525.Az

“Bəy”likdən “səmə”liyə qədər


 

Paşa Qəlbinurun miniatür romanları haqqında düşüncələr

“Bəy”likdən “səmə”liyə qədər<b style="color:red"></b>

Tibb elmləri doktoru, professor, bir neçə beynəlxalq elmi təşkilatın həqiqi və fəxri üzvü, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, ATU-nun oftalmologiya kafedrasının müdiri, əməkdar elm xadimi Paşa Musayevin (P.Qəlbinurun) iki romanı bir kitabda nəşr edilib. (Paşa Qəlbinur. Qara su. Göz dağı (miniatür romanlar). Xatırladım ki, bu romanların birincisi 2008-ci ildə “Azərbaycan” jurnalında (№4) çap olunub. Bundan əvvəl isə roman böyük tirajla Moskvada Səyavuş Məmmədzadənin tərcüməsində işıq üzü görüb. Əvvəlcədən deyim ki, mən bu əsərləri geniş filoloji təhlil etmək fikrində deyiləm. İstəyirəm, oftalmoloq və şair kimi tanıdığımız Paşa müəllimin bir nasir kimi özünəməxsus qələm sahibi olduğu barədə imkanım daxilində əziz oxucularda müəyyən təsəvvür yaradım. (Və ən çox da onu istəyirəm ki, bu kitabı oxuyan azərbaycanlıların sayı çox olsun!).

İki adla təqdim olunsa da, bu əsərlərin bir süjeti var, obrazlar da dəyişilməz qalır... Sadəcə olaraq müəllif birinci hissədə (romanda) hadisənin əsas epizodunu – Bəy Qasımın əməliyyata qədərki və əməliyyatın baş tutduğu zamanı (Bəy Qasımın komaya düşməsinə qədər) təsvir edir. (Burada təsvir sözü tam yerinə düşmür, ona görə ki, əsərdə təsvirdən çox psixoloji yadasalmalar, rəmzlərlə diktəetmələr üstündür!!). Roman(lar)da məzmun çox lakonikdir – var-dövləti başından aşan Bəy Qasım böyrəyini və qara ciyərini müalicə etdirmək üçün həmyerlisi Aydının bir böyrəyini və qara ciyərinin bir hissəsini özünə köçürtdürür. Vəssalam!... Ancaq bu adi məişət hadisəsini yazıçı necə ustalıqla bədiiləşdirirsə, o cür də ictimailəşdirir, cəmiyyətin ağır sosial bəlalarının işıqlandırılmasına istiqamətləndirir. Kimdi Aydın? Kimdi Bəy Qasım?! Niyə “Qasım bəy” yox, “Bəy Qasım”?! Bax bunlar müəllifin cavablandırdığı və cəmiyyətə ünvanlandığı suallardır və bu gün göynəməkdə, irinləməkdə olan, hələ qaysaqlana bilməyən Qarabağ, əslində yüz illərdən bəri parça-parça alınan torpaq dərdimizdən də böyük, vacib milli-mənəvi qüsurumuzun özünəməxsus qabardılmasıdır bu sualların cavabları. Mən az qala iki dəfə oxumuşam bu əsəri və  bu millətin dərdini cəkən – M.Fətəli, M.Cəlil, M.Ə.Sabir, N.Nərimanov, Məmmədəmin Rəsulzadə ...  gözümün önündən getməyib. Onlar millətin avamlığından, kasıblığından, savadsızlığından... əzab çəkmiş, bütün ömürlərini bu bəlayla mübarizəyə həsr etmişdilər.

