525.Az

“Dana oğrularından pul alıb Avropa Şurasının siyahısına salırlar”


 

“Dana oğrularından pul alıb Avropa Şurasının siyahısına salırlar”<b style="color:red"></b>

Milli Məclisdə insan hüquqları üzrə müvəkkilin illik məruzəsi müzakirə edilir.

Lent.az-ın verdiyi məlumata görə, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, hesabatla yaxından tanışdır və səs verəcək. Qüdrət Həsənquliyev deyib ki, ombudsman aparatı tərəfindən kifayət qədər işlər görülüb, amma bəzi təkliflərim var ki, növbəti hesabatda bu nəzərə alınsın: “Ombudsman ilə bağlı qanuna görə insan hüquqlarını pozan və müvəkkilin tələbləri ilə razılaşmayan dövlət və yerli özünü idarəetmə orqanlarının vəzifəli şəxslərinin adları çəkilir, onlarla bağlı görülmüş tədbirlər barədə hesabatda məlumat verilir. Amma indi verilmədi və təklif edirəm növbəti hesabatda bu nəzərə alınsın”.

O, hesabatda hüquq-mühafizə orqanlarından xaric edilən əməkdaşlarla bağlı məsələyə toxunub: “Bu, ombudsmanın fəaliyyətinin nəticəsidir, yoxsa həmin əməkdaşlar başqa səbəblərdən işdən çıxarılıb? Yəni bu məsələnin insan hüquqları ilə nə dərəcədə bağlıdır ki, hesabatda əksini tapıb”.

Millət vəkili Elmira Axundova bildirib ki, ombudsman institutu insan haqqlarının qorunması istiqamətində 10 il ərzində böyük yol keçib. Onun sözlərinə görə, qanunun tələblərini pozduğuna görə həbs olunan bir sıra şəxslər bəzi  beynəlxalq QHT-lərin “siyasi məhbus” siyahısına daxil edilir. Elmira Axundova ombudsmana özünü “siyasi məhbus” adlandıran şəxslərlə bağlı real vəziyyəti beynəlxalq təşkilatlara çatdırmasının vacib olduğunu vurğulayıb.
 
 Millət vəkili Qənirə Paşayeva deyib ki, məruzədə ən çox şikayətlərin hansı sahələrdən olduğu göstərilib: “Bu problemlərin həllini tapması tək ombudsmanın üzərinə düşən məsuliyyət deyil, məsuliyyət dövlət qurumlarının üzərinə düşür. Məsələn, ünvanlı sosial yardımla bağlı məsələni qeyd etmək istəyirəm. Kiminsə bir yararsız bir avtomobili , yaxud əkin üçün yararsız torpağı varsa, ona ünvanlı yardım verilmir. Yaxud evdə əlil var, onsuz da ona ayrılan pul ona güclə çatır. Əlilə verilən pul niyə ünvanlı sosial yardımın verilməsinə mane olmalıdır?! Sosial müavinətlər haqqında qanunda birinci qrup əlillərə, yaxud 18 yaşa qədər əlillərə görə müavinətlər nəzərdə tutulmalıdır ”.

Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini Siyavuş Novruzov ombudsmanın hesabatında dövlət orqanlarına tövsiyyələrin verilməsinə diqqət çəkib: “Bu da Elmira xanımın kiçik bir aparatla kifayət qədər ciddi işlər gördüyünü göstərir. Məruzədən də görünür ki, tək bir sahədən 12 min müraciət daxil olub. Bütün bunlar göstərir ki, ombudsman institutu çox uğurla fəaliyyət göstərir. Şahidiyik ki, müxtəlif QHT, jurnalist təşkilatları 5 il əvvəl dediklərini indi də təkrarlayır, insan haqlarının pozulduğunu iddia edirlər. İnsan hüquqlarının pozulması hallarına bütün ölkələrdə rast gəlinir. Belə qərəzli münasibətin əhatəsində ombudsman Azərbaycanda insan hüquqları ilə bağlı ədalətli mövqe ortaya qoyur və harada problem var, aradan qaldırılır. Bəzi hüquq-müdafiə təşkilatları hüquq müdafiəsini biznesə çevirib. Bəziləri dana oğrularından pul alıb, adlarını Avropa Şurasının siyahısına salmasının şahidi olmuşuq. Bəzi ağır cinayət törədənlərin də adları belə siyahılara salınır. Bəzi vəkillər də vəkillik fəaliyyəti yox, ara düzəltməklə məşğul olur. Belə ağır dövrdə Elmira Axundovanın belə yaxşı məruzə təqdim etməsi təqdir olunmalıdır”.

 





05.03.2013    çap et  çap et