525.Az

98 il əvvəlin odlu-atəşli avqust günləri


 

MİLLİ DÖVLƏTÇİLİYİMİZİN TARİXİNDƏ PARLAQ SƏHİFƏ KİMİ YER ALMIŞ SAVAŞIN - BAKI UĞRUNDA DÖYÜŞLƏRİN NÖVBƏTİ İLDÖNÜMÜ TAMAM OLUR

98 il əvvəlin odlu-atəşli avqust günləri<b style="color:red"></b>

Müstəqil Azərbaycanın, milli dövlətçiliyimizin, xüsusən də paytaxtımız Bakının tarixində ən unudulmaz və şərəfli səhifələrdən biri kimi qeyd etdiyimiz 15 sentyabr zəfərinə aparan vuruşmaların böyük qismi 1918-ci ilin qızmar avqust günlərində baş verib. Çünki qardaş Osmanlı Türkiyəsinin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə göndərdiyi hərbi qüvvələri bu ayda bir sıra tarixi əhəmiyyətli döyüşlərə girərək qalibiyyətə nail olub.

Bu döyüşlər nəticəsində, həm Cümhuriyyətimizə qarşı yaranacaq ciddi təhlükə aradan qalxıb, həm də Bakı və ətraf rayonlarda erməni-bolşevik zülmünə son qoyulub.Bu yazı ilə o günləri bir daha xatırlayır, vətənimizin, paytaxtımızın azadlığı uğrunda qəhrəmancasına savaşmış soydaşlarımızı ehtiramla, minnətdarlıqla yad edirik.

1918-ci il mayın son günlərində əvvəlcə Gürcüstan, ardınca isə Azərbaycan və Ermənistan Tiflisdə öz müstəqilliyini elan etdi. Lakin Azərbaycanda faktiki olaraq ikihakimiyyətlilik mövcud idi. Belə ki, Azərbaycanın şərq hissəsi (Bakı quberniyası) burada fəaliyyət göstərən Xalq Komissarları Sovetinin təsiri, qərb hissəsi isə (Yelizavetpol quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin hakimiyyəti altında idi. Göründüyü kimi Azərbaycanın paytaxtı Bakı Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti tərəfindən işğal edildiyindən Gəncə müvəqqəti paytaxt oldu. Elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq və onu real dövlət qurumuna çevirmək milli-demokratik qüvvələrin ən çətin vəzifələrindən biri idi.

1918-ci ilin yayında Azərbaycanın beynəlxalq vəziyyəti olduqca mürəkkəb idi. Professor Musa Qasımlı “Birinci Dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti” kitabında qeyd edir ki, Azərbaycanda Böyük Britaniya, Almaniya və RSFSR kimi üç böyük dövlətin siyasi və iqtisadi maraqları toqquşurdu.

Onların hər biri Bakı neftinə yiyələnmək istəyir və bir-biri ilə rəqabət aparırdı. Davam edən Birinci Dünya müharibəsi şəraitində mübarizə obyektlərindən biri də Azərbaycan, o cümlədən, onun ayrılmaz hissəsi olan neft Bakısı idi. Dünyanı yenidən bölüşdürmək istəyən böyük dövlətlər üçün həmçinin Xəzər dənizində öz hökmranlığını bərqərar etmək cəhdləri səciyyəvi idi. Yaxın Şərqdə böyük hərbi qüvvəyə malik olan və Sovet Rusiyasına qarşı hərbi müdaxiləni başlayan İngiltərə Bakını onun əlindən almağa və Almaniyanı Bakıya yaxın qoymamağa çalışırdı. İngiltərənin baş naziri D.Lloyd Corc öz memuarlarında yazırdı ki, “biz o vaxt əli qoynunda oturmamışdıq”. Neft mənbələri olan regionların zəbt edilməsi o zaman yanacağa və digər neft məhsullarına kəskin ehtiyac duyan Almaniya hökumətinin də planlarında böyük yer tuturdu. General Lüdendorf belə hesab edirdi ki, Qafqazı ələ keçirməklə iqtisadi blokadanı yarmaq və Almaniyanı iqtisadi cəhətdən gücləndirmək, almanlarda qələbəyə inam oyatmaq mümkün olacaq. Belə bir şəraitdə özü çox ağır durumda olsa da, qardaş Osmanlı Türkiyəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini ölkəmizə göndərdi. Quba, Şamaxı, Urmiya, Səlmas, Təbriz, Bakı və Ərdəbildə on minlərlə günahsız insan erməni-rus vəhşiliyinə məruz qalarkən igid Nuru Paşa Osmanlı torpaqlarından qalxıb Azərbaycana gəldi və Bakını qurtarmağı hədəflədi. Nuru Paşa burada yerli və Cənubi Qafqazdan gələn könüllüləri də əsgərləri sırasına qataraq Azərbaycanı erməni-rus quldur dəstələrindən qurtarmağa başladı. Düzdür, Osmanlı dövlətinin də Qafqazla bağlı strateji hədəfləri var idi, lakin Qafqaz İslam Ordusu  təkcə strateji maraqlardan yox, mənəvi borc baxımından da azərbaycanlıların köməyinə gəlmişdi.

