525.Az

Məmmədxanlılar


 

Məmmədxanlılar<b style="color:red"></b>

Az qala iyirmi il ərzində – keçən əsrin  90-cı illərindən bəri- üzərində işlədiyim “Əsrim,əslim,nəslim” adlı anılar, düşüncələr romanını bitirmişəm. Bu roman beş kitabdan ibarət olan “Keçən keçdi,olan oldu” silsiləsinin birinci kitabıdır. Silsilənin o biri hissələri “Mübarizə bu gün də var”, “Sizsiz”, “Həyatım ağrıyır”  artıq çap edilib və  oxuculara tanışdır. Silsilənin beşinci kitabını  “Yaşamaq zamanı,yazmaq zamanı”  anılar-düşüncələr romanını bu yay tamamlamaq niyyətindəyəm.

“525-ci qəzet”in oxucularına “Əsrim, əslim, nəslim” kitabından bir fəsli  – “Məmmədxanlılar” fəslini təqdim etmək istəyirəm.

Bürkü bir yay gecəsində arandan yaylağa köç yollanırdı. Gündüzün istisində bu tozlu yolu keçmək – müsibətdi.Buynuz kəndi yollarında başın üstündə yaşıl çətir tutan sıx meşənin sərin kölgəliyi səni iyul günəşinin qızmarından gizlədənəcən,qarlı dağların ətəyinə, buz bulaqların soyuğuna yetənəcən – otsuz-ağacsız, bom-boz çölün atəşi adamın  kələyini kəsəcəkdi. Odur ki,yola gecələr çıxarmışlar. Mafraşlarla, qab-qacaq yığılmış  heybələrlə, xurcunlarla yüklənmiş, içinə palaz-kilim döşənmiş, arvad-uşaqla, məmə yeyəndən pəpə deyənə qədər colma-cocuqla dolu at arabalarını köhlənlərin belində erkəklər müşayət edərmiş. Köçün sağında–solunda heybətli çoban itləri qaçışarmış. Amma yenə də bu gecə səfərləri qorxu-ürküsüz,vahiməsiz,təhlükəsiz ötməzmiş,illah da  Bərk dərə adlı məşum bir yerdən keçəndə eymənərlərmiş..

Bərk dərə Göyçayın yaxınlığında kalafa kimi bir yerdir və arandan dağlara –Quşencəyə, İvanovkaya, İsmayıllı meşələrinə, Çayqovuşana gedən yol o vaxtlar burdan keçərmiş. O zamanlar Bərk dərə qaçaq-quldur yuvası kimi ad çıxarıbmış. Burda pusquda duran həramilər çox vədə köçlərə basqın edər,yaylağa gedənlərin var-yoxunu soyarmışlar.Yalnız bir halda köçə dəyib dolaşmağa cəsarət etməzlərmiş – at belində hündür boylu, zəhmli-zabitəli, qarabuğdayı bir kişi olanda. Bu kişi nəslimizə soy adı vermiş ulu babamız Məmmədxan idi.

Ata nənəm Məryəm xanım (ona atamın, bibilərimin diliylə “ciji” deyərdik, ana nənəmə anamın diliylə “ana” dediyimiz kimi) danışardı ki, Məmmədxan köçü müşayət etməyəndə qaranlıqda Bərk dərədən keçərkən arvadlar quldurlar eşitsin deyə uca səslə deyərlərmiş: qurbanın olub Məmmədxan, şaşqanı yuxarı çək,ucunu yer aparar.

Guya ki, Məmmədxan burdadır,onlarladır,belində də uzun qılıncı var və bu böyründən sallanmış qılıncın  ucunu yer apara bilərmiş.Məmmədxanın adını eşidən quldur-qaçaqlar qorxuların-dan cıqqırlarını çıxarmazlarmış.

