fəaliyyət göstərməyə başladılar. Əsasnaməyə görə, müəssisələrdə uşaq, yeniyetmə və gənclərin yüksək biliyə malik, dövlətçiliyə sədaqətli, vətənpərvər, milli-mənəvi dəyərlərimizə dərin hörmət və ehtiram ruhunda tərbiyə olunmaları, onların mənəvi, fiziki, ekoloji, hüquqi, estetik tərbiyəsinin, bədii və texniki yaradıcılıq qabiliyyətlərinin istiqamətləndirilməsi və inkişaf etdirilməsi ilə əlaqədar məqsədyönlü işlər görüldü. Uşaq parkının bazasında Bakı Şəhər Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi yaradıldı. Təhsil Nazirliyinin 1994-cü il tarixli əmri ilə Gənc Texniklər Stansiyasının Texniki Yaradıcılıq Mərkəzi, 1997-ci tarixli əmri ilə isə “Ehtiyat Əmək Qüvvələri” Könüllü İdman Cəmiyyəti bazasında “Təhsil” Respublika İdman Mərkəzi yaradıldı”.

M.Mərdanov vurğulayıb ki, ölkədə ekologiya, ətraf mühitin mühafizəsi və davamlı inkişaf sahəsində uğurla həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəb biri də əhalinin, o cümlədən gənc nəslin ekoloji təhsili və maarifləndirilməsidir. Təhsil Nazirliyi tərəfindən ölkədə ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi, ekoloji biliklərin təbliğ edilməsi sahəsində məqsədyönlü işlər aparılıb. Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli strategiya və fəaliyyət planı”, “Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər”, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı” gənc nəslin ekoloji təlim və tərbiyə işinin müasir tələblər səviyyəsində həyata keçirilməsini tələb edir. Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin fəaliyyəti gənc nəsildə erkən yaşlarından ekoloji təfəkkürün, mədəniyyətin, ətraf mühitə məsuliyyətli və humanist münasibətin formalaşması baxımından əhəmiyyətlidir. Uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkili, əməli bacarıq və vərdişlərə yiyələnməsi, onların mənəvi və intellektual inkişafı, potensial yaradıcılıq istedadlarının aşkara çıxarılması, elmi tədqiqatçılıq qabiliyyətlərinin formalaşdırılması ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin əsas vəzifələrindəndir. Ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin kompleks fəaliyyət proqramı ekoloji dərnəklərin fəaliyyətini, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilini, onların təbiətsevərlik, təbii sərvətlərə qayğı və vətənpərvərlik ruhunda tərbiyəsini, ekoloji kütləvi tədbirlərin keçirilməsini, ekskursiya və ekspedisiyaların təşkilini və digər məsələləri əhatə edir.Azərbaycan məktəblilərinin ekoloji hərəkatının inkişafındakı uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin diqqət və qayğısı, uzaqgörənliyi sayəsində ekoloji mərkəzlərin şəbəkəsi genişləndirilib, maddi-texniki bazası zənginləşdirilərək dərnək, klub və digər birliklərin sayı xeyli artırılıb.
“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ekoloji təhsilin fasiləsizliyini təmin etmək məqsədilə “Ətraf mühit və biz” mövzusunda məktəbəqədər təhsil müəssisələri üçün ekoloji təlim, tərbiyə proqramı, ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün ekoloji dərnək, klub və digər birləşmələrinin nümunəvi tədris proqramları tərtib edilib:
 
