525.Az

Muhsin Kadıoğlunun “Küresel düşün, ulusal davran” əsərində türkçülük məsələləri


 

Muhsin Kadıoğlunun “Küresel düşün, ulusal davran” əsərində <b style="color:red">türkçülük məsələləri</b>

Müasir dünyamızda türkçülük ideyalarının yeni istiqamətdə inkişafında mühüm rol oynayan araşdırmaçı və yazıçılardan biri də Muhsin Kadıoğludur.

Muhsin Kadıoğlu İstanbul Texnik Universitetinin doktoru, bir çox kitab, elmi məqalə və bədii əsərlərin müəllifidir. Araşdırmaçı yazar Türkiyə və dünyanın bir sıra ölkələrində müxtəlif  layihələrdə iştirak edib.

Yazarın “Anlayarak Çok Hızlı Okuma Teknikleri” (Veli Yayınları, 1990), “Küresel Sorunlara Karşı Ulusal Tavır” (21. Asır Yayınevi, 2010), “Küresel Düşün Ulusal Davran” (21. Asır Yayınevi, 2010), “Polonyada Türk İzleri” (Postiga Yayınları, 2011), “Turan Yolunda. Macaristan İzlenimleri ve Turancılık” (Türk Dünyası Araştırmaları Vakfı Yayınları, 2014) və digər kitabları önəmli məsələlərə həsr olunmuşdur. M.Kadıoğlu, eyni zamanda, iyirmidən çox e-pub kitabın müəllifidir. ABŞ və Avropa ölkələrinə qaçırılan türk və islam əsərləri ilə əlaqədar çalışmalar bu kitabların əsas tədqiqat obyektidir.

M.Kadıoğlu türk dilində ilk bilgisayar proqramı hazırlayan və sürətli oxuma mövzusunda ilk kitab yazan tədqiqatçıdır. Türkçülüyə gətirdiyi yenilikləri -  internetdə türkçülük, bioloji müxtəliflik və türkçülük, gələcəyin türkçülüyü kimi mövzuları Türkiyədə ilk dəfə olaraq qələmə almış və gündəmə gətirmişdir. Eyni zamanda, texno-milliyyətçilik anlayışını da ilk dəfə təqdim edərək, bu mövzuda 1995-ci ildə iki məqalə yazmışdır. “Türkçü kimdir?” “Turançı kimdir?” suallarını dəyərləndirən yazar sözügedən məsələlərdə də yeni düşüncəyə sahibdir.

M.Kadıoğlu geniş fəaliyyət sahəsinə malik olmuşdur. Türkiyədə türkçülərin ən önəmli dərnəklərindən biri olan “Aydınlar Ocağının” baş katibi, yönətmən qurumunun üzvü olmuş, “Yeni Düşünce” qəzetində “Dış Haberler” “Kültür” və “Sanat” səhifələrinin yönətməni (1984-1988) kimi çalışmışdır. “Ortadoğu” qəzetində xarici siyasət sahəsində məqalələr yazmış (1990-1996), “Kurultay” qəzetində yenə də  xarici siyasətlə bağlı köşə yazıları nəşr etdirmişdir (1997-2000). 1997-2012-ci illərdə “Yesevi” dərgisində hər ay önəmli məqalələrlə çıxış etmişdir. Hal-hazırda da “Türk Dünyası Tarih ve Kültür” dərgisinin yazarıdır. “Yesevi Vakfı”,  “Deniz Araştırmaları Vakfı”, “Basın Birliyi Vakfı”nda çalışmışdır.

Çoxsaylı elmi və bədii əsərlərində türkçülüyün intellektual istiqamətinə böyük önəm verən yazar “romantik türkçülükdən akılçı türkçülüyə” adlandırdığı fikir istiqamətinin formalaşması və təbliğində mühüm işlər görməkdədir.

Muhsin Kadıoğlunun “Küresel düşün, ulusal davran” adlı əsəri (İstanbul, 21. Asır Yayınevi, 2010) və bir çox məqalələri türkçülük ideyalarına ümumdünya milli dəyərlərinə münasibət kontekstində yanaşılması, türk dünyası üçün vacib olan məsələlərin şərhi, yeni prizmadan qiymətləndirilməsi, milli kimlik, onun qlobal arenada ifadəsi kimi məsələlərin ifadəsi baxımından əhəmiyyətli əsərlərdəndir.