Bərk dərənin  məşum kabusu Məmmədxan dövründən çox sonralar da köçləri qorxuzurmuş. Bibim Sarə Məmmədxanlı mənim xahişimlə qələmə aldığı “Xatirələr”ində yazır:

“Bir dəfə Quşencədən arabayla gəlirdik.Rəsul çiynində dayımın tüfəngi arabanın yanı ilə piyada gedirdi.Bir də gördük ki, Bərk dərənin yanında bir kişi durub. Rəsul kişiyə: –burda niyə durmusan? –dedikdə kişi: –Heç,kəndə  gedirəm”-cavabını verdi. Rəsul: –Onda düş qabağıma,kəndə get-dedi.Kişini qabağına qatıb kəndə yola saldı”.

(Şəkil 1. Rəsulun atası Mirzə İbrahim Məmmədxanlı)

Bərk dərəylə bağlı bir əhvalatı da nənəmdən eşitmişdim.Yenə də köç buradan keçəndə birdən-birə araba çevrilir,hərə bir tərəfə səpələnir.Arabada Şirin bacı adlı  şamaxılı qohumları da varmış. Dağılmış əşyaları toplayıb arabaya yığırlar, handan-hana yenidən arabaya minib yola düşən kimi Şirin  bacı heç nə olmayıbmış kimi: hə,onu deyirdim axı ay Məryəm bacı – deyə bayaqki söhbətini davam edib. Bunu danışan nənəm qarnı atıla-atıla gülərdi.Onu da danışardı ki,bu Şirin bacı hamının qeybətini doyunca qırandan sonra deyərmiş: –Nə işimizə,özləri bilər?

Məmmədxan o dövrün feodallarından biri imiş,bir para kəndi varmış – Çiyni,Bərgüşad,Qazıyan.Nəslimizin əsli indiki ərazi bölgüsünə görə Ucar rayonuna daxil olan Çiyni kəndindəndir. Çiyni Bərgüşad dəmir yol stansiyasından üç-dörd kilometr aralıdır.

Bir neçə il bundan qabaq ATV kanalının təşəbbüsüylə bu yerlərə getdim, hansısa süjet üçün məni soykökümüzlə bağlı kəndlərdə çəkdilər.Burdakı kəndlərdən birinin adını sovet vaxtında Kirovsk qoyublarmış. Təəccüb və sevinclə gördüm ki, yerli camaat öz təşəbbüsüylə bu cıbbılı kəndin adı yazılmış lövhədən inqilab tribununun adını pozub yerinə Ənvər Məmmədxanlı soyadını yazıblar.Bakıya qayıdandan sonra Milli Məclisin əlaqədar Komissiyasına müraciət etdim.Sağ olsunlar. İndi bu kiçik kənd  Ənvər Məmmədxanlı adlanır.

Uşaqlığımda nənələrimdən dinlədiyim nağıllarla,anamın mənə danışdığı xalq dastanlarıyla bərabər cijimin, atamın, Ənvərin, bibilərimin ara-sıra Məmmədxan haqqında danışdıqları da yaddaşıma əfsanə kimi həkk olunub və bu söhbətləri əlvan ailə folkloru kimi xatırlayıram.

Bu söhbətlərdən belə nəticə çıxarırdım ki, Məmmədxanın qoçaqlığı,zəhmi-zabitəsi, amma həm də zalımlığı bütün Ərəş mahalında məlum  imiş.

Şəcərə ağacımızı təhlil edərkən,yəni adları dəqiq bəlli olan baba, oğul, nəvə, nəticə ardıcıllığını müəyyənləşdirərkən – Məmmədyar oğlu Məmmədxan, onun oğlu Mahmud ağa, nəvəsi Məmməd ağa,nəticəsi Mirzə İbrahim – aydınlaşır ki, Məmmədxan təqribən X1X əsrin əvvəllərində yaşamışdır,Bayat əşirətinin Şahsevənlər tayfasından imiş.

Ümumiyyətlə bu dolaylar qədim türk qəbilələrinin əzəli məskənlərindən olub. Bu yerlərin şəhər, kənd, oba, çay, dağ adları buna ən yaxşı sübutdur. Göyçay,Ağdaş, Ağsu, Ucar, Bayat, Türkəçə, Xalac, Qaraqoyunlu, Padar, Alpout (Alpigid), Qarabörk, Qaraməryəm, Qoşaqovaq, Çaparlı, Topçu, Qızılqovaq, Yeni arx, Quşencə (Quş-yengicə), Çayarxı, Arvan, Boz dağ – hamısı xalis türk sözləridir, bəziləri Qaşqarlı Mahmudun,Rəşidəddinin kitablarında hifz olunmuş qədim oğuz boylarının adlarıdır. Ərəb istilasıyla bağlı adlar da var, onlarda da zamanın özəlliyi əks olunur, məsələn Ərəb-cəbirli,yəni cəbrlə,zülmlə ərəbləşdirilənlər.

