525.Az

İmperiyalar və onların süquta sürüklənməsi


 

İmperiyalar və onların süquta sürüklənməsi <b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Vuruşan imperatorlardan ən qocası Avstriya-Macarıstan imperatoru, bundan əvvəl isə 1967-ci ilə qədər Avstriya imperatoru olmuş I Frants-İosif idi.

O, I Dünya müharibəsinə girmək barədə dekreti imzalamaqla, dörd il sonra, əlbəttə, əgər iki il əvvəl ölməsəydi, imperiyanın xatirəsinə rekviyem oxuyardı. 1882-ci ildə o, Almaniya və İtaliya ilə Üçlük İttifaqı bağladı. Onun hakimiyyətdə rolu əvvəllər böyüyüb, onu mütləq monarxa çevirmişdi.

Frants-İosif 1830-cu ildə Vyana yaxınlığındakı Şonbrun sarayında doğulmuşdu, ershersoq Frants-Karlın və Bavariya kralı I Maksimilian İosifin qızı Sofiyanın böyük oğlu idi. Onun əmisi I Ferdinand övladsız olduğundan, Frans-İosif tacın varisi kimi tərbiyə olunmuşdu. Onun hərbi məşqlər keçməsinə xüsusi diqqət verilirdi. 1848-ci ilin dekabrında ölkədə inqilab başlandıqda imperator Ferdinand taxt-tacı tərk etdikdən sonra 18 yaslı Frants-İosif imperator elan edilmişdi.

Qoca kansler Metternix Frants-İosifə daha böyük təsir göstərmişdi. Lakin ona ən güclü təsiri arvadı olan Bavariya hersoginyası göstərmişdi. O, bu qadınla 1854-cü ildə evlənmişdi.

1850-ci ildə Prussiya Almaniyada Avstriyanın ağalığını etiraf etmişdi. 1867-ci ildə imperiyadakı bütün millətləri razı salmaq üçün Frants-İosifin həyata keçirmək istədiyi tədbirlər uğursuzluğa uğradıqda, Macarıstana qarşı kompromiss imkanından istifadə edildi. Nəticə imperial və ya kral “Dual monarxiyası” oldu, bunda Avstriya və Macarıstan bərabər partnyorluqda birgə yaşadılar. Frants-İosif tam ürəkdən Macarıstan kompromissini dəstəkləyirdi.

Güclü xarici işlər nazirləri xarici siyasəti aparmaqda Frants-İosifə çox köməklik edirdilər. Onun xarici siyasəti sülaləyə və şəxsiyyətə əsaslanırdı.

İmperatorun öz ailəsinə münasibəti də sülalə qaydalarına əsaslanırdı. O, sevdiyi qızla evlənmişdi, lakin sonralar bu nikah arvadının ekssentrik xasiyyətinin zərbələrinə məruz qalmışdı. Arvadının 1898-ci ildə Cenevrədə qətlə yetirilməsi onu dərindən kədərləndirmişdi. Onun varisi olan Rudolf da 17 yaşlı baronessaya məhəbbətinə görə özünü intihar etmişdi. O, oğluna yaxşı tərbiyə verməmişdi, onu Belçika printsessası Stefaniyə evlənməyə məcbur etmişdi, dul qalan gəlin ikinci dəfə morqanatik (kral ailəsinə mənsub olanın kral ailəsinə mənsub olmayanla nikaha girməsi) nikaha girəndə, Frants-İosif bunu sülalə əleyhinə cinayət kimi qiymətləndirərək, qadını bağışlamamışdı. Göründüyü kimi, faciələr imperatorun şəxsi həyatından yan keçməmişdi və 1914-cü ildə belə bir faciə onu yenidən yaxaladı, bu da varis Frants-Ferdinandın qətlə yetirilməsi idi.

Frants-Ferdinand morqanatik nikaha girəndə, imperator bununla barışmalı olmuşdu. Onun ailədə daha yaxın olduğu kiçik qardaşı Lui Viktor idi. Lakin fransızların köməkliyi ilə qardaşı ershersoq Maksimilianın Meksika imperatorluğunu öz üzərinə götürməsi və nəticədə 1867-ci ildə meksikalılar tərəfindən güllələnməsi kimi bir faciəyə görə o, əvvəlcədən bundan xəbəri olan kiçik qardaşını heç məzəmmət də etməmişdi. Frants-İosif 68 il ərzində taxt-tacda olmuşdu, XX əsrin ikinci onilliyi isə imperiyanın ləğv edilməsinin şahidi oldu. Onun çox saydakı səhvləri böyük nailiyyətləri ilə tarazlaşırdı. Səhvlərinə gəldikdə, 1864-cü ildə Prussiya ilə ittifaqda Danimarkaya qarşı uğurlu müharibəyə başladığı halda, Prussiya ilə sözləşməsi Yeddiillik müharibənin başlanmasına (iyun-iyul 1866-cı il) səbəb olmuşdu. Beləliklə, I Frans-İosif bəzi tarixçilər tərəfindən, Dünya müharibəsi adlandırılan Yeddiillik müharibənin gerçəkliyə çevrilməsində də, I Dünya müharibəsinin baş verməsində olduğu kimi, öz bədnam rolunu oynamışdı.

