525.Az

İlham Qəhrəmanın şeirləri


 

İlham Qəhrəmanın <b style="color:red">şeirləri</b>

Səbəb

Görüşməyə səbəb üçün
Niyə dərinə gedirsən?!
Bu könüldə sarayın var -
Denən görümə gedirsən.
 
Səni düşünmək

Səni düşünürəm, səni haçandır...
Bir acı söz söylə xətrimə dəysin,
Bir acı söz söylə qəlbimi sındır.

Mən səni sevdimsə, əl çəkməyəcəm
Mən sənə vurulsam, vermərəm məhəl,
Zəhləni tökəcəm hər axşam, səhər.

Bir sevən gördünmü heç yanılmaya,
Bir ürək gördünmü qapısı olsun,
Kimsə gəlib döyə, açan olmaya?!

Ağlına da gəlməz, xəbərin yoxdu,-
Sənin işləklərin öldürür məni,
Gözümün altında göl durur mənim.

Ağlına da gəlməz hansı ürəkdə
Axşamı salmısan, gecələmisən,
Bir tanrı bəndəsin gic eləmisən.

Bir Allah şahiddir bu yer üzündə
Sevginin ən bədbəxt girinci mənəm,
Sevgidən dərd gəlsə, birinci mənəm.

Sən elə qəddarsan, elə zalımsan,
Yiyəli bir mülkə köç eləmisən,
Tövbəli ürəyə güc eləmisən.

Məni nə günlərə qoyubdu canın...
Mənə nə etmisən - barmağım azdı,
Deyərəm..., demərəm... hayıfdı canın.

Mənim vurulmağım çox ağır olur,-
Ağır keçirirəm qızılca kimi,
Məni sevən qadın qan-bağır olur.

Səni düşünürəm, səni haçandır...
Bir acı söz söylə xətrimə dəysin,
Bir acı söz söylə qəlbimi sındır.

Bir acı söz denən qırılım gedim,
İlan qabığından, qılınc qınından
Sıyrılıb çıxantək sıyrılım gedim.

Sevgisi dəniz

Günəş səndən doğur,
ay səndən yanır.
Səndən yağış yağır,
səndən qar tökür.
Həyətdə gilənarım var,
o da səndən çiçəkləyir,
səndən bar tökür.
Çəpərdəki qaratoyuğun
avazında havalanarsan,
Bu yaz bir sirrini də açdım -
pəncərəmdə tənəklə
qol-boyun olarsan.
Anamın köynəyimə tikdiyi
dua kimi gözün üstümdədi hər an,
Ürəyim gəlməz,
bu sevgiyə qıymaram.
Saçıma çəkdiyim daraqda,
Qürurla baxdığım bayraqda
görünürsən.
Bütün gözəlliklərdə
yer eləmisən,
Şairə nə lazımdı -
hər yeri, hər şeyi şeir eləmisən.
Sən olan yerdə nə dərd olar?!
Sən sevgisi dənizimsən,
Mən səndə qərq olmuşam
Kim belə bəxtəvər qərq olar?!
lll
Könlüm evi mömindi,
sevgidi qibləsi
Sən bir gülsən,
ürəyim gül ərbəsi.

Bilməsin

Bu günlər ölmək istəmirəm,-
Ona bir söz dedim cavab vermədi,
Mənim dilimdə “gəlsin” bitdi,
onun dilindən qıfıl götürülmədi
yolumu kəsdi “gəlməsin”.
Birdən ürəyinə salar,
dərdindən öldüyümü bilməsin.

İkimiz üçün yer

Duraq bu yerlərdən ayaq götürək,
Gedək gözlərimiz tutan bir yerə,
Gedək könlümüzə yatan bir yerə.

Bütün idmiləri buraxaq qalsın,-
Getməsin bir qanun, bir tabu biznən,
Bir bəndə çəkməsin hesabı biznən.

Doğmadan ayrılaq, yaddan ayrılaq,
Gilizdən ayrılan güllələr kimi -
Bu bizə qoyulan addan ayrılaq.

Mən orda adını Həvva çağırım,
Sən mənim adıma Adam deyərsən,
Bütün tabulara “qadam!” deyərsən.

Ataq əynimizin paltarını da,
Təzə paltar geyək yarpaqdan, otdan,
Bir adam baxmasın bizə gözaltdan.

Bir qaya altını bəyənək evtək,
Adəmlə Həvvanın evidi deyib,-
Səliqə-səhman et, o evə əl çək.

Bir çayın ləpəsi döyən yer olsun,
Səhərlər o çaya qarmaq sallayaq,
Axşamlar əyləşib ayaq sallayaq.

Dolanaq quşumuz qonan yer tapaq
Ora bizdən başqa kimsə getməsin
Elə yer olsun ki, alma bitməsin.

Ayrı haramız var, hara üz tutaq?!
Duraq bu yerlərdən ayaq götürək,
Bir ayaq dəyməyən yerə üz tutaq.

Məktub

(silsilə)

Ürəyim atlanır birdən
Gəzib səni soraqlayım.
Tapım qıvırcıq telini
Barmağımla daraqlayım.

Gözün yadıma düşəndə
Varımdan yox olmağım var.
Boş arxa su dolan kimi
Gözlərimin dolmağı var.

Yaxında uzaq yerimsən
Könül sənin qürbətindi.
Haqqımda üçcə kəlmə de -
Sevdi həsrətlə yetindi.
Xəyallarım yüz don geyir,-
Hər gün bir dərzi tutarlar.
Xəyallarım gerçək olsa,
Görsələr bizi tutarlar.