Bayat boyu – Dədə Qorqudun,Füzulinin boyudur. Bayat adlı kəndlər Qarabağda, Quzey və Güney Azərbaycanın başqa yerlərində də var.Ümumiyyətlə bayatlar Cənubi Qafqazdan Doğu Anadoluya, İraqa qədər böyük bir sahədə məskunlaşıblar. Atamın qəribə,bir az da sadəlöhv gümanı vardı –Füzulinin əcdadlarının məhz  bu Bayat kəndindən, Çiyni yaxınlığındakı Bayat kəndindən olduğunu iddia edirdi.Bu  fərziyyə şeirlərində də əks olunub. Rəsul Rzanın tamamlanmamış “Fizuli” poemasının “Uzaq yollardan gələn” adlı fəslində Fizulinin valideynlərinin Azərbaycandan İraqa gəlmələri təsvir olunur:

Bağdad hara
Boyat hara
Qırılmış təsbeh kimi

Karvan tökür günləri
Qaynar,uzaq yollara.
Bağdad hara,
Boyat hara
Dəvə ləpirləri
Xəzəl kimi düşür yollara...

Atamda qətiyyən yerliçilik hissi yox idi.Ümumiyyətlə mənim müşahidələrimə görə Azərbaycanın bir sıra başqa regionlarından fərqli olaraq göyçaylılarda yerliçilik təəssübü deyilən şeydən əsər-əlamət yoxdur. Bəlkə hətta tərsinədir, öz həmyerlilərinə qarşı bir növ etinasız,biganə,soyuqdurlar. Bu onların məziyyətləri yox- xüsusiyyətləridir və bu xüsusiyyət,məncə onunla bağlıdır ki,Göyçay nisbətən cavan şəhərdir,olsa-olsa – yüz əlli-iki yüz  yaşı var. Odur ki, şəhərin qədim qohum-əqrabalıq,köklü-köməcli nəsillərin bağlılığı, uzun tarix boyu formalaşmış yerlilik hissi və bundan doğan yerliçilik ənənəsi də  yoxdur.Rəsul Rza da Göyçayı uşaqlıq xatirələriylə bağlı şəhər kimi sevir, həmyerlilərini bütün başqa azərbaycanlılardan zərrə qədər də ayırmırdı,onlara ərköyün münasibət bəsləmirdi.  Göyçaya həsr etdiyi yeganə şeir bu sətirlərlə başlayır:

Həmyerlim bir qoca dedi: Eloğlu!
Bəs öz vətənindən yazmırsan niyə?
Bizim bu Göyçayın gözəllikləri
Yaraşıq olmazmı şeirlərinə.

Bu xəyalı qocanın məzəmmətini qəbul edərək “Göyçay” şeirini yazır və bu Rəsul Rzanın məncə ən zəif şeirlərindəndir. Bunu vaxtıyla rəhmətliyin özünə də demişdim. Adətən mənim “tənqidlərimi” təmkinlə qarşılayan və bəzən hətta nəzərə də alan atam bu səfər rəyimlə razılaşmamışdı. Nə isə... İndi burda həmin şeiri xatırlamağımın məqsədi başqadır. Şeirin bir yerində Göyçay torpağı haqqında deyilir:

Bu adi torpağın qoynunda bir gün
Həbibi, Füzuli dünyaya gəlib. 

Bu sətirlərdə artıq güman,fərziyyə deyil,qəti təsdiq var.