Türk qoşunları Azərbaycana gəldiyi gündən qaynar döyüş şəraitinə düşdü.Qafqaz İslam Ordusu Azərbaycanın istiqlalı uğrunda Gəncədə, Göyçay-Ağsu-Şamaxı-Bakı şosesinin hər iki tərəfində, Müsüslü-Kürdəmir-Karrar-Hacıqabul-Bakı dəmiryolu boyunda, Qarabağda və Kür çayı sahillərində vuruşa-vuruşa  98 il bundan öncə qızmar avqust günlərində Bakıya yaxınlaşdı.

Bakıdakı Xalq Komissarları Soveti və Şaumyan bütün ümidini Rusiyadan köməyə gələcək hərbi qüvvələrə bağlamışdı. Sovet Rusiyasının rəhbəri Lenin isə silah və ləvazimat yardımını artırırdı. Artıq avqust ayının ilk günündə bolşevik hərbi qüvvələri Bakını müdafiə etmək üçün Biləcəri-Heybət dəmir yolunun cənubuna və şərqinə çəkilərək müdafiə xətti qurmağa çalışırdı. Bakının qərbində yerləşən dəmir yolunun şəhərə tərəf olan hissəsindəki yüksəkliklər onların əlində idi.

Mənbələrə görə, 1 avqust hücumu və gün boyu davam edən döyüşlər çox şiddətli olub. Cəbhənin hərbi cinahında bu hadisələr yaşanarkən, Bakıdakı bəzi erməni qruplarının böyük qorxuya düşdükləri və sülh danışıqlarına başlamaq üçün bir heyət göndərməyin yollarını axtardıqları barədə xəbərlər yayılıb. Şərq Cəbhəsi komandiri Mürsəl paşa bu xəbərə əsasən, Bakı ermənilərinə göndərdiyi məktubda, sülh şərtlərinin danışıq əsnasında razılaşdırılacağı, bununla belə şəhər sakinləri arasında heç bir ayrı-seçkilik etmədən hər kəslə yaxşı davranılacağına dair təminat barədə tutarlı fikirlər yazırdı.

1918-ci ildə Bakıda olan türk podpolkovnik Rüşdü bəy “Böyük hərbdə Bakı yollarında” yazısında bildirir ki, Bakını tamamilə mühasirəyə alan Mürsəl paşa, 1 avqust 1918-ci il tarixində Qafqaz İslam Ordusu Komandanı Nuru paşaya, axşam saatlarında orduların yerləşdiyi mövqelər barədə məlumat verdi. Rüşdü bəy Bakının düşməndən təmizlənməsinin an məsələsi olduğunu bildirir.

Nuru paşa isə Mürsəl paşaya göndərdiyi əmrdə Bakının ələ keçiriləcəyi təqdirdə, qarətə yol verilməməsi, asayiş və əmin-amanlığın qoruna bilməsi üçün dərhal fövqəladə hal elan edilməsi, şəhərdə çaxnaşma və qətllərə yol verilməməsi, düşmənin əlindəki top və pulemyotlarla Xəzər dənizindəki gəmilərin dərhal ələ keçirilməsi barədə təlimat verdi. Ancaq türk əsgərinin  top mərmisi azaldığına görə 1 avqustda Qızıl Ordunun müdafiəsini qırmaq mümkün olmayıb.