Qudurub çiyninə ağız atasan

(“Acının şəkli” filmi)

Kömür nəmi çəkən kimi
Canın çəkdiyindən acıyar bir gün.
Çəkdiyin canında yuva eyləyib,
Dişini üstünə qıcıyar bir gün.
Hava bağlayarsan, havan çatışmaz
Yediyin-içdiyin dönər zəhərə...
Günlərin bir günü
ya dəli, ya havalı kimi
durub girərsən şəhərə.
Bir cındırlı pir misallı,
cır-cındır geyib əyninə,
Hərdən qudurmuş vəhşitək
ağız atarsan çiyninə...
Başlayar şəhərin hoydu-hoydusu -
Kim ağaca əl atar, kim basar daşa,
Haşa söyləyərlər - səndən min haşa!
Hər kəs barmağıyla tuşudub səni -
Qısqırdar üstünə bütün itləri.
İtlər yer-yerdən cumar üstünə,
Bir adam deməz ki, tutun itləri.
Bu it bəs kimin itidi,
dişləri belə itidi -
çənəsində gör bir neçə “xəncəri” var?!
Görərsən dalınca düşən itlərin
hamısının boynunda zənciri var.
Qaranəfəs qaçan yerdə
Eşidilməz - kim nə dedi, nə danışdı.
İtlər səmtinə çatanda
görərsən hamısı tanışdı, -
Bu dişin qıcırdan qanığınacan,
Bu zəncir gəmirən əniyinəcən.
Bir dalanda bərk qorxarsan,
Sonra sevinərsən - sən durdun,
şükür, itlər də yavaşıdı!
Görərsən bu itlərin zəncirini
tutan düzmə düzənlər başıdı.
...Yaxında biri dayana,
əlində də kamerası...
“Nə baş verir?” - deyənlərə
deyə ki, “film çəkilir”.
Bir başqası da qayıda -
film yox, zülüm çəkilir.
                                     
Aşıqsayağı

Aşıq deyər qəribliyə salmayın,-
Sevən ürək yara tərəf təpir hey.
Yardan qalma yaraları göynəyir,
Gah üfürür, gah da sudan səpir hey.
 
Ağac idi, yerində bir çəkil var,
Elə yanıb, nə kömür var, nə kül var,
Döş cibində saralmış bir şəkil var -
Gizlin-gizlin oxşayır hey, öpür hey.

İlham demir bu tək nədi, cüt nədi,
Vaxt əlində tək də, cüt də heç nədi.
Çox yer gəzdi, ya Rəbb, əlac etmədi,
Nə loğman hey, nə ocaq hey, nə pir hey.

“İstanbulun şəkəri”

İstanbul həm qurudu, həm sudu,
qurusunda tirenlər gedər,
suyunda üzər gəmilər.
Quruya suyun  mehi əsər,
nəmi gələr.

Şəhərin davamıdı -
gəmilər şəhəri dənizə salar, suya çəkər.
Ha baxarsan şəhər qurtarmır,
İstanbul boya çəkər.

Gəmilər şəhərin davamıdı,-
gündüzlər yelkəniylə,
axşamlar işığıynan.
Şəhər salam deyir sənə
sevənlərin baxışıynan!

İstanbul həm qurudu, həm sudu...
Bosforda ayaq yerdən üzülür -
üç olur İstanbul.
Həm quru, həm su,
həm səma olur.
Bosforun üstü duman olur.

Bosforda üç olur İstanbul...
Körpəliyimin nəğməsini çalır İstanbul -
“İstanbulun şəkəri,
Arabanın təkəri”.

Təbriz

Telli balam, Təbriz boyu
dolanbaclar, döngələr...
Təbriz desəm, xəyalıma
bir naçar bağban gələr.

Telli balam, o bağban
bağında yolu tutar,
unudar yolağı tutmaz.
İllərdi körpə zoğlardan
bir ağaca calaq vurar,
calağı tutmaz.

Təbriz bizə nə çəkdirdi
bir Allah bilir, telli balam.
Təbriz dilimə gələndə
əlim dizimə gəlir, telli balam.

Təbriz dərdimiz bir oddu -
çox şair canı yaxdı, telli balam,
Qırağı qat kəsmiş xalça kimidi -
açanı yoxdu, telli balam.

Qolubağlılar ağzıbirdə
şərqisin deyər, oxuyar duasın,
Təbriz dərdimizin ən gözəlidi -
bəzək yerinə divardan asın.

Telli balam,
Təbriz üçün biz kişilər
həm ölüdü, həm də sağdı,
Təbrizdən məktub alarsan
oxuyub görərsən ağdı.

Telli balam,
Fələk oğlu Fələk olsam,
mən yağmaram, daş tökərəm.
Təbriz yadıma düşəndə
bir yumaram, beş tökərəm.

İnikas

Canım, səni bir dəli atın
yedəyinə qoşalar,
Qarabağda sürütmə çəkələr,
Atın yedəyində linc olasan.
O çəkdiklərinə rəğmən
bu çəkdiyindən rahatlanasan,
dinc olasan.
At sürdükcə əzab əzabı yuya,
təzə köhnəyə muştuluq ola.
Göyə baxasan - tərtəmiz,
Tək üstündə gedən bir bulud ola.
Buluda baxasan - ala bulud,
Dolandıqca dola bulud.
Qıymayasan bu halına bir adam
gözünü sıxa.
Sənə baxa -
bir ağız bulud ağlaya,
bir ağız at kişniyə.
Canım, səni kol öpə,
daş dişdiyə.
Bu gedişinə Məkkə deyəsən,
Məkkə gedəsən,
Məni bu günə sən qoydun, canım,
Qarabağ qadınları demiş -
səni şiltə-şiltə,
tikə-tikə gedəsən!

 





20.08.2016    çap et  çap et