Atamın Füzulinin “göyçaylı” olması haqqında fikrinin bir səbəbi  də böyük şairin ustadı Həbibinin Çiyninin yaxınlığında yerləşən Bərgüşad kəndindən olmasıydı. Həbibi Bərgüşaddan çıxıbsa Füzuli nədən ona qonşu olan Boyatdan çıxmasın? Atamın bu fərziyyələri evdə anamın da,mənim də yüngülvari zarafatlarımız üçün hədəf idi. Ümumiyyətlə atamla anamın münasibətlərində xəfif bir yumor, zarafat çaları – gəncəli-göyçaylı “höcəti” vardı və əlbəttə bu qeyri –ciddi bəhsə-bəhsdən heç biri incimirdi. Moskvada yaşayan türkoloq Tofiq Məlikli atamla, əslən gəncəli olan akademik Həmid Araslıyla, türk şairi Fazil Hüsnu Dağlarcayla Azərbaycan rayonlarına səfərə çıxmalarını xatırlayır. Yol boyu Rəsul Rzayla Həmid müəllim Gəncəninmi Göyçayınmı çinarlarının daha əzəmətli olması haqqında zarafatyana mübahisə aparırmışlar.Əlbəttə,təkrar edirəm, bunlar yalnız məzələnmə səviyyəsində zarafatlar idi. Rəsul Rzanın ən çox sevdiyi və tarixiylə öyündüyü şəhərlərimizdən biri Gəncə idi.

Yaxşı yadımdadır, Cavad xanın məğrur,əyilməz,mərd şəxsiyyətiylə qürur duyur, onun haqqında poema yazmaq istəyirdi.Atam Kirovabada tarixi Gəncə adının qaytarılması haqqında Azərbaycan KP MK-ya məktubla müraciət etmişdi və bu arzusunun həyata keçməsini gözləmədən Gəncə haqqında şeir yazmışdı:

Tarixlərdə əyməmisən başını
Qarşısında heç bir yadın a Gəncəm
Neçə qurban bahasına qazandın
Şöhrətindən xəbər verən bu adı.   

Bu sözlərə mərhum bəstəkarımız Telman Hacıyev oynaq bir mahnı bəstələmişdi. Mahnını Elmira Rəhimova gözəl ifa edirdi. Bir-iki dəfə efirə gedəndən sonra  “Gəncə” sözünə görə mahnını qadağan etdilər.Yalnız o vaxt Mərkəzi Komitədə məsul vəzifədə çalışan Tofiq Bağırovun təkidiylə  “Gəncə” mahnısı yenidən ara-sıra  efirdə səslənməyə başladı.

“Fizuli” poemasının əsas motivlərindən biri böyük şairi Azərbaycan torpağıyla bir-başa bağlamaq cəhdiydi.. Rəsul Rza İraqı Füzuli üçün qürbət sayırdı.

Deyirlər İraqdan ayrılmamısan
Ömrün Kərbalada,Bağdadda keçib
Əgər doğma idi sənə o yerlər
Niyə bütün ömrün fəryadda keçib?

Füzulinin “saqi bizim eldən gəlirsən,bir xəbər ver aşinalardan” misralarını  da Rəsul Rza məhz bu yöndə mənalandırır:

Qoy min bir fəryad içində
səsini tanımayanlar
Ehtimalla yorsunlar özlərini
Min yüz möhürlü sənədə vermərəm
Öz əlinlə yazdığın
“Bizim” və “el” sözlərini. 

Onu da qeyd edim ki,gətirdiyim parçalar 1958-ci ildə yazılıb,bir il sonra Rəsul Rza İraqa səfər etdi.Görmədən təsvirini verdiyi yerləri- Bağdadı,Kərbalanı gəzdi.Ən vacibi isə odur ki,bu səfər nəticəsində əvvəlki təsəvvürü – Fizulinin qürbətdə,yad  mühitdə yaşaması haqqında fikri  ciddi təbəddülata uğradı. “İraq sözü nədənsə həmişə “fəraq” sözünü mənim yadıma salır” cümləsiylə başlayan “Uzaq ellərin yaxın töhfələri” adlı essesində Rəsul Rza özü üçün də, Quzey Azərbaycanda yaşayan xalqımızın əksəriyyəti üçün də mühüm bir kəşf edir: Füzuli İraqda qanı qanımızdan,dili-dilimizdən olan türk xalqının içində yaşayıb yaradıb.İndi məcburən özlərini “türk” deyil, “türkman” adlandıran,danışıq dilləri azərilərlə eyni olan bu xalqın folklor inciləri –bizim bayatıların ekizləri – xoyratlar haqqında oxucularımıza ilk müfəssəl  məlumatı verən də atam oldu.Bu səfərdən sonra şairin gəldiyi qənaət beləydi:

