525.Az

Fəxrəddin Teyyubun şeirləri


 

Fəxrəddin Teyyubun <b style="color:red">şeirləri</b>

Dərdin təzəsinə daha tabım yox

Özümə oxşayan vallah, babım yox.

Hardan biləydi ki, ayaqqabım yox,

Gecə səhərəcən yağan qar zalım.

 

Bu nədir, elə bil qala ucalıb

Ömrümə, günümə bəla ucalıb.

Daxmamın yanında villa ucalıb,

Girir gözlərimə dövlət, var zalım.

İlahi, təmizlik olsa da qarda.

Ehtiyac çoxunu qoyubdu darda.

Qış ölür, əriyən sırsıralarda,

Kəsib kələyini bu bahar zalım.

 

Başımı saxlayan xeyir bəsimdi,

Mənə  gün ağlayan özgə əlimdi.

Bu dünya yumşaqdı, vallah həlimdi,

Adamlar zalımdı, adamlar zalım.

 

lll

 

Görsəniz üzümə gülmədi bu yaz,

Görsəniz qayğıyla açıldı sabah.

Məni ağlamayın, toxtayın bir az.

Məni ağlamayın, dostlar, siz Allah.

 

Məni ağlasanız, ruhum inciyər,

Düz ilqar olubdur könül varınız.

Mənə hər biriniz doğma, can, ciyər,

İstəmirəm axsın göz yaşlarınız.

 

Nə qədər kədərlə qaldım üz-üzə.

Çəkmişəm neçə yol sitəm dünyadan.

Qorxuram ayılıb qoşulam sizə,

Ağlaya-ağlaya gedəm dünyadan.

 

lll

 

Səhvlər cəllad kimi durub qəsdimə.

Qızınan oldumu görən istimə.

Xatirə  yağışı yağdı üstümə.

Hər dəfə keçəndə daş küçələrdən.

Sevgi ocaqları qalanar gecə,

Səhərin başına dolanar gecə.

Gözlərin yaşından sulanar gecə,

Mən keçə bilmərəm yaş küçələrdən.

 

Bir gözəl itirdim xal yanağında.

Eşqin odu vardı al yanağında.

Bir gün gəncliyimin payız çağında,

Yığdı ayağımı yaş küçələrdən.

 

Bülbülün mehrindən bağda gül yaşar.

Ocaqda köz olsa, yenə kül yaşar.

Mənim ürəyimdə bir nisgil yaşar,

Həsrətim boylanır boş küçələrdən.

 

lll

 

Dərdimi, sərimi yada demirəm,

Çatır harayıma hövsələ, səbir.

Elə  bil kürədən çıxan dəmirəm,

Mənim qızmağımla, soyumağım bir.

 

Nə şaxtalı qışam, nə də sazağam,

Gül-çiçək bitirən baharam, bahar.

Mən kiçik tikəmə dərddən uzağam

Böyük tikəm olsa, mənə dərd olar.

 

Varımı, yoxumu alır əlimdən

Harın bəndəsini görəndə tanrı.

Varınla öyünmə, lovğalanma sən,

Alan da Tanrıdı, verən də Tanrı.

Elə ilahidən toxam, doymuşam,

Rahatlıq içində keçir ömür-gün.

Ömrü yaxşılığa girov qoymuşam,

Dünyadan təmiz ad aparmaq üçün.

 

lll

 

Sadəlövh deyiləm, sadə adamam,

Sadəlövh ayrıdı, sadə ayrıdı.

Familyam hələ də “ov”da qalıbdı,

“Ov”un “ov” dərdi var, zadə ayrıdı.

 

Xəncərdi, girməyib qına dilimiz,

Daim işıq saça, yana dilimiz.

Bal kimi şirindir ana dilimiz,

Bəli, buyur ayrı, ədə ayrıdı.

 

Açar qucağını dərələr selə.

Xəzəllər quş kimi uçar qışgilə.

Adamlar ağaca oxşayır elə,

Kök, rişə ayrıdı, gövdə ayrıdı.

 

Bilirsən yığdığın harda qalacaq.

Qaranlıq məzarda, gorda qalacaq.

Nəyim var, nəyim yox burda qalacaq,

Doymayan göz ayrı, mədə ayrıdı.

 

Dostluğun, vəfanın hər sınağı var.

Şərin öz tüstüsü, öz yanığı var.

Mənim ürəyimdə dost sınığı var

Sınıq ayrı şeydi, zədə ayrıdı.

 

 





05.03.2013    çap et  çap et