Avqustun 2-də Bakı yaxınlığındakı döyüşlərdə böyük təzyiq altında qalan düşmən piyadaları Salxana və Qırmızı Qışlanın qərbində bir ara geri çəkilməyə başlamışdılar. Düşmən süvari qoşunu isə bunların qabağını kəsərək, piyadalar arasındakı başıpozuqluğu bərpa edib, cəbhədəki yerlərini qoruyub saxlaya biliblər. Qurd qapısı təpəsində olan düşmən ordusu isə gecədən aldıqları əlavə qüvvələrlə hücuma keçir və hər dəfə də böyük itkilərlə geri çəkilirdi.

Bakının şimalındakı Xırdalan-Biləcəri  cəbhəsində də qanlı döyüşlər gedirdi. Düşmənin Biləcəridə olan zirehli lokomotivinin arxasına və önünə birləşdirilən açıq vaqonlar üzərindəki toplardan türk ordusuna atəş açılırdı. Türk topçusunun sərrast atəşi ilə bu zirehli lokomotiv tamam məhv edildi. Bakı-Biləcəri-Xırdalan dəmir yolu telefon xətti düşmən tərəfindən kəsilmədiyindən, düşmənin danışıqları dinlənilir və əhəmiyyətli informasiya əldə edilirdi.

Avqustun 3-də Mürsəl paşanın Bakıda olan Sentrokaspi Ordusu Komandanı və Erməni Milli Şurası İdarəsinə göndərdiyi məktubdan yazır:

“Bakıdakı Erməni Milli Şurası rəhbəri. Bakının ətrafında Türk Qafqaz İslam Ordusunun döyüşdüyünü və şəhəri mühasirəyə aldığını bilirsiniz. Əgər şəhəri döyüşsüz təslim etsəniz, milli və dini mənsubiyyətindən asılı olmayaraq, Bakıdakı bütün insanların hüququ qorunacaqdır. Xüsusilə Ermənistana getmək istəyən ermənilərə heç bir maneə törədilməyəcəyinə zəmanət verirəm. Əgər şəhər təslim olmasa, axıdılacaq qanlara və dəymiş zərərə görə cavabdeh siz olacaqsınız. Şəhəri təslim etməyə razısınızsa, tezliklə cavabınızı adamlarınızla göndərin”.

Erməni Milli Şurası və Daşnak Partiyası bu məktuba cavab vermədi. Çünki həmin gün köməyə gələcəyi barədə Biçeraxovdan məktub almışdılar. Lakin Biçeraxovun Quba və Xaçmaz bölgələrində dayanmayaraq qüvvələrini Dərbəndə çəkməsi Bakıdakı yeni hökuməti çıxılmaz vəziyyətdə qoydu. Belə olan halda Sentrokaspi rəhbərliyi Bakıda yeni bir səfərbərlik elan etdi. Bakı və ətrafı Səfərbərlik Komissarı Bekzadyan və köməkçisi Qukasyanın imzası ilə bir əmr yayıldı. Bu əmrə görə orduya yararlı bütün əhali ilə ev, fabrik, iş yerləri və mədən komitələrində çalışanların siyahısının çıxarılaraq 3 avqust axşam saat 18-ə qədər hökumətə bildirilməsi istənilirdi. Əks təqdirdə cəza tədbirləri görüləcəyi qeyd edilirdi.

Stepan Şaumyanın Bakıdan qaçmaq cəhdi

Bakıda vəziyyətin ağırlaşdığını görən Stepan Şaumyan avqustun 3-də Bakıdan qaçmağa cəhd etdi. Lakin Ter-Qabrielyan ilə birlikdə gizləndikləri gəmidə Sentrokaspi hökumətinin tabeliyində olan donanma tərəfindən nəzarətə götürüldülər və Bakıya qaytarıldılar. Bakı hökuməti silah və təchizatı təhvil vermək şərti ilə 26 Bakı Komissarlarının şəhərdən çıxmalarına icazə verəcəyinə və bunun üçün on gəmi ayıracaqlarına dair söz verdilər. Bolşevik liderlər, əllərindəki silah, sursat və digər şeyləri təhvil verməyə razı oldular. Bakı yaxınlığındakı döyüşlər 3 avqustda qarşılıqlı pulemyot atəşi ilə davam edirdi.

(Ardı var)

Ramil HİKMƏT

 





20.08.2016    çap et  çap et