Bəy Qasımın həyata baxışı, tərbiyəsi, mənəvi dünyası elə mühitdə formalaşıb ki, onun indiki halına təəccüblənmək olmaz. Müəllif təyyarədə – “göyün yeddinci qatında” qəhrəmanlarının düşüncələrini aşkarlayır: Bəy Qasım böyrəklərinin, qara ciyərinin xəstələnməsinin səbəblərini axtarır, yadına düşür ki, atasının gizli əlaqədə olduğu qonşu qadın “Tamoşka”nın qarğışı tutub onu; anasının “təəssübünü çəkən” uşaq acıq çıxarmaq üçün xəmir kündələrini tapdayıb keçəndə Tamoşka “böyrəklərin çürüsün...” – deyə onu qarğamışdı. Bir də xatırlayır ki, ağıldan kəm, “dilsiz-ağızsız” qonşu oğlanı əndazəsiz bir əxlaqsızlıqla təhqir etməsinin hayfını çıxır, bəlkə, Allah ondan. Sonra düşünür ki, yəqin kanistrdən şlanqla benzin çəkərkən (bu, o zamanlar idi ki, o, yanacağı hələ maşınlarla, vaqonlarla satmırdı!!) mədəsinə gedən benzin böyrəklərini, qara ciyərini sıradan çıxarıb. Ancaq Bəy Qasımın günahı çoxdur; bir vaxt dostluq etdiyi (28 il) Şahindən “əli gətirən” kimi uzaqlaşıb, halbuki, imkanı ondan üstün olan Şahinə Qasım çox borclu idi. Qasımın ən böyük günahı, heç şübhəsiz, qayınatasının – görkəmli alim və gözəl ziyalının ölümünün baiskarı olması idi. Bunu Bəy Qasım komada olarkən xüsusi ünsiyyət seansı zamanı özü etiraf edir; o, arvadı ilə qəsdən savaşır, o biri otağa keçib (Moskvadan) Bakıya zəng vurub qayınatasına deyir ki, Aliyə heç nədən savaşıb, indi də özünü 7-ci mərtəbədən atmaq istəyir və telefonu qapadır. Səhəri xəbər verirlər ki, 52 yaşlı qayınatası gecə ürək tutmasından dünyasını dəyişib. Beləliklə, evdə olan 30-40 min dollar pul atasının vəsiyyəti ilə qızına – Qasımın həyat yoldaşına çatır. Qasım əvvəlcədən bilirdi ki, atası qızını çox istəyir, dövləti ona çatacaq. Bunu ölüm yatağında olan ərindən Vətəndən min kilometrlərlə uzaqda Çikaqoda eşidən övlad – Aliyə hansı psixoloji duruma düşər?! Bunu oxucu heyrət və həyəcanla oxuyur. Əsərdə Bəy Qasımın xarakterini açan çoxlu epizodlar var (bunları ya o özü xatırlayır, ya yuxuda görür, ya da komada olanda özü danışır). Nəhayət, yazıçının əsərin  bir yerində  qeydi özünü doğruldur: “Qasım öz genetik naqislikləri ilə və onun törətdikləri mənfiliklərin Tanrı dərgahındakı qeydiyyatla mübarizəyə başlamışdı. Görəsən, gec deyildi ki?..”. Əlbəttə, gec idi. Oxucu şübhə etmir ki, Bəy Qasım əgər bu ağır xəstəlikdən (o, artıq Səmə Qasıma çevrilmişdi!!) sağalsa, günahlarının üstünə daha dəhşətli yenilərini əlavə edəcək!!.

Romanda Bəy Qasıma əks olan surət Aydındır. Yazıçı onun nümunəsində əsl ziyalılığın, insanlığın timsalını yaradıb. Aydın Qasımla bir kənddə böyüyüb, bir şəhərdə şəxsiyyət kimi formalaşıb. Ancaq onları heç bir mövqedən müqayisə etmək olmaz. Aydın üçün Vətən, millət, insani dəyərlər hər şeydən üstündür.Amma cəmiyyətdə baş verən mənfi meyllər təbii ki, onun da taleyinə sirayət edir (məsələn, günahsız oğlunu həbsdən qurtarmaq üçün əzalarını satmalı olur). Ancaq o, qətiyyən şəxsiyyətinin aşağılanmasına dözə bilməz. Müəllif bu məqamı ac ata ayının öz balasını yeməsi epizodu ilə aydınlaşdırmağa çalışır: “Çətinə düşəndə heyvan öz balasını yeyir, insan isə öz əzalarını satır ki, balasını xilas etsin”. Maraqlı tutuşdurmadır!! Bununla alim, həkim- yazıçı sanki insanlara (əlbəttə, naqisliklə yaşayanlara) xatırlatmaq istəyir ki, axı biz insanıq, heyvan deyilik!! Aydın bir insan kimi təkcə öz namuslu valideynləri ilə yox, yaxın-uzaq qohumları ilə də öyünə bilər. Məsələn, 3 oğlunu Qarabağ döyüşlərində qurban vermiş ata (Aydının atası) başsağlığına gələnləri qürurla qarşılayır, oğlunun yeganə yadigarı olan körpənin... Müəllif bu qeyri-adi ata məhəbbətinin ifadəsi olan hadisəni belə təsvir edir: “Mən uşağı görmək istəyirəm, bələyini açın” – dedi. Gəlin azca kənarda durmuşdu, arvad bələyi açdı. Nəbi: “Allah, şükür!” – deyib, sağ əlinin şəhadət barmağıyla uşağın nəcisindən götürüb ağzına qoydu. Hamı donmuşdu. Bir an sonra otaqdakıları qəribə titrətmə tutdu. Hamı ağlayırdı...  Çox güman ki, Paşa müəllim bu əsərin əksər epizodlarını gördüyü, bildiyi, eşitdiyi hadisələr əsasında, həmçinin öz yazıçı təxəyyülünün içindən keçirərək yazıb. (Əsərin reallıqlara əsaslandığı faktlardan biri kimi müəllifin tələbə yoldaşı, universitetimizin kafedra müdiri işləyən professorla bağlı epizodu təbəssümlə xatırlayıram!). Bəlkə də, Aydın müəllifin özünün bədiiləşdirilmiş obrazıdır. Elə buna görədir ki, bu obraz oxucuya bu qədər doğma, bu qədər tanış gəlir (axı indi belələri çox azdır!!).

