525.Az

“Daş yuxular” bədii əsərdirmi...


 

yaxud, Əkrəm Əylisliyə və azərbaycanlı “dünya vətəndaşlarına” 3 məktub

“Daş yuxular” bədii  əsərdirmi...<b style="color:red"></b>

“Daş yuxular” bədii  əsərdirmi ?                

    Əkrəm  Əylislinin “Daş yuxular”  romanı  oxucuların ixtiyarına verildikdən dərhal sonra cəmiyyətdə başlanan  qızğıın  müzakirirələr   getdikcə dərinləşir, şaxələnir, və ölkə hüdudlarını aşaraq  daha  ciddi müstəviyə keçir. Uzun illər Azərbaycanla yalnız hərbi deyil, çox kəskin, yalan, böhtan, təhqır və digər bu kimi vasitələrlə informasiya müharibəsi aparan Ermənistan tərəfi üçün bu əsərin nə qədər “gözlənilməz (?)  hədiyyə” olduğu ayrıca mövzudur. Geniş ictimaiyyət arasında əsər  ilk günlər mənfi kəskin rəylər  doğursa da, indi bu mənzərə zəif də olsa dəyişməyə başlayır. Bu, bir tərəfdən  yazıçının özünün əsərlə üzlaşmayan şərhləri ilə insanların fikrini məqsədyönlü şəkildə azdırması, digər tərəfdən kitabın məzmunundan asılı olmayaraq  “söz azadlığı” prinsipinə üstünlük verən oxucular zümrəsinin fəallaşması ilə izah olunur. Son vaxtlar Əkrəm Əylislinin istər əsəri istərdə də şəxsiyyəti  artıq “yazıçı-oxucu” münasibətlərini arxada qoyaraq daha çox ictimai-siyasi  hadisəyə çevrilir və cəmiyyətdə yeni, indiyədək sual doğurmayan mülahizələrin yer alması ilə səciyyələnir. Odur ki, “Daş yuxular”in əsas mövzusu – 1918-1919-cu illər hadisələri ilə bilavasitə məşğul olan tarixçı alim, 1988-90-cı illərin hadisələrini yaşamış Bakı şəhərinin sakini  və bir Azərbaycan ziyalısı kimi məni narahat edən məsələlərə münasibət bildirməyi lazım bildim. Bu günlərdə xarici həmkarlarımdan aldığım məktublar da məni Azərbaycan alimlərinin, ziyalılarının  bu məsələlərdə daha  fəal  mövqe nümayış etdırməsi zərurətini vurğulamağa sövq edir.     

 

    Amsterdamdan tarixçı həmkarım bəzi azərbaycanlı müəlliflərin  xarici, o cümlədən Hollandiya  saytlarında ingilis dilində Ə.Əylislinin müdafiəsi ilə bağlı yaydıqları bəyanatların  ingilis mətnini göndərərək məsələnin mahiyyəti ilə maraqlandı və bu yazıların Avropada Azərbaycan haqqında çox mənfi fikir yaratdığından narahatlığını bildirdi. Bu bəyanatlardan birinin - Leyla xanım Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu tərəfindən verilmiş sənədin məzmunu düzü məni çox təəssüfləndirdi. Həmin sənəd Azərbaycanda da yayılmışdır və onu  Əkrəm Əylisli ilə bağlı bütün bu qalmaqaldan  “məqsədə çatmaq üçün istənilən bəhanə qəbulediləndir” prinsipi ilə hakimiyyətə qarşı  mübarizədə faydalanmaq  və beynəlxalq aləmdə öz təşkilatının imicini  doğrultmaq  nümunəsindən başqa cür qiymətləndirə bilmirəm.

 

   Təəccüblü deyil ki, bəyanatda 75 yaşlı yazıçının nəyə görə təqib olunduğu heç xatırlanmır, lakin  ona “qarşı hakimiyyətin yürütdüyü  kampaniyaya qarşılıq olaraq” irəli sürülən tədbirlər arasında “Əkrəm Əylislinin beynəlxalq KİV təmsilçilərinin iştirakı ilə on-line mətbuat konfranslarını təşkil etmək” kimi bir təklif irəli sürülür.  Bu mətbuat konfransında Əkrəm Əylislinin nələr deyəcəyi artıq hər kəsə bəllidir: yazıçı ilk növbədə “Daş yuxuların”   “tarixi” deyil, sırf  “bədii” əsər olduğunu iddia edəcək.   Odur ki, əvvəlcə, “Daş yuxular” haqqında. 

 

   Yalnız Azərbaycan deyil, bəlkə  də daha əvvəl  Sovet yazıçısı olan Əkrəm  Əylislinin   bu əsəri   onun  yazıçı  kimi yetişdiyi dövrün əsas adabiyyat və sənətə dair ideoloji  şüarını – “formaca milli, məzmunca sosialist” -  azca dəyişəriksə, “formaca ədəbi, məzmunca tarixi-siyasi” sayılmağa tam əsas verir.

 

     Ən əvvəl ona görə  ki, yazıçı, haqqında söhbət açdığı hadisələrin baş verdiyi  məkanların real adını göstərir:  Bakı və Əylis. Hadisələr konkret zaman kəsiyində - 1919 və 1989-cu illər, həmin dövrün  siyasi-ictimai mühiti çərçivəsində baş verir və əsər 1990-cı il 13 yanvar – konkret və məlum  hadisələrin ərəfəsində  bitir.

 

Bu zaman   yazıçı   bəzi üzdəniraq “tarixçılərin” öz saxtakarlığını pərdələmək  üçün əl atdığı bir üsuldan çox ustalıqla istifadə  edir. Belə ki, 1989-cu ildə Bakıda həqiqətən baş  vermiş və müxtəlif sənədlərlə  təsdiqlənən hadisələrin – kim tərəfindən təşkil edilməsindən asılı olmayaraq – şəhərin erməni vətəndaşlarina  qarşı  törədilən  və Ermənistandan qovulmuş azərbaycanlıların bir hissəsinin də iştirak etdiyi  zorakılıqlar  fonunda  artıq öz təxəyyülünün məhsulu olan başqa hadisələrdən söz aşır. Yəni, 1919-cu ildə Əylisin  erməni əhalisinin türk zabiti və yerli müsəlman əhalisi tərəfindən kütləvi sutərdə öldürülməsi haqda  dövrün hər hansı mənbələrində (arxiv sənədi, mətbuat, məktub və s.) təsdiq  edilməyən,  yalnız  eşitdiyi  məlumatları həqiqətən baş vermiş olaylar kimi qələmə verir. Məsələyə sırf  elmi baxımdan yanaşmağa və ədəbi əsər yazan yazıçıdan  mənbə göstərməyi tələb  etməyə haqqım olmadığını deyənlər qoy tələsməsinlər. Beləliklə,  1989-cu il hadisələrinin reallıq olduğunu bilən oxucuda Əylisdə baş verənlər də şübhə doğurmamalıdır.   Qabaqcadan deyək ki, yazıçı məqsədinə əsasən nail olub. Əylis hadisələrini  yalnız  xarici (rus və xüsusilə erməni)  oxucuları ilə yanaşı azərbaycanlı oxucuların  bir qismi da real hadisələr kimi qəbul edir. 

 

     Burada bir daha vurğulanmalıdır  ki, Əkrəm Əylisli məhz “Əylis” adlı  Naxçıvanın Ordubad mahalında mövcud kəndin adını çəkir.  Bu real toponimin qarşısına ən azı bir hərf əlavə etmək kimi ədəbi üsuldan istifadə etməyərək -  məs. Bəylis –  təsvir etdiklərinin hər hansı  ümumiləşdirilmiş  bir  Azərbaycan  kəndində  deyil, məhz Əylisdə  baş verdiyində israr edir. Bu zaman  hadisələrin əsas iştirakçıları  ədəbi qəhrəmanlar  olsa da, müəllif    Əylis- Akulis- Aqulis  toponimləri-azərbaycanlılar və ermənilər tərəfindən həmin kəndin necə adlandırılması ətrafında  sırf  tarixi  mülahizələr yürütməyə başlayır.  Haqqında söhbət gedən ərazilərin hələ Əylis-Aqulisə qədər  qədim dövrlərdən başlayaraq  hansı dillərdə (fars, türk) necə adlandırıldığı, ilkin orta əsr mənbələrində, (o cümlədən şərq dilli mənbələrdə) hansı adlarla xatırlandığı,  həmin toponimlərin necə yarandığı,  bu yaşayış məskəninin məruz qaldığı işğalların onun maddi mədəniyyətində nə kimi izlər qoyduğu və s.  haqqında bir kəlmə belə danışmadan,  qəhrəmanının dili ilə  Əylisin  Aqulis adı ilə yalnız erməni mənbələrində təsvir edilən tarixini nəql edir, XYII əsrdə çiçəklənən abad  bir erməni  şəhərində mövcud  olmuş 12 kilsədən söz açır,  bu zaman  Əylisdəki tarixi  məscidlərin adını belə çəkmir, bir mənalı şəkildə Aqulisin erməni əhalisinin avtoxton-yerli, müsəlman əhalisinin gəlmə olduğunu iddia edir. Lakin  “bədii” formada  yazdığı əsərdə bütün bu dediklərinə şübhə yaranmasın deyə, yazıçı artıq sırf  tarixçı kimi bir addım atır:  “Zəkəriyyə Akulisskinin gündəliyi” adlı XYII əsrə aid erməni dilli tarixi mənbəni, tədqiqatçılar demişkən, “elmi (burada, “bədii” ) dövriyyəyə” gətirir. Bu zaman bəzi tarixçilər, xüsusən gənclər  arasında  tez-tez  müşahidə olunan  “bir sənədin heyranı” olmaq simptomunu nümayiş etdirərək  həmin mənbədən boı-bol sitatlar, nümunələr  gətirir. Qeyd edək ki,  “yenicə yetişmiş” tarixşi-yazıçı bu işdə artıq kifayət qədər “prifessionallıq” göstərir, oxucunun beyninə yeritmək istədiyi fikirləri  əsərdən seçmə nümunələrlə əsaslandırmağa çalışır. Hətta  həmin mənbə müəllifi Zəkəriyyənin kiçik bir “səhvini” də aşkar edir, daha qədim kitablarda bu şəhərin adının “Akulis” deyil məhz  “Aqulis” kimi yazıldığını vurğulayır, onun yerli erməni əhalisinin əsrlərlə xarici – (müsəlman ölkələri) ışğallara məruz qaldığını, lakin öz dini kimliyini qoruduğunu  ön plana çəkir: “Bunlar gəlir – öldürür, onlar gəlir – öldürür... Ermənilər hər şeyə dözürdülər, lakin öz dinlərini dəyişməklə heç vaxt razılaşmırdılar. Bu xalq zorakılıqlardan yorulur və unuildəyir, lakin heç vaxt öz kilsələrini tikməyi dayandırmır...”.

 

    Əylisdəki  kilsələr   əsərdə  istər tarixi, istər bədii baxımdan xüsusi məna yükü  daşıyır. Onun bədii tərəfinə toxunmayaraq  bildirək ki, tarixi baxımdan yanaşılarsa,  yazıçının bu kilsələrin adının Əylisin müsəlman əhalisi tərəfindən  “saxtalaşdırıldığı”nı dəfələrlə vurğuladığı aydın nəzərə çarpır. Mətndə  Vuraqırd toponuminin Vardakertin təhrif olunmuş forması, Vurdaqırd kilsəsinin Müqəddəs Xrisofor kilsəsi olduğu və s. digər bu kimi izahlarla  kifayətlənməyərək Əkrəm Əylisli   əsərə əlavə etdiyi xüsusi  “Qeydlər” hissəsində bütün bu adlara artıq sırf tarixçi kimi aydınlaşma gətirir: “Vüraqırd -  təhrif olunmuş Vardakert erməni toponimi”, “Vanq- kilsənin azərbaycanca adı, I əsrdə apostol Varfolomey tərəfindən əsası qoyulmuşdur” və s.  Adətən   elmi-tədqiqat əsərlərinin ən vacıb kompanenti sayılan,  mətndə   geniş və yaxud  heç açıqlanmayan  məqamların şərhlərindən ibarət olan “Qeydlər” kimi bir bölmə ədəbi əsərdə yer alırsa, aydındır ki,  artıq heç bir bədii məna daşımayaraq,  müəllifin həmin məsələlərdə konkret mövqeyini büruzə verir. Bu baxımdan   “Daş yuxular” əsərinin “Qeydlər” bölməsindəki  37 şərhdən 11-nin sırf tarixi mövzulara həsr edilməsi və bu şərhlərin məzmunu Əkrəm Əylislinin məhz  tarixi əsər  yazmaqda iddialı olduğuna danılmaz sübutdur (özü boynuna almasa da).

 

     Bu məqam  yazıçının  əsl tarixçi tədqiqatçı kimi əsərdə  gətirilən  sitatların hamısının  məhz  erməni  mənbəyindən olduğunu xüsusi qeyd etməsi,  həmin mənbə – “Zəkəriyyə Akulisskinin gündəliyi” haqqında  elmi biblioqrafik məlumatları - Ermənistan CCR Elmlər Akademiyasının nəşri, Yerevan, 1939-cu il – göstərməsi ilə məhdudlaşmır. Əkrəm Əylisli artıq  bu məsələlərə dair fərqli elmi baxışlara, o cümlədən Azərbaycan tarix elmində irəli sürülən elmi konsepsiyalara  özünün barışmaz münasibətini bildirir. Məs.,  Əylisdəki  kilsələrin erməni deyil, alban kilsələləri olduğu,  kəndin erməni əhalisinin, o cümlədən Zəkəriyyənin də erməni deyil, alban olduğu kimi məsələlərə aydınlıq gətirmək məqsədi ilə əsərində bu mövzunu da qaldırır. Doğrudur, burada  yazıçının  elmi hazırsızlığı və bu suala erməni mənbələrində də cavab tapmadığı üzə cıxır. Yəqin ki,   “əgər bir adam ozünü erməni adlandırırsa, mən ona necə  sən albansan... deyə bilərəm?” izahının   zəif arqument olduğunu yazıçı özü də anlayır, odur ki, bu sahədə hər hansı “elmi diskussiya açmağı lazım bilmir və birmənalı şəkildə albanlar haqqında nəzəriyyəni “tamamilə boş, mənasız” adlandırır və özünün şəxsi mövqeyini qəti şəkildə ortaya qoyur: “Mən bilmirəm o albanlar kim idi, harada yaşayırdı. Amma onu bilirəm ki, əylislilər erməni idi. Özü də ən birinci növ (первосортные)  ermənilər!”

