525.Az

Su diplomatiyası


 

Su diplomatiyası<b style="color:red"></b>

iqtisad elmləri üzrə fəlsəfə doktoru

 

Yeni minillikdə qlobal problemlərin geosiyasətdə və beynəlxalq münasibətlərdə təsiri daha da güclənməkdədir. Artıq dövlətlərarası münasibətlərdə ekoloji çirklənmə, insan təsiri nəticəsində iqlim dəyişiklikləri, kosmik fəzadan istifadə və sairə bu kimi faktorlar mühüm rol oynayır. Eyni zamanda bütün bu faktorlar dövlətlərin biri digərinə təzyiq vasitəsi kimi əsas siyasi alətinə çevrilib. Bu baxımdan içməli su problemi də günümüzün siyasi münasibətlərində çox mühüm yeri olan komponentdir. Paralel olaraq artıq beynəlxalq arenada su resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə edilən “su diplomatiyası” deyilən bir anlayış da ortaya çıxmışdır.

Müasir dövrümüzdə içməli su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən qlobal problemlərdən biridir. Hesablamalara görə hazırda dünyada təxminən 1,5 milyard nəfər içməli su çatışmazlığından əziyyət çəkir. BMT-nin 1998-ci ildə bununla bağlı hazırladığı hesabatında göstərilir ki, 1950-ci illərdə əhalisi 50 milyondan az olan yalnız 12 ölkə, 1990-cı illərdə əhalisi 300 milyon nəfər olan 26 ölkə su qıtlığı problemi ilə qarşılaşmışdır. 2050-ci ildə isə 65 ölkədə 10 milyard nəfərə yaxın əhali bu problemlə qarşı-qarşıya qalacaqdır.

Su problemi yeni minillikdə geosiyasi faktora çevrilmişdir. XXI əsrdə su geostrateji əhəmiyyətinə görə neftin XX əsrdəki yerini tuta bilər. Neft uğrunda aparılan gizli və açıq mübarizələrin və hətta müharibələrin yeni minillikdə su uğrunda olma ehtimalı da vardır. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin proqnozlarına görə 2020-ci ilədək inkişaf etmiş ölkələrin bir-birləri ilə enerji resursları üstündə deyil, məhz içməli su üstündə müharibə ehtimalı daha böyükdür.

Hesablamalara görə hazırda planetimizdə 2 və daha artıq dövlətin ərazisindən keçən 261 su hövzəsi vardır. Artıq dünyada su ehtiyatlarının yaratdığı dövlətlərarası gərginlik nöqtələri mövcuddur. İsraildən Hindistana, Türkiyədən Botsvanaya qədər su uğrunda mübahisələr münaqişələrə çevrilmək üzrədir.

Afrikada dövlətlər arasında su problemləri bir növ qitəyə məxsus xarakterik xüsusiyyətdir. Yaxın Şərqdə Nil hövzəsində Misir-Sudan-Efiopiya, İordan çayı hövzəsində İsrail-Suriya-İordaniya, Dəclə və Fərat hövzəsində Türkiyə-Suriya-İraq və İran-İraq arasındakı su münaqişələri də aktualdır. Amerikada Uruqvay-Argentina, Braziliya-Paraqvay arasında, Mekonq çayı hövzəsində Tailand-Kamboca-Vyetnam arasında oxşar mübahisələr mövcuddur. Lakin ən kəskin vəziyyət Mərkəzi Asiyadadır.

 

Potensial su münaqişə bölgələri

Mərkəzi Asiya

 

SSRİ-nin süquta uğraması ilə keçmiş ittifaq respublikaları arasında iqtisadi və təsərrüfat əlaqələrinin vahid sistemi pozuldu. Bu baxımdan Mərkəzi Asiya respublikalarının vahid su-energetika kompleksi də dağıldı. Regionun əsas su resurslarına sahib Amudərya və Sırdərya çaylarının yuxarı hövzəsində yerləşən Qırğızıstan və Tacikistan aşağı hövzədə yerləşən Qazaxıstan, Özbəkistan və Türkmənistanın əkinçilik təsərrüfatını nəzərə almadan hidro qurğular tikməyə başladılar.