Şəkil 2. (Soldan Məryəm xanım, Sarə, Məmmədhüseyn Rzayev, Kubra (qucağında qızı Qədriyyə ilə), İmmihani, Arxada ayaq üstə Rəsul, Sura, Öndə Vahidə, Həbibə, Ənvər, Niyazi, Turə, Həbibə,)

“Mən inandım ki, Füzulinin yaşayıb yaratdığı yerlərdə onun azəricə əsərlərini oxuyan,onun poeziyasına qiymət və qüvvət verən minlər,yüzminlər varmış, Fizuli dili dilindən,dərdi dərdindən, sevinci,arzusu,həsrəti  onunla bir olan doğma xalqın əhatəsində yaşamışdır. O xalqın ki, neçə əsrlər boyu Kərkük, Ərbil, Mosul dolaylarında yaşayır, dili, adət və ənənələri ilə hakim ərəb xalqına heç bir bənzəyişi yoxdur, deyilənə görə sayı yarım milyona yaxın olan bir xalqdır”.

Mahmud Qaşqarlı “Divani lüğət-it türk” adlı ensiklopedik kitabında yazır ki, bayatlar oğuzların 22 qolundan biridir. “Oğuzlar” tədqiqatının müəllifi,görkəmli türk alimi Faruk Sumer qeyd edir ki, Bayatlar Səfəvi dövlətinə xidmət etmişlər. Ağdaşdakı məscidin adı Qızılbaşlar məscididir. Həmədan ətrafında yaşayan bayatların bir qismi Şah Abbasın vaxtında Quzey Azərbaycana köçüb. İslam ensiklopediyasına görə Dördüncü Murad Bağdadı tutduqdan sonra özü ilə Bağdaddan 12 nəfər bayat musiqiçisini İstanbula gətirmiş, Bayat muğamını və bayat musiqisini Türkiyədə tanıtmışdır. Bayatlar folklorumuzun nadir incilərinə bayatılara adlarını verdikləri kimi musiqimizdə də “Bayatı qacar”, “Bayatı kürd”, “Bayatı Şiraz”, “Bayatı İsfəhan” muğam dəsgahlarının adlarında yaşayır. Şiraz, İsfəhan fars şəhərləridir, kürd-kürddür, amma bu şəhərlərdə də,bu xalqların arasında da səslənən musiqi janrı –”bayatı” adıyla – bayatlarındır, türklərindir.

Bayatlara nisbətən “şahsevənlər” adı daha yenidir. İslam ensiklopedisinin yazdığına görə Səfəvi hökmdarı Birinci Təhmasib (1524-1576) xəstələnəndən sonra taxt-tac uğrunda  ixtilaflar başlarkən türkmən bəylərinin bir bölümü İsmayıl Mirzəni dəstəkləyir. İsmayıl Mirzə ikinci İsmayıl adıyla taxta çıxanda bu bəylərin xidmətlərini unutmur və onlara xüsusi sevgiylə yanaşır. Beləliklə, şahsevənlər – “şahı sevənlər” deyil, “şahın sevdikləri” anlamındadır. İslam ensiklopedisində o da qeyd olunur ki,şahsevənlər “türkcenin azeri lehcesinde konuşurdular”. XVIII əsrdə  şahsevənlərin öz aralarında ikitirəlik başlanır, onlar Ərdəbil şahsevənləri və Möhsün qolu deyə bir-birinə müxalif hissələrə ayrılırlar.Bir bölümü də XIX əsrin əvvəllərində Quzey Azərbaycana gəlir. Güman ki,Məmmədxan da Quzey Azərbaycana elə o dönəmlərdə gəlib.