 

      Beləliklə, “alban” versiyasını qətiyyətlə  rədd edən müəllif, bununla belə,  Əylis ermənilərinin dilinin Yerevan ermənilərinin dilindən fərqləndiyi, həmçinin onların yazılarında da fərqlər olduğu  kimi bir arqumenti dana bilmir  və “bəzilərinin Əylis ermənilərini “zoklar” adlandırdığını qeyd edir.  Lakin  yazıçı bu adla da razılaşmayaraq,  əsərin  əsas mətnində öz mövqeyini   - “ Nə olsun ki, bizim Ordubadda da hər müsəlman kəndi öz dialektində danışır” -  kimi bir “arqumentlə” əsaslandırmağa çalışır.   Lakin görünür ki,  bu müddəa  Əkrəm Əylislinin ozünü də qane etmır və əsərin “Qeydlər” hissəsində o, bir daha bu məsələyə qayıdır.  Burada “zoklar” haqqında gətirilən ətraflı məlumat yazıçının özünü artıq  “professional tarixçi” kimi təqdim etmək niyyətini şübhə altına qoymur. Zoqlarla bağlı müxtəlif  fərziyyələr arasından  müəllifin  məhz erməni versiyasını əsas götürməsini və kifayət qədər  ziddiyyətli mövqe tutmasını,  yazılarından doğan  iddialarına baxmayaraq, onun  hər halda taixçi olmadığına keçək. Lakin erməni mənbələrinə və erməni “müqəddəslərinə” aludəçiliyi  Əkrəm Əylislinin artıq  üzdə olan məsələlərdə də ən azı bir  ədəbiyyat adamına yaraşmayan dərəcədə ifrata varmasına gətirib çıxarır.  Aqulisli Zəkəriyyənin Əylisdə nə qədər böyük hörmət sahibi  olduğunu  göstərmək üçün  yazıçı hətta  müsəlmanların da öz uşaqlarını onun şərəfinə Zəkəriyyə adlandırdığını misal çəkir və bu müddəasının təsir gücünü artırmaq üçün “başqa heç bir  yerdə müsəlmanların öz oğullarına Zəkəriyyə adı vermədiyini” və Zəkəriyyələrə yalnız   Əylisdə təsadüf edildiyini vurğulayır.  Bu yaxınlarda Hələbdəki döyüşlər zamanı Əməvi məscidi ilə birlikdə məzarı dağıdılmış Zəkəriyyə Peyğəmbəri, eləcə də müsəlman  dünyasında  Zəkəriyyə adlı bütün məşhur simaları bir kənara qoyaraq, Əylisli tacır Zəkəriyyədən daha əvvəl – XIII əsrdə yaşamış və öz əsərlərində Azərbaycanın şəhərləri və şairləri -  Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvaninin həyat və fəaliyyətinə dair məlumatlar gətirən Zəkəriyyə əl-Qəzvininin adını çəkməklə kifayətlənək.

 

    Yuxarıda toxunulan  bütün tarixi mövzulara dair  Əkrəm  Əylisli ilə hər hansı elmi mübahisə açmağı tamamilə boş və mənasız hesab etməklə yanaşı, bir məqamı xüsusi  qeyd  etməliyəm ki, yazıçının  “Daş yuxuları”nda tutduğu  bırmənalı ermənipərəst mövqeyi  onun son dərəcə səthi və qeyri-ciddi  “elmi” mülahizələri ilə məhdudlaşmır.  Əsər boyu Azərbaycan, türk adı ilə bağlı hər kəsə və hər şeyə açıq –aydın mənfi  münasibət nümayiş etdirən Əylisli Azərbaycan və ümumən türk dünyasının ermənilərdən fərqli nəzəriyyələr yürüdən  elm və ictimai fikir adamlarını da hədəfə alır.  “Əylisin” tarixini “saxtalaşdıran” Babaxan (Babaş) Ziyadxanlı adı altında uzun onilliklər boyu, xüsusilə Sovet dövründə tarixi Azərbaycan torpaqlarına   türklərin-azərbaycanlıların hüquqlarını danan erməni müəlliflərinin qondarma nəzəriyyələrinə qarşı demək olar ki, təklikdə mübarizə aparmış böyük tarixçi alimimiz, mərhum akademik Ziya Bünyadovun ikrahedici boyalarla bədii obrazını yaradır. Yenidən erməni-alban məsələsini, artıq “Ziqadxanovun” vasitəsilə ortaya gətirən Əkrəm Əylisli  gizlədə bilmədiyi nifrətlə bu “Obrazı”  faktiki olaraq erməni tarixini saxtalaşdırmaqda ittiham edir. (Hazırda erməni mətbuatı bu mövzunu var qüvvəsi ilə hallandırır və “axır ki, saxtakar Ziya Bünyadovun iç üzünü ifşa edən vicdanlı bir azərbaycan ziyalısının tapıldığını” bayram edir)

 

   Ziyadxanovun “elmi mülahizələri” sırasında  yazıçı  faktiki olaraq İsa Hüseynovun “İdeal” romanında türklərin mənşəyi, yaşadığı ərazilər, dili və s.  məsələlər  ətrafında  irəli sürülən fikirləri  də istehzalı  notlarla  təftış  edir  və ələ salır. Lakin oxucularının, və ilk növbədə erməni oxucularının birdən  söhbətin nədən getidiyini   anlaya bilməyəcəyindən ehtiyat edən Əylisli,  “odar  dili” sözünə “Qeydlər” hissəsində   belə bir şərh  verir: Odar- improvizə edilmiş anlayış: od və işıq adamları. Yazıçı İsa Hüseynovun “İdeal” romanında, dünya sivilizasiyasının məhz odarlardan yarandığı iddia edilir. Bu vulqar pantürkist təmayül Azərbaycanda   O.Süleymenovun “Az i ya” kitabı çıxandan sonra geniş yayılmışdır”.

 

     Qeyd edək ki, Ziya Bünyadov, “Daş yuxularda” proobrazı yaradılan yeganə real şəxsiyyət deyildir. Böyük şairimiz Xəlil Rzanı nəzərdə tutaraq Xəlilulla Xəlilov- “Uluruh Turanməkan” adı altında Əylisli əsərdə qatı millətçi, ermənilərlə düşmənçiliyə çağıran, “qan-qan” deyən bir şair surəti yaradır və dediklərinə “sübut” kimi  onun şerlərindən  özünün hərfi tərcüməsində nümunələr gətirir.  Görünür vətənə, xalqına, millətinə böyük məhəbbət tərənnüm olunan şerləri  bu gün dillərdə gəzən və bu yolda ən əziz varını – Təbriz kimi oğlunu Vətənə qurban verən mərhum Xəlil Rzanın ulu ruhu  hələ də 40-50 il əvvəl yazdığı əsərlərin gölgəsi altında  firavan yaşamasına, oğlanları sağ-salamat, “ən çörəkli” yerlərdə işləməsinə baxmayaraq Əkrəm Əylislinin rahat buraxmır. (Əsərin “Qeydlər” hissəsində Əkrəm Əylisli “Uluruh Turanməkan” ifadəsinin rus dilində hərfi tərcüməsini verir.)

 

     Əsərdə  həmçinin 1989-90 cı illlər  hadisələrin fonunda  müxtəlif ayamalar altında  o dövrün tanınmış  xadimləri – Heydər Əliyev, Əbdürrəhman Vəzirov,  Əbülfəz Elçibəy, Allahşükür Paşazadə (öz adı ilə), o cümlədən “Xalq Cəbhəsi” ictimai hərəkatı haqqında Əkrəm Əylislinin  yürütdüyü mülahizələr  geniş yer tutur.  Əkrəm Əylisli özü bu məqamı danmır və əsərin “Qeydlər” hissəsində “Bəzi real insanların  adları etik baxımdan dəyişdirilmişdir” - deyə qəhrəmanlarının əksəriyyətinin, hətta  bəzi əylislilərin də prototip olduğunu təsdiq edir. Bu zaman həmin real insanların, o cümlədən siyasət adamlarının  bədii obrazları haqqında əsərin baş qəhrəmanının yürütdüyü   son dərəcə kəskin, bir çox hallarda böhtan və ittiham dolu  fikirlər  bu əsərin nəinki bədii, hətta tarixi çərçivədən kənara çıxaraq artıq  siyasi roman adlandırılmasına   əsas verir.

 

    Düşünürəm ki, “Daş yuxular”ın  cəmiyyətdə oyatdığı şok və ehtiraslar keçdikcə bu əsər  hələ  bir  çox  nəzərdən, eləcə də  hansı erməni yazıçısının konkret romanı əsasında  yazıldığı ətraflı araşdırılacaq. 

 

    Burada isə erməni mənbələri və yazıçılarının təsiri altında  “daş yuxular”  görən 75 yaşlı yazıçımız Əkrəm Əylislini bir qədər “sakitləşdirməyə” çalışaq.

 

    Ən əvvəl qeyd edək ki, Azərbaycan ərazilərində erməni əhalisinin yaşadığı faktı Azərbaycan tarixçiləri tərəfindən  heç vaxt inkar edilməmiş, qədim və orta əsrlər üzrə ən nüfuzlu alimlərimizin Azərbaycan tarixinə dair fundamental əsərlərində ayri-ayrı erməni tayfalarının  nə vaxt, haradan, nə yollarla, kim tərəfindən  Qafqaza və, o cümlədən, Azərbaycan ərazilərinə gəldiyi və ya gətirildiyi  ən müftəlif qaynaqlar əsasında göstərilmişdir.Uzun əsrlər boyu Azərbaycanın  tarixi torpaqlarında həm qarışıq, həm də ayrıca erməni kəndləri olmuşdur və belə kəndlər  indi də qalmaqdadır (Dağlıq Qarabağda). Lakin,  hələ qədim dövrlərə aid xəritələrdə Azərbaycan, Alban, (Qafqaz Albaniyası)  Şirvan, Aran, Muğan, Naxçıvan adlanan əraziləri, burada ayrı-ayrı erməni yaşayış məskənləri olduğunu əsas götürərək, yaxud bu torpaqlarda yaşayan müxtəlif  etnik toplumları “erməni” kimi qələmə verərək, “Şərqi Ermənistan”, “Qərbi Ermənistan” və s. adlandıran erməni tarixçilərinin mövqeyi təbii ki, Azərbaycan alimləri tərəfindən tənqid edilmişdır. Bu mövzuda ətraflı söhbət açmayaraq onunla kifayətlənək ki, əsrlər boyu Azərbaycanın hansı bölgələrində yaşamalarından asılı olmayaraq  erməni əhalisi heç zaman həmin ərazilərdə müsəlman əhaliyə nisbətdə say üstünlüyünə malik olmamışdır,   bu isə avtaxton – yerli sayılacaq  əhali qrupu üçün mühüm şərtdır.   

 

     Şübhəsiz ki, bu və  digər tarixi  mövzuya  müraciət edən yazıçıdan  fərqli tarixi  mənbələrdən faydalanmağı tələb etmək olmaz, hərçənd ciddi yazıçılar əgər həqiqəti ən əvvəl özləri üçün aydınlaşdırmaq, hadisələrin mahiyyyətinə varmaq  və oxucularını   inandırmaq istəyirlərsə mütləq  belə bir hazırlıq mərhələsi keçirlər. Aydındır ki, Əkrəm Əylisli öz qarşısına belə bir məqsəd qoymayıb. Əksinə,  qabaqcadan dəqiq  müəyyənləşdirdiyi  bir məqsədi yazıçı təxəyyülünün məhsulu olan hadisələrlə sübuta yetirmək  və ən müxtəlif ədəbi-bədii  boyalara oxucuya aşılamaq  yolunu seçib.

 

    Əkrəm Əylisli özü  bu məqamı “tarixi əsər” yazmadığı ilə  izah edir və bir daha oxucunu aldadır.  Belə ki,  1919-cu ildə ayrıca götürülmüş real Əylis kəndində real faktlarla sübut olunmayan bir hadisəni - bədii obrazlar türk zabiti Əlif bəy və yerli  müsəlman əhalisi tərəfindən  kəndin erməni əhalisinin  qırılmasını - həmin dövrün   son dərəcə mürəkkəb və faciəli tarixindən qopararaq istədiyi kimi interpritasiya edir. Halbuki,  1917-1919-cu illər  Azərbaycanın, Naxçıvan da daxil olmaqla,  demək olar ki,  bütün ərazilərində məhz  müsəlman  əhalisinə qarşı iri miqyaslı hərbi əməliyyatlar həyata keçirildiyi danılmaz faktlarla sübut edilir. Burada söhbət   “türklər gəlməsəydi ermənilər bizi qırıb qurtarmışdılar” deyə uzun onilliklər nənə-babalarımızdan, valideynlərimizdən  eşıtdiklərimizdən deyil, bu gün arxivlərimizdə saxlanan və müstəsna  əhəmiyyətə malik olan tarixi sənədlərdən gedir. Dövrün həqiqətlərini əks etdirən bu sənədləri Azərbaycan Xalq Cümhüriyyətinin  erməni xislətinə yaxşı bələd olan uzaqgörən xadimləri  sanki bu günümüzü ğöz önünə gətirərək, ingilis jurnalisti Skotland Liddellin “dünyada ən yaxşı təbliğatçılar”  adlandırdığı erməni milləçilərinin şər və böhtanları  qarşısında  dəlil-sübutla dayanmaq üçün bizə -  öz varislərinə ünvanlayıblar.  Azərbaycan müstəqilliyinin hələ yalnız kağız üzərində bəyan  edildiyi bir zamanda, hələ nə  paytaxtı, nə  ordusu olan  Azərbaycan hökuməti ölkə ərazisində  erməni milli qüvvələrinin dinc müsəlman əhalisinə qarşı zorakılaq hallarının  isti-isti, izlər itirilməmiş araşdırılması məqsədilə Fövqəladə Təhqiqat Komissiyası adlı bir qurum yaradıb.  Və cəmi il yarımdan  sonra  həmin Komissiya  Azərbaycanın demək olar ki, bütün  qəzalarında  on minlərlə  günahsız  müsəlman əhalisinin  vəhşicəsinə öldürülməsi, müsəlmanlara məxsus yüzlərə şəhər və kəndlərin, məscidlərinin, məktəblərinin, mədəniyyət abıdələrinin, sənaye, ticarət, iaşə ocaqlaının  və s. yandırılması və dağıdılmasına dair  36 cildən ibarət  hüquqi əsası olan sənədləri  ortaya qoyub.