Muhsin Kadıoğlunun kitabının ən mühüm əhəmiyyətindən biri hadisələrə, faktlara standart ölçülərdən deyil, fərqli yanaşma bucağından baxmasıdır. Ona görə də yazarın fikirləri çoxlarının düşünmədiyi, bəlkə də düşünüb ifadə edə bilmədiyi tərəfləri aydınlaşdırır, alternativ fikirlər ortaya qoyur, həqiqətən də kürəsəl düşünməyə vadar edir.

Muhsin Kadıoğlu türk dünyasını vəhdət olaraq qəbul edir, milli mədəniyyətimizin inkişafında böyük yeri olmuş mütəfəkkirləri özünəməxsus şəkildə türk insanına örnək kimi təqdim edir: “Türk olmak; Kaşğarlı Mahmudtan Türkçeyi, Hoca Ahmed Yeseviden inancı, Karamanoğlu Mehmet Beyden dili, Mevlana'dan hoşgörüyü, Yunus'tan doğruluğu, Fuzuli'den tasavvufu, Mehmet Akiften Çanakkaleyi ve istiklali, Yahya Kemalden Suleymaniyeyi, Necip Fazilden Sakaryayı öyrenmek demektir”. Azərbaycanın milli məfkurə tarixində həlledici rol oynamış mütəfəkkir, yazıçı və mücahidlərimiz də Muhsin Kadıoğlunun vahid türkçülük düşüncəsində xüsusi mövqeyə malikdir: “Türk olmak, Baküde Hüseynzade Ali Turan, Ahmet Ağaoğlu, Alimerdan Topçubaşlı, Mehmet Emin Resulzade olmak demektir”.

Adət-ənənələr, məişət həyatından tutmuş elm və mədəniyyət nümunələrinə qədər müxtəlif səviyyələrdə türk kimliyinin tərifini verən, “türk olmağın” yüksək məziyyətləri, şərəf və qürurunu önə çəkən Muhsin Kadıoğlu çağdaş dünyada türkçülüyün önəmli vəzifələrinə diqqət çəkmək üçün dünyanın müxtəlif xalqlarında milli atributları nəzərdən keçirmiş, müqayisələr aparmaq, müasir tendensiyanı öyrənmək, əhəmiyyətli örnəklərdən maariflənmək imkanları yaratmışdır. Türklərin müasir dünyada dəyərləndirilməsindəki fərqli cəhətlər, türklərə münasibət kimi önəmli məsələlər də Muhsin Kadıoğlunun əsərlərində diqqət mərkəzindədir.

Sözbaşı və on yeddi bölümdən ibarət olan “Küresel düşün, ulusal davran” adlı əsəri mübaliğəsiz və sözün həqiqi mənasında hər bir türkün, dövlətindən asılı olmayaraq, milli-mənəvi dəyərlərlə yaşayan, türk qürurunu düşünən, türk millətinin və dövlətlərinin gələcək inkişaf istiqamətləri haqqında narahatlıq hiss edən, eyni zamanda da, dünya insanının bir parçası olduğunu dərk etməyə çalışan hər bir millətdaşımız üçün önəmə sahibdir. Örnəkləri təbii olaraq daha çox Türkiyə Cümhuriyyətindən götürülsə də, bu əsərin ümumtürk kontekstini, ümummili dəyərlərini kölgədə qoymur.

Müasir dünyanın, xüsusilə də kiçik və daha az inkişaf etmiş, yaxud inkişaf etməkdə olan, öz milli dövlətçilik tarixinin yeni dövrünə keçid mərhələsini yaşayan dövlətlərin ən çox müzakirə etdiyi və əslində isə, istər-istəməz içərisinə cəlb olunduğu məsələrdən biri də qloballaşma və inteqrasiya problemi, onun mənfi tərəfləridir. Qərbin Şərq siyasətində yeni mərhələnin başlanğıcı kimi XIX əsrin sonları XX əsrin əvvəllərindən sözügedən məsələ ön plana çıxmışdır. Bu, qarşılıqlı əməkdaşlıq, iqtisadi münasibətlər, siyasi basqı, mədəni hücum, texnoloji üstünlük və Şərq ölkələrinin assimilyasiyasına qədər humanist pərdə arxasında fəaliyyət göstərən bir Qərb siyasətidir. Qərb mərkəzli qloballaşma modeli XX əsrin ikinci yarısından bu günümüzə kimi Qərbin xeyirinə çox uğurlu nəticələr göstərdi və uzun müddət inteqrasiyanın şirinliyinə və Qərb modellərinin dadına uyan dövlətlər isə daha çox milli ictimai şüurda uduzduqlarını müzakirə etməyə başladılar.