XIX əsrin ilk rübü Azərbaycan tarixinin ən gərgin,ən mürəkkəb dövrüdür.Yarımüstəqil Azərbaycan xanlıqları bir-biriylə çəkişmələri,didişmələri nəticəsində həm Rusiyanın istilası,həm İranın hökmranlığı qarşısında aciz qaldılar və rus-İran müharibələri nəticəsində bir-bir çar Rusiyasının itaəti altına keçdilər. Bu dövrün nisbətən geniş torpaqlara malik olan nüfuzlu xanları Gəncədə Cavad xan, Qarabağda İbrahim xan, Şəkidə Hacı Çələbi xan, Qubada Fətəli xan, Naxçıvanda Kəlbəli xan, Şirvanda Mustafa xan idi.Onların çağdaşları olan xırda feodallar da vardı,onlar da bir-biriylə, bəzən də lap elə o böyük,məşhur xanlarla öcəşirdilər.Belə kiçik feodallardan biri də Məmmədxan idi.

Ailə rəvayətlərində Məmmədxanın Şirvan xanı Mustafa xanla ədavətindən söz açılırdı. Hətta bir versiyaya görə  Məmmədxanı  qonaqlıqda Mustafa xan zəhərlədibmiş. Ancaq o da yadımdadır ki,Mirzə Fətəli haqqında roman üzərində işlərkən XIX əsr Azərbaycan tarixini dərindən dərinə öyrənən, xanların bioqrafiyalarına yaxından bələd olan Ənvər Məmmədxanlı ulu babamızıın  “düşməni” Mustafa xanı müsbət qiymətləndirirdi, onu istilaçı çar ordusuna qarşı ən qəti müqavimət göstərən qeyrətli xanlarımızdan biri hesab edirdi.

Məmmədxan özu də rusların qurbanı oldu. Ailəmizdə bu ulu babamıza ən böyük təəssübkeşliklə yanaşan, Məmmədxanın qəddarlığı haqqında zarafatlarımıza həmişə ciddi-cəhdlə etiraz edən kiçik bibim Həbibə  xanım anasından eşitdiklərini xahişimlə yazıb mənə vermişdi.Qarışıqlıq düşməsin deyə dəqiqləşdirmək istəyirəm: Həbibə Məmmədxanlı Ənvərin ən kiçik bacısıdır,onların ataları Qafarla Rəsulun atası İbrahim doğma qardaş,Rəsulun anası Məryəm xanım və Ənvərgilin anaları İmmihanı doğma bacıdırlar. Yəni iki qardaş iki bacıyla evlənmişlər. Odur ki, bu əmiuşağı, xalauşağılar ta körpəlikdən bir yerdə böyümüş,ömür boyu ən yaxın və mehriban münasibətlərdə olmuşlar.Mən də gözümü açandan Ənvəri, onun kiçik qardaşı Niyazini əmilərim kimi, bacıları Vahiləni, Arifəni, Həbibəni  atamın doğma bacıları Kubra, Sarə, Surə, Turə kimi bibilərim bilmişəm.

Həbibənin anası İmmi xalanın dilindən eşidib yazdığı söhbəti olduğu kimi gətirirəm:

“Bir gün Məmmədxanın yanına qonşu kənddən çapar gəlir. Xanın ayağına yıxılır:

–Başına dönüm xan- deyir. Bizə kömək elə. Kəndimizə bir dəstə urus soldatı gəlib. Yerləşdirdik. Əppəklərini,çaylarını verdik. İndi də yapışıblar ki,bizə qadın verin,gəlinlərinizi,qızlarınızı gətirin. Umudumuz bir sənədir. Bizi bu rüsvayçılıqdan ancaq sən qurtara bilər-sən.