 Əkrəm Əylisli bütün təxəyyülünü və yazıçı məharətini  toplasa belə, bu sənədlərdə erməni zabit və əsgərlərinin, erməni ziyalı və sənətkarlarının, erməni fəhlə və kəndlilərin azərbaycanlı dinc əhaliyə, dünənki dostlarına,  iş yoldaşlarına, qonşularına, o cümlədən qadın və uçaqlara tutduğu divanı təsəvvür və təsvir edə bilməz. Bakıda başı çarşablı,  savadsız, evdar  azərbaycanlı qadınlarının  ərlərini, oğularını, qardaşlarını gözləri qarşısında güllələyəndən sonra qadınların  hörüklərini bir-birinə bağlayaraq  başı açıq, ayaqqalın, sürü kimi şəhərin küçələrində  gəzdirən, ayaqlaşa bilməyənləri, yıxılanları süngü ilə vuran, yaralayan, öldürən  erməni zabitləri ədəbi qəhrəman deyil, real insanlar idi. Qubada   tuğyan edən qırğınlar zamanı ev-ev gəzib valideynlərin gözü qarşısında balalarını xəncərlə doğrayan,  “məni də öldür”  deyə erməni əsgərinin ayağına atılıb  yalvaran ananı  süngü ilə itələyərək  “səni sağ qoyuram ki, qızlarının  meyidlərinə baxıb gündə üç dəfə ölüb-diriləsən” deyən, şəhərin küçələrində, ev və həyətlərdə yığılıb qalan  minlərlə azərbaycanlı cəsədlərini 9 gün basdırmağa qoymayan erməni zabitinin adı var idi – Amazasp Srvanstyan. Şamaxıda 400- dən artıq qadın və uşağı məscidə yığaraq, od vurub yandıran, qaçmağa cəhd edənləri güllələyən,  onların müdafiəsinə qalxan axundun saqqal qarışıq  üzünün dərisini qoparan, gözünü çıxaran, burnunu, qulağını, dilini kəsən erməni zabitinin də adı məlum idi – Stepan Lalayev (Lalayan).

      Bütün bu sənədlərlə  işləyən tarixçı alim kimi, başa düşürəm ki,  mövzu, mövqe seçimində azad olan yazıçı Əkrəm Əylislidən real hadisələrdən yazmağı tələb etməyə haqqım yoxdur. Amma bədii obraz olan  türk zabiti Əlif  bəy tərəfindən  öldürülmüş Əylisin bədii obrazlardan  ibarət  erməni əhalisinə rekviyem həsr edən,  bu zaman  “tarixi əsər  yazmadığı” halda, yazdıqlarını   guya  tarixən baş vermiş hadisələr kimi  təqdim edən  Əkrəm Əylislinin də Azərbaycan xalqı adından  erməni xalqı qarşısında “tövbə” etməyə  haqqı yoxdur. Bu məsələdə sona qədər açıq olmaq üçün  bildirməliyəm ki, istər 1905-1907, istərsə 1918-1919-cu illərdə azərbaycanlılar da bəzi hallarda erməni zorakılıqlarına zorakılıqla cavab vermiş,  imkan daxilində silahlı müqavimət göstərmiş və nəticədə erməni dinc əhalisi arasında da  itkilər olmuşdur. Həmin dövrə aid ciddi tədqiqatlar aparan Azərbaycan tarixçiləri heç vaxt bu faktları inkar etməmiş,  şəxsən mən  ən müxtəlif mənbələrə, o cümlədən erməni mənbələrinə geniş istinad edərək,  Bakıda  1918-ci il sentyabr hadisələrini, Quba və Şamaxı hadisələrində erməni əhalisinin  rolu  və üzləşdikləri vəziyyəti ətraflı araşdırmışam və obyektiv qiymət vermişəm. Bu hadisələr zamanı   hansı tərəfdən daha çox insan qırıldığı   sualını,   tarixi fakt baxımından nə qədər mühüm olsa da,  mənəvi-etik  nəzərdən  məqbul saymadığım üçün, bircə onu bildirmək istərdim  ki, azərbaycanlılar  tərəfindən erməni əhalisinə qarşı törədilən zorakılıq aktlarına, xüsusən 1918-ci ilin sentyabrında  Bakı azad edilərkən  şəhərin  erməni əhalisinin  məruz qaldığı qırğınlara həmin dövr Bakıda olan bir çox  xarici müşahidəçilər, alman, ingilis və d. ölkələrin missiyalarının nümayəndələri, həmçinin müxtəlif  yönümlü   rus mətbuatı  tərəfindən münasibət bildirilmişdır. Və 1918-ci il sentyabr hadisələri  birmənalı olaraq   1918- ci il mart hadisələrinə görə azərbaycanlıların (mətnlərdə “tatarların” ) “revanş” götürmək (əvəz çıxmaq, qisas almaq) aktı kimi qiymətləndirilmişdır. Həmin hadisələrin  yalnız miqyası barədə deyil,  səbəb və kökləri  haqqında da Əkrəm Əylislidən qat-qat məlumatlı olan bir tədqiqatçı kimi bildirirəm ki, bu faciələr qətiyyən iki xalqın hansısa dini-etnik zəmində qarşıdurması deyil, Azərbaycan torpaqlarında öz dövlətlərini qurmaq istəyən erməni milli qüvvələrinin uzun illərdən bəri hazırladıqları və yaşadıqları ölkələrin ərazilərində inqilablar-müharibələr  gedən bir şəraitdə zaman-zaman həyata keçırdikləri uzunmüddətli   planlarının nəticəsi idi.  Azərbaycan əhalisini kütləvi surətdə qırmaq, onların sayını minimuma endirərək  etnik azlığa cevirmək, boşaldılan torpaqlarda gələcək Ermənistan dövləti üçün ərazi fundamenti hazırlarmaq  bu planların tərkib hissəsi idi və həmin məqsəd yolunda onlar  öz həmvətənlərinin, erməni əhalisinin müəyyən hissəsinin qırılmasını belə məqbul sayırdılar.

 

Əkrəm Əylisli, əlbəttə  ki, bütün bunları bilməyə, maraqlanmaya və maraqlanmaq da istəməyə bilər. Hərçənd  bir yazıçı kimi onun, həmin hadisələri  məhdud  məkan daxilində,  özünün “kiçik” vətəni saydığı Əylisin timsalında, əsrlərlə birgə yaşayan   iki xalqın birdən-birə düşmən olduqlarını bədii vasitələrlə təsvir etməklə bu hadisələri  doğuran səbəbləri  sadəcə sual kimi  ortaya  qoymaq və bu zaman hər iki  millətdən olan  həmvətənlərinin xatirəsinə rekviyem həsr edərək yüksər humanist mövqe nümayış etdirmək  üçün böyük şansı var idi. Əslində yazıçının əsas missiyası da bundan  - problemi qabartmaq, sual qoymaqdan ibarətdir.  Lakin   Əkrəm müəllimin, görünür ki, belə bir suala ehtiyacı yoxdur,  çünki  onun cavabı qabaqcadan hazırdır:   Əylisdə iki xalq bir-biri ilə deyil, məhz “ermənilər- bizim müsəlmanlarla çox dostcasına yaşayırmışlar”,  lakin  Əylis kəndinin  gəlmə müsəlman  əhalisi həmin Aqulis kəndinin  yerlı “zəhmətkeş, insanpərvər, mədəni” erməni   əhalisini heç nədən, haradansa vaqe olmuş bir türk zabitinə qoşularaq qırmışlar! Cünki vəhşidirlər, ermənilərin evlərinə göz tikiblər, türklərin viran qoyduğu erməni xarabalıqlarında qızıl axtarırlar... !?

 

    Lakin əsərdə 1919-cu Əylis  əhvalatı bununla bitmir. Bir neçə onillikdən sonra həmin olaylar haqqında eşitdikləri  kişik bir əylisli-aqulisli uşağın hafizəsində dərin iz buraxaraq, onun öz  xalqına həqarət və nifrət, qonşu xalqa isə böyük pərəstiş və məhəbbət  ruhunda  böyüməsinə səbəb olur.

 

“Daş yuxular”la  bağlı bütün müsahibələrində  Əkrəm Əylisli özü də məhz bu məqamı  əsas tutaraq bildirir ki,  uşaq vaxtı eşitdiyini və  gördüklərini yazıb. Əslində yazıçının ədəbi yaradıcılığa məhz uşaqlıq illərinin xatirə və müşahidələrinə söykənən və səmimiliyi ilə oxucuları cəlb edən əsərlərlə gəldiyi  məlumdur. Lakin artıq ömrünün ixtiyar dövrünü yaşayan, onu tənqid edənlərdən özünün 75 yaşına hörmət etməyi tələb edən yazıçı bu son dərəcə həssas, ağrılı mövzuya müraciət edərkən uşaqlıq illəri təəssüratlarından gündəlik yazmadığının fərqinə varmalı idi.  Uşaq vaxtı eşidib-gördüklərinə həyatının və yaradıcılığının  sonrakı mərhələlərində, xüsusən son 20 ildə, yalnız ermənilərin deyil, mənsub olduğu xalqın da başına gələnlər haqda  eşidib gördüklərini əlavə etməli  və bütün eşidib-bildiklərini  75 illik bir ömrün  müdrüklik süzgəcindən keçirməli idi. Lakin görünür  müdriklik  yaş ilə gəlmir, ya da Əkrəm Əylisli  özü də  baş qəhrəmanı  Saday Sadıqlı kimi  “hələ də 10 yaşında”  uşaq olaraq qalır.

2. Şərəf və Ləyaqət...

 

    Əkrəm Əylislinin  “Daş yuxular”ında   hadisələrin cərəyan etdiyi  ikinci  tarixi zaman  kəsiyində -  1989-cu ilin  qışında -  Bakıda təsvir edilən  olaylar  da  yazıçının bədii təxəyyülünün məhsulur. Lakin həmin dövrü yaşadığımız və bənzər hadisələrin  baş verdiyini bildiyimiz üçün  yazıçıya  saxtakarlıq etdiyi və mənbələrə söykənmədiyi  iradını tuta bilmərik.  Ə.Əylislini müdafiə edən oxucuların müəyyən qismi  məhz bu həqiqətdən çıxış edir.  Bununla belə,  yazıçı bu dəfə yalnız  tarixi  deyil, artıq tarixi-siyasi əsər yazdığına kifayət qədər əsas verir:   həqiqətən baş vermiş tarixi hadisələrə münasibət bildirir, müxtəlif ayamalar altında dövrün tanınmış adamlarının asanlıqla  tanınan  obrazlarını yaradır, bəzilərinı isə hətta  əsl adı ilə göstərir.   

 

     Romanda  ayrı-ayrı  məqamlar  və ifadələr , o cümlədən  “yeraz”  sözü  ilə bağlı dəfələrlə deyilmiş tənqidi fikirləri  təkrar etməyərək, yalnız   bu kəlmənin  həmin dövr  hələ işlədilmədiyini və nə məqsədlə tez-tez xatırlandığını yazıçının bədii təxəyyülünə, bir də vicdanına buraxaq. Həmçinin mətndə ədəbi-məntiqi baxımdan əsaslanmayan  yerliçilik mənsubiyəti ilə bağlı digər kəlmələr də,  zənnimcə,   həmin unvanlara  qarşı   iztehsalı, yaxud təhqıramiz münasibət  əks etdirməkdən başqa ayrı bir məna yükü daşımır.  Məsələn, əslən Kürdəmirdən olan Nüvarişin   təxəllüsü “Qarabağlı”dır,   hərçənd  əsər boyu bu personaj  Qarabağdan, həmin dövrün ən əsas problemindən bir kəlmə belə danışmır ?! Müəllifə görə Qreta Sarkisovnanın evini tutub, əxlaqsızlıq yuvasına çevirən, özünü də balkondan atan  zalım, qəddar  obraz – Şahqacar Ərməğanlı da  “şuşalıdır” (yəni qarabağlıdır),   həkim iranlı Fərzani  əsərdə öz əsl adı ilə xatırlanan  Şeyxülislam Allahşükür Paşazadənin  “naxçıvanlı” olub-olmadığıilə maraqlananda(?) , “yox, o lənkəranlıdır, talışdır ”  cavabı səslənir?!..

 

    Maraqlıdır ki, Qafqaz müsəlmanları idarəsinin  sədri  Allahşükür Paşazadə     “Daş yuxular” əsərində din xadimi kimi deyil, məhz  “elə bil ki, yaxşı, yumşaq təbiətli insan” kimi təqdim olunur. Cünki,  sünnət mərasiminə dair “mülahizələrinə” görə “nardaranlılar” tərəfindən döyülmüş və xəstəxanaya düşmüş Saday Sadıqlının yanına gələn  “Şeyxülislam”  onu hətta Məhəmməd Peyğəmbər haqqında dediklərinə görə də tənbeh etməyərək,  aktyora  yalnız  “nardaranlılardan üzr istəməsini” təklif edir, əks halda onlar tərəfindən “öldürülə biləcəyi”ni  söyləyir. 

 

    Əkrəm Əylislinin bu əsərində islamla, ümumiyyətlə müsəlman oxucuların dini hisslərinin təhqir edilməsi ilə bağlı bütün məsələləri dini hüquq müdafiəçilərinin  öhdəsinə buraxaraq, romanda bu mövzunun işıqlandırılmasının  son məqsədi üzərində dayanaq.

 

    Doğrusu, doktor Fərzaninin ailə faciəsi, fərqli dini-mənəvi mədəniyyətlərdən irəli gələn bəzi ayinlərin insanların həyatına təsiri  ilə bağlı bir sıra mühüm psixoloıi, etik  problemləri qaldırmaq baxımından, həmçinin  bədii-dramatik xüsusiyyətlərinə görə əsərin ən  güclü, təsirli  və maraqlı xətti sayıla bilərdi. Lakin romanın sonunda müəllifin əsas  ideyalarının daşıyıcısı olan Abasəliyevin  klassik erməni ədəbiyyatının tanınmış  nümayəndəsi Yeqişe Çarentsdən (Soqomonyan)  gətirdiyi  bir misal  bütün bu “sünnət” əhvalatının məşhur erməni şairinin erməni “qenosidinə” dair bir  fikrini əsərdə səsləndirmək məqsədi ilə uydurulduğu təsəvvürü yaradır: “biz onları (yəni türkləri) o yerimizdən lazımsız dərinin  bir  əhəmiyyətsiz parçasını kəsməyə qoymadıq, bu isə onlara bizim bütün millətimizi kəsmək üçün müstəsna dərəcədə üzürlü bir bəhanə verdi”.

