525.Az

Özü olaraq qalmaqla yaşamaq bacarığı


 

Özü olaraq qalmaqla yaşamaq bacarığı<b style="color:red"></b>

Qətiyyən güman eləmirdim ki, qırx ilə yaxın bir müddət ərzində iki gündən bir, ən azı həftədə bir dəfə görüşdüyümüz professor dostum Kamran İmran oğlu Əliyev haqqında yazmaq mənim üçün bu qədər çətin olacaq. Bəlkə də ona görə ki, indiyə kimi bir-birimiz haqqında (kitablara ön sözlərdən başqa) rəsmi söz deməyə ehtiyac duymamışıq. Fikirləşmişik ki, əgər dost və qardaşıqsa, zamanın sınağından çıxmış mənəvi-ruhi bağlılığımız, özümüzdən başlayıb ailəmizə keçən doğmalığımız deyilə biləcək bütün mümkün səmimi sözlərdən daha yüksəkdə dayanır: nə desək olanların hamısını əhatə etməyəcək. Bəlkə də arxayın olmuşuq ki, ömür hələ qabaqdadı, içimizdən keçənləri deməyə vaxtımız çox olacaq. Bəlkə də... Amma... indi düşünürəm ki, demədiyimiz sözu bizə mənəvi təskinlik verə biləcək vaxtda dilimizə gətirməliyik.

Yaş fərqimiz çox olmasa da, ilk tanışlıqdan Kamran bizim – mənim, Muxtar İmanovun, rəhmətlik Vəli Nəbiyevin, Arif Acalovun, Arif Rəhimovun qeyri-rəsmi ağsaqqalına çevrildi. İnqilabçı və inkarçı vaxtlarımız idi, əmindik ki, dünyanı dəyişmək missiyası bizim boynumuza düşüb, qan-qan deyirdik. Kamranın soyuqqanlığı, təmkini, sözü deyib sonra fikirləşən bizlərdən fərqli olaraq, düşünüb sonra sözü demək şakəri olmasaydı, istəməsək də, müqavimət göstərsək də bizi sındıracaqdılar.

“Ağsaqqal” Kamran bizi qorudu. Maraqlı müdafiə metodu seçdi: bizi başqalarından – bizi sındırmağa çalışanlardan deyil, özümüzdən qorumağa başladı. Dövrün və cəmiyyətin normalarından kənara çıxan sözümüzü eşidəndə, əməlimizi görəndə əksər hallarda bığaltı qımışaraq, bəzən də qara üz-gözünü daha da qaraldaraq deyirdi: hələ yetişməmisiniz, gedin yetişməklə məşğul olun. Bəzən etiraz, mübahisə edirdik, amma bütün hallarda bizi inandırırdı və biz də yetişməyə gedirdik.

Hətta ailə qurmaq məsələsinə də yaxşı mənada fərqli münasibət bildirən Kamranın “ağsaqqallığı” məişət səviyyəsi ilə məhdudlaşmırdı, elm sahəsini də əhatə edirdi. Əsas örnək özü idi. Həmin vaxtlar müasir ədəbiyyatdan, yaxud da istənilən mövzunu sovet ideologiyası baxımından araşdırmaq yalnız dəbdə deyildi, həm də elmdə, həyatda rahat, asan mövqe qazanmağın, tez və maneəsiz müdafiə etməyin əsas yolu idi. Sırf elmi və ya milli ideallarla bağlı mövzuların araşdırılmaya verilməsinə, veriləndən sonra isə müdafiəsinə əngəllər yaradılırdı (məsələn, rəhmətlik O.Bayramlı “Həyat” qəzetində ədəbiyyat məsələləri” mövzusunda hazırladığı namizədlik dissertasiyasını uzun illər müdafiə edə bilmədi).

Kamran axına qoşulmadı, qarşıda onu müxtəlif risklərin gözlədiyini bilə-bilə Azərbaycan romantizmindən mövzu götürdü. Onun təcrübəsi bizi inandırdı ki, birinci mərhələdə təkid göstərməklə veriləndən imtina edərək istədiyin mövzunu götürmək mümkündü. Nəticədə Kamranın özü kimi, biz də həyatımızın sonrakı mərhələsində xəcalət çəkmədiyimiz araşdırmalara (söhbət elmi zəiflikdən deyil, ideoloji xidmətkarlığa görə gözükölgəliyin olub-olmamasından gedir) adımızı yazdıq.

Namizədlik dissertasiyasını uğurla müdafiə edən Kamran az müddət ərzində doktorluq işini tamamladı. Romantizmdən və fərqli yazmağa çalışdığına  görəmi, gənc yaşlarında doktorluğunu tamamladığına görəmi, həsəddənmi, qısqanclıqdanmı, deyə bilmərəm, amma onun doktorluq dissertasiyası həmin dövrün tələblərinə uyğun olaraq təsdiq üçün Moskvaya çatmamış elmimizin keşiyində “ayıq-sayıq duranların ifşa məktubları” artıq orada idi. Kamran doktorluğunu ikinci dəfə müdafiə elədi. Özü də sınmadı, bizi də növbəti dəfə sınmaqdan qurtardı.