“Müstəqillik illərindən başlayaraq məktəbdənkənar müəssisələrin yetirmələri dünya ölkələrində keçirilən nüfuzlu idman yarışlarında ölkəni layiqincə təmsil edirlər. Bu cəhətdən idman sahəsində daha böyük uğurlarımız olub. Əgər 1992-ci 1997-ci illərdə Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri beynəlxalq yarışlarda cəmi 5 qızıl, 13 gümüş, 9 bürünc medal qazanmışdırsa, təkcə 1998-ci ildə 7 qızıl, 4 gümüş və 7 bürünc medal əldə olunub. Uşaq-gənclər idman məktəbləri məktəbdənkənar, sosial məqsədyönlü müəssisədir, öz fəaliyyətini uşaq, yeniyetmə və gənclərin ahəngdar inkişafına, bədən tərbiyəsi və idman vasitəsilə sağlamlığının və fiziki hazırlığının möhkəmləndirilməsinə, yerləşdiyi ərazidə ümumtəhsil məktəbləri ilə fiziki tərbiyə işində istiqamətləndirici rol oynamasına və respublikada yüksək səviyyəli idmançıların hazırlanmasının baslanğıc və orta mərhələlərinin əhatə edilməsinə yönəldir. İdman məktəbləri tabeçiliyində  olduqları təşkilatlar tərəfindən ona həvalə edilmiş idman növlərini, maddi-texniki bazasını, maliyyə vəsaitini nəzərə alaraq fəaliyyət proqramı hazırlayır və kollektivin pedaqoji şurasında təsdiq edir. Məktəblərdə təlim-məşq qrupları ibtidai hazırlıq keçmiş və ümumi fiziki hazırlıq və xüsusi idman hazırlığı üzrə qəbul normativlərinin tələblərini yerinə yetirmiş yeniyetmələrdən komplektləşdirilir, idman təkmilləşdirmə qrupları təlim-məşq qruplarında hazırlıq mərhələsi keçmiş və xüsusi fiziki və idman hazırlığı üzrə qəbul normativlərini yerinə yetirmiş idmançılardan komplektləşdirilir. Yüksək idman ustalığı qrupları bundan əvvəlki hazırlıq mərhələlərini keçmiş və respublika milli yığma komandasına namizəd tələblərinə uyğun gələn idmançılardan komplektləşdirilir. İdmançılar növbəti ilin tədris qrupuna xüsusi fiziki hazırlıq üzrə test normativ göstəricilərinə gorə məşqçilər şurasının qərarı ilə keçirilir. Bir qayda olaraq həmin tələbləri yerinə yetirməyən idmançılar növbəti tədris ilinə keçirilmir. Məktəbin yetirmələri idman ustalığını artırmaq üçün müqavilə əsasında idman təmayüllü internat məktəbinə, Yuksək İdman Ustalığı məktəbinə, idman oyun növləri üzrə ustalardan ibarət komandalara göndərilə bilər”.

M.Mərdanov yazıb ki, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər şahmat məktəbləri ölkədə şahmatın inkişaf etdirilməsində müstəsna əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ötən əsrib 70-80-ci illərində əsası qoyulmuş bu məktəblərin sayı indi 66-ya çatıb. Təhsil Nazirliyi sistemində 66 uşaq-gənclər şahmat məktəbi fəaliyyət göstərir: “İdmanın futbol və şahmat növlərinin daha da inkişaf etdirilməsi üçün İlham Əliyevin sərəncamları ilə Dövlət Proqramları qəbul olunub. Bu proqramların yerinə yetirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən tədbirlər planları hazırlanıb və bu istiqamətdə gündəlik olaraq iş aparılıb. Cari ildə nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada bütün şahmat məktəbləri üçün şahmat invertarı, müxtəlif mebel dəstləri, kompüter, kompüter avadanlıqları, texniki tədris vasitələri, digər zəruri avadanlıq və əyani vəsaitlər alınaraq paylanıb. Şahmat məktəbləri üçün elektron tədris vasitələri hazırlanıb və yaxın vaxtlarda həmin məktəblərin istifadəsinə verilib. Şahmat məktəblərinin maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində bir çox işlər görülüb. Belə ki, Şamaxı, Cəlilabad, Gədəbəy, Sumqayıt və Mingəçevirdə şahmat məktəbləri üçün yeni binalar tikilib istifadəyə verilib. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi, Sumqayıt şəhər, İsmayıllı, Zaqatala və Qax rayon şahmat məktəblərində əsaslı təmir işləri aparılıb. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman, şahmat məktəblərinin yetirmələri bu il respublika və beynəlxalq yarışlarda bütövlükdə 1886 medal qazanıblar. Beynəlxalq turnirlərdə, Avropa, Dünya birinciliklərində və çempionatlarında 178 medal qazanılıb. Onlardan 54-ü qızıl, 50-i gümüş, 74-ü bürüncdür. 2010-cu ildə idman növləri üzrə 1918 nəfər yüksək dərəcəli idmançı hazırlanıb. Onlardan 1697 nəfəri l dərəcəli, 212 nəfər idman ustalığına namizəd, 4 nəfər idman ustası, 4 nəfər FİDE ustası, 2 nəfər isə beynəlxalq dərəcəli idman ustasıdır: “Texniki yaradıcılıq mərkəzləri gənclərin texniki yaradıcılıq imkanlarını inkişaf etdirməklə yanaşı, onların tərbiyəsində əhəmiyyətli rol oynayır. Texniki yaradıcılıq mərkəzlərinə kömək məqsədilə gənc dizayner, texniki ekologiya, cizgi filmləri, kimya-texnologiya dərnəkləri üçün tematik planlar, kimya-texnologiyaya aid əyani vəsaitlər, kiçikyaşlı məktəblilər üçün avia, gəmi modellərinin hazırlanması texnologiyası, radio həvəskarlara kömək, gənc texniklərin oyunları, məktəblilərlə elektrotexnikaya dair məşğələlər üzrə tematik plan və tövsiyələr hazırlanmışdı. Ölkənin tarixinin və təbiətinin öyrənilməsində, respublikada turizmin inkişafı sahəsində görülən işlərdə gənc turistlər və diyarşünaslıq mərkəzlərinin də öz payı var. Gənc turistlər və diyarşünaslıq mərkəzlərində diyarşünaslıq, idman-turizm, tədqiqatçılıq profilli dərnəklər mövcuddur. Azərbaycan-Türkiyə Müştərək İqtisadi Komissiyasının qərarı və “Azərbaycan Respublikasının 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” çərçivəsində “Babaların tarixi zəfər və şəhadət yolu” layihəsinin hazırlanması və həyata keçirilməsində mərkəzlər yaxından iştirak edir”.