Nəticə o yerə gətirdi ki, qloballaşma adıyla yabançı sərmayələr kiçik dövlətlərin iqtisadiyyatını ələ keçirdi və gələcəyini mənimsədilər. İnteqrasiya adıyla isə kiçik dövlətlər sakitcə həzm olundular. Muhsin Kadıoğlunun xarici basqını müqavimətsiz qarşılayan tendensiya ilə bağlı söylədiyi kimi”... Sermayenin hem vatanı, hem de milliyeti var. Eger sermayenin vatanı ve milliyeti olmasaydı; Alman sermayesi Almanyaya, Amerika sermayesi ABDye döner miydi?”

“Küresel düşün, ulusal davran” əsərinin ən mühüm əhəmiyyəti də məhz sözügedən məsələlərə türk düşüncəsi, türk dövləti sferasında yanaşmaq, həm geniş mənada humanitar fikirdə, həm də sosial və iqtisadi həyatın müxtəlif sahələrində problemdən irəli gələn məsələləri araşdırmaqdır. Təbii ki, M.Kadıoğlu qloballaşmanın və mədəni inteqrasiyanın müsbət tərəflərini yüksək qiymətləndirir, lakin burada daha çox məsələnin, geniş mənada, milli düşüncəyə zidd tərəflərinə diqqət yetirmək istərdik. 

“Küresel düşün, ulusal davran” kitabının ikinci əhəmiyyətli cəhəti araşdırılmağa cəlb olunmuş və dəyərləndirilmiş mövzular konteksdə Qərbi tanımağa imkan yaratmağıdır. “Muhsin Kadıoğlu baxışından Qərbi necə görürük?” sualı çox maraqlı fikirləri ortaya qoyur. Burada nə təkzib, nə tənqid, nə də vurğunluq ön plandadır və məqsəd də Qərb dövlətlərinin çeşidli siyasi-iqtisadi fəaliyyəti, yaxud da Qərb insanının milli və ictimai məsələlərdəki görüşlərini ortaya çıxarmaq deyil. Bütün bu məsələlər müxtəlif zamanlarda, ayrı-ayrı əsərlərin, istər Şərq, istərsə də Qərb müəlliflərinin tədqiqat obyektinə çevrilmiş, fərqli prizmalardan şərh olunmuşdur. Əsərin məntiqi vurğusu qlobal düşünən türk insanının ulusal davranmalı olduğunu göstərmək, “qloballaşma və inteqrasiya” oyununa uymadan, assimilyasiyaya meyldən xilas olunması naminə Qərbdən örnəklər gətirməkdir. Yəni, geniş anlamda, əsər “Akılçı türkçülük” təlimini ortaya qoymaq üçün dünya miqyasında nümunələr təqdim edir, çağdaş zamanın xaotik fikir burulğanında milli-mənəvi dəyərlər üzərində qurulmalı və gələcəyə istiqamətləndirilmiş vacib yolları göstərir.

XX əsrin əvvəllərində geniş şəkildə ifadə olunan türkçülük ideyalarının türk dünyasının milli şüurunun inkişafı, mədəniyyətimizin milli dəyərlərinin qoruması və gələcək nəsillərə ötürülməsi baxımından gördüyü tarixi missiya məlum və təkzibolunmaz həqiqətdir. Miili ideologiya, milli dövlətçilik ənənələrimiz, milli ziyalı anlayışları məhz bu mühüm mərhələdə tarixə öz imzasını qoydu. Bu günümüzdə də davam edən və türkçülük düşüncələrimizin təməl daşlarına çevrilən həmin axının çağdaş zamanımızda da varisləri az deyil. Bu gün türklük və türkçülük dəyərlərimizin inkişaf modeli də yeni dövrün tələbləri ilə uyğunlaşmalıdır. Elm və texnologiya inkişaf etdikcə uyğun olaraq humanitar düşüncədə də tendensiya sürətlə dəyişir. Ən sabit tərəflərdən olan psixologiya, mənəvi baza və zəka qatında da dəyişikliklərin tezləşməsi ideologiyadan da daha çox zamanla ayaqlaşa bilmək tələb edir. Muhsin Kadıoğlunun əsərində ortaya qoyduğu “Akılçı türkçülüyün” təlimi də qeyd olunan həmin zərurətdən irəli gəlmişdir. Təsadüfü deyil ki, Türk Dünyası Araştırmaları Vakfının qurucusu, araşdırmaçı və yazar, türkçü ziyalı Turan Yazgan öz çıxışlarının birində Muhsin Kadıoğlunu “müasir türkçülüyün yeni ideoloqu” adlandırmışdır.