Məmmədxan bir qədər fikrə gedir,sonra çapara deyir ki, get de ki,bu saat gətirəcəyik. Çapar kor-peşman geri qayıdır.Məmmədxan oğlanlarına əmr edir ki,atlanın. Yeddi oğul (Məmmədxanın yeddi oğlu və bir qızı olub- A.) atalarıyla birlikdə silahlanıb həmin kəndə gəlirlər. Deyilənə görə soldatlardan bir nəfəri də olsa qaçıb qurtara bilmir. Hamısını qılıncdan keçirirlər. Bu hadisədən sonra rus generalı Məmmədxanı tutub gətirən adama böyük  ənam vəd edir. Vaxt keçir, Məmmədxanı tutmaq ruslara müyəssər olmur. Günlərin birin-də Məmmədxanı Şamaxıda Mahmud ağa qonaq çağırır. Bundan xəbər tutan ruslar evi əhatəyə alıb Məmmədxanı ələ keçirirlər. Bir neçə gündən sonra ölüm xəbəri gəlir. Onu qazamatda zəhərləyib öldürürlər. Bu hadisədən sonra oğulları hərəsi bir tərəfə dağılır.Bir təkcə böyük oğlu Mahmud ağa Vətəndə qalır. Məmmədxanın kəndlərini isə müsadirə edib Təbətəbaiyə verirlər”.

Dediyim kimi ailəmizdə Məmmədxanın qeyrətli,mərd adam olmasıyla bərabər onun zalımlığı,qəddarlığı haqqında da danışırdılar.Ənvər bu söhbətləri çox sakit, yumorlu bir tərzdə qəbul edirdi, rəhmətlik  Həbibə isə belə danışıqlardan yaman əsəbiləşirdi. Yadımdadır, “Anarla üz-üzə” televiziya filmində babalarımla bağlı suallara cavab verərkən demişdim ki, Məmmədxan çox qoçaq,amma həm də əzazil adam olub.Bu sözlərə görə Həbibə məndən əməlli başlı incimişdi: “Yönsüz ( “yönsüz” göyçaylıların dilində ən sərt ifadələrdəndir) o nə sözdür danışırsan? Camaat babalarını şişirdib  göyə qaldırır, sən də başlamısan ki, nə bilim əzazil olub,flan...”.

Amma axı Məmmədxanın zalımlığı haqqında söhbətləri də özümdən uydurmamışam, nənəmdən,bibilərimdən,lap elə Həbəşin (ailədə Həbibəni belə çağırırdıq) özündən eşitmişəm.

Məmmədxanın düşmənləri (nənəm: “müddəiləri”- deyərdi) çox imiş və onlardan bəzən çox əcaib şəkildə qisas alırmış,bir düşməninin əl-ayağını bağlayıb eşşəyə tərs mindirir, başına da qatıq töküb evinə göndərir. Həbibədən eşitdiyim başqa bir söhbət: “Məmmədxan sərt təbiətli adammış. Amma düzlük,namus-qeyrət məsələsində ad çıxarıbmış. Qoçaqlığının şöhrəti çox yayıldığı üçün onu sevməyən,ona paxıllıq edənlər də az deyilmiş. O həndəvərdə yaşayan bir neçə kişi yığışıb bu qərara gəlirlər  ki, bəsdir, Məmmədxanın şücaətindən danışıqlar lap bizi təngə gətirib.  Gəlin gecəykən yığışıb onun axırına çıxaq. Gecə silahlanıb yola düşürlər, Məmmədxanın evinə yaxınlaşanda mehtərinə acıqlanan xanın səsini eşidəndə canlarına vicvicə  düşür, yaxındakı qovaq ağacının altında gizlənirlər, heç biri cürət edib irəli gedə bilmir. Axırda  biri dillənir ki, özümüzü niyə qana salırıq. Gəlin elə bilək ki,bu qovaq ağacı Məmmədxandır. Çəkək qılıncı düşək onun üstünə. Elə də edirlər, yazıq ağacı neçə yerdən yaralayıb gedirlər. O vaxtdan həmin nəslə “qovaqçapanlar” adı verilir. Bu ad həmin nəslin üstündə lap son zamanlara qədər qalırmış”.