Çoxcildliyin beşinci fəsli ilk peşə-ixtisas təhsilinin inkişafına həsr olunub. Təhsil naziri qeyd edib ki, sovetlər birliyinin dağılması, Ermənistanın Azərbaycana təcavüzü digər sahələrdə olduğu kimi, texniki peşə təhsili sahəsində də bir sıra ciddi problemlər yaratdı. Müstəqilliyin ilk illərində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində torpaqların 20 faizinin işğal edilməsi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburu köçkün vəziyyətinə düşməsi, ölkədə siyasi sabitliyin pozulması, iqtisadiyyatın bütün sahələrini bürümüş böhran, maliyyə çətinliklərı, bazar iqtisadiyyatına keçidlə bağlı problemlər, dövlət müəssisələrinin fəaliyyətinin dayandırılması texniki peşə təhsili sistemini dağılmaq təhlükəsi qarşısında qoymuşdu. Müstəqilliyin ilk illərində məktəblərin sayı 176-dan 160-a enmiş, şagirdlərin sayı 4 dəfəyə, öyrədilən peşələrin sayı isə 2 dəfəyə qədər azalmışdı. İqtisadiyyatda gedən struktur dəyişikliyi, dövlət müəssisələrinin özəlləşdirilməsi və fəaliyyətini dayandırması, fəhlə kadrlarına olan tələbatın kəskin şəkildə azalması, emalatxana, tədris kabinetləri və laboratoriya avadanlıqlarının köhnəlməsi, sıradan çıxması,mövcud təhsil müəssisələrinin şəbəkəsi ilə bazar münasibətləri şəraitində fəhlə kadrları hazırlığın səviyyəsi arasında uyğunsuzluq texniki peşə təhsilinin nüfuzuna ciddi təsir etmiş, cəmiyyət tərəfindən bu təhsil pilləsinə olan maraq xeyli azalmışdı. Təhsil sisteminin vacib tərkib hissəsi olan texniki peşə təhsili sisteminin də milli ənənələr və ümumbəşəri dəyərlər əsasında yenidən qurulması baxımından “Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” Nazirlər Kabinetinin qərarının mühüm əhəmiyyəti oldu: “Həmin qərarla peşə məktəbi və peşə litseyinin nümunəvi Əsasnaməsinə uyğun olaraq, Təhsil Nazirliyinin təqdim etdiyi “Peşə məktəbi və peşə litseyi statusu verilən tədris müəssisələrinin siyahısı”, “Ləğv edilən peşə məktəblərinin siyahısı”, “Birləşdirilən peşə məktəblərinin siyahısı”, “Peşə məktəbi və peşə litseylərində ixtisaslı fəhlə kadrlarının hazırlanması üçün peşələrin siyahısı” təsdiq edildi. Ləğv edilən və birləşdirilən peşə məktəblərinin bina və avadanlıqları, torpaq sahələri yalnız təhsil sisteminin ehtiyacları üçün istifadə olundu. Təhsil Nazirliyi tərəfindən ləğv edilən və birləşdirilən peşə məktəbləri şagirdlərinin təhsillərini başa çatdırması və sərbəstləşən işçilərin ixtisaslarına uyğun işlə təmin edilməsi üçün tədbirlər görüldü, peşə tədris müəssisələrində dövlət sifarişi ilə yanaşı təsərrüfat hesablı kadr hazırlığını genişləndirsin və tədricən ayrı-ayrı peşə məktəblərinin qismən özünümaliyyələşdirilməyə keçməsini təmin olundu. Maliyyə Nazirliyi ilə birlikdə peşə məktəbi və peşə litseylərinin digər hüquqi şəxslərlə ortaq istehsal müəssisələri yaratmağın mexanizmini hazırlandı. Həmin istiqamətdə əldə edilən vəsaitin bu müəssisələrin maddi-texniki bazasının genişləndirilməsinə, işçilərin və şagirdlərin sosial müdafiəsinin möhkəmləndirilməsinə sərf edilməsi ilə bağlı təlimatlar hazırlandı. Təhsil Nazirliyi Ədliyyə Nazirliyi ilə birgə cəzaçəkmə müəssisələri nəzdində olan peşə məktəblərinin tədris-maddi bazasının möhkəmləndirilməsi və kadr hazırlığının keyfiyyətcə yaxşılaşdırılması üçün lazımi tədbirlər həyata keçirdilər, respublikada sərbəstləşən işçilərə və əhalinin qeyri-məşğul hissəsinə peşə öyrədilməsi, onların yenidən hazırlanması və ixtisaslarının artırılması Dövlət Sosial Müdafiə Fondu hesabına əsasən peşə məktəbləri və peşə litseylərində həyata keçirildi.Yerli icra hakimiyyəti orqanları təlim təsərrüfatı olmayan kənd təsərrüfatı profilli peşə məktəbi və peşə litseylərinə mövcud qaydada torpaq sahəsinin ayrılması məsələsini həll etdilər.

Texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial-mədəni və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir, onların ətraf mühitə təsir etmək imkanlarını artırır, insanları yeni biliklərə yiyələnməyə istiqamətləndirir, peşəkar fəaliyyətdə davamlı inkişafa nail olmaqda real kömək göstərir. Müasir dövrdə inkişaf etmiş ölkələrdə texniki peşə məktəbləri yalnız ənənəvi “sənətkarlar və ustalar” hazırlamır, bu məktəblər həm də daha yüksək bilik və bacarığa malik ixtisaslı mütəxəssis hazırlığını həyata keçirir”.

Nazir bildirib ki, problemlərin çoxluğuna baxmayaraq, 90-cı illərin sonunda Təhsil Nazirliyi texniki peşə təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, texniki peşə təhsili sistemində məzmunun təkmilləşdirilməsi, təlim metodları və texnologiyalarının yeniləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra layihələr və tədbirlər həyata keçirilmişdi. Belə tədbirlərdən biri də UNESCO-nun himayəsi ilə 1997-ci ildə Bakıda keçirilən “Texniki peşə təhsili-97” beynəlxalq konfransı idi. Həmin konfransda 30 ölkənin nümayəndəsi iştirak etmişdi. Təhsil Nazirliyinin UNESCO ilə sıx əməkdaşlığının nəticəsi olaraq Azərbaycan hökuməti ilə, Heydər Əliyev Fondu və UNESCO arasında 2007-ci ildə Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsi haqqında saziş imzalandı. Layihənin əsas məqsədi peşə təhsili sahəsində mehmanxana xidməti, turizm, informasiya və kommunukasiya texnologiyası üzrə müasir tələblərə cavab verən yeni kurikulumların və dərs vəsaitlərinin hazırlanması, texniki peşə təhsili üzrə kadrların ixtisasartırma və təlim resurs mərkəzinin yaradılması idi. Təhsil Nazirliyi tərəfindən texniki peşə təhsili sahəsində mövcud olan problemlərin sistemli şəkildə həll edilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla inkişaf istiqamətlərinin müəyyən edilməsi və ixtisaslı kadr hazırlığı sisteminin əmək bazarının tələblərinə müvafiq olaraq qurulması məqsədilə Dövlət Proqramının layihəsinin hazırlanması tarixi bir zərurətə çevrilmişdi. Bütün tələblər nəzərə alınmaqla texniki peşə təhsilinin inkişaf perspektivlərini özündə əks etdirən dövlət proqramı hazırlandı və 2006-cı ildə Nazirlər Kabinetinə təqdim edildi. Uzun sürən müzakirələrdən sonra bu sənəd - “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”prezidentin sərəncamı ilə təsdiq edildi.

“Azərbaycan respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın əsas məqsədi ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun peşə ixtisası kadrlarına yaranan tələbatının ödənilməsi, habelə əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli texniki peşə təhsili sisteminin formalaşdırılması idi: “2007-ci ildə Təhsil Nazirliyi ilə Cənubi Koreyanın “Daevoo” beynəlxalqşirkəti arasında müasir standartlara cavab verən “Ali Texniki Peşə Təhsil Mərkəzi”nin inşası layihəsinə dair memorandum imzalandı. 2009-cu ildə Təhsil Problemləri İnstitutunun tərkibində İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi yaradıldı. Mərkəzin tərkibində “Monitorinq və qiymətləndirmə” və “İlkin peşə təhsilinin kurikulumu” şöbələri təşkil edildi. 2008-2009-cu illərdə son 20 ildə ilk dəfə olaraq Təhsil Nazirliyi 32 adda 1222 nüsxə əyani vəsait hazırlayaraq peşə təhsili müəssisələrinə verilməsini təmin etdi. 2009-cu ildə Təhsil Nazirliyi “İlk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu qaydaları”nı təsdiq etdi. 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanuna əsasən texniki peşə təhsili “ilk peşə-ixtisas təhsili” adlandırıldı. 2010-cu ildə Bakıda və ölkənin müxtəlif regionlarında ümumilikdə 12 ilk peşə-ixtisas təhsili müəssisəsinə İKT, turizm, tikinti, yüngül sənaye sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün tələb olunan maşın və avadanlıqlar verildi, əyani və texniki vəsaitlər paylandı, yeni dərsliklər nəşr olundu. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir necə ölkəyə təlim səfərləri təşkil olundu. 2010-cu ildə Təhsil Nazirliyi “Elektron peşə təhsili” layihəsini həyata keçirməyə başladı və elektron peşə təhsili portalı istifadəyə verildi. İlk peşə ixtisas təhsili sisteminin inkişafına diqqət yetirilməsi nəticəsində təhsilin bu sahəsi üçün ayrılan vəsait 2008-ci illə müqayisədə 2011-ci ildə xeyli artdı, bir təhsil alana düşən vəsait 943 manatdan 1184 manata qədər yüksəldi. Təhsil Nazirliyi tərəfindən müvafiq Dövlət Proqramı çərçivəsində 2 nömrəli Bakı Peşə Liseyinə 50 min manat dəyərində texnika və avadanlıq verildi. Ölkə prezidentinin sərəncamına əsasən hazırlanan “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”da kompetensiyalar əsaslı peşə-ixtisas təhsili standartları və kurikulumlarının hazırlanması, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda Milli Strategiyada zəif kadr və resurs bazarı olan kolleclərin tədricən peşə-ixtisas təhsili müəssisələrinə çevrilməsi də öz əksini tapmışdır. Ümid edirəm ki, həyata keçirmək istədiyimiz təşəbbüslər gələcəkdə Azərbaycan iqtisadiyyatının müasir inkişaf tələblərinə cavab verən ilk peşə-ixtisas təhsili sisteminin yaranmasına öz töhfəsini verəcəkdir”.

Sevinc QARAYEVA

 





01.09.2012    çap et  çap et