Kitabda, ilk növbədə, “Akılçı türkçülük” təliminin formalaşmasının tarixi zərurətləri diqqətə çatdırılır. Bu da qeyd etdiyimiz kimi, qloballaşmanın lokal sferada törətdiyi problemlərə qarşı milli dirənc zəruriyyətindən doğur. M.Kadıoğlu əsərin ön sözündə yazır: “Küresel sorunlara karşı yerel direnç odaklarının oluşturulması, hiç şübhesiz ki, her ülkenin milli/ulusal değerlerinin öne çıkartılmasını gerektirmektedir. Güclenmiş milli (yerel) özelliklerin kendi aralarında çarpıştırılarak ufalanması, küresel güçler tarafından sıklıkla denenen bir yöntem olmuştur. Bu bakımdan, yerel direnç odaklarının küresel güçlere karşı mücadelede etkin ve diğer milli (yerel) direnç odaklarına karşı hoşgörülü olması son derece önemlidir”. Milli və yerli müqavimət gücünün formalaşdırılmasını yazar, haqlı olaraq, qlobalaşmanın problemlərinə qarşı, yabançı axında itməmək adına yeganə yol kimi dəyərləndirir.

“Akılçı türkçülük” təliminin ənənələr üzərində inkişaf etdiyini göstərmək üçün Muhsin Kadıoğlu “Kim bu Türklər” adlı birinci bölümdə türklərin milli dəyərlərinə, önəmli keyfiyyətlərinə, dünya insanı arasındakı mövqeyinə yer ayırmışdır. Burada yazarın daha çox romantik türkçülüyün ənənələrini davam etdirdiyini müşahidə edirik. Eyni zamanda, ilk cümləsindən türkçülüyün müasir mərhələdəki rolu və gələcəyə yönəlmiş planı diqqətə çatdırılır: “Türk olmak; dünle övünürken bugünü değerlendirmek, yarınlara hazırlanmak demektir”. Nümunədən də gördüyümüz kimi, bu çox önəmli bir məsələdir. Milli inkişafa əngəl olan amillərdən biri tarixin daha parlaq səhifələrinin təsiri altında qalaraq, passiv düşüncə içində dayanmaq, yalnız keçmiş qüdrəti və əzəməti ilə öyünməkdir. Muhsin Kadıoğlu da “bugünü değerlendirmek, yarınlara hazırlanmak” deməklə çağdaş dünya içində türkləri dəyərləndirir və gələcək üçün də “Akılçı türkçülük” təlimini təqdim edir.

İlk növbədə, Muhsin Kadıoğlu düşüncəsində “türk kimdir?”  sualının cavabına diqqət yetirək. Yazarın türklərə aid etdiyi özəllikləri belə dəyərləndirmək mümkündür:

1.Türklər tarixi keçmişinə sadiq olan, varislik ənənələrini qoruyub saxlayan millətdir: “Türk olmak; tarihiylə gurur duymak demektir. Türk olmak; Ata'sını tanımak, Türk'ün və Türklüğün atasına sayğıda kusur etmemek demektir.

2.Türklər dünyanın ən qədim millətlərindən biri olaraq insan inancının ilk pilləsi olan mifoloji dünyagörüşdən bəhrələnmişlər: “Türk olmak; bozkurt sesiylə Başbuğ önderliğinde Ergenekon'dan çıkmak... demektir”.

3.Türklər qəhrəmanlıq tarixinə dəyər verən və onları yaşadanlardır: Türk olmak; Alp Er-Tunga'nın öcünü almaktır .