Nailiyyətləri isə imperatorun öz vəzifəsinə sakit qaydada özünü həsr etməsinin möhürünü daşıyırdı. O, memarlığa valeh idi, arxitektura üslublarına aludə olduğundan öz paytaxt şəhərləri olan Vyananın və Budapeştin gözəlləşməsinə, füsunkar memarlıq abidələrinin yaradılmasına şəxsən şərik idi. O, incəsənət xadimlərinə yaradıcılıq azadlığı verirdi. Vals janrında incilər yaratmış İohann Ştrausla sarayın balkonunda xalq qarşısına çıxanda alqışlarla qarşılanan bəstəkarın xidmətləri müqabilində onu Vyananın əsl kralı adlandırmışdı. Final səhnədə də Avstriya-Macarıstan imperatorun şəxsiyyətindən möhkəm köməklik almaqda davam edirdi.

Frants-İosif böyük ovçu idi, ovçuluğa xüsusi həvəs göstərirdi, bəlkə də təbiətin qoynunda keçirdiyi anlar ona şəxsi həyatındakı faciələri və çiynində gəzdirdiyi böyük səlahiyyətlər yükünün ağırlığını bir qədər unutdururdu.

Almaniya imperatoru II Vilhelm 1914-1918-ci illərdəki I Dünya müharibəsini başlamaqla, bu müharibənin ləkəsini öz üzərində daşımalı olan, bəlkə də, birinci şəxs idi. O, 1859-cu ildə Potsdamda doğulmuşdu, anadan olandan zədələnmiş sol ələ malik idi. Tac prinsi, sonra bir neçə aylığa imperator olmuş III Fridrixin və Böyük Britaniya kraliçası Viktoriyanın böyük qızı olan Viktoriyanın böyük övladı idi. O, doğulanda sol əli iflic olmuş, çolağa çevrilmişdi. Anası Viktoriya 17 yaşında hamilə olarkən ingilis həkimlərinin məsləhəti ilə o vaxtlar dəbdə olan xloroform qəbul etmişdi, guya bu kimyəvi maddə doğumu asanlaşdırır. Körpə çətinliklə doğuldu. Doğum vaxtı uşağın qolunun sinir kələfi burulmuşdu. On il davam edən müalicə də nəticə vermədi. Bunlar onun psixiki sağlamlağına da təsir göstərdi, o, aqressiv bir adama çevrildi. Onun qolunun zədəsi böyüyəndə də sağalmadı. Bəzi tarixçilər onun davranışının açarını məhz bu əlillikdə görürlər. İngiltərə kralı I Karlın da uşaqlıqda ayaqlarının zəifliyi onun xarakterinə öz təsirini göstərmişdi. Atası kral Ceyms isə buna fikir vermirdi, öz homoseksualist məşuqları ilə əylənməsi ona çox şeyləri unutdururdu. İstənilən fiziki qüsur isə bəzən xarakterə də öz təsirini göstərməmiş qalmır.

Anasının Vilhelmi ingilis liberallığı ruhunda tərbiyə etmək cəhdlərinə baxmayaraq, o, Prussiya xalqının möhkəm, igid, qənaətcil, özünü qurban verməyə hazır olan hökmdar yetişdirməyə qadir olduğu iddiasına rəğbət bəsləməklə, məhz bu xüsusiyyətlərə yiyələnməyə cəhd etmişdi. Ona görə də anası Viktoriya ilə münasibətlərində çətinliklər mövcud idi, lakin qadın ona müəyyən təsir göstərməyi də bacarmışdı.

1881-ci ildə Vilhelm printsessa Avqusta Viktoriyaya evləndi, bu qız Şlezviq-Holsteyn-Sandenburq printsessası idi. Yeddi il sonra babası I Vilhelm 80 yaşında öldü. Fridrix 1888-ci ildə imperatora çevrildi, lakin tutulduğu boğaz xərçəngi xəstəliyindən az sonra öldü. Beləliklə, Vilhelm 29 yaşında kayzer oldu. Bu, Hohensollern sülaləsindən olmaqla, bu vaxt hökmranlıq üçün ilahi missiyanı qəbul etmək kimi idi.

İmperatorun ilk tədbirlərindən biri kansler Bismarkı, Almaniyanı birləşdirən və onun qüdrətinin qabarmasında böyük xidmətləri olan bir dövlət xadimini vəzifəsindən uzaqlaşdırması idi. Əslində o, olduqca təcrübəli və istedadlı məsləhətçidən məhrum oldu. Axı qoca kansler onun qarşılaşdığı problemlərə əla cavablar tapa bilərdi. Ancaq onu da nəzərə almaq lazımdır ki, məhz Bismark Fransanı Almaniyanın barışmaz düşməni etmişdi. 75 yaşlı Bismark da yeni problemləri həll etməkdə çətinlik çəkirdi. Həm də Vilhelm qeyri-müəyyən planlar cızırdı və bu, sarayda müxalifətin meydana gəlməsinə səbəb olmuşdu.