 

   Bu deyilənlərlə yanaşı, 1989-cu il   kəsiyində   müəllifin toxunduğu bütün mövzular arasında ən mühümü, zənnimcə Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə düşmüş mühüm bir siyasi hadisə - Qarabağ münaqişəsinə cavab olaraq Bakıda və daha sonra bölgələrdə başlamış  və şərti olaraq “mitinqlər”dövrü adlandırılan xalq  hərəkatıdır.  Yazıçı həmin hərəkata kiçik bir abzasda,   əsərin əsas persanajlarından biri, özünün “ən gözəl, müsbət  qəhrəman” adlandırdığı “iranlı”  həkim  Fərzaninin dili ilə kifayət qədər birmənalı münasibətini  bildirir:     “Həkim xüsusilə şəhərin müsəlman əhalisinin ermənilərə qarşı qəddarlığından sarsılmışdı, çünki ermənilər tərəfindən belə bir qəddarlığı o şəxsən heç vaxt  görməmişdi... Qəribə idi ki, neçə aydan bəri Bakının küçələrində nəinki gecələr, hətta gündüzlər də tək və ya cüt gedən adamları görmək olmurdu. İndi adamlar kütlə ilə, sürü ilə gedirdilər. Və danışmaq, qışqırmaq, boşboğazlıq etmək  üçün külli-ixtiyar və hüquq yalnız bu kütlələrə verilmişdi. Və daha qəribəsi bu idi ki, bu məxluqların qışqırdıqları sözlərin sayı, yəqin ki, ibtidai dövrün insanlarının ov vaxtı istifadə etdikləri  sözlərin sayına uyğun gəlirdi:  A-zad-lıq!  İs-te-fa! Qa-ra-bağ!  Son günlər bu adamlar öz söz lüğətlərinə daha üç kiçicik ifadə əlavə etmişdilər: “Ermənisən, ölməlisən, vəssalam!”

 

     Burada yazıçını  bir kənara qoyaraq (onunla hər şey aydındır), yuxarıda qeyd etdiyim Sülh və Demokratiya İnstitutunun bəyanatı ilə bağlı, onun başçısı Leyla xanım Yunusa  müraciət etmək istərdim. Leyla xanım, biz sizinlə çoxdan tanişıq və son illər görüşməsək də,  sizə əvvəlki kimi böyük hörmətim var və insan hüquqlarını müdafiə etmək sahəsində fəaliyyətinizi də həmişə  qiymətləndirmişəm. Ayrı-ayrı insanların hüquqlarını dövlət strukturları qarşısında  müdafiə etmək həqiqətən lazımlı, çox vaxt cəsarət və hünər istəyən işdır. Xüsuslə müdafiə olunan şəxsin hüquqları həqiqətən pozulduğu  bir şəraitdə.  Düşünürəm ki, hüquq müdafiəçiləri bunu ən əvvəl özləri üçün müəyyən etməlidirlər. Bu baxımdan, Əkrəm Əylislinin nümunəsində,  kimin,  kimlərin  və hansı huquqların pozulması məsələsində sizin rəhbərlik etdiyiniz təşkilatın mövqeyini, düzü, anlamadım. Müdafiə etdiyiniz yazıçının əsərini oxuduğunuza inanmaq istərdim, əsərə münasibətinizdə də azadsınız. Amma yadınıza həmin 1989-cu ili, sizin də, mənim də işlədiyimiz Azərbaycan Elmlər Akademiyasında Qarabağ dalğasında başlanan burulğanlı abu-havanı salmaq istəyirəm. Xatirinizdədirsə, 1988-89-cu illər həmin mitinqlər hərəkatının təkanverici qüvvəsi məhz Elmlər Akademiyası, onun orta  nəsil alimləri və gənc tədqiqatçıları idi.  ADU-nun tələbələrinin ilk  nümayişi ilə başlanan  narazılıq aksiyası Elmlər Akademiyasının  müxtəlif kollektivlərinin, ilk növbədə bizim çalışdığımız  Tarix və Şərqşünaslıq institutlarının  əməkdaşlarının səyi ilə Azərbaycan xalqının Qarabağ hadisələri ilə bağlı SSRİ rəhbərliyinə və belə bir məqamda acizlik, çaşqınlıq, qətiyyətsizlik nümayiş etdirən respublika rəhbərliyinə etirazlar dolu davamlı yığıncaqların, mitinqlərin əsasını qoydu. Leyla xamım, Siz bu mitinqlərin ən fəal natiqlərindən idiniz. Sizin Qarabağa dair, azərbycanlıların hüquqlarının pozulmasıına dair məntiqli, kəskin, alovlu çıxışlarınız  rəhbərliyi qorxutduğu kimi  Azərbaycanın elmi elitası sayılacaq böyük bir  ziyalılar dəstəsini hərəkətə gətirirdi. Xatırlayırsınızsa,  Akademiyanın Əsas binasında  ilk çıxışınız  vaxtı kimsə zaldan “azərbaycanca danış” deyə çığırdı, siz “icazə verin rusca davam edim, mənə bu dildə daha rahatdır” dediniz  və həmin çıxışınızdan sonra cəmiyyətimizdə, o cümlədən akademik dairələrdə “azərbaycan dilli” və “rus dilli” ziyalılar arasında acıq nəzərə çarpmasa da  mövcud olan sədd tamamilə aradan silindi. “Rusdillilərin” milli ruhunun  başqalarından heç də zəif olmadığı təsdiqləndi. Yadınızdadırsa, ilk mitinqlərə gələnlər Akademiyanın ən böyük dairəvi zalına artıq sığışmayanda hamı həyətə axışdı. Bu zaman Sizi  hamının  dinləyə bilməsi  üçün  bir neçə nəfər gənc  əlləri ilə qaldıraraq  daş sütünun üstünə qoydular. O zaman siz Azərbaycanı, azərbaycanlıların hüquqlarını müdafiə edirdiniz, “Azadlıq, İstefa, Qarabağ”  şüarları səsləndirirdiniz. Sonra  hüquqları müdafiə etmək sizin  əsas peşəniz oldu.

 

     Bu gün  siz  Bakının bütün “müsəlman” əhalisini, “bu şəhərin sakinlərini”,   o cümlədən Sizi və məni ermənilərə qarşı qəddarlıqda günahlandıran,  “Azadlıq, İstefa, Qarabağ” sözlərini ibtidai insanların ov vaxtı istifadə etdikləri sözlərin sayı ilə tutuşduran,   ilk mitinqlərə yığışan bizləri, Akademiyadakı həmkarlarımızı, sonradan Azadlıq meydanına sığışmayan  həmvətənlərimizi “kütlə”, “sürü”,  “məxluq” adlandıran və “danışmaq, qışqırmaq, boşboğazlıq etmək  üçün külli-ixtiyarı və hüququ” mənimsəməkdə ittaham edən bir şəxsin “pozulmuş” hüquqlarını müdafiə edirsiniz.

 

     O hadisələrin bilavasitə iştirakçısı və  tarixçı alim  kimi Sizdən soruşmaq  istərdim: O vaxt bizim qışqırmaqdan başqa bir hüququmuz qalmışdımı?   Respublikanın o vaxtkı kommunist rəhbərliyinın səbatsızlığı qarşısında “Siyasi büronun” növbəti qərarı ilə Qarabağın  Ermənistana verilməsinin  qarşısını nə alırdı ?  Bəlkə Meydanı dağıdan və 20 yanvarı törədən  Mərkəzi  hökumət hər halda Əkrəm Əylislidən fərqli olaraq Meydana “kütlənin, sürünün” deyil, Xalqın çıxdığını, Xalq hərəkatının baş qaldırdığını və onun artıq Cəbhəyə çevrildiyini anlayırdı ?

 

  O vaxt hələ Sizin də sıralarında olduğunuz Xalq Cəbhəsini sadəcə “tanança satmaqla” məşqul olan oyuncaq bir qurum kimi ən bayağı şəkildə ələ salınması Sizə toxunmur? 

   Bu gün bunlar artıq tarixi suallardır və Siz də tarixlə deyil, insan  hüquqlarının  müdafiəsi ilə məşğulsunuz. Odur ki, icazə verin burada bir haşıyə çıxım, azərbaycanlılar arasında ən birinci və ən böyük hüquq müdafiəçisi saydığım bir tarixi şəxsiyyətin – Əli Mərdan bəy Topşubaşovun bu sahədə ən son xidmətini yada salım. Əli Mərdan bəyi cəmiyyətimizə tanıtmağa ehtiyac yoxdur. Lakin çoxları bilmir ki, ixtisasca  hüquqşünas olan bu şəxsin vəkillik bioqrafıyasında ibrətamiz sayılacaq bir çox  faktlar vardır. XX  əsrin əvvəllərində Bakının neft sənayesində son dərəcə möhkəm mövqelərə malik erməni burjuaziyası əraziləri neftlə ən zəngin kənd olan Balaxanının yerli azərbaycanlı əhalisini  tamamilə köçürmək və bu torpaqları almaq haqqında hökumət qarşısında məsələ qaldırır və demək olar ki, razılıq əldə edir. Bu zaman könüllü surətdə, zəhmət haqqı belə istəmədən kənd sakinlərinin hüquqlarının müdafiəsinə qalxan  Əli Mərdan bəy Topçubaşovun hansı maneələrdən keçərək bu razılığı pozduğunu ətraflı danışmaq çox vaxt aparar. Bundan sonra hüququ pozulmuş xalq kütlələrini müdafiə etmək Əli Mərdan bəyin həyat yolunu müəyyənləşdirdi, onu siyasət meydanına gətirdi, Ümümrusiya səviyəsində müsəlmanların hüquqlarının, Parisdə Versal Sülh  Konfransında azərbaycanlıların öz torpaqlarında dövlət qurmaq hüquqlarının müdafiəçisinə çevirdi. AXC-nin süqutundan sonra mühacirət həyatı yaşayan Topçubaşovun bu sahədə fəaliyyəti üzərində dayanmayaraq  bu  böyük  insanın hüquqlarına təcavüz edilmiş həmvətənlərini bu gün də müdafiə etdiyinə dair bir misal gətirmək istəyirəm. Yuxarıda adını çəkdiyim Fövqəladə Təhqiqat Komissiyasının üzvləri  (FTK) yazılı sənədlərlə yanaşı, dağıdılmış Bakının, Şamaxının, Qubanın, Göyçayın, Kürdəmirin  yandırılmış xarabalıqlarının,  öldürülmüş, şikəst edilmiş insanların şəkillərini  çəkmiş və toplamış, həmin   foto-sənədləri  xarici dövlətlərə təqdim etmək üçün  Parisə,  Azərbaycan nümayəndə htyətinə göndərmişlər. FTK-nın sənədlərini nəşrə hazırlayarkən  bu foto-şəkillərin  respublikamızın  arxivlərində qalmadığı aydınlaşdı,  onları xarici ölkələrdə axtarmağa başladım və 5 illik axtarışlardan sonra misilsiz tarixi əhəmiyyəti olan 102 ədəd  foto-şəkil, eləcə də FTK-nın respublikamızda  olmayan sənədlərinin  bir hissəsi  Əli Mərdan bəyin şəxsi arxivindən tapıldı. İlk baxışda bu hadisə o qədər də qeyri-adi  görünməyə bilər.  Lakin burada  həmin şəkillərin əhəmiyyətindən heç də az qiymətləndirmədiyim  bir məqamı xüsusi qeyd etmək istəyirəm.  Mühacirət həyatında Əli Mərdan bəy böyük maddi sıxınrı keçirib. Bu onun Parisdə yaşadığı 6 ünvandan aydın görünür.  Əvvəllər  şəhərin mərkəzində yaşayan Topçubaşovlar ailəsi mənzillərini dəyişə-dəyişə mərkəzdən xeyli  uzaqlaşıb.  Həyatının son illərini Əli  Mərdan bəy  Parisin kənarında, ağır xəstə, ehtiyac içində,  bir otaqlı darısqal, yarızirzəmı mənzildə yaşayıb, amma bütün arxivini saxlayıb!  Öz işıqlı ömrünü sayı minlərlə ölçülən sənədlərlə dolu qutular arasında başa vurub. 1918-ci il azərbaycanlılara qarşı erməni millətçilərinin vəhşiliklərinin görüntülü sübutu olan 102 şəkil həmin qutulardan çıxdı!  Bu foto-şəkillərdə ermənilər tərəfindən topa tutulmüş onlarla məscid – Bakıda Təzəpir və Şah məscidi (Şirvanşahlar sarayı), Şamaxıda  800 illik tarixi olan Cümə və 12 məhəllə məscidləri, digər qəzalarda,  kəndlərdə yandırılmış,  xaraba qoyulmuş məscidlər,  çırılmış, təhqır edilmiş Quran kitabları, öldürülmüş insanlar, beyin dərisi soyulmuş azərbaycanlı ziyalı, qolu- ayağı  kəsilmiş azərbaycanlı qadın təsvir olunub.

 

     Leyla xanım,  Əylisdə  guya “azərbaycanlılar” tərəfindən dağıdılmış 12  erməni kilsəsinin xarabazarlığından gələn “nurdan”  yəqin ki,  gözləri  qamaşan Əkrəm  Əylisli bütün bunları görməyə bilər. Sİz ki, ilk ixtisasınızda tarixçisiniz.  Nədən açıq-aydın tarixi saxtalaşdırılan   xalqınızı deyil, saxtakarı müdafiə edirsiniz?

 

       Mən başa düşürəm ki, sizin müraciət etdiyiniz ünvanlarda  sayı milyonlarla ölçülən insanları deyil, ayrı-ayrı  fərdləri, xüsusilə hakimiyyət tərəfindən “təzyiqlərə” məruz qalan  şəxsləri müdafiə etməyə üstünlük verilir. Deyə bilərsiniz ki, rəhbərlik etdiyiniz təşkilat Əkrəm Əylislinin simasında ölkədə söz azadlığını, fərqli fikir bildirmək azadlığını müdafiə edir. Yazıçı özü də dönə-dönə    istədiyi mövzuda,  istədiyi mövqedən, istədiyi sözlər və ifadələrlə əsər yazmaq, onu istədiyi dildə, istədiyi məkanda dərc etdirmək kimi konstitusiya hüququ olduğunu önə çəkir.  Lakin bu məntiqdən çıxış edəriksə, çar olunmuş əsərin artıq Oxucunun ixtıyarına verildiyini anlayan yazıçı və onun hüquqlarını qoruyanlar öz növbəsində Oxucunun da həmin əsərə münasibətini ifadə etməkdə azad olduğunu qəbul etməli, onu istədiyi formada, istədiyi məkanda və istədiyi sözlərlə bildirmək hüququnu tanımalıdır. (Gənclərin keçirdikləri aksiyaları şəxsən məqbul hesab etməsəm də). Bu halda əks münasibət, eləcə də oxucuları siyasi, sosial, peşə, şəxsi və d. əlamətlərlə görə təsnif etmək  qəbuledilməzdir. Digər tərəfdən  “azərbaycanlılar” adından  “tövbə” etmək iddiası ilə əsər yazan bir yazıçı həmin kitabı xarici dildə yazıb, xaricdə nəşr etdirməklə, həmçinin onun ana dilində nəşrinə qadağa qoymaqla, bu dili bilməyən həmvətənlərini, xüsusilə Əylis camaatını,  onun adından və onun haqqında yazılmış bir əsəri ən azı oxumaqdan məhrum edır,  onların   bu “tövbə”  aktına münasibətini  isə heç bilmək də istəmir. Məgər bu addımı ilə hüquqlarını müdafiə etdiyiniz yazıçı öz “azadlıq” hüdudlarını aşaraq  azərbaycanlı oxucuların   hüquqlarını pozmurmu ?

 

     Mən deyəsən  yenə də Sizin  “çoxluğun”  hüquqlarını müdafiə etməkdə maraqlı olmadığınızı unutdum. Elə isə nə əsasla Siz özünüz bu “çoxluq” adından danışırsiniz ?  “Qatil Ramil Səfərovdan sonra Azərbaycanın şərəf və ləyaqətini yalnız Əkrəm Əylisli xilas edir!” – kimi böyük bir bəyanat verirsiniz?   Azərbaycan xalqının Şərəf və Ləyaqət haqqında  anlayışının  Sizinkindən  fərqli  ola biləcəyinü düşünmədinizmi?

 

    Bəyanatınızda adlarını bir-birinə qarşı qoyduğunuz  insanların həyat yolu  sizin üçün heç maraqlı deyil ?   “Daş yuxuların” qəhrəmanı Saday Sadıqlının  və Əkrəm Əylislinin özünün  “eşitdiklərinin” əksini öz gözləri ilə görən,  təbiətindəki güclü ədalət hissinə qapılaraq onu qaçqın taleyi yaşamağa məcbur edən bir millətin nümayəndəsinə (bəli, günahsiz insana) qarşı cinayət törədən gənc Ramil Səfərovun  (şəxsən  onun hərəkətinə qətiyyən bəraət qazandırmıram) bu cinayətə görə hər halda 9 il həbs cəzası çəkdiyini nəzərə almırsınız ?...

 

    “Əkrəm  Əylisli “Daş yuxular"da Heydər Əliyevin totalitar üsul-idarəsi, Azərbaycan və erməni xalqları arasında salınan nifaq haqqında həqiqətləri və bu xalqların birgə  yaşıyışının mümkünlüyünü yazıb” – deyə  bəyanat verərkən   hər ifadənizdə qeyri-səmimi və ziddiyyətli olduğunuzun fərqinə varırsınızmı ?

 

     “Dönməz mövqeyinə” görə dəstəklədiyiniz  “75 yaşlı  tanınmış yazıçı” Əkrəm Əylislinin “mövqeyinin”  dəfələrlə, sonuncu dəfə isə  məhz 75-yaşında “döndüyünün”,   “Heydər Əliyevin totalitar üsul-idarəsi”ndən  alınmalı nə varsa  - fəxri adlar, orden və medallar, vəzifələr, deputat mandatı, evlər, prezident təqaüdləri və s. və s. – aldıqdan sonra “Daş yuxular” yazdığının  Sizin üçün heç əhəmiyyəti yoxdur ?

 

     Bu əsərdə Azərbaycan və erməni xalqlarının “birgə yaşıyışının mümkünlüyü” barədə harada yazılıb, hansı epizodda, hansı qəhrəmanın dili və ya əməli ilə ifadə edilib ? Yadınıza salım ki,  əsərin baş qəhrəmanı Saday  “real dünyaya”,  yəni öz xalqının arasına “qayıtmaq” istəməyərək  son nəfəsində 2 dəfə “Eçmiədzin” deyib erməni  kilsəsinə üz tutur. Əsərin digər “vicdanlı” qəhrəmanı Nuvariş də öz xalqının içində yaşamaqda məna görməyərək özünü balkondan atır. Doktor Fərzani Bakıya gəldiyindən ümumiyyətlə peşmandır. Nəhayət, əsərin təşviş dolu sonluğu – 1990-cı ilin 13 yanvar  hadisələrinın ərəfəsi  - “birgə yaşayışı mümkün sayan” erməni əhalisinə onları nə gözlədikləri barədə “xəbərdarlıq”  deyilmi ?

 

      “Heydər Əliyevin totalitar üsul-idarəsi” əsərdə  hansı vasitələrlə, hansı epizodlarda ifşa olunur? 30 ildən artıq ən müxtəlif sənədlərlə işləyən bir  tədqiqatçı kimi  nəinki sətiraltı, 3-4 qat sətiarxası mənaları tutmaq təcrübəmi işə salsam da mən bu əsərin “Xozeinlə” bağlı səhnələrində totalitar rejimin  hər hansı tənqidini görə bilmədim. Əlbəttə, əgər baş qəhrəmanın - Saday Sadıqlının “darıxanda” teatra gələn ölkə başçısının,  özündən yaşca böyük adamın qarşısında ayağa durmadığı və onun üzünə deyil,  arxasınca bir-iki acı söz deməyi, “xalq artisti” adı almaq ərəfəsində sərxoş bəyanatları, yaxud “Xozeyinin” ortabab bir artistin evi olmadığını 10 ildən sonra xatırlayaraq  bu sadə insana və hətta qarderobçu  erməni qadına öz  sərəcamı ilə ev verməsi ilə bağlı kinayəli ifadələri  nəzərə alınmazsa.

 

   Saday Sadıqlının teatrın direktoru ilə söhbətində  “keçmiş birinci” adlandırılan  “Xozein” qisas hissi ilə çırpınan keçmiş komsomol, “yeni Birinci” (Ə.Vəzirov),   “SSRİ kimi böyük bir dövləti dağıdan Kreml”, “ havayı azadlıqdan sərxoş olmuş boşboğaz  itlər  sürüsü” - “Yenidənqurma” qəhrəmanları ilə müqayisədə artıq “nəhəng insan” səviyyəsinə qaldırılır,  onun “böyük siyasətçi” olduğu təsdiq edilir, hətta “insanları alçaltmaq”  kimi  bir keyfiyyət də  “yaltaqların  xislətini görən”  rəhbərin “iti, cevik ağla və insan psixilogiyasına yaxşı bələd olması” kimi qıymətləndirilir. Bu dialoqun ən diqqətəlayiq  hissəsi “Xozeyinin” baş qəhrəmana “dövlət tərəfindən firavanlığ (казенное благополучие)  və ucuz şöhrəti qadağan edərək”,  “onu özünə qarşı üsyana  sövq  etməsi”,  qəhrəmanın da “bu qərəzsiz traqikomediyada ona ayrılmış rolu məmnuniyyətlə oynamasıdır”.Çünki, Saday Sadıqlı həmişə belə hesab edib ki, “hakimiyyətlə münasibətləri vaxtaşırı pozmaq lazımdır ki, özündə azadlıq  hissiyatını saxlayasan”.

      Bu absaz  “Xozeyn”   surətini yaratmaqla  Əkrəm  Əylislinin öz  qarşısına  heç də “Heydər Əliyevin totalitar üsuli-idarəsini ifşa etmək” məqsədi deyil, ədəbiyyatda “Sənətkar və Hakimiyyət” əbədi  mövzusunu qaldırmaq və Saday Sadıqlının simasında öz narahat vicdanını sakitləşdirmək istəyini büruzə verir. Belə ki, qəhrəmanından fərqli olaraq, yazıçı həyat  adlanan “traqikomediyada” tamam başqa bir rol oynayıb və “vaxtaşırı” dövlət tərəfindən firavanlıq  və “şöhrət” (ən azı orden şəklində) də görüb. Şərəf və Ləyaqətini Hakimiyyətlə “vaxtaşırı” münasibətlərdə nəfsinə qurban verdiyini yaxşı anlayan bu  Sənətkarın  Saday Sadıqlının dili ilə tamam əks məzmunlu açıqlamalarının  arxasında nə durur?  Özünə bəraət qazandırmaq cəhdimi?  Yaxud, oxucunu burada da aldatmaq, öz “səmimiliyinə” inandırmaq niyyəti?  Hər halda,  “özünün “Xaç atası” saydığı  şəxsi  ifşa etmək məqsədi yox.

 Leyla xanım,  Siz,  sözsüz ki,  bu nəticə ilə razılaşmaya və öz  mövqeyinizdə israrlı ola bilərsiniz. Lakin,  əgər “Azərbaycan və erməni xalqları  arasında salınan nifaq” ifadəsi  arxasında  söhbət  yazıçının  Sumqayıt hadisələrində bu tarixi şəxsiyyətin roluna  işarə vurmasından gedirsə  və siz də onu  dəstəkləyirsinizsə, artıq hüquq müdafiəçisi deyil, ittihamçı qismində çıxış etdiyinizin fərqinə varırsınızmı? Sübutsuz, dəlilsiz irəli sürülən bu cür ciddi  ittihamların   Xocalı faciəsinin də o zamankı Azərbaycan rəhbərliyi tərəfindən törədildiyini iddia edənlərin əlində əlavə “arqument” olacağına şübhənizmi var?   Mövcud hakimiyyət, iqtidar əleyhinə mübarizədə ölçü və reallıq hissinin itirilməsinin  fəsadları barədə heç düşünmürsünüz? Tanınmış qeyri-hökumət  təşkilatı olaraq  adınızdan verilən  belə bəyanatların  sabah  Azərbaycan dövlətçıliyinə, Azərbaycan xalqına  qarşı istifadə edilə biləcəyini nəzərə almırsınız?  

    Doğrusu məni narahat edən bu suallar ətrafında  nə düşünəcəyinizdən asılı olmayaraq, hər halda sizdən  “fərqli mövqe” nümayiş etdirmək hüququmu tanıyacağınıza  ümid edirəm. 

3.   Fərqli fikir bildirmək azadlığı kimin üçündür...

 

 

 

Ə.Əylislinin “Daş yuxuları”nın  oyatdığı  əks-sədanın  ilk gündən siyasi məcraya yönəldilməsi,  tənqidi  münasubətə dərhal “hakimiyyət tərəfindən təqib kampaniyası” adı verilməsi, digər tərəfdən bir dəstə cavan intellektuallar, daha sonra hüquq müdafiəçilərindən ibarət “əks cəbhənin” meydana çıxması   ilk nəzərdə   əsərin  cəmiyyəti  “parçalaması” təsəvvürü yaradır.  Burada Əkrəm Əylislinin  özünün də mütəmadı olaraq   “aranı qızışdırdığı”, müxtəlif  növ bəyanatlarla, səfirliklərə müraciətlərlə və s.  “öz məsələsini” daim gündəmdə saxlamağa çalışdığı da nəzərə alınmalıdır. Lakin əsərlə bağlı geniş ictimaiyyətdə, sosial şəbəkələrdə,  tanınmış ziyalılar, yazıçılar  tərəfindən  deyilən son dərəcə kəskin fikirləri  hesaba almayaraq,  yazıçının  dönə-dönə “37-ci il təkrar olunur” kimi  tamamilə əsassız bir iddia irəli sürməsi  bu dəfə artıq  1937-39-cu illərin günahsız qurbanlarının xatirəsinə təhqir sayıla bilər.  Bu mövzudan sui-istifadə edən yazışıya və onun tərəfdarlarına xatırlatmaq istərdim ki, tarixə “Stalin repressiyaları” adı ilə düşmüş  proseslər  bütünlükdə Sovet xalqına və ölkədə yaşayan çox milyonlu xarici vətəndaşlara qarşı Mərkəzi hökümət tərəfindən məqsədyönlü şəkildə hazırlanmış,  arxasında konkret  niyyətlər duran  dövlət siyasəti idi və onun həyata keçirilməsinin  dəqiq mexanizmi var idi. Hər bir  sovet respublikasına əhalisinin sayına görə mərkəzdən repressiya “planları” gəlirdi  və “repressiya maşını”  bütün respublikalarda  eyni üsulla  işləyirdi. Repressiya qurbanlarının seçiminin də öz prinsipləri var idi. Bu baxımdan,  Əkrəm Əylislinin öz xalqına böyük həqarət və nifrətlə yazdığı əsərinə görə yalnız “xalq yazıçısı” adından və Prezident təqaüdündən məhrum ediməsi qətiyyən “repressiya” anlayışı altına  düşmür. Əkrəm Əylislinin evində axtarış aparılmayıb, kitabları, əlyazmaları müsadirə olunmayıb, özü həbs edilməyib, haqqında  1-2 ay ərzində formal istintaq işi  quraşdırılmayıb və 20 dəqiqə ərzində mühakimə olunaraq ölüm hökmü verilməyib, ailəsi də sürgünə göndərilməyib. Yazıçının  oğlunun və xanımının qanunsuz olaraq  işdən çıxarılmasına gəldikdə  isə  onun ətrafında olan bu qədər hüquq müdafiəçisinin   nə üçün yalnız bəyanatlar verməklə  işlərini bitmiş hesab etdikləri,  hüquqları pozulmuş şəxslərlə  birlikdə  bu  qanun pozuntusu  əleyhinə  mübarizə aparmadıqları, məhkəmələrə müraciət etmədikləri sual doğurur. Öz evində rahat oturaraq  telefon-internet xidmətlərindən sərbəst istifadə edən, sağa-sola,  Qərb, rus və erməni medialarına müsahibələr verən və bu zaman “söz azadlığı hüququnun  pozulmasından” şikayətlənən  Əkrəm Əylislinin, “repressiyalar davam edərsə vətəni tərk etmək barədə düşünməli olacağam”  deməsi isə artıq onun  “dissident”   şöhrətini  yaşamaq istəyindən xəbər verir.   Söz yox ki,  yazıçı bu seçimində də azaddır, ancaq  bu zaman unudulmamalıdır  ki, dissidentliyə gedən yol 75 yaşında başlamır! Xarici qurumlarda da bir kəsin   “dissident” hüququ onun ölkəsinin qeyri-hökumət təşkilatlarının bəyanatları əsasında deyil, həmin insanın real  bioqrafiyası nəzərə alınmaqla və onun təqibinə” səbəb olan əsər diqqətlə öyrənildikdən sonra müəyyənləşdirilir.

 

    Əlbəttə,  əgər “Daş yuxular”ın arxasında daha ciddi, uzağagedən oyunlar  və yazıçının bu oyunlarda şüurlu surətdə  iştitrakı durmursa. Yaşadığımız dövrün və problemlərin  xüsusiyyətləri, yazıçının  cidd-cəhdlə özünə  Rusiyada, Avropada, hətta Ermənistanda havadarlar axtarması, həmçinin  “Daş yuxular” ətrafında  qalxan qalmaqalın hansı istiqamətdə inkişaf etdiyinə diqqət yetirilərsə,  Əkrəm Əylislinin  respublikamıza qarşı  qabaqcadan hazırlanmış  təhlükəli planların oyunçusu olduğu barədə Azərbaycan ictimaiyyəti  arasında yer almağa başlayan  fikirlərin heç də əsassız olmadığını düşünmək olar və gec-tez  bunun şahidi olacağıq. Belə ki, “Qarabağ erməniləri 75 yaşlı yazıçıya təzyiq edən bir xalqla birgə yaşaya bilməz” kimi artıq səsləndirilən  şüarlaından tutmuş Naxçıvana iddiaların yeni dalğası artıq görünməkdədir. Ölkəmizə qarşı dərhal beynəlxalq aləmdə başlanan  və getdikcə güc toplayan təbliğat kampaniyası da buna  sübutdur.  Bu baxımdan  Əkrəm Əylislinin  “Daş yuxuları” fonunda öz “liberal” mövqelərini  milli təəssüb, vətənərvərlik, ədalət və s. bu  kimi hər bir xalqı millət edən anlayışlardan üstün tutduğunu nümayış etdirməyə çalışan bəzi həmvətənlərimizin  də istər-istəməz  bu oyunların iştirakçılarına cevrilməsi xüsusilə təəssüf doğurur.

 

    Bu günlərdə  Hollandiyanın “Müharibə və sülhə  dair Məlumat İnstitutu (Institute for war and peace reporting)  saytinda  Məhərrəm Zeynalovun imzası ilə “Azərbaycanlı  yazıçı “qeyri-loyal” romanına görə ittiham olunur” adlı  bir yazı dərc olunub.  Əkrəm Əylisliyə qarşı Azərbaycanda “dövlət” tərəfindən (Əli Həsənıv, Siyavuş Novruzov, Bahar Muradova, Nizami Cəfərovun əsər barədə fikirləri nümunə gətirilməklə) “təzyiqləri” ətraflı şərh edən müəllif bunların məhz siyasi məqsəd daşıdığını sübut etmək üçün başqa bir  azərbaycanlı yazıçının fikirlərindən nümunə gətirməyi  məqsədəuyğun sayır. Məntiqə görə M.Zeynalov  bu zaman  Qərb dünyasında  tanınan  və daha nüfuzlu sayılan bir yazıçıya, məs., Çingiz Abdullayevə müraciət etməli idi. Lakin, tanınmış Azərbaycan  yazıçılarının, o cümlədən Ç.Abdullayevin əsərə münasibətini  yəqin ki, yaxşı bilən müəllif, nəinki xaricdə, heç Azərbaycanda da geniş tanınmayan, əsasən bəzi azərbaycan dilli  sosial saytlarda, öz qələm dostları arasında müəyyən nüfuza malik olan gənc yazar  Günel  Mövludun fikrini  Avropa oxucularına çatdırır. Günel xanım  -  “Bir yazıçı kimi mən romanın ədəbi məziyyətlərini qiymətləndirməyə bilmərəm. Bir oxucu kimi də mən əsərdən böyük zövq almışam. Bir vətəndaş kimi, həmçinin - və mən bunu xüsusi vurğulayıram,  -  bir Qarabağ qaçqını kimi, bu əsər qətiyyən mənim hisslərimə toxunmur, - deyə əsər haqqında öz mövqeyini bildirir, və daha sonra Azərbaycan cəmiyyətinin  romana olan reaksiyası və yazıçıya qarşı təzyiqlərə dair:  “mədəni ölkələrdə narazılığı bildirməyin  sivil  yolları olduğunu” - qeyd edərək, öz narazı həmvətənlərinə “əgər roman  kiminsə hisslərini təhqir edirsə məhkəməyə müraciət etməyi” məsləhət görür.

 

     Şübhəsiz ki, Günel xanımın bir yazıçı, oxucu, hətta vətəndaş kimi bu əsər haqqında xüsusi mövqeyi ola bilər,  bu mövqeyini bildirməkdə o, tam azaddır və bu azadlığından geniş istifadə edir. Lakin Günel xanımın tək bu yazıda deyil,  “Daş yuxular” ətrafında qalmaqallarda kifayət qədər fəallıq göstərərək “Azadlıq” radiosundakı müsahibəsində,  M.Ə.Sabirin heykəli  qarşısında bir qrup yaradıcı gəncin Əkrəm Əyliliyə dəstək adı ilə keçirduyi aksiyadakı çıxışında da  hər dəfə “bu əsərin  Qarabağ qaçqıını kimi onun hisslərini təhqir etmədiyini” vurğulaması diqqət çəkir.  “Daş yuxular”ın   bütünlükdə Azərbaycan xalqına qarşı təhqiramiz ruhunun  bu  yazıçı xanıma toxunmadığını hələ bir tərəfə qoyaq.  Lakin, əsərdə ayri-ayri regionların sakinlərinə, xüsusilə qarabağlılara  dair  xoşagəlməz  işarələrin də Günel xanımı biganə qoymasının səbəbini anlamağa çalışdım.  Düzünü deyim ki,  yazıçı istedadına qətiyyən şübhə etmədiyim bu xanımın  məşğul olduğu sənətin tələb etdiyi mühüm  bir keyfiyyətdən – “həssaslıqdan” məhrum olması,  yaxud   “yüksək intellektual” kimi hər hansı “kiçik” hisslərin fövqündə durması (hərçənd gənc yazar özünü məhz bu cür təqdim etməyə çalışır)  kimi səbəbləri əvvəlcədən kənara qoydum.  Maraqlı təfəkkür tərzi, gözəl ədəbi  dili olan bu gənc yazar xanımın yazılarının  nə üçün məndə son dərəcə ağır təəssürat yaratdığını və onları oxumaq  həvəsimi birdən-birə soyutduğunu  xatırladım: Günel xanımın yazılarının əksəriyyəti söyüşlərlə -  nəinki ədəbi əsərdə, hətta adı danışıq dilində belə məqbuledilməz, bir azərbaycanlı qızı, qadını üçün isə tamamilə yarıtmaz sayılan (hər halda mənim nəzərimdə)  sözün əsl mənasında küçə söyüşləri ilə müşaiyət olunur. Mənim oxuduğum yazıların birində bu söyüşlər  konkret adamlara- onu hansısa televiziya kanalına dəvət etməyən  insanlara ünvanlanmışdı. Zənnimcə “Daş yuxular”ın  Günel  Mövludun  bir vətəndaş və xüsusilə Qarabağ qaçqını kimi hisslərini təhqir etməməsinin əsl səbəbi də burada gizlənir. Başqa bir insanı asanlıqla təhqir edən,  incidiyi bir kimsənin şərəfini,  ləyaqətini rahatlıqla   alçaldan  bir kəs, təbii  ki, özünün də təhqir olunmasını çox  rahatlıqla  qəbul edir.  Yuxarıda artıq  qeyd olundu ki, Şərəf və Ləyaqət  anlayışını bəzi həmvətənlərimiz, o cümlədən qaçqınlar, istər Ramil Səfərov, istər Günel Mövlud, yaxud qaçqın ailələrinin Qarabağ uğrunda döyüşlərdə həlak olmuş yüzlərlə övladları fərqli  surətdə qavrayırlar.  Bəlkə də “qaçqın” anlayışının arxasında duran  siyasi, sosial, mənəvi  mənanın  dərinliyini və ağrısını   duymadan, yalnız cəmiyyətimizdə bu əhali qrupuna yaradılan şəraitdən faydalanan  və göründüyü kimi hətta yazıçı kimi reallaşan  Günel Mövlud  buna görə  “Daş yuxulara”a  “yazıçı, oxucu və vətəndaş”  kimi  münasibət bildirərkən  hansı  ölkənin vətəndaşı olduğunu  unudur?  Bəlkə də  Avropa ictimaiyəti qarşısında  “dünya vətəndaşı”  kimi  tanınmağı daha məqbul sayır, yaxud həqiqətən belə bir vətəndaşlığa iddialıdır?   Əlbəttə,  gənc yazar bu halda da  tamamilə azaddır və belə bir iddiada  ola da bilər, lakin bir şərtlə:  bir yazıçı və vətəndaş kimi onun istər ədəbi yaradıcılığında, istərsə çıxışlar etdiyi kütləvi informasiya vasitələrində  nəinki söz,  hətta  söyüş söymək azadlığının  təmin olunduğunu etiraf etməklə. 

 

     Yuxarıda Əkrəm Əylislini müdafiəyə qalxmış bir neçə  intelektual gəncin Mirzə  Ələkbər Sabirin heykəli qarşısında  piket keçirdiklərinə işarə olundu. Piket üçün Sabir bağının seçilməsi təbii ki, təsadüfi deyil. Nəinki bu gənclər, oxucular arasında da Əkrəm Əylislini bu gün Azərbaycanın tənqidi-satirik ruhlı əsərləri ilə məşhur olan  klassik yazıçı və şairləri ilə müqayisə etmək cəhdləri nəzərə çarpır. Xalqını anlamaqdan, xalqına yanmaqdan, xalqına məhəbbətdən irəli gələn bir ağrı ilə yazıb-yaratmış, ona gülməklə,  onu  sancmaqla  ayıltmağa və  nöqsanlarını islah etməyə çalışmış,  ən başlıcası isə, heç vaxt özünü bu xalqın fövqündə qoymamış görkəmli  sənətkarlarımız Mırzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabirin öz  zamanlarında  üzləşdikləri çətinliklərlə   Əkrəm Əylislinin  öz xalqına nifrət və təhqır dolu  tək bir əsərinə Azərbaycan cəmiyyətinin bildirdiyi kəskin münasibəti eyniləşdirmək ən azı o böyük  Adlara qarşı hörmətsizlikdir.

 

    Bu növ müqayisələrə daha çox  liberal baxışlı müəlliflərin çıxış etdiyi  “Contakt” saytının yazılarında  təsadüf olunduğu üçün həmin  yazılardan biri – saytın rus dilli variantında sosioloq Sevil Hüseynova adlı bir müəllifin “İnsan və vətəndaşa, yaxud Sabirin və Cabbarlının heykəllərini dağıtmaq lazımdırmı...” sərlövhəli bir məqalənin üzərində dayanaq. Sevil xanım  fevralın 10-da, yəni “Daş yuxular” ətrafında qalmaqal kifayət qədər genişləndiyi və artıq  ən müxtəlif  oxucu təbəqələrinin bu əsərə münasibəti aydın olduğu vaxt yazdığı   məqaləsində nə üçünsə məhz Milli Məclisin iqtidara mənsub nümayəndələrinin Əylisli ilə bağlı cıxışlarından hiddətlənir və öz hiddətində iztehzalı notlarla  iqtidarı vaxtı ilə “fərqli düşündükləri” üçün Sabiri və Cabbarlını “klassik” adından məhrum etməyə və hətta onların heykəllərini “dağıtmağa” çağırır ... 

 

    Burada bir qədər qabağa gedərək, istər Sevil Hüseynova, istərsə  eyni ruhda fikirlər söyləyən oxucular üçün xarakterik və eyni dərəcədə paradoksal bir xüsusiyyəti qeyd edək:  demokratiya və söz azadlığından ağız dolusu danışan bəzi  liberal görüşlü həmvətənlərimiz və hüquq müdafiəçilərimiz nə üçünsə bu anlayışların  yalnız onların özünə aid olduğunu düşünür,  “insanlar fərqli fikrə malik ola bilərlər və olmalıdırlar” deyərkən nədənsə millət vəkillərinin və yaxud  iqtidaryönlü pariya üzvlərinin də ən əvvəl bir oxucu və vətəndaş olaraq “fərqli fikrə malik olmaq” hüququnu tanımırlar. Ən qəribəsi isə budur ki,  bu zaman onlar da  bəzi iqtidar nümayəndələrinin “yolu ilə gedərək”, özlərindən  fərqli fikir nümayış etdirən bütün digər insanları “hakimiyyətə qulluq etməkdə”, “iqtidara yararlanmaqda”, “rejimə yaltaqlanmaqda” və s. ittiham edirlər. Bəzi söz azadlığı müdafiəçilərinin ifrat “fərqli mövqe”yi qarşısında belə sual yaranır ki, əgər sərsəm Hafiz Hacıyevin “qulaq kəsmə” çağırışından sonra  hüquq-mühafizə orqanları onunla yanaşı həmin  fitnəkar  çağırışı dərc edən və yayan KİV-lərini də cəzalandırsaydılar, o zaman yenədəmi  “söz azadlığının” pozulması haqda bəyanatların şahidi olacaqdıq ?   

 

      Sevil Hüseynovanın öz yazılarında (2-ci dəfə “Contact”  saytındakı şərhlərə cavabında) az qala eyforiya halına gələrək  yazıçı və əsər haqqında işlətdiyi  yüksək pafoslu ifadələri ən yaxşı halda bu sosioloq xanımın “yüksək materiyalardan” danışmağa  və bu zaman məhz mücərrəd anlayışlara istinad etməyə meyilliliyi ilə izah etmək olar. Çünki, bu növ ümumi ruhlu yazıların müəllifləri üçün bütün anlayışlar və dəyərlər mücərrəddir, ermənilər də, tarix də, dostluq da, və hətta bir yazıçı olaraq Əkrəm Əylisli özü və onun bu son əsəri də.  Əks halda millət vəkillərini “topa tutan” bu xanıma  “vətəndaş cəsarətindən qürrə duyduğu” yazıçının cəmi bir neçə il əvvəl həmin bu millət vəkillərinin arasında oturaraq heç bir “vətəndaş cəsarəti”   nümayiş etdirmədiyi, ağzına su alıb “deputat təqaüdü” qazanmaq üçün səbrlə “deputat müddətinin başa çatmasını”  gözlədiyini, bütün mükafatlarını, o cümlədən “xalq yazıçısı” adını həmin “Xozeyindən” yalvara-yalvara aldığını və ona nə kimi bəlağətli sözlərlə minnətdarlıq etdiyini xatırladanda bir cavab verərdi.

    Bəlkə də belə düşüncə sahibləri ilə mükalimə aparmağa dəyməzdi, əgər bu düşüncələrin  arxasında cəmiyyət arasında indiyədək nəzərə çarpmayan, o baxımdan  narahatlıq doğuran  fikirlər səslənməsəydi.

    Bir tarixçi alim kimi yazıçının və “Daş yuxular”la bağlı diskussiyalarda bəzi oxucuların 1905-ci ildən  başlayaraq 100 ildən artıq  bir müddətdə zaman-zaman xalqımızın  məruz qaldığı  bütün təcavüzləri  “erməni-azərbaycanlı münaqışəsi” kimi qələmə verilməsinə diqqət yönəltmək istərdim. Məhz belə yanaşma nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsinin istər  başlanması və gedişi, istərdə də həlli ilə bağlı məsələlərdə hər iki tərəfin bərabər məsuliyyət daşıması kimi əvvəllər yalnız qeyri azərbaycanlı tərəflərə xas olan  fikirlərin   hazırda  Azərbaycan  cəmiyyətinə yeridilməsinin şahidi oluruq.  Bu yanaşmanın  tarixən  yanlış olduğu ilə bərabər, özündə kifayət qədər  mürəkkəb və ziddiyyətli   məqamlar  gizlətdiyini vurğülamaq çox mühümdür.  Belə ki, belə yanaşmanın ardınca bir qayda olaraq,  həmin münaqişənin  “mənasız” olduğu, “hər iki tərəfin güzəştə getməsi”, “müharibəyə son qoyulması”, “sülhün bərqərar edilməsi” kimi ilk baxışda təbii görünən və hər bir normal insan tərəfindən qəbul edilən fikirlər səslənir. Sevil Hüseynovanın  yuxarıda adı çəkilən yazısında da  görkəmli klassiklərimiz adları məhz bu fikirlər prizmasından xatırlanır və Əkrəm Əylisli ilə müqayisə edilir.Hərçənd sosioloq xanım “Azərbaycan yazıçı və şairləri arasında həmişə erməni-azərbaycan münaqişəsinin fəciəsi və mənasızlığı haqda açıq danışmağa özündə cəsarət tapan,  coxluğun fikrinə qarşı cıxış edən layiqli insanlar olmuşdur” və məhz həmin insanlar “indi  bizim  klassiklərimiz sayılır”  deyərkən  klassiklərin  hansı “çoxluğa” (?) qarşı “cəsarət” nümayış etdirdiyini “dəqiqləşdirmir” və sanki  indiki iqtidarın  elə o zamandan bəri  hakimiyyətdə olduğu təsəvvürü yaranır.

        M.Ə.Sabiri, yaxud C.Cabbarlını rus dilli məktəblərdə qısa Azərbaycan ədəbiyyatı  kursundan tanıdığı və onların bəzi əsərlərini ən çoxu rus dilində oxuduğu  açıq bəlli olan  Sevil xanıma və onun kimi düşünən  oxuculara bildirmək istərdim ki, tarixə 1905-1907-ci illər  erməni-müsəlman qırğınları kimi düşmüş hadisələr o dövrün  tamam azərbaycanlı “çoxluğu”, sadə insanlardan tutmuş, bütün cəmiyyəti, o cümlədən ziyalıları,  ədib və şairləri sarsıtmış və bu mövzuda  çoxsaylı və son dərəcə güclü əsərlər meydana gəlmişdır. Lakin  bu əsərlərin arasında, M.Ə.Sabirin bütün yaradıcılığı  da daxil olmaqla, “iki qonşu millətin qardaş qırğınında” yalnız “müsəlmanları” qınayan bir sətir də tapmaq mümkün deyil, çünki,  həmin insanlar bu hadisələri bilavasitə öz həyatlarında yaşamışlar.  Eyni zamanda bu “milli” qırğınların bir daha təkrar olunmaması üçün əməli addımlarla yanaşı (ermənilərlə birgə “Barışıq komissiyası” yaratmaq,  danışıqlar aparmaq və s.),  onların səbəbini anlamaq məqsədi ilə ciddi təşəbbüslər etmişlər.  1911-ci ildə  milyonçu  Murtuza Müxtarovun  vəsaiti ilə  M.S.Ordubadinin “Qanlı illər” adlı  dövrün ilk sənədlər toplusu  nəşr olunmuşdur.  Bu  əsərində  M.S.Ordubadi  Azərbaycanın bütün bölgələrindən və ermənilər də daxil olmaqla müxtəlif əhali qruplarından aldığı məktub və şəhadətlərə istinadən, həmin hadisələrin xronikasını yaratmış, böyük ürək ağrısı ilə hər iki tərəfdən verilən qurbanlardan söz açmış,   hər iki milləti, xüsusən erməniləri (qırğınları başlayan tərəf kimi)  baş vermişlərdən dərs almağa çağırmışdır.   

 

     Cəfər Cabbarlının “1905-ci ildə” pyesindən də az-çox xəbəri olan bir azərbaycanlı oxucu yəqin ki, bu əsərin və onun müəllifinin  adını  Əkrəm Əylisli ilə  yanaşı çəkməkdən utanar, çünki bu əsərdə həmin hadisələrin səbəbkarı kimi artıq üçüncü tərəf – rus imperiyası göstərilir. Təəssüf ki, tarix C.Cabbarlının həmin hadisələrə baxışında yalnız qismən haqlı olduğunu sübüt etdi.  1905-ci ildə bütün Rusiya imperiyasını bürüyən  inqilab  dalğaları fonunda Bakıda bir nəfər azərbaycanlının öldürülməsi ilə başlayan və az sonra  Cənubi Qafqazın bir çox iri şəhərlərini və qəzalarını bürüyən  “erməni-müsəlman qırğınları”  erməni millətçi “Daşnaksütun” partiyasının  illərdən bəri  azərbaycanlılara qarşı  hazırladığı ilk kütləvi silahlı çıxış idi.  Bununla belə,  azərbaycanlı əhalinin sayını azaltmaq və torpaqlarını boşaltmaq  (xüsusən kəndləri) niyyəti ilə həyata keçirilən bu  qanlı qarşıdurmada  mənəvi qələbə əslində azərbaycanlıların tərəfində qaldı. Az-çox silahlanmış azərbaycanlılar özlərindən qat-qat hazırlıqlı rəqiblərinə layiqli müqavimət göstərərək, əhalinin və kəndlərin say nisbətinə görə düşmən tərəfə daha güclü zərər yetirdilər.   Etiraf edilməlidir ki, C.Cabbarlı göstərdiyi kimi həmin dövr ikibaşlı oyun aparan çar hökuməti  də müsəlman əhaliyə müəyyən mənada yardım etmiş, daha sonra isə ölkədə inqilabi dalğanın yatırılması ilə bu  münaqişəyə də son qoymuşdur. Bu baxımdan 1905-1907-ci hadisələri həqiqətən “erməni-müsəlman münaqişəsi” adlandırıla bilər, hərçənd M.S.Ordubadi artıq 1911-ci ildə bu münaqişənin siyasi səbəblərini çox konkret şəkildə müəyyənləşdırmiş və bu qırğınlarda erməni milli qüvvəıərinin, o cümlədən “Daşnaksutun” partiyasının rolunu və maraqlarını göstərmişdi. 

 

      Həmin dövr M.Ə.Sabir, C.Məmmədquluzadə, M.S. Ordubadi, A.Səhhət, M.Ə.Möcüz, N.Nərimanov və onlarla azərbaycanlı şair, yazışı, maarifçilərin hər iki xalqı sülhə, qardaşlığa, dostluğa çağırışı eşidildimi ?  Azərbaycanlılar tərəfindən – Bəli! Birgə yaşayış və qonşuluq tezliklə bərpa edildi.  Ermənilər tərəfindən -   Yox! Yeni qarşıdurmaya hazırlıq başladı.    

 

    Hər iki xalq bu tarixdən dərs aldımı? Azərbaycanlılar -  yox ! Cəmi 13 ildən sonra başlanacaq qırğınlar onlar üçün yenə də gözlənilməz oldu.  Ermənilər -  Bəli!  Birinci  dərs  -  müsəlmanlara, azərbaycanlılara qarşı çıxışlara başlarkən ən əvvəl onları tərk-silah etmək!  İkinci dərs – azərbaycanlılara qarşı çıxışlara başlarkən mövcud   hakimiyyətlə ittifaqda olmaq !

 

    1918-ci il hadisələrinin ssenarisi artıq tamamilə bu iki “dərs” əsasında həyata keçirildi. Rusiya imperiyası dağılandan sonra Cənubi Qafqaz hərbi komandanlığının Tiflisdəki bütün hərbi sursatı “müsəlmanlar çar ordusunda xidmət etməyiblər”  bəhanəsi ilə yalnız gürcülər və ermənilər arasında bölüşdürüldü, Azərbaycan milli qüvvələrinə isə silah  əldə etmək üşün Qafqaz cəbhəsindən qayıdan rus-erməni eşalonlarını tərk silah etmək məsləhət görüldü. Çarəsizlikdən həyata keçirilən bu əməliyyatlar hər iki tərəfdən qan tökülməsinə, bəzi rus hərbi hissələrinin Bakıda mart hadisələrində ermənilər tərəfindən çıxış etməsinə səbəb oldu. 1918-ci il mart faciələri sayı 50-ni keçməyən azərbaycanlı zabit və əsgərlərin tərk-silah edilməsi ilə başladı, bu zaman Bakıda Erməni Milli Şurası, Erməni kilsəsi və erməni burjuaziyası yerli hakimiyyət olan bolşevik-erməni Bakı Soveti ilə sıx  ittifaqda çıxış etdi. 

     Həmin günlər, 1918-ci ilin martında  ermənilərin hücumunu dəf etməyə hazırlaşan   Şamaxı və ətraf kəndlərinin silahlı müsəlman əhalisi “sülh sazişi” bağlanmaqla aldadıldı, 2 gün sonra isə sübh erkən yatmış şəhər 3 tərəfdən top və pulemyot atəşınə tutuldu. Müsəlman əhali cəmi bir neçə saat nizamsız müqavimət göstərəndən sonra təslim oldu, tərk-silah edildi və kütləvi qırğınlarla məruz qaldı. Birləşmiş bolşevik-erməni silahlı qüvvələrinə qarşı ayrı-ayrı kəndlərdə və Quba qəzasında nisbətən nizamlı şəkildə müqavimət cəhdlərinə baxmayaraq,  Azərbaycanın müsəlman əhalisi ümumən erməni təcavüzü qarşısında tamamilə hazırlıqsız  olduğu, ən yaxşı halda dağlara, meşələrə, çöllərə qaçmaqla həyatını xilas edə bildiyi bir daha təsdiq olundu.Bu  və digər amillərdən çıxış edərək, 1918-ci il  hadisələrini artıq qətiyyən erməni-azərbaycanlı münaqişəsi adlandırmaq olmaz. Sənədlərdən də göründüyü kimi 1918-ci ildə Azərbaycan torpaqlarına və azərbaycanlı-müsəlman dinc əhalisinə qarşı bolşevik-erməni hökuməti və erməni milli qüvvələri tərəfindən iri miqyaslı əsl müharibə aparılmış, bu zaman 50 minə yaxın dinc əhali qətlə yetirilmiş, müsəlmanlara məxsus minlərlə yaşayış məskəni, dini, mədəni, tarixi abidələr yandırılmış və dağıdılmış, əhaliyə milyardlarla manatla ölçülən maddi  zərər vurulmuşdur.  Yalnız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və türk qoşunlarının Azərbaycana gətirilməsi ilə bu müharibənin gedişi dəyişdirilmiş, Azərbaycan xalqı öz torpaqlarına sahib çıxaraq   müstəqil dövlətini qura bilmişdir.

 

       1918-ci il hadisələrinin ən acınacaqlı həqiqətlərindən biri yerli erməni  əhalinin  (istər şəhərlərdə, istər qəzalarda) bütün bu zorakılaqlarda ən fəal surətdə iştirak etməsi, bolşevik-erməni qoşunlarının hücümu ərəfəsində yerlərdə üsyanlar qaldırması, azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər törətməsidir. Bununla belə, türk qoşunlarının hücumu qarşısında  cəzalanmaq qorxusundan qaçan erməni əhalisi az sonra geri  qayıdarkən nə Azərbycan hökuməti, nə də azərbaycanlı əhali tərəfindən  heç bir təzyiqə məruz qalmamış və iki xalq arasında “mehriban qonşuluq əlaqələri” bir daha bərpa olunmuşdur.

 

     Sovet dönəmində Azərbaycan torpaqlarına iddialarını artıq silah gücünə  həyata keçirmək imkanından məhrum olan erməni millətçiləri “kommunist” adı ilə Mərkəzi hakimiyyət qarşısında mütəmadi olaraq  Qarabağın Ermənistana birləşdirilməsi, digər ərazi iddiaları ilə bağlı məsələlər qaldırmış, qismən Sovet, qismən də respublika rəhbərliyinin müqaviməti sayəsində bu məqsədlərinə nail olmamışlar. Bununla belə,  1947-1948-ci illərdə Ermənistandan 135 min  azərbaycanlı əhalinın  müxtəlif  bəhanələrlə Azərbaycana köçürülməsinin qarşısı alına bilməmişdır. Lakin öz əzəli torpaqlarından zorla çıxarılan on minlərlə azərbaycanlı əhalinin bundan sonra da ermənilərə münasibəti dəyışməmiş, uzun illər “qardaş olur Hayastan, Azərbaycan”  nəğməsi  “iki qonşu xalqın” birgə mehriban yaşayışının əsas göstəricisi olmuşdur.

 

   Bəs bu dostluğun yenidən, özü də qəfildən pozulmasına, Qarabağın erməni əhalisinin bir daha  usyana qalxmasına nə səbəb oldu ?  Ümid edək ki,  Azərbaycan xalqına   “sülhdən” tutmuş “tövbə”yə qədər  çağırış edənlər  ən azı bu məsələdə azərbaycanlıları günahkar saymırlar.  Lakin nə qədər acınacaqlı olsa da, etiraf etməliyik ki,  xalqımız 3-cü dəfə də erməni təcavüzü qarşısında  hazırlıqsız, aciz və çaşqın olduğunu nümayış etdirdi, uzun illər tək hərbi deyil,  informasiya cəbhəsində də məğlubuyyətə uğradı.

 

    Bununla belə, Dağlıq Qarabağda “miasum” usyanının Qarabağ müharibəsinə çevrildiyi  bir şəraitdə nizami ordusu, informasiya dəstəyi və arxası olmayan, yalnız ermənilər deyil, Mərkəzi Sovet hökuməti  tərəfindən də yalan, böhtan, təxribat, silahlı təcavüzlə üzləşən  Azərbaycan xalqı bütün bu təzyiqlərə davam gətirdi, 1918-ci ildə olduğu kimi yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Erməni- rus ordusu qarşısında Qarabağ müharibəsini  müvəqqəti olaraq uduzsa da  məğlubiyyət aktını imzalamadı və itirilmiş torpaqlarını qaytarmaq üçün  ən əvvəl bir dövlət olaraq möhkəmlənmək  və güclü ordu yaratmaq yolunu seçdi.