Bu sadalanan özəlliklərdə daha çox qədim və zəngin tarixə sahib olan, millət kimi bəşər tarixinin ilkin mərhələsinə gedib çıxan, mübarizə və qəhrəmanlıq tarixi, dövlətçilik ənənələri olan türklər oxucuya təqdim olunur. Bir millətin tarixinə, ənənələrinə diqqət yetirmədən onun müasir düşüncə modelini hazırlamağın mümkün olmadığını anlayan Muhsin Kadıoğlu da kitabın ilk bölümündən türklər haqqında ən mühüm məqamları ifadə edir, yığcam və dəqiq şəkildə türkləri dəyərləndirir. 

Sonrakı fikirlərdə bir insan kimi türklərin əsas xüsusiyyətləri göstərilmişdir. Belə qruplaşdırmaq mümkündür:

1.Türklər ədalətli, mərd, haqsızlıqdan uzaq, rəhimli, şəfqətli, savaş mədəniyyətinə malik, cəsarətli millətdir: “Türk olmak; haksızlığın karşısında demir pençe, mazlumun yanında şefkat eli olmak demektir.

2.Türklər imana sahibdirlər; “Türk olmak; Tanrıya yakın olmaktır”.

3.Türklər dostuğun dəyərini anlayanlardır, sədaqətlidirlər. “Türk olmak; Pir Sultan Abdal kibi “Bir dost bulamadım, gün akşam oldu” diyenlere ses olmaktır.

4.Türklər sevgiyə çox önəm verən, yaxşılığı sevən, sayğıya dəyər verən insanlardır: “Türk olmak; “Yaratandan ötürü” yaratılanı sevmek demektir. Türk olmak; Nesimi gibi her güzellikte Türkü görmektir”.

Muhsin Kadıoğlu türklərə məxsus olan özəllikləri sadəcə sadalamır, türk xalqlarının tarixi keçmişi, şəxsiyyətləri, mütəfəkkir və şairlərindən örnəklər gətirir. Burada, Göytürk abidələrindən, “Kitabi-Dədə Qorqud” dastanlarından nümunələrə, Mahmud Kaşğari, Yusuf Has Hacib, Mövlana, Nəsimi, Yunis Emre, Pir Sultan Abdal, Koroğlu, Dadaloğlu, Aşıq Veysəl kimi türk dünyasının məşhur isimlərinə təsadüf edirik. Bu da yazarın türkçülük düşüncəsinin sərhədsizliyindən, millətin tarixi və mədəniyyətinə bələd olmasından xəbər verir.

Sözə çox böyük dəyər verən Muhsin Kadıoğlu türklərin ən mühüm özəlliklərindən biri kimi sözügedən məsələyə də xüsusi diqqət yetirmişdir. Kitabda sadalanan keyfiyyətlər sadəcə bir millətin xüsusiyyətlərini ifadə etmək məqsədi daşımır. Yazar o məsələləri daha çox ön plana çəkir ki, həmin məsələlər milli kimliyin əsasında dayanmaqla “Akılçı türkçülük” təliminin təməlində də durmalıdır. Daha çox böhran hiss etdiyimiz, çozülməsinə ehtiyac olan problemlər çox məntiqi şəkildə Muhsin Kadıoğlu hədəfinə seçilir: “Türk olmak; Türkce söylemek, Türkce dinlemek, Türkce yazmaktır. Türk olmak; Divani Lügatit-Türkte Kaşğarlı Mahmud olmaktır. Kutadgu Bilig'de Yusuf  has Hacip olmaktır. Ali Şir Nevai'ce Türk dilini zenginleştirmek demektir”. Tarixi keçmişini, millət üçün önəmli rol oynayan şəxsiyyətlərini, dil, inanc, fəlsəfə, ədəbiyyat, elm, yaradıcılığı dərk etməyən, özündə daşımayan və qorumayan insanlar türk adına yalnız xələl gətirə bilərlər. Türk insanı mədəniyyətinin daşıyıcısı olmalıdır: “Türk olmak; Karadenizde kemançeye, İstanbulda kanun ve tambura, Azerbaycan'da tara, Anadoluda bağlamaya, Türkistanda kopuza ses vermektir”.

Bütün sözügedən məsələlərə diqqət yetirən Muhsin Kadıoğlu müasir dövrün türk insanının əsas vəzifələrinə diqqət yetirir. Daha çox gələcəyə yönəlmiş kitab ənənələrin üzərində formalaşan çağdaş türkün yolunu göstərir: “Türk olmak; yöneltmek demektir... Türk olmak; Türklüğünün farkında olmak, Tanrının Türk'e yüklediği misyonu bilmek, o misyon için çalışmak demektir...