Yeri gəldikcə müasir ədəbiyyatdan, nəzəri-estetik fikrin müxtəlif aktual problemlərindən və ortaya qoyulan məhsullarından da məqalələr, resenziyalar qələmə alıbdır. Amma onu filoloq kimi səciyyələndirən əsas cəhət yaradıcılığı boyu iki mövzuya, problemə sadiqlikdir. Kamran axtarışlarında bir Azərbaycan romantizminin və bir də milli folklorun araşdırılmasını ön plana çəkibdir.

Romantiklərin ədəbi-nəzəri görüşlərini, Azərbaycan romantizminin poetik sistemini tədqiq edən Kamran H.Cavid irsinə davamlı maraq göstəribdir. M.Hadiyə, A.Səhhətə, A.Şaiqə vurğunluq və bələdlilik onun bütün yazılarında qabarıq şəkildə görünür. Sadəcə olaraq Kamran o tipli alimlərdəndir ki, istənilən problemlə, şəxsiyyətlə, mövzu ilə bağlı elmi əsər yaza bilər, amma içini, normativ nəzəri mülahizələrin sərhəddini aşan məhrəm, adi hallarda etirafı çətin, bəzən də mümkün olmayan mülahizələrini yalnız onu danışdıran müəllif, əsər, məsələ olanda ifadə etməyi bacarır. Onu danışdıran şəxsiyyətlərdən biri H.Caviddi. Kamranın bu böyük şairlə, mütəfəkkirlə bağlı araşdırmaları fərqli münasibətin nümunəsidi.

Yaradıcılığının son on ilində onu daha çox danışdıran isə Azərbaycan dastanları, xüsusən də “Kitabi-Dədə Qorqud” eposudur. Azərbaycan romantizmi və H.Cavid, Azərbaycan dastanları və “Kitabi-Dədə Qorqud” nəzəri fikirdə kifayət qədər araşdırılıbdı. Xələflərinin ənənəsini davam etdirən Kamran romantizmin araşdırmasından başlayan öz ənənəsinə də sadiq qaldı. 1987-ci ildə onun kitabına yazdığım ön sözdən bir parçanı nümunə gətirmək istərdim:

“Kamran Əliyev Cavid irsinin qlobal mahiyyətini filoloji fikrimizdə ənənəyə çevrilmiş möhtəşəm problemlərin təhlili ilə açmaq prinsipini detallar əsasında araşdırmaq prinsipi ilə əvəz edib. Şeyx Sənan, İblis, Knyaz və s. kimi romantik qəhrəmanların  xarakteri epizodik surətlərin səciyyəvi rolunu və əhəmiyyətini müəyyənləşdirməklə açıqlanıb. Cavid irsində xronotop problemi ağac, dəniz, meşə kimi ilk baxışdan interyer, səhnə, tamaşa detalı təsiri bağışlayan, əslində isə rəmz, simvol statusu qazanan detalın araşdırılması ilə şərh olunub”.

Özümdən sitat gətirməyimin yeganə səbəbi Kamranın tədqiqat metoduna sadiqliyidir. Onun folklor sahəsindəki araşdırmalarında da oxşar mənzərə ilə qarşılaşırıq. Tədqiqatçı mətni səciyyələndirən açıq (əsasən görünən), yaxud da gizli (əsasən görünməyən) detallara diqqət yetirməklə və onları mənalandırmaqla mətnin məzmun tərəfinə işıq salmağa çalışır. Nəticədə irəli sürülən mülahizə yalnız nəzəri səviyyəsinə görə deyil, eyni zamanda mətləbin, həllinə cəhd göstərilən problemin bədii sistemin bütövlüyünü təşkil edən ədəbi-estetik faktlarla təsdiqlənməsi baxımından diqqəti çəkir. Başqa sözlə desək, Kamran tədqiqatlarında ideyaya, mətləbə uyğun gələn ədəbi faktları seçmir, məhz ideyanı, mətləbi zəruriləşdirən ədəbi faktlara istinad edir və onları nəzəri təhlilə cəlb edir.

Kamran Əliyev haqqında ürəyimdən keçənlərin hamısını yazsam, ünsiyyətdə olduğumuz uzun illəri bir-bir vərəqləməliydim, onun çoxsaylı kitablarını ayrı-ayrılıqda təhlil etməliydim. Üç amil sözümü saxlamağa səbəb oldu. Birincisi, çox istədiyim keçmiş tələbələrimdən biri maraqlı bir mülahizə söyləmişdi: dünyanın sonuna heyf ki inanmıram. İnansaydım bəhanə edib ürəyimdən keçənləri ürəyimdəkilərə deyərdim. Hələ dünyanın sonu deyil, buna görə bəhanə də lazım deyil.

İkincisi, Kamranın Yazıçılar Birliyindəki yubiley mərasimini mən aparırdım. Tədbirdən sonra bir nəfər dedi ki, yaxşı apardın, lap tamada kimi. Cavab verdim ki, lap yaxşı, təqaüdə çıxanda işsiz qalmaram. Bu epizod məni bir daha əmin elədi ki, yalnız hər bir insan öz sözü boyda deyil, həm də hər bir insan anladığı boