525.Az

Məhəmməd Əmin Rəsulzadə- Əsərləri


 

Məhəmməd Əmin Rəsulzadə- <b style="color:red">Əsərləri</b>

IV cild (1917-aprel 1918)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd HÜSEYNOV

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

(əvvəli var)

Hürriyyət yolunda ölənlərin həqqi verildikdən sonra hürriyyəti möhkəmlətməkdə olan imdiki hökumət adamlarını təqdir etmək növbəti gəliyor. Beyət əlləri qalxıyor. Rodziyankoya təbrik və etimad teleqramı göndərmək təklifi gurultulu alqışlarla qəbula keçiyor.

Sonra bu məhəllədən müvəqqəti icra komitəsi şurasına seçiləcək 5 nümayəndənin nə şəkl ilə seçiləcəgini anlatıyorum. Hazırdakı xəlq iyirmi-iyirmi ayrılacaq, hər iyirmi adam bir adam seçəcək, sonra bu adamlar yığışıb öz aralarından hər on adama birisini seçəcəklər, onlar da gizli rəy vermək surətilə beş adam seçəcəklərdir.

Deyirlər ki, biz adamlarımızı seçmişik.

– Nə cür seçmisiniz?

– Hələ ağızdan, aşkara.

– Bu olmaz, düz degil.

– Lənkəranda başqa cürə seçki mümkün degildir.

– Cəmaət, siz imdi tazə hökumətə beyət etdiniz. Onun elan elədigi əsaslarındandır ki, seçkilər gizli, ümumi, müsavi və müstəqim olsun. İmdi Lənkəranda olmaz, deməginizlə siz tazə hökumətə əks olmuş olursunuz.

Bu söz doğru seçki tərəfdarlarını cəsarətləndirməlidir ki, “özləri üçün diyorlar, əsl doğru seçki siz deyəndir və mümkündür” sözləri eşidilir. Orada bulunan doktor Əliheydər Cavadov mitinqə sədarət ediyor, seçkilərə başlıyorlar, biz isə haman heyətimiz ilə Kiçik bazar məscidinə azim oluyoruz.

Qarşımızda səmimi, həmahəng və müttəhid bir cəmaət buluyoruz. Bir neçə gün şagirdi olduğum Tağı bəyi də burada buluyorum. Qocalmış, qiyafəsi dəgişmiş, varatnik pencəgi atıb əba, qəba geymişdir. Görüşüyor, tanışıyoruz. Böyük bazardakı proqram burada da təkrar ediyor. Tağı bəy Bayrambəyov sədarətində xəlq seçkiyə başlıyor, biz isə kəndisini vida edib Suxtəmərdaba gediyor, orada da mitinq və seçki düzəltiyoruz.

Məhəllələrdə  seçilən seçkiçilər hamısı o günü gələcək. Axşam saət 6-da bizim yanımızda şar salmaq surətilə öz nümayəndələrini seçəcəklərdi. İş sabaha qalmadı. Haman gecə suxtəmərdablılar mollaları molla Həmid Məhəmməd Əli oğlunu seçdilər, Xəlil adlı birisini də ona naib qərar verdilər. Qırmızı şərit mərasimi-məxsusə ilə molla Həmidin sol qoluna bağlandı.

Suxtəmərdablılardan sonra növbət kiçikbazarlıların idi. 11 adamdan 6-sı namizədligini qoydu, bunlardan 3-ü məhəllənin mollaları idi. Fəqət intixab üç mollanın üçünün də qaralanması ilə nəticələndi.

Böyük bazar nümayəndələrinə gəlincə məsələ bir az müşkülatsız olmadı. Əksərən kəsəbə sinfindən ibarət olan Kiçik bazar məhəlləsindəki ittihad və sözübirligə  rəğmən “xan məhəlləsi” olan Böyük bazarda nifaq və çəkişmə mövcud olduğu, həm də şiddətli olduğu sezilib çıxıyor, seçkilərin gizli olduğuna baxmayaraq “pırtlıyıb” ortaya atılırdı. İki cərəyanın qarşı-qarşıya gəldigi haman seziliyor, fəqət Lənkərana, daha doğrusu, Böyük bazara məxsus bir rəng alaraq məsələ əsasilikdən çıxaraq şəxsiyyatə keçiyordu. Bərəkət versin ki, Lənkəran cəmaətini biri-birinə bağlamaq üçün işlətdigimiz bitərəflik ipi tərəfinin çəkişməsindən qırılacaq qədər qaimsiz çıxmadı.

Gecə saət 11 idi. Bu günü nahar etməmişdik. Tazə seçilmişlərin “ippaletlər”ini qollarına bağlayıb yola salmış, özümüz də şam edib yatmağa  səlahiyyəti-tam görmüşdük.

Xəlq içindəki birinci günümüz böylə keçmişdi...

 

lll

 

Birinci gün Lənkəranın bütün müsəlman məhəllələri seçkilərini qurtarmış və öz nümayəndələrinin qərarı ilə hökuməti-müvəqqətiyə təbrik və biət teleqramı göndərmişlərdi. İmdi şəhər idarəsi ilə şəhərin mərkəzi məhəlləsi və şəhərdəki cəmaət müəssisələrinin nümayəndələrini seçmək məsələsi qalıyordu.

Şəhər idarəsi başında duran Saturov nam şəxs şəhərin həyəcan və narazılığına səbəb oluyordu. Ətraf məhəllələr, bilxassə bütün müsəlman hissələri bu adamın tərəfgirligindən şikayət ediyor, bir ağızdan çıxarılmasını tələb edib duruyorlardı. Zatən bu xüsusda əvvəlcə Bakıda iclas edən uyezdlər syezdində ondan şikayətlər gətirmiş və quberniya komissarı İlyuşkindən dəxi şəxsi-məzkurin əzlini istəmişlərdi. Narazılıq səbəbi isə böylə göstərilirdi ki, bu adam ancaq şəhərin mərkəzinə – ki əksərən külliyyəti əcnəbilərdən ibarətdir – xidmət edib digər məhəllələri incitmiş, mövqeindən istifadə edərək məkulat və bilxassə qənd satışı ilə məşğul olmuşdur. Şikayət yalnız müsəlman tərəfindən degildi. Lənkərana gəldigimiz birinci günün axşamı rus qadınları da mehmanxana qapısına toplanmış, “o zalımı bizim başımıza təkrar ağa dikməyin” – demişlərdi. “O zalım” isə Saturov imiş ki, “xəlqi ac buraxıyormuş”. Əlbəttə, böhranlı zamanlarda məkulat işi ilə məşğul olan zat “hər kəsi” razı salamaz. Fəqət bu qədər ümumi bir narazılıq qarşısında dəxi heç bir “cəmaət adamı” üzə salıb yerində qalmaz. Saturov isə yalnız qlava yerini dolandırmayır, Lənkəranda təşkil olunan müvəqqəti komitənin rəyasətini də idarə ediyordu ki, bu surətlə Saturov əleyhinə olan narazılıq bir növ komitə əleyhinə kibi görülüyordu. Məntiq hökm ediyordu ki, Saturov “günahsız da” olsa, ümumi iş xatiri üçün işdən çəkilsin. Bununla belə şəhər idarəsi tərəfindən tazə komitəyə Saturov seçilmişdi. Fəqət rəylər bərabər gəldigindən ötrü sədr olduğu üçün öz rəyilə keçmişdi. Biz bunu qəbul etmədik. Seçkiyi təkrar tazələdilər. Yenə Saturov çıxdı. Üçüncü dəfə tazələndikdə artıq məsələ həll olunmuş, Saturov degil Əskərxan Talışinski çıxmışdı.

Fəhlə məhəlləsinin seçkisi də bir az tul təfsil aparmışdı. Bu məhəllə əksərən xristianlardan ibarətdir. Yaşayanları məmurlar, balıqçılar, tacirlər, soldatlar və sairdir. Sinif və mənafecə çox rəngarəngdir. Birinci gün seçkiləri baş tutmamışdı. İkinci gün 20 adamdan bir vəkil hesabı ilə 19 adam gəldi. 19 adam seçəcəkləri bir adam üçün 10-a qədər namizəd qoydu, səslər bölündü, birinci dəfə kimsə əksəriyyət qazanmadı, ikinci dəfə də məzkur Saturov mərkəz məhəlləsinin nümayəndəliginə seçildi.

Cəmaət müəssisələrinə gəldikdə Lənkəranda hazırda iki müəssisə bulduq. Bunlardan birisi rus balıqçılarına məxsus “mülki kredit” cəmiyyəti, ikincisi də “kooperativ” dükanı idi. Bu böyük müsəlman şəhərində isə məəttəəssüf cəmaət müəssisəsi naminə bir danə də olsa cəmiyyət yox idi. Lənkəran əhli-məarifi ilə bu xüsusda söhbət elərkən qəribə bir hekayə nəql etdilər:

Cavanlar neçə ay bundan əvvəl yığışır, bir məarif cəmiyyəti təsisinə himmət etmək istərlər. Lənkəran əyanından birisinin evinə yığışmaq, orada mətləbə əncam vermək eylərlər. Ev sahibinin oğlu bu mətləbin pişi-ahənkarından ikən o günü vədə olunmuş evə gələn cavanlar qapı ağzında əli çomaqlı “atanı” ki, görərlər “gedin buradan, bənim evimdə belə işlər olmaz” diyormuş. Fəqət təəccüb orasıdır ki, “evində cəmaət işlərinə məhəl verməyən” bu zat imdi “cəmaət işlərindən” kənar durmaq da istəmiyor.

Nə  isə, Lənkəran şəhəri cəmaət müəssisələri tərəfindən də  nümayəndə seçildi, Vasilyev.

Artıq komitə əzaları tamamilə seçilmiş, Lənkəran şəhər komitəsinin şurası vücuda gəlmişdi. Şura cəmən on beş adamdan ibarət idi ki, bundan 11-i müsəlman, biri rus, biri erməni, ikisi də əskər idi.

Vürudimizin ikinci günü axşam bütün seçilmişlərlə şəhər idarəsinin zalında şuranın birinci iclasını qurmuşduq. İclasa bən sədarət ediyor, yoldaşım Kuznetsov da katiblik vəzifəsini görüyordu. Şura öz arasında hələlik 7 nəfərdən ibarət bir komitə seçməgə qərar verdi. Bu 7 nəfərdən ikisi qarnizon nümayəndəsi olacaqdı. Yerdə qalan beş adam isə seçki ilə olacaqdı.

Nümayəndələr içəridə seçki ilə məşğul olmaqda ikən, xəlq bayırda gözlüyordu. Hətta arabir səbrsizlik edib qapılardan içəriyə doluşuyordu ki, bəzən kəndilərini məclisi tərk etməyə dəvət etmək lazım gəliyordu.

Axşam saət 7-dən işə başlayan şura nəhayət saət 11-də işini qurtarmış, yeddi adamdan ibarət bir komitə ilə bərabər tazə şura idarəsi rəisi və ordu idarəsi komissarı seçmişdi.

Komitə rəisliginə Lənkəran əhli-məarifindən hüquqşünas Soltan bəy Qulubəyov, iki müavinliginə Lənkəran notaryusu Qaniçev ilə doktor (zabit) Batanov; əzalığa isə Tağı bəy Bayrambəyov, Əsəd xan Talışinski, doktor Əliheydər Cavadov, Yusif bəy Mehmandarov cənabları seçildilər. Daşdəmirov cənabları da bunlara namizəd təyin olundu.

Seçkinin nəticəsi aşkar olduqda şəhər idarəsi starostası Saturov söz istəyib, altı ildən bəri cəmaətin kəndisinə göstərdigi etimada təşəkkür edərək imdi artıq vəzifəsindən istefa elədigini, ona görə də yerinə başqa birisinin təyinini istədi. Cəmaət bu işi məəttəşəkkür qəbul edərək bir çox isrardan sonra notarius Qaniçevi şəhər işlərini idarəyə təyin elədi. Sonra iləridə uyezd komitəsi təşkil oluncaya qədər qərar verildi ki, komitə rəisi Soltan bəy Qulubəyov uyezd naçalnikinin yanında komissar olsun və onun imzası olmadan heç bir qərar və əmrnamə sadir olmasın.

Məclisin bu qərarı məclis sədri tərəfindən haman küçədə ayaz altında gözləyən cəmaətə elan olunub eyni zamanda xəlq dəvət olundu ki, öz seçilmişlərinə etimad və kömək eləsinlər, tainki onlar özlərini qüvvətli görərək cəsarət və mətanətlə işləsinlər. Bu bəyan alqışlarla istiqbal olunaraq hər kəs öz evinə getdi.

Lənkəranlılardan və bəzi Lənkəranı tanımayanlardan eşitdigim mülahizələrə görə deyə bilərəm ki, uyezd şəhərindəki şəxsiyyatə biri-birini çəkməməzligə rəğmən şura ilə komitəmiz müvəffəqiyyətlə təşkil olunmuşdur. Hələ Soltan bəy Qulubəyov ilə bələdiyyə rəisliginə seçilən Qaniçev hər kəsin məqbulu, hər kəscə möhtərəm və bitərəf tanınmış adamlardır. Bunların böylə bitərəf və namuslu tanınmaları ilə bütün sinif əhli tərəfindən hüsni-qəbul görmələri bizə böyük ümid veriyor və bu ümidlə vəzifəmizi bitirmiş sayırdıq.

Artıq Lənkəran işlərimiz qurtarmışdı. Astaraya getmək lazım gəliyordu. Üçüncü gün saət 9-da yenə lodkaya minib “İvan Kolesnikova” səvar olmaq üçün dənizə çıxıyorduq.

Lənkərana bu ikinci dəfə gəldigim idi. Bir kərə dəxi 1911-ci ildə gəlmişdim. O zaman da bir gün Lənkəranda qalmışdım. İrandan Bakıya gəlirdik. Fəqət qorxu ilə, əndişə ilə səfər edirdik. Hər saət və hər dəqiqə gözlüyorduq ki, “tutacaqlar”. İştə, işlərimizi bacardığımızı bitirərək mənəvi bir təşəffi-qəlblə paraxoda mindigim zaman bilaixtiyar bu iki səfər arasındakı təfavütü müqayisə etdim. İştə istibdad, iştə hürriyyət! dedim!

 

lll

 

Üçüncü gün Astarada idik. Astara sərhəd bir qəsəbədir. Rus tərəfi haman sonradan gəlmə rus məmurları, balıqçıları və sairdən ibarətdir. Burada bir şkol, bir aptek, bank istiqraz şöbəsi, gömrükxanə və qarnizon vardır.

Dəniz kənarında lodkadan çıxarkən Rzayev cənablarını bulduq. Saç və saqqalı çallanmış Rzayev köhnə idarənin məqdurlarındandır. 1912-ci ildə mahalda zühur edən topraq iğtişaşları əsnasında inqilabçılıq töhmətinə uğrayaraq beş il nəfyi-bələd edilmiş idi. İmdi isə müvəqqəti Astara komitəsinin əzasından, həm də ən fəal əzasındandır. Rzayev cənabları ilə qədimdən mənəvi bir münasibətimiz var. Mətbuatın dostu olduqlarını biliyoram. İştə öpüşüyor, bayramlaşıyoruz. Bir az rahət olub çay içmək üçün Rzayev cənabları faytonumuzu qapılarına çəkdiriyor. Bu dəmdə müvəqqəti Astara komitəsinin əzaları da gəliyorlar. Ögrəniyoruz ki, komitə cəmən 11 adamdan mütəşəkkildir. On bir adamdan ancaq birisi, Rzayev müsəlmandır. Komitə icraatında təndrovluq etməmişsə də, xidməti dəxi inkar olunmaz. İşlərində təşkilat əsəri görülüyor. Pristavı, strajnikləri çıxarmış, yerinə milis təyin eləmişdir.

Diyoruz bizə “Paris” mehmanxanəsində nömrə hazırlasınlar.

Xəbər veriyorlar ki, kəndlilər gəlmiş, komissarları gözlüyorlar. Qapıya çıxıyoruz. Qırmızı bayraqlı kəndlilər bizi təbrik ediyorlar. Dün də Astara kənarına çıxmış, bizi gözləmişlər imiş. Üzr istiyor, əsl mətləbə keçiyorum. Ovzai-hazirə həqqində nitq ediyoram. “Ura” sədası, alqışlara qovuşuyor. Sonra gediyoruz ki, qarnizona salam verək. Beş-altı zabitlə bir rota soldat səfi-bəstəyi-ehtiram. Komissarlar görününcə zabitin biri əlində sıyırma qılınc nitqə başlıyor. Tazə hökumətin nümayəndələrini təbrik ediyor. Yeddi dəfə “ura” çağrılıyor. Sonra yoldaşım Kuznetsov hökuməti-müvəqqətə ilə azad Rusiya millətləri naminə ordunu salamlıyor. Yenə “ura” sədası ərşə bülənd oluyor. Bu mənzərəyi tamaşaya gələn xəlq simasında böyük bir sevinc görülüyor. Sonra soldatlarla zabitlər Astara icra komitəsinə birər nümayəndə seçməgə başlıyorlar. Seçilmişlər “ura” ilə qarşılanıyor. Soldatlar tərəfindən əlüstə alınıb atılırlar.

Qırmızı lentanı seçilmiş zabitlə soldatın qoluna bağlıyoram.

İki saət sonra müvəqqəti Astara komitəsindəyiz. Komitəçilərdən bir çoxu nədənsə özlərinin müvəqqəti elan olunduqlarından xoşlanmıyorlar. Biz mətləbi anlatıyor, Astara uçastok komitəsinin iki qarnizon nümayəndəsindən, bir Astaranın özündən, bir cəmaət müəssisələrindən, iki kəndlilər nümayəndəsindən, bir də mülkədarlar nümayəndəsindən qurulacağını anlatıyoruz. Quberniya komitəsinin qərarı bunadır – diyoruz. Bu komitənin uyezd komitəsinə, uyezd komitəsinin də quberniya komitəsinə tabe və mərbut olacağını anlatıyoruz. Aradan birisi:

 – Lütf ediniz, bu yenə köhnə qaidə oldu ki!... diyor.

Yumşaq bir dil ilə anlatıyoruz ki, Astara özbaşına bir “cümhuriyyət” elan edəmməz. Əksəriyyət mətləbi dərk ediyor. Bəzi müfritlər quberniya komitəsinin qərarını tənqid etmək istiyorlar. Tənqid edə bilərsiniz, fəqət tənqidlə bərabər tabe də olmalısınız – deyə başa salıyoruz.

Bu danışıqlar Astara kooperativinin idarəsində oluyor, bayırda xəlq gözlüyor. Bir az sonra çıxıyoruz. Yoldaşım rusca, bən türkcə mətləbi xəlqə anlatıyoruz.

Ayın 22-də Astara seçkiləri təyin olunuyor. Cəmaət müəssisələri də ki bir kooperativ ilə bir də mülki kredit cəmiyyətindən ibarətdir. O günü yığılıb öz nümayəndələrini seçəcəklər. Mülkədarların seçkisi isə asandır. Çünki bütün Astara mahalında bir məllak var, o da Mir Əhmədxan Talışinskinin mülkünü alan Kaqandan ibarətdir. Demək “Kaqan” kəndi başına komitəyə bir nümayəndə göndərəcək.

“Şəhər” seçkiləri həqqində lazım gələn qərarları elan etdikdən sonra saət 6-da axşamçağı yola çıxıyor, kəndlərə gediyoruz.

Gedəcəyimiz yol bir qədər faytonla gedilir. Ondan sonra isə piyada getməliyiz. Rəhbərlərimiz Ərçivanın məarifli cavanlarından Məşhədi Məhəmməd Əskərov ilə Mirzə Hüseyn Axundov cənablarıdır. Bu iki cavan rusca, türkcə savad əhli olub Bakı uyezdləri ictimaində iştirak eləmişlərdir. Bunların hürriyyət işinə xidmətləri çoxdur və olacaqdır.

Faytondan eniyoruz. Artıq hava qaralmış, gecədir. İki özümüz, iki rəhbərimizlə bərabər bir neçə sair yoldaşlarımız da var. Rusca-türkcə, talışca danışan bu beynəlmiləl qafilə həvəs və şövqlə yoluna davam ediyor. Bir azdan ay da çıxıyor. Mehtab, meşənin içi, ağac arası, çayların axıntısı, güllərin duruşu ruhi şəhər həyatı məngənəsindən azad ediyor, insan yalnız bu təbiət içərisindədir ki,  tamam mənasilə azad oluyormuş.

Hər bir yanda əzəmətli bir sükut hökmfərma. Bu sükutu arabir gölün qurbağaları ilə meşənin çaqqalları xələldar ediyor. Ağız-ağıza verib ulaşıyorlar... Başqa bir vəqtdə əsəbə toxunan bu bağırtılar nədənsə indi bizim xoşumuza gediyor. Bunda bir yenilik buluyorduq.

Yolumuz dağlıq, dərəlik degil, düzənlikdir. Meşələrin içindən keçiyor, çayların üstündən atlıyoruz. Çayların üstündə köprülər əksər ağac kötügündən, şaxdan, budaqdan ibarət ki, keçməsi bir növ təcrübə istər. Kəndli yoldaşlarımızın bu xüsusda qayğıları yox. Onlar təbiətin oğulları. Fəqət biz təbiətdən ziyadə sənətə ögrənmiş olan şəhərlilər üçün yıxılıb büdrəmək, suya batmaq bir hali-təbii.

Yalnız rəhbərlərimizin təcrübəsi və həqqimizdə göstərdikləri mehmannəvazlığın səmimiligi bizi bu cəhətdən təmin ediyor.

Xülasəyi-kəlam saət 8-də Ərçivan kəndinə çatmışdıq.

Ərçivan hər nə qədər kənd hesab olunursa da, nüfuzca Astaradan kiçik degildir. 21 yaşından yuxarı seçkidə iştirak edə bilən 500-ə qədər zükuri vardır. Bazarı, tarixi-təsisi bəlli olmayan məscidi, hamamı vardır.

Gecəyi Məşhədi Nemətullah İmaməli oğlunun evində qalıyoruz.

Ev Ərçivanın orta hallı evlərindəndir. Rütubətdən saxlanmaq üçün mərtəbə yarım biçimində tikilmiş ki, bu tikinti bura evlərinin ümumi tərzi-memarisini təşkil edər. Evin pəncərələri beqədri kafi havadardır, işıqdır. Yer xalılarla döşəkli, eyni zamanda süfrə stolu ilə oturaq stulları da var. Ləmələr bizim evlərdə olduğu kibi qab-qacaqlarla bəzənmiş, dörd tərəfdəki divar, buxarının üstündən mütəəddid nəlbəki və gül qablar nəsbilə zinətlənmişdir.

Kəndə  xəbər düşüyor. Bir azdan sonra odamız 20-yə qədər müxtəlif sində qoca və cavanlarla doluyor. Şirin söhbətə  başlıyoruz.

– Həzarat, tazə qaidəyə necə baxırsınız – diyoram.

– Çox yaxşı! Cavabını alıyoram. Fəqət bunun yaxşılığını nədə görüyorlar, əcəba, məsələsi bəni maraqlandırıyor.

– Neçün, tazə qaidənin sizcə nəyi yaxşıdır?

Burada rəylər təfavütləşir. Bir az mollaya bənzəyən və əmsalı arasında alim görünən birisi:

– Bakı bizə başdır, – diyor, baş məlum işdir, nə deyirsə bədən onu qəbul etməlidir. Siz cənablar bizim başımızsınız. Madam ki, siz tazə qaidəni qəbul və təklif ediyorsunuz, demək ki, bizim xeyrimizi söylüyorsunuz – deyə fikrini söylüyor.

Fəqət:

– Bu Bakı sizə bir həftə əvvəl başqa hökmlər veriyordu. Bakının hər söylədigi həqq və yaxşı olsa o zaman bundan əvvəlki qaidələrə də yaxşı demək lazım gəliyor – işkalını eşidincə qoca haman fikrini izaha çalışıyor. Məqsədimiz cəmaət müəssisələri, cəmaət başıdır – diyor.

Anlatdıq, baş ancaq bədən salim olduğu zaman düz işlər. Ona görə də lazımdır ki, düzələsiniz, birləşəsiniz, azadlıq yolunda bərk durasınız, tainki, başınız ağrıyıb sərsəmləməsin.

Digər bir qoca söhbətimizə iştirak eliyor. “Bən onu-bunu bilmiyorum”  – diyor. “Bu qədər bilirəm ki, keçən zamanda bura bir uryadnik gəlsə idi, biz bu evin həndəvərinə də  dolana bilməzdik. Amma imdi, diyorlar siz qubernator naibisiniz. Görüyoram bizimlə oturub qardaş kibi şirin-şirin söhbət edirsiniz. İnsan kor olmalı ki, bu boyda fərqi görməməlidir”.

Doğrudur, qoca, afərin – deyə rəhbərimiz Məşhədi Məhəmməd nida ediyor. Vallah pristavın hüzurunda titriyorduq. İmdi isə bilirmisiniz qubernatorun özü ilə çay içirdik. Bizim rəyimizi soruyor, mətləblərimizi can qulağı ilə eşidiyordu.

Sonra söhbətlər müxtəlif mövzulara keçiyor. Komitə seçkilərindən bəhs olunuyor, məktəb lazım olduğundan danışılır. Bu vəqtə qədər cəmaət şkol istəmiyordu, çünki onun ruhuna müvafiq degildi – deyə mətləb anlatılır. Bundan sonra cəmaətin öz dilində, öz ruhunda məktəblər açılacağı müjdəlik verilir. Nəhayət, necə bilərsiniz tazə idarədə kimlər gərək işləsin sualı meydana atılır və qoca Məşhədi İbad:

– Əlbəttə, cavanlar! – deyə cavab veriyor.

“Qocalar məsləhət verər. Cavanlar işlər, çünki qüvvət onlardadır”. İştə, söhbətlərimizin xülasəsi bir yerə gəlib çıxıyor.

Artıq saət 11-ə işliyordu. Yemək verildi. Süfrə iddia edə bilərəm ki, ortabab şəhər süfrələrindən artıqdı ki, əksik degildi. Burada hər növ turşu, balıq, əla kərə yağı, cücə kababı, çığırtma, qovurma, plov hamısı sərrast idi... Məkulat böhranı hiss olunmayırdı.

Evin müxəlləfatı, müsahiblərimizin münəqişatı, bizə qarşı göstərilən mehmannəvazlığın dərəcəyi-səmimiyyəti, hamısı bu zahirdə əvam və hətta astaralılardan bəzisi nəzərində “küllən əvam” görünən kədlilərin olduqca mədəni və hər növ tərəqqiyə müstəid olduqlarını isbat ediyor. Rusiya millətlərinin hürriyyətdən istifadə ilə özlərini idarə edə biləcəkləri həqqində bizə böyük ümidlər veriyordu.

Şam yedikdən sonra ev sahibinə təşəkkür etdik. Fəqət ən böyük təşəkkürümüz xəlqlə bilavasitə etdigimiz müsahibədən aldığımız mənəvi əzayə idi...

Biz istirahətə qaldıq. Kəndlilər də sabahkı seçkilər həqqində öz aralarında məşvərətə getdilər.

 

lll

4-cü  gün səhər Ərçivanda ətraf kəndlərdən gələn kəndli nümayəndələrinə  seçkilərin necə olacağını ögrətərək günorta Məşhədi Məhəmməd Əliəskərovun evində bir az istirahət elədik. Binası, səlqəsi, müxəllifatı tamam avropalaşmış bir şəhər evinə bənzəyən bu evdə bir az istirahət etdikdən sonra atlar hazır oldu. Yola çıxdıq. Gedəcək, gecəyi Tənkərudda qalacaqdıq.

Bənim atım sairlərindən qıvraq və yerişli idi. Üstündəkinin bir süvari degil, yazıçı olduğunu nəzərə almayaraq heyvan həvəslə iləriyə atılır, yerimək istiyordusa da “minici”nin xamlığı “minik”ə çoxda meydan vermiyordu.

Qafiləmiz yenə haman əvvəlki qafilə idi. Fəqət bu dəfə  M. Xan da bizə yoldaşlıq ediyordu. Yol getdikcə dağbaşı yuxarı çıxdığından mənzərə daha şairanə bir hal alıyor, nəfəs daha təmiz bir hava udmağa başlayırdı.

Bir tərəfdən gögərməgə başlayan cəngəlli dağlar, digər tərəfdən də uzaqda zümrüdin bir surətdə görülən əngin dəniz, bu arada gögərən parça-parça meşələr, orada-burada bozaran dügü zəmiləri, zəmilərdə çalışan əlvan qadınlar, günəş şüai ilə gümüşlənən güllər bəni düşündürüyor, böyük Astara mahalının qitəcə Qaradağ padşahlığı qədər olan bu ölkənin birdən-dirə müsəlman əlindən, yerli istifadəsindən çıxıb da kilkinti əlinə keçməsini fikirləşiyordum.

Yoldaşlardan bir az aralanmış M.Xan ilə bərabər gediyorduq, birdən:

– Xan, necə oldu, bu boyda ölkə birdən-birə əldən çıxdı? – dedim.

M.Xan sərin bir ah çəkdi.

– Sorma, hekayəsi çoxdur – dedi.

Əsl sual kənarda qalıb Astara mahalının və ələlümum Talışxan xanlarının tarixinə aid təfsilat başladı.

Yana yaxıla söyləyən bu təfsilatda maraqlı həqiqətlər var. M.Xan vəd ediyordu ki, bu həqiqətlər həqqindəki vəsaiqi-tarixiyyəyi bənə göstərsin. Bu vəsaiq içində məsələn, Petroqraddan göndərilən əmrnamə var ki, “Müstəfa xan uşaqlarını vuruşdurunuz”. Həm öylə də oluyor. Müstəfa xan uşaqları vuruşuyorlar, nəticəsi də o oluyor ki, Talış mahalının qismi-mühümi zəbt olunuyor.

Xülasəsi o ki, vəqtilə yarım müstəqil olan Talış xanları siyasi intriqalara aldanaraq parçalanmış, kiçilmiş, dağılmış, yer-yurddan əlləri çıxmış, bir halə gəlmişlər ki, məsələn, “M.Xan” kiçik qardaşını müftə əskərlik məktəbinə verdirə bilmək üçün ərizə vermiş, ərizəsində babalarının dövlətə “xidmət” etdiklərini də qeyd eləmişdir. Nə cavab almış, bilirmisiniz?

– Sənin bu ərizən bizə Krılov hekayəsindəki qazları andırıyor...

Başqa sözlə, Müstəfa xanın İrana dönüklük edib də Rusiyaya kömək etdigi müqabilində cüzi mərhəmət diləyən nəvəsinə demişlər ki:

“Kirəm pədər to bud fazil

Əz fəzle pədər tora çe hasel”

– Bəli, Romanov sülaləsi bizim xanədanə etdigi qədər, ehtimal ki, kimsəyə ziyan vurmamışdır – deyə M.Xan şikayətini tamam elədi.

Bu həzin hekayə bitmiş idi ki, iləridə himhimə  eşitdik. Bir azdan qırmızı bayraqlar göründü.

– Yaşasın hürriyyət!

Lənkəran uyezdində ilk dəfə təsadüf elədigimiz şey, müsəlman məktəb uşaqları

Bu sevimli uşaqlar haman yol kənarına düzüldülər. Biz onları qabaqladıq:

– Yaşasın gələcək nəsil!

– Urra!...

Tənkəruda yaxınlaşdığımızı duyduq. Bir az sonra müəllimin də gəldigini gördük. Salamlaşdıq. Bu başına buraxılmış mahalda da məktəb varmış. Bu bizə bir az təsəlli verdi.

Bir az sonra dağ yamacında vaqe Tənkərudda idik. Tənkərud da Ərçivan kibi böyük kənddir. Kəndə yaklaşdıqda gözləndigimizi gördük. Cəmaət məscid qabağına yığılmış, yola baxıyor. Ətraf kəndlərdən də çox adam var. Binə qərib bir məhzər. Bu birinci meydandır ki, kədlilərin çoxluğu ilə üz-üzə gəliriz.

– Kəndli qardaşlar, tazə azadlıq hökumətindən sizə salam! – deyə başladım. Bir saət sürən nitqdə hürriyyətdən, tarixdən, zamanın əhəmiyyətindən, vilayət hökumətlərinin şəklindən, kəndlilərin özlərinə neçə kənd komitələri, pristav komitələri və uyezd komitələri vücudə gətirəcəklərindən bəhs etdim.

Məşhədi Məhəmməd bənim sözlərimi talışcaya tərcümə etmək istədi isə də cəmaət əksərimiz türkcə başa düşürük, özümüz düşməyənlərimizə deyərik – deyə tərcüməyə ehtiyac olmadığını bildirdi.

(Ardı var)

 

 





04.03.2013    çap et  çap et