Türk olmak; Türk doğmakla övünmek, Türk olaraq doğmayanlara şefkat göstermektir”.

Türk kimliyinin xüsusiyyətlərini şərh etdikdən sonra Muhsin Kadıoğlu ölkəsində və dünyada türklərə qarşı formalaşdırılmış stereotiplərdən bəhs edir. “Qloballaşma və inteqrasiya” oyununun mənfi yekunu olan assimilyasiyaya meyl, milli aşağılama, “yalançı türkçülük”, düzgün olmayan siyasətin millətə gətirdiyi acınacaqlı hallar yazarın qələmində narahatlıqla ifadə olunur. “Türkiyedeki etnik ve soyağacına dayalı karalama kampanyalarının arkasında Türk'ten çok Türk görünen dönmeler, devşirmeler ve Batının devşirdiyi ilim, fikir, kültür, sanat ve siyaset adamlarının olması tesadüfle izah edilemez” deyen Muhsin Kadıoğlu millətinin arxasında dayanmağı bacarır: “Oysa Türklerin yapdığı her işte kalite var. Sözlerinde doğruluk, davranışlarında mertlik, düşüncelerinde berraklık var. İçi dışı bir olduğundan, savaşı bile mertlikle kazanan bir millet Türkler”.

Türk kimliyi və ona qarşı siyasət arasındakı ziddiyyətlər tarixin çox müxtəlif dönəmlərində onun problemlərinin əsasında dayanmış və inkişafına əngəl olmuşdur. Türkçülük əslində sözügedən ziddiyyətlərə qarşı milli müqavimət düşüncəsi kimi meydana çıxsa da,  bu ideoloji cərəyanın ön plana keçməsi türklərə yönəlmiş açıq və gizli hərəkətləri də gücləndirmişdir. Hələ XX əsrin əvvəllərində türk xalqlarının mövcud durumdakı inkişafına mane olan əngəlləri nəzərdən keçirən Əhməd bəy Ağaoğlu müasir dövrdə də aktuallığının saxlayan çox mühüm bir məqama toxunmuşdur: “Tarix səhnəsinə gəldikləri dövrdən onların daxili inkişafla məşğul olmalarının qarşısını alan əbədi və ciddi maneə meydana çıxır: türklər həmişə özünümüdafiə vəziyyətində dayanmalı olmuşlar. Onların özlərini də, mənsub olduqları islam dinini də hər zaman və hər tərəfdən sıxışdırırdılar”. Bu məsələni Ə.Ağaoğlu intellektual inkişafa ən böyük maneə kimi qiymətləndirmişdir. Eyni tendensiya yenə də davam edir və Muhsin Kadıoğlunun düşüncə hədəfində də sözügedən məsələlər yer alır.

Milli dirəncin ən yüksək forması milli dövlətin möhkəmlənməsi, hakimiyyətdə milli kimliyin üstünlük təşkil etməsidir. Bu nə qlobal düşüncəyə, nə demokratiyaya, nə də tolerantlığa zidd olan bir cəhətdir, bu millətin dövlətçilik, idarəçilik haqqıdır. Muhsin Kadıoğlu da həmin cəhətlərə mühüm önəm vermişdir: “Türkiyede kendini Türk kabul eden herkesin görevi, devletin Türkleşmesini sağlamaktır”.