Qırğızıstanda və Tacikistanda suya daha çox ehtiyac qış aylarına düşür – elektrik stansiyalarının məhsuldar işləməsi məqsədi ilə artıq suyu çaylara buraxırlar. Nəticədə, qış aylarında Özbəkistan və Qazaxıstan torpaqları su altında qalır. Bu ölkələrdə isə əksinə, yaz-yay aylarında əkin sahələrinin suvarılması başlıca problemə çevrilir. Külli miqdarda texniki bitkilər – pambıq, qarğıdalı və s. istehsal edən bu regionun suya böyük ehtiyacı yay aylarında yaranır.

Son illər region ölkələri arasında su münaqişəsi daha da kəskinləşmişdir. 2012-ci ilin sentyabrında Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Qazaxıstana səfəri zamanı Tacikistanda Roqun və Qırğızıstanda Kambarat-1 SES-lərinin tikilməsindən və hər hansı böyük dövlətlə bu sahədə saziş imzalanmasından öncə beynəlxalq ekspertiza keçirilməli olduğunu bildirmişdir. Özbəkistanın dövlət başçısı 350 metr hündürlüyündə Roqun SES və 275 metr hündürlüyündə Kambarat-1 SES-in tikilməsinin regionda ekoloji fəlakətə yol aça biləcəyini qeyd etmiş və problemin hətta müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdir.

Regionda vəziyyəti gərginləşdirən əsas amil isə iri dövlətlərin müdaxiləsidir. Rusiya, ABŞ və Çin öz maraqlarına uyğun oyun oynayır, SES-lərin tikintisinə investisiya qoyur, kredit ayırırlar. Su artıq regionda ən həssas məsələdir, diplomatiya və siyasi təzyiq üçün əsas alətdir. Tərəflərdən hər hansı birinin kəskin addımı isə münaqişənin müharibə ilə əvəzlənməsinə aparıb çıxara bilər.

Artıq bir sıra analitik mərkəzlər hadisələrin kəskinləşməsi ilə bağlı proqnozlar da verirlər. Dünyaca məşhur “Foreign Policy” jurnalı 2013-cü ildə dünyanın diqqətini cəlb etməli olan münaqişə bölgələri siyahısına Mərkəzi Asiyanı da daxil etmişdir. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı “2030-cu ilədək qlobal tendensiyalar: alternativ dünyalar” hesabatında da göstərilir ki, 2030-cu ilədək Mərkəzi Asiyada su resursları uğrunda dövlətlər arasında münaqişələrin baş verməsi mümkündür.

 

Yaxın Şərq

 

Yaxın Şərq XX əsrin əvvəllərindən başlayaraq dünyada ən qaynar nöqtələrdən biri hesab olunur. Regionda ən sadə qarşıdurma, hətta ola bilsin ki, məişət zəminində belə baş verən hadisə böyük müharibəyə səbəb ola bilər. Siyasi, dini, etnik fərqliliklərin yaratdığı narahat mühitdə su resursları da qığılcımın alışması üçün əsas arqument ola bilər. Keçən əsrdə neftin bu regionda oynadığı rolu indi su oynayır. BMT-nin keçmiş baş katibi və Misirin sabiq xarici işlər naziri Butros Qali hələ 1989-cu ildə ABŞ Konqresində çıxışında Yaxın Şərqdəki bir növbəti müharibənin neft uğrunda deyil, su üçün olacağını bildirmişdi.

Yaxın Şərqdə Nil hövzəsində Misir-Sudan-Efiopiya, İordan çayı hövzəsində İsrail-Suriya-İordaniya, Dəclə və Fərat hövzəsində Türkiyə-Suriya-İraq və İran- İraq münaqişələri yaranmışdır və potensial qaynar nöqtələr hesab olunur.

Belə bir qənaət var ki, “su Yaxın Şərqdə bəlkə də müharibə üçün səbəb olmaya bilər, ancaq məqsəd yaxın Şərqdə müharibə törətmək olduqda “su” bəhanə olmaq üçün kifayətdir”. Fikrimizcə, qlobal güclərin maraqlarının toqquşduğu bu bölgədə su nəinki diplomatik vasitə, hətta diplomatik silah hesab oluna bilər. Buna görə regionda qarışıqlıq yaratmaq istəyən bütün qüvvələrin su müharibələri strategiyaları mövcuddur. Məhz bu prizmadan yanaşdıqda region tarixə “su müharibəsi” adı altında düşməyə ən real namizəddir.

