525.Az

Prezident və xanımı universitet açılışında iştirak etdi


 

Prezident və xanımı universitet açılışında iştirak etdi

Bu gün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi keçirilib.

525.az-ın Prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edilib.

Dövlət başçısı universitetin yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycan Prezidentinə və xanımına məlumat verdilər ki, yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanmışdır. Yeddi korpusun, dörd yataqxananın daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunmuşdur.

Dövlətimizin başçısı və xanımı universitetin beş mərtəbədən ibarət yeni binasının müasir tədris avadanlığı ilə təchiz edilmiş auditoriyalarında, zəngin kitabxanasında, konfrans zalında, yeməkxanasında, tələbə mərkəzində, "13 müdriklər klubu"nda yaradılmış şəraitlə tanış olublar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva universitetin birinci mərtəbəsində köhnə Bakının və köhnə Moskvanın görüntülərini əks etdirən fotostendlərə baxıblar.

Daha sonra Azərbaycan Prezidenti və xanımı universitetin ayrı-ayrı mərtəbələrindəki auditoriyalarda, kompyuter zalında yaradılmış şəraitlə tanış oldular, ali təhsil ocağının dördüncü mərtəbəsindən ətrafı seyr etdilər. Bildirildi ki, beş hektar ərazidə inşa edilmiş kompleksin həyətində geniş yaşıllaşdırma işləri görülmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Azərbaycan Prezidenti yeni kompleksdə yaradılmış şəraitdən razılığını bildirib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2008-ci il tarixli Sərəncamı ilə yaradılıb.

 





26.09.2012    çap et  çap et