Bu epizoddan (az sonra yazacağım başqa epizoddan olduğu kimi) bir az “ədəbiyyatbazlıq” (“literaturşina”) qoxusu gəlir, bəlkə nəsildən-nəslə keçə-keçə gerçək olay bədii cəhətdən bəzənmiş –bəzədilmişdir,amma qəribədir ki,bu səhnə – adamların hirslərini-hikkələrini qovağı çapmaqla soyutmaları – mənə çağdaq dünyamıza aid olan bir məlumatı xatırlatdı, demə müasir Yaponiyanın bəzi şirkətlərinin sahibləri öz mulyajlarını (oyuqlarını, müqəvvalarını, kuklalarını) düzəldib fabrikin qabağında qoyurmuşlar və fəhlələr, qulluqçular sahibkara qızanda hirslərini soyutmaq üçün həmin mulyajı-müqəvvanı qürmanclayır, təpikləyir, doyunca əzişdirirmişlər. Deyq Karneqinin davranış dərslərini andıran bu üsulu demə çinlilər yaponlardan bir əsr əvvəl icad ebiblərmiş.

Məmmədxanla bağlı rəvayətlərin ən müdhişi gənc  zövcəsiylə bağlı əhvalatdır. Övladlarından ən çox böyük oğlu Mahmul ağanı istəyirmiş, yeganə qızına gələn elçiləri isə döyüb qapıdan qovarmış. Burda istər-istəməz “Kitabi- Dədə Qorqud” qəhrəmanlarından Dəli Domrul yada düşür.Bir gün Məmmədxan səfərdə olan vaxt yenə qızına elçi gəlir. Mahmud ağa onları qəbul edir,razılıq verir. Evə qayıdanda xəbər Məmmədxana çatır. Bərk hirslənir. Oğlanlarını çağırıb soruşur ki,bunu hansı edib. Mahmud ağa qabağa çıxıb etiraf edir ki, mənim işimdir. Məmmədxan:-şükür – deyir. Sən mənim ilkim, istəkli oğlumsan.O birilərdən hansı bu qələti eləsəydi,öldürərdim. İndi ki,söz veribsən, Allah mübarək eləsin”.

Birinci arvadı öləndən sonra Məmmədxan cavan qızla evlənir. Deyilənə görə onu çox sevərmiş. Hansı paxıl namərdsə (Yaqo!-A.) kişini yavaş-yavaş qandırır ki,cavan zövcəsi meylini  Mahmud ağaya salıb.Bir gün Məmmədxan görür ki, Mahmud ağa araqçınını analığına atıb: bunu yu-deyir. (Burda araqçın Dezdemonanın yaylığı yerindədir-A.).Qan vurur Məmmədxanın başına, yazıq qadını öldürür.

Sonra ev qulluqçularını dindirır,məlum olur ki, qadının heç bir günahı yoxmuş, haqqında deyilənlər qara böhtan imiş.  Məmmədxan az qalır  dəli olsun.Əmr edir ki,kənddə tam sükut olsun. Kimin iti hürüb ya xoruzu banlayıb. Kiçik xanımı – öldürdüyü arvadını yuxudan (!-A.) oyatsa onu doğram-doğram doğrayacaq.Biçarə kənd əhli  itlərini-pişiklərini damda bağlayıb,qapıları bərk-bərk bağlayırlar ki, səsləri eşidilməsin. Bu dəhşətli hadisədən sonra Məmmədxan uzun müddət xanənişin olub evdən çıxmırmış.

Mənə elə gəlir ki, Həbibə xanım ulu babamızın təəssübünü çəkərək anasının söhbətini bir az yumşaldıb. Çünki uşaqlıqda mən İmmi xalanın böyük bacısı Məryəm xanımdan-nənəmdən həmin əhvalatın daha məşum təfərrüatını eşitmişdim. Ümid edirəm ki, həqiqətin(ya rəvayətin) tam dolğunluğu naminə  cijimdən eşitdiyim təfərrüatları yazsam əziz Həbəşin ruhu məndən inciməz.  Məmmədxan gənc arvadını elə – belə öldürməyib,cijimin danışdığına görə doğram-doğram doğrayıb onu. Qayınanası, Kiçik xanımın anası hardansa bu dəhşətli xəbəri eşidib,yüyürüb gəlib,qapını döyməyə başlayıb, qapını açan olmayıb, qızının fəryadını eşidən anası ağlını itirib, qurd kimi ulamağa ,qoyun kimi mələməyə,inək kimi böyürməyə başlayıb.

(Ardı var)

 





05.03.2013    çap et  çap et