 

Nil hövzəsi

 

Nil çayı hövzəsi ölkələrində halqavarı Misir-Efiopiya-Sudan-Cənubi Sudan qarşıdurmasında artıq ilk qırılma baş vermişdir. Doğrudur, Sudan-Cənubi Sudan münaqişəsində neft və qaz ehtiyatları əsas rol oynamışdır. Lakin Nil hövzəsi ölkələrinin münaqişə tərəflərinə münasibətində məhz su diplomatiyası özünü göstərir. Belə ki, Misir su resurslarından istifadə zamanı Sudanın yaratdığı problemlərə qarşılıq olaraq Cənubi Sudanı dəstəklədi. Bu isə müsəlman həmrəyliyinə zidd bir addımdır.

Eyni zamanda burda növbəti bir münaqişə ocağı da sezilir. Belə ki, region ölkələrindən Efiopiya İsrail ilə fəal əməkdaşlıq edir. Bununla İsrail Misirin qaz sanksiya və təhdidlərinə qarşı Efiopiya vasitəsilə Misir üçün su təhdidi yaradır. İsrailin Sudandakı silah zavodunu bombalaması, bunun ardından İran donanmasına aid gəmilərin Sudana getməsi regionda gərgin vəziyyətdən xəbər verir. Misirin enerji təzyiqinə İsrail-Efiopiya tandemi su diplomatiyası ilə cavab verir.

 

İordan çayı hövzəsi

 

İordan çayı hövzəs

i ölkələrində də su resursları strateji əhəmiyyət daşıyır. İsrail, Fələstin, Livan və Suriya daimi su qıtlığından əziyyət çəkir. Regionda axan İordan çayı o qədər də sulu deyil və su tədricən azalır. Həm də İsrail sudan istifadəyə dair çox ciddi kvotalar qoyur, bu da ərəb dünyasında narazılıqla qarşılanır. Regionda su uğrunda mübarizənin əsas səbəbi isə İsrailin 1967-ci il müharibəsində zəbt etdiyi Holan yüksəkliyidir. İordan çayı bu ərazidən keçir, ümumisrail kəmərini su ilə təchiz edən Tiveriad gölü də burada yerləşir. Buna görə də Holan təpələrini bölgədə su diplomatiyasının həlledici oriyentiri hesab etmək olar.

Regionda əsas su mənbələrindən olan Ölü Dənizin səviyyəsi hər il 1 metr azalır. Hesablamalara görə, hazırki dinamika davam edərsə bu göl 2050-ci ilədək xəritədən silinəcək. Bu su mənbəyindən istifadə edən ölkələr arasında isə həm İordaniyanın, həm də İsrailin müxtəlif təşəbbüsləri olsa da vəziyyətdən çıxış yolu ilə bağlı razılıq əldə etmək mümkün olmamışdır. Ona görə də su bu regionda həyati əhəmiyyət kəsb edir və su uğrunda gələcəkdə hər hansı silahlı münaqişənin yaranması hər zaman gündəmdədir.

 

Dəclə-Fərat hövzəsi

 

Dəclə və Fərat çayları bir tərəfdən Türkiyə ilə İraq və Suriya arasında, digər tərəfdən isə İranla İraq arasında münasibətlərə öz təsirini göstərir. Region bununla bağlı bir dəfə müharibə yaşamışdır. Məlum olduğu kimi 1980-1988-ci illər İran-İraq müharibəsində əsas bəhanələrdən biri də Dəclə və Fərat çaylarının qovuşmasından yaranan Şəttül-Ərəb çayının bölüşdürülməsi olmuşdur.

Hazırda da vəziyyət gərgin olaraq qalmaqda davam edir. Sadəcə ABŞ-ın İraqa daxil olmasından sonra yeni geosiyasi vəziyyət yaranmışdır. Əgər əvvəllər çayların formalaşma mənbəyində yerləşən Türkiyə İraq və Suriyanın su iddiaları qarşısında tək idisə, indi İraqın şimalındakı Kürdüstan muxtariyyəti da su məsələlərində Türkiyəni dəstəkləyir.