1896-cı ildə Cənubi Afrika Respublikasının prezidenti Paul Krigerə Britaniyanın üzərində qazanılan qələbə münasibətilə Vilhelmin göndərdiyi təbrik teleqramı İngiltərədə qəzəb dalğasının yaranmasına səbəb oldu.

Tanjerə səfər edəndə isə, 1905-ci ildə burada Mərakeşin müstəqilliyi ideyasını dəstəkləməyi bəyan etməklə, Fransanın bu ölkədəki mövqeyinə əslində əks çıxmışdı. Bundan əvvəl isə Britaniya Fransa ilə mübahisələrini həll etmişdi. Bu hərəkəti ilə Vilhelm göstərmək istəyirdi ki, Britaniyanın Fransa ilə ittifaqının onun üçün heç bir əhəmiyyəti yoxdur.

1908-ci ildə Vilhelm İngiltərəyə səfər etdikdən sonra həmin ölkənin “Daily Telegraph” qəzetinə verdiyi nəzakətdən uzaq olan müsahibəsi Almaniyada böyük coşqunluq yaratdı. O, intervü götürən müxbirə demişdi ki, alman xalqının böyük hissəsi anti-ingilis əhval-ruhiyyədədir. Vilhelm dialoqun mətnini kanslerə göndərsə də, o, yazının məzmununa əhəmiyyət verməmiş, sonra isə Reyxstaqda öz ağasını olduqca yararsız qaydada müdafiə etmişdi. Bu sözlər ingilisləri qəzəbləndirməyə bilməzdi. Britaniyanın mərhum kraliçasının nəvəsi bu ölkənin xalqı barədə düşmənçiliyə bərabər olan ifadə işlətməklə, əslində onu təhqir etmişdi.

1911-ci ildə Mərakeş böhranı vaxtı fransızların bu ölkəyə müdaxiləsinə bir daha mane olmağa cəhd göstərmişdi, bu isə müharibəyə aparıb çıxara bilərdi.

I Dünya müharibəsi Avstriya-Macarıstanı süqutdan xilas etmək cəhdi kimi başlanmışdı. Serbiya ilə böhranda o, Avstriya- Macarıstanın tərəfini saxlamışdı. Bu, dünyanın Almaniya ilə münaqişəsinə çevrildi. Müharibə dövründə Vilhelm rəsmən baş komandan olsa da, işi idarə edən generallara müqavimət göstərə bilmirdi. Almaniya həlledici qələbə qazanmadığına görə müharibə illərində onun nüfuzu tənəzzülə uğramışdı. Artıq ordunun və donanmanın dəstəyindən məhrum olmuşdu.

1918-ci ilin payızında o, bu fikrə gəldi ki, Almaniya müharibəni uduzur, lakin məğlubiyyəti öz tacına yaraşdırmırdı, təslim olmaqdan imtina edirdi. Lakin 9 noyabrda bunu istəməsə də, taxt-tacdan əl çəkməyə məcbur edildi və ailəsi ilə birlikdə özünə Niderlandda sığınacaq tapdı. O, bununla əsir düşməkdən və ya cəzası kimi mümkün ola biləcək ölüm hökmündən (qapını kəsən inqilab isə özünü, yəqin ki, mülayim aparmayacaqdı) yaxa qurtara bilsə də, lakin birləşmiş Almaniyada qısa ömürlü monarxiyanı xilas edə bilmədi, bu monarxiya çox gənc - 47 yaşında dünyadan getdi. II Dünya müharibəsinin ikinci ili davam edəndə 4 iyun 1941-ci ildə II Vilhelmin özü də Niderlandda vəfat etdi.

1871-ci il Almaniya Konstitusiyası Kayzerə böyük hüquqlar vermişdi, o, kansleri təyin və azad edə bilərdi. Reyxstaq isə Kayzerin təyinatlarını danışıqsız dəstəkləyirdi. Digər tərəfdən, alman ordusu və hərbi-dəniz donanması mülki hökumətə tabe deyildi və Kayzer Almaniyada yeganə şəxs idi ki, hərbi siyasəti müəyyən edə bilərdi. İngilis mətbuatı Kayzeri Ali Müharibə Ağası kimi qələmə verirdi, o, müharibəyə başlamaq qərarını verməkdən başqa isə heç bir şeyə qadir deyildi.

O, Britaniyanın dəniz donanması gücündə bir hərbi-dəniz qüvvəsi yaratmağa cəhd edirdi. O, axını dayandırmaq əvəzinə, özü də axınla birlikdə üzməyə üstünlük verdi və müharibə dalğası onun ağılsız ideyalarını və özünü də batırdı.

(Ardı var)

 





22.08.2016    çap et  çap et