“Akılçı türkçülük” təliminin əsas xüsusiyyətləri, eyni zamanda, türkçülüyün ifrat milli hərəkat kimi dəyərləndirilməsinin əks arqumentlərini göstərmək üçün Muhsin Kadıoğlu kitabın ayrı-ayrı bölmələrində bayraq sevgisi, milli dilin qorunması, türk dili məsələsi, vətənsevərlik, milli ziyalı, dini dəyərlərə sevgi, milli güvənlik kimi mövzuları Qərb dünyasının örnəkləri ilə müqayisəli şəkildə şərh edir. Qeyd olunan məsələlər milli düşüncənin əsasında dayanır və qlobal dünyada “akılçı türkçülüyün” sözügedən dəyərlərinin qorunmasındakı başlıca prinsipləri burada öz əksini tapır. “XXI əsrdə, dünyanın kürəsəl düzəni qurulduqdan sonra milli axınların rolu, yaxud əhəmiyyəti nə qədər aktualdır?” sualına gəlincə isə, elə kitabın bölümlərində ona cavab tapırıq. Qərb modellərinin təqdimi də həmin məqsədə xidmət edir. Müəllif çox cəsarətlə yazır: “Bayrak için “Aman canım... bir bez parçası...” zihniyetini yaymaya çalışanların yüzlerindeki maskeyi indirmeniz için küresel manada bayrağ sevgisinin çeşitli ölkelerde nasıl yaşandığını bilmek ve anlamak gerekiyor”. Araşdırmaçı yazar  “heç bir Qərb ölkəsində belə şeylər yoxdur” sözlərinin “moda halına gəldiyi və ya gətirildiyi” zamanda Qərb örnəklərinin verilməsini haqlı olaraq çox vacib hesab edir. Bu da qeyd etdiyimiz “qloballaşma və inteqrasiya” siyasətinin Qərb hegemonluğu və Şərq assimilyasiyasının törətdiyi problemlərdən qaynaqlanır. Bu bölümdə Rusiya, İspaniya, İngiltərə, ABŞ, Almaniyada bayrağa verilən dəyərdən nümunələr təqdim olunur və bayraq sevgisi kürəsəl dairədə qiymətləndirilir: “Bayrağ sevgisi ya da bayrağa  sayğı, sadəcə Türk millətinə has bir duyğu değil. Bayrağ sevgisi, millet ve ülkeyle özdeşleşiyor. Bu manada, her millet, kendi bayrağına ilişkin “sayği ve hürmet” istiyor”.

Milli dil məsələsi Muhsin Kadıoğlunun kitabında diqqəti cəlb edən çox mühüm məsələlərdəndir. Burada dörd əsas məsələyə təsadüf edirik: Türk dilinin qlobal basqıdan qorunması; Qərbdə milli dili qorumaq məsələləri, yəni milli dil məsələsinin “millətçilik” deyil, dünya hadisəsi olması; Türk dilinə qarşı mənfi mövqe; “yabançı dil” sevdası. Hər biri geniş problemi əhatə etdiyi və araşdırmaçı yazarın dərin analizləri ilə şərh olunduğu üçün sözügedən məsələni ayrıca bir yazı ilə təhlil etmək lazımdır. Burada əsas məqamlara diqqət çəkdik.

Qlobal basqıdan, kürəsəlləşmənin mənfi meyllərindən qorunmağın yeganə yolu güclü milli resurs və kadrlara söykənən iqtisadiyyata nail olmaqdır. İqtisadi gücü və inkişaf etmiş mədəni səviyyəsi olmadan heç bir dövlət milli dirənc ilə bu basqıdan qurtara bilməyəcək. Milli dirənc kürəsəl basqıya qarşı sadəcə ilkin addımdır. Yalnız mədəniyyətin müxtəlif yaruslarında milli kimliyi qorumaq və gələcək nəsillərə ötürmək də “Akılçı türkçülük” təliminin yeganə meyarı və məqsədi deyil, iqtisadi, sosial həyatın, elmin müxtəlif sahələrinin milli zəmində inkişafı, milli resurslardan gələcəyə hesablanmış proqram çərçivəsində  istifadə etmək kürəsəl basqıya qarşı dayanmaq deməkdir. Təsadüfi deyil ki, kitabda iqtisadi milliyyətçilik, yabançı sərmayə və milli güvənlik, qida böhranı kimi sahələri əhatə edən ayrıca bölümlər vardır ki, bunlar da yeni bir tədqiqatın mövzusudur.

Bütün bu məsələləri şərh edən Muhsin Kadıoğlu inteqrasiyanın assimilyasiyaya gətirib çıxara bilən təhlükəli məqamlarını önə çəkir, Qərb nümunələrini də təqdim etməklə qoyulan problemlərin qlobal və dünyəvi xarakter daşıdığını, hər bir millətin haqqına sahib olmasının kürəsəl düşüncəyə zidd olmadığını əsaslandırır.

Kitabın önsözündə Muhsin Kadıoğlu “milli bünyemize olumlu veya olumsuz tesir edebilecek iç ve dış olaylar karşısında toplumuzu bilgilendirmek aydınların görevidir” yazıb. Türk dünyasının dəyərli aydınlarından biri kimi “Küresel düşün, ulusal davran” kitabında Muhsin Kadıoğlu da öz görəvini layiqincə həyata keçirib.

Bəsirə ƏZİZƏLİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent

 





22.08.2016    çap et  çap et