 

     O vaxtdan 25 il keçir. Artıq arzu edilən dövlət qurulub, arzu edilən ordu yaradılıb. Əks tərəfin Azərbaycan cəmiyyətinin “yorularaq” mövcud vəziyyətlə “razılaşacağı”, Qarabağ məsələsində “inadından” əl çəkəcəyi ilə bağlı ümidləri özünü doğrultmayıb. Əksinə bu məsələdə son dərəcə kəskin, barışmaz mövqe nümayiş etdirən, erməni millətçilərinin şəxsində düşmən görən vətənpərvər bir nəsil yetişib. 20 % torpağı  hələ də işğal altında qaldığı, 1 milyona yaxın qaçqının hələ də öz yurd-yuvalarına  qayıtmadığı bir zamanda  “hər bir müharibənin sonu sülhdür” deyə, güzəştə getmək  barədə edilən  çağırşlar,  arxasında  məhz  Qarabağın verilməsi durduğundan,  Azərbaycan dövləti və xalqı tərəfindən qəbul edilmir.  Azərbaycan hakimiyyəti “öz cəmiyyətini” güzəştlərə hazırlamaq təklifini məqbul saymır. Azərbaycan cəmiyyəti Azərbaycan hakimiyyətindən fərqli olaraq Qarabağ müharibəsinin sülh yolu ilə həllinə o qədər də inanmır və qarşıdakı müharibə təhlükəsindən çəkinmir.

 

      Belə bir şəraitdə Əkrəm Əylislinin “Daş  yuxular” kimi əsərinin meydana çıxması və onun ətrafında  yaranan diskussiyanın sürətlə böyüyərək ən müxtəlif çalarlar alması təsadüfi olmaya da bilər. Qarabağ məsələsində Azərbaycan cəmiyyətinin əzmini qırmaq, ona  erməni  xalqı qarşısında “günahkar” kompleksi aşılamaq,  ictimai fikrə təsir edərək müharibə və sülh məsələlərində   pasifist – “anti-müharibə” - “istənilən şərtlərlə sülh” düşüncəsi  yeritmək,  geniş ictimaiyyətin yazıçıya və onun əsərinə qarşı  milli hisslərdən irəli gələn kəskin tənqidi münasibətini  hakimiyyətə, onun Qarabağ siyasətində mövqeyinə qarşı  yönəltmək –  kimi məqsədlər Azərbaycana qarşı  bir an belə səngiməyən  informasiya müharibəsininın  bu gün  meydana çıxan yeni   hədəfləridır.

 

    Sosioloq Sevil Hüseynovanın yuxarıda adı şəkilən məqaləsində  Azərbaycan xalqının hələ də XIX əsrin sonlarına uyğun zaman kəsiyində - “romantik millətçilik” dövrünü  yaşadığını, odur ki,   müharibəni  “o qədər də populyar olmayan iş deyil”,  “yalnız qəhrəmanlıq və hər bir  əsl kişinin  vəzifəsi” hesab etdiyi kinayə ilə vurğulanır.  Bundan sonra bütün bu məqalədə ən ciddi sayılacaq bir fikir səslənir: “Vətəndaşlar üçün heç bir  sosial təminat və stabil həyat perspektivləri yaradılmayan bir  ölkədə hədsiz  hərbi  xərclərə sevinirik”.  “Biz” deyə çıxış etsə də, yazının istehza dolu  ruhundan  Sevil xanımın özünün bu xalqın fövqündə duraraq  “XIX əsrdə” yaşadığını düşündüyü şübhə doğurmur. Sosioloq xanım bu zaman görünür ki,  yazdıqlarının bir-birinə zidd olduğunun fərqinə varmır. Belə ki, “stabil həyat perspektivləri yaradılmayan bir ölkədə” insanların sosioligiya kimi sırf elmi-ictimai, yəni real gəlir gətirməyən  fəaliyyətlə deyil,  daha çox  istehsalat, yaxud xidmət sahələrində işləməklə özünü dolandırmağa məcbur olduğu, yaxud işsiz qaldığı barədə fikirləşmir. Eyni zamanda   internet saytlarında  hakimiyyət haqqında istədiyi tənqidi fikirləri yazmaq, “Qarabağ ermənilərini zorla  özümüzlə yaşamağa məcbur etmək arzusunda” olsaq da  “onları   bizimlə sevinc və bolluq içində yaşamağa cəlb etməyə hazır olmadığımız” kimi dolaşıq, lakin  ittiham dolu fikirlər  yürütmək azadlığını “qeyri-stabil həyat şəraiti olan” ölkə üçün normal sayır. Bu zaman hər bir  insanın sevdiyi işlə məşğul olmaq, azad fikir yürütmək kimi hüquqlarının məhz stabil həyat şəraiti olan cəmiyyətlər üçün səciyyəvi olduğu, müharibə şəraitində yaşayan bir ölkədə isə belə stabilliyin ilk növədə   “hədsiz  hərbi  xərclər” hesabına təmin  edildiyi barədə görünür düşünmək belə istəmir.

     Bütün bunları yazmaqda məqsəd heç də tanımadığım bu qadını hər hansı təxribat xarakterli çıxışlarda günahlandırmaq deyil. Əksinə yazısında bol-bol fransız, ingilis filosof və yazıçılarından nümunələr gətirməklə və “Əkrəm Əylislisiz bu ölkənin gələcəyi olmayacaqdır” kimi bəlağətli ifadələr işlətməklə Sevil xanım yəqin ki, özünün dərin intellektini, fərqli düşüncə və vətəndaşlıq mövqeyini nümayiş etdirməsindən daxili bir məmnunluq hissi duymaqla kifayətlənir, “vətəndaşlar üçün heç bir  sosial təminat” yaradılmayan ölkəsində öz sevimli sənəti ilə məşğul olmaqda davam edir.

    Lakin Qarabağ müharibəsinin sülhlə real həlli yollarının hələ ki, görünmədiyi, Azərbaycan sərhədlərinin isə artıq yalnız Ermənistan deyil, şimal qonşunun da qoşunları ilə mühasirəyə alındığı bir dövrdə “hədsiz hərbi xərcləri” lazımsız saymaq və  əylislisayağı “tövbə” aksiyalarını dəstəkləmək Azərbaycanın ictımai fikrinə təslimçilik ruhu aşılamaqdan başqa bir şey deyildir.  Azərbaycanlıların istər 1918-ci ildə, istər 1988-ci ildə  erməni-bolşevik və erməni-rus təcavüzü ilə üzləşərkən  ilk növbədə yaxşı silahlanmış  nizamlı ordusu olmadığı üçün  ağır itkilərə məruz qaldığı yuxarıdakı tarixi nümunələrdən aydın göründü.  Qarabağ probleminin sülh yolu ilə həlli də müasir silahla silahlanmış  güclü ordu   və cəmiyyətdə birmənalı şəkildə itirilmiş torpaqları qaytarmaq əzmi  olmadan mümkün deyildir. Bu zaman birinci amil  bilavasitə Azərbaycan  dövlətinın vəzifəsinə daxildirsə, ikinci amil hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Bu gün Azərbaycan ictimai fikrinə, Azərbaycan cəmiyyətinə onun ayrı-ayrı təbəqələrinə   istər xaricdən, istər  daxildən ən müftəlif formalarda, mövzularda və vasitələrlə təsir və təziqlər edilir. Məs., bir sıra xarici  qurumların Azərbaycanın elmi-intellektual dairələrində keçirdiyi tədbirlərdə tez-tez  Fransa və Almaniya arasında  I və xüsusilə II dünya müharibəsi zamanı son dərəcə barışmaz  və kəskin münasibətlərin  əvvəl-axır aradan götürüldüyü, barışığ addımlarının ən əvvəl alimlər (tarixçilər), daha sonra geniş ziyalı təbəqəsi tərəfindən atıldığı kimi nümunələr  səsləndirilir,  Azərbaycanın da gec-tez  Ermənistan ilə sülhə gələcəyi labüd olduğundan bu münunədən faydalanmaq, vaxtı uzatmamaq,  cəmiyyətdə   bu sahədə iş aparmaq kimi tövsiyyələr edilir. Bu zaman həmin  iki  Avropa ölkəsinin cəmiyyətləri arasında barışığ prosesinin  Almaniya tam təslim olduqdan və müharibə bitdikdən  yalnız  20 il sonra – 1960-cı illərin ortalarından  başladığı və son dərəcə ağır getdiyi nədənsə nəzərə alınmır.

     Əkrəm  Əylislinin “Daş yuxular”ı ətrafında   müzakirələrin hazırda  bir sıra Rusiya media forumlarında da yer alması, burada yazıçının tərəfdarlarının, özü də guya azərbaycanlı tərəfdarlarının sayının sürətlə artması, bu çıxışların bir qayda olaraq bilavasitə Azərbaycana və azərbaycanlılara  qarşı yönəlməsi  forumlar vasitəsilə istənilən ictimai rəyi formalaşdırmaq, yaxud ona  təsir etmək  sahəsində təcrübəsi olan ayrı-ayrl ixtisaslaşmış qurumların məqsədyönlü fəaliyyətindən xəbər verir. Məs., rus dilli  “İnoSMİ” saytında  “Daş yuxular”ın Azərbaycan cəmiyyətində oyatdığı təsir artıq S. Hüseynovanın “sosioloq” həmkarları tərəfindən  “öyrənilir”: Azərbaycan ictimaiyyətində guya Əkrəm Əylislinin əhalinin” 61 %  tərəfindən  müdafiə edildiyi, 39 %-in isə yazıçının və əsərin əleyhinə olduğu  kimi  haradan alındığı məlum olmayan rəqəmlər gətirilməklə əslində azərbaycanlıların böyük əksəriyyətinin  özlərini bu əsərdə tanıdıqlarına  işarə edilir. Erməni oxucuların da qoşulduğu bu forumlarda azərbaycanlıların ünvanına ittihamlar və  təhqiramiz  ifadələr səsləndirilir,  hətta “tövbə” etsələr belə Dağlıq Qarabağın   “məzlum” olduqları qədər də “mədəni və demokratık  əhalisinin”    bu “vəhşi” xalqla birgə yaşayışının qeyri-mümkün olduğu” kimi yekun fikir irəli sürülür.

     Əslində  həmin əsərdən məhz bu “nəticənin”  alınacağı qabaqcadan  məlum idi.     

   Bununla belə,  bir cox  media forumları, xüsusilə Azərbaycanın internet şəbəkələrində Əkrəm Əylisli və “Daş yuxular” ətrafında gedən  son dərəcə  canlı,  dərin  və maraqlı fikir mübadiləsi Azərbaycan cəmiyyətinın bu əsərin  əsas  hədəfini  kifayət qədər anlandığını göstərir: "Daş yuxular" bizi seçim anı barədə düşünməyə vadar edir: Nəyi seçməli? Qarabağ üçün aparacağımız müharibəni yoxsa beynəlxalq təşkilatların bizə sırımağa hazır etdikləri "sülh reseptləri"ni? ”

    Qeyd edilməlidir ki, bu əsərlə bağlı tanınmış ziyalılar, yazıçılar, ədəbiyyatşünaslar, tarixşilər,  hüquqşünaslar, jurnalıstlər də kifayət qədər aydın mövqe bildirib. Ədəbiyyatşünas Azər Mustafayevin, tarixçi, prof. Eldar İsmaylovun, filosof, prof. Rafiq Əliyevin, qocaman jurnalist Emil Şərifovun, “Exo” qəzetinin müxbiri Nuraninin, tanınmış vəkil Aslan İsmayılovun və d. yazılarında Əkrəm Əylislinin “Daş yuxuları” əsəri Azərbaycanın milli maraqları, Azərbaycan dövlətçiliyi nəzərindən ətraflı təhlil olunub və kəskin tənqid edilib.      

      Ədalət xatirinə qeyd edilməlidir ki, “Contact” saytında S. Hüseynovanın nəzərdən keçiriyimiz məqaləsinə ünvanlanan bir çox şərhlərdə də müəllifin mövqeyi qeyri-məqbul qiymətləndirilib. Onların arasında “Xeyrulla” adı altında verilmiş bir rəy çox səciyyəvidır:     “Əkrəm Əylislinin əsərinin nəşri ilə ortaya çıxan problem – hüquq müdafiəsi, söz azadlığı, fikir azadlığı ilə bağlı mövzu deyildir. Azərbaycan özünün başlamadığı müharibədə ərazilərinin əhəmiyyətli hissəsini itirərək alçaldıcı məğlubiyyətə məruz qalıb. Minlərlə insan indiyədək əsirlikdədir, onların taleyi barədə heç nə məlum deyil.  Ona görə də öz “vəlşiliklərini” etiraf etmək üzrə başlanan qızğın kampaniya -  bu ölkə uğrunda öz canlarını qurban vermiş insanlara münasibətdə satqınlıq sayılır. Bu insanlar əsasən Bakının rusdilli burjuaziyasının uşaqları deyil,  fəhlə-kəndli, daha çox kəndli ailələrinin uşaqları idi. Onları bu gün bizim liberalların  (aralarında “qrantyeyənlərin” az olmadığını düşünürəm)  “cahil” və “faşist” adlandırdığı Xalq böyütmüşdü. Norveç və Fransa – Avropada köhnə demokratiyalardır. Lakin Norveç vaxtilə Nobel mükafatı laureatı Knut Qamsunu,  Fransa isə  Selini  töhmətləndirdilər. Əkrəm Əylisli bu adamlara heç tay ola bilməz. Ermənistan və Azərbaycan arasında müharibə məsələsində cəmiyyətdə konsensus olmalıdır. Belə fikir birliyi olmazsa – ermənilərin iddia etdikləri yeni ərazilərin verilməsinə hazırlaşın...”.

   Çoxsaylı oxucuların fikrini əks etdirən bu rəy 1989-cu ildə həmin “Drujba narodov” jurnalında ermənilərə güzəştə getmək çağırışından başlayaraq hakimiyyətlə deyil, məhz öz xalqı ilə vaxtaşırı münasibətlərini pozan və onu  hər mənada “böyütmüş” Azərbaycan cəmiyyətindən “azadlıq” hissiyatını saxlayan” Əkrəm Əylisliyə həmin xalqın və cəmiyyətin bütün bu illər ərzində nümayış etdirdiyi dözümlülük limitinin bitdiyinin bariz göstəricisidir. 

 





04.03.2013    çap et  çap et