Türkiyə ölkənin cənubunda cümhuriyyət dövrünün ən nəhəng layihəsinə – Güneydoğu Anadolu Projesinə (GAP) – başlamışdır. Fərat çayı üzərində 21 su anbarının tikintisini nəzərdə tutan bu layihə region üçün strateji əhəmiyyətə malikdir. Çünki bu layihənin reallaşması nəticəsində Suriyaya daxil olan suyun miqdarı maksimum azala, buradakı bəndlər isə İraqa axan suyu daha da azalda bilər. Bununla yanaşı İsrailin da su təminatına təsir göstərə bilər.

İsrail öz milli təhlükəsizliyini və iqtisadi təhlükəsizliyini əhatə olunduğu ərəb ölkələri arasında qorumaq üçün bütün alternativ mənbələrə çıxışına güclü nəzarət edir. Bu mənada İsrailin milli təhlükəsizlik strategiyasında su resurslarına çıxış ən zəif bənddir. Türkiyənin isə GAP layihəsini həyata keçirməklə regionda İsrail də daxil olmaqla bütün dövlətlərə təsir rıçaqlarına yiyələnmək imkanı yaranır.

Buna görə də Qərb-İsrail tandemi Türkiyənin su diplomatiyasına qarşılıq verməyə çalışır. Belə ki, Avropa İttifaqı (Aİ) Türkiyənin bu quruma üzvlüyü prosesində preventiv addımlar nəzərdə tutur. Aİ Dəclə və Fərat çaylarının suyu və çaylar üzərində tikilən qurğuların İsrail də daxil olmaqla regionun digər ölkələri ilə birgə istifadəsini Türkiyənin quruma üzvlüyü prosesində müzakirələr üçün şərt olaraq irəli sürmüşdür. Halbuki bu şərt Avropaya inteqrasiya baxımından heç bir əhəmiyyət kəsb etmir. Hətta Türkiyə Aİ-yə üzv olacağı təqdirdə İttifaqın Yaxın Şərqə təsir mexanizmi kimi faydalı ola bilər. Görünən odur ki, su diplomatiyası Türkiyə-İsrail və Türkiyə-Avropa İttifaqı münasibətlərində böyük əhəmiyyətə malikdir.

 

Tibet

 

Su resurslarının münaqişəyə səbəb ola biləcəyi bir başqa həssas region Çin –Hindistan sərhədidir. Mütəxəssislərə görə, Asiyanın iki nəhəngi – Çin və Hindistan arasında hazırda əsas problem su məsələsidir. Bölgədəki 8 çay isə 1 milyard 800 min insan üçün həyati əhəmiyyət daşıyır.

Dünyanın ən sıx əhalisinə sahib iki ölkə – Çin və Hindistan arasında su mənbələrinə görə bu günə kimi üstüörtülü də olsa, mübahisə yaşanır. Çinin Tibet yaxınlığındakı 8 çayın üzərində inşa etdiyi su anbarlarının qapaqlarını zaman-zaman açması qonşu ölkənin iqtisadiyyatına xeyli ziyan vurur.

Çinin Asiyada əsas iqtisadi rəqiblərindən biri də Hindistan olduğundan iki ölkə arasında su diplomatiyası yaxın gələcəkdə hər zaman özünü göstərəcəkdir. Lakin indiki halda bu münasibətlərin münaqişəyə çevrilmək ehtimalı çox azdır.

Beləliklə, yeni minillikdə geosiyasətdə su diplomatiyası özünəməxsus yer tutmaqdadır. Dünyanın əksər bölgələrində məhəlli xarakterli su böhranları zaman-zaman özünü göstərir. Azərbaycan da qonşu dövlətlərlə su münaqişəsi yaşayır. Azərbaycanın transsərhəd çayları qonşu Ermənistan tərəfindən zəhərli maddələrlə çirkləndirilir. Bununla bağlı aidiyyəti üzrə bütün beynəlxalq təşkilatlara müvafiq hesabatlar göndərilsə də Ermənistana heç bir reaksiya verilmir. Hazırki vəziyyətdə Ermənistanın Azərbaycana qarşı apardığı su müharibəsi heç bir insani normalara sığmır.

Ölkələr arasında su problemlərinin yaranmasında bununla bağlı beynəlxalq hüquqda vahid yanaşmanın və universal normaların mövcud olmaması da müəyyən rol oynayır. Lakin əsas səbəb beynəlxalq hüququn özünün bəzi dövlətlərin maraqlarına uyğun olaraq dəyişkən xarakterindən irəli gəlir.

Newtimes.az

 

 





05.03.2013    çap et  çap et