“Qara su” və “Göz dağı” romanlarına şair təbiətli alim rəmzləşdirilmiş adlar verib.  İkinci, məncə, açıq məna ifadə edir: bəylikdən səməliyə enmiş Qasım indi doğmaları, əzizləri üçün “göz dağı”na çevrilib, özü boyda bir dərddir. Birinci romanın adı daha dolayısı ilə mənalandırıla bilər; məncə, “Qara su” dünya işığından insanı məhrum edən dəhşətli bir xəstəlikdir – Bəy Qasım xislətli insanlar da cəmiyyət üçün eyni dəhşətli (bəlkə ondan da artıq) ictimai bəla, ümummilli və ümumbəşəri xəstəlikdir.

Roman(lar)ın bədii keyfiyyətləri, özünəməxsus üslubu haqqında onu deməliyəm ki, hər ikisi həqiqətən, orijinal miniatür roman təsiri bağışlayır. Burada mövzunun özündən, hadisələrin baş verdiyi məkandan asılı olaraq,  təbiətin, əşyaların geniş təsvirləri demək olar ki, yoxdur. Əvəzində hərəsi ayrıca bitkin əsər (hekayə, rəvayət, nağıl) təsiri bağışlayan xatiratlar var. Həm də əsəri daha da zənginləşdirən mətn boyu tez-tez rast gəlinən elmi faktlar, həyati ümumləşdirmələrdir. Ən maraqlısı odur ki, Paşa müəllim bu kiçik (hadisələrin genişliyi müqabilində) nəsr əsərində tariximiz, siyasətimiz, milli-mənəvi qüsur və dəyərlərimiz, yaxın-uzaq keçmişimiz.... haqqında, necə deyərlər, dürlü-dürlü, “xoruz səsi eşitməyən” xəbərlərdən bəhs edir, bəzən oxucunu təəccübləndirən elə hadisələri yada salır ki, adam heyrətini gizlədə bilmir.Məsələn,  Aydın 20 Yanvar gecəsi “Salyan” kazarması tərəflərdə olub, qaçaqaçda təzə ayaqqabısının bir tayını itirib evə gedir. Səhərisi qan içində olan ayaqqabısını tanıyan Aydın görür ki, bir tay ayaqqabının içinə bir cüt qərənfil qoyulub və bir qadın ağı deyib sahibini ağlayır. Bu zaman Aydının keçirdiyi hissləri oxucu, yəqin ki, dərindən dərk edir, buna əlavə izah verməyə lüzum görmürəm...

Bəli, dediyim kimi bu romanda elə hissələr var ki, mən onu bir neçə dəfə oxumuşam, hər dəfə də nə isə  yeni bir fikir tapmışam və kitabın səhifələrində yığcam da olsa bunlara münasibətimi sözlərlə yazmaqdan özümü saxlaya bilməmişəm.Və yenə də təkrar edirəm ki, bu əsəri hamımız oxumalıyıq və dərindən-dərinə düşünməliyik. Sonda isə müəllifə cansağlığı, uğurlar diləyirəm, ideyalarının çin olmasını arzu edirəm və bir daha bildirirəm ki, bu əsərin səriştəli bir ədəbiyyatşünasın hərtərəfli təhlilinə ehtiyacı var. Mənim bu yazımı isə olsa-olsa bir qədər milli təəssübkeşliyi olan həssas oxucunun natamam qeydləri hesab etmək olar...   

Müəllifə  dərin hörmət hissi ilə A.F.Miriyev
ATU-nun kafedra müdiri, dosent

 





05.03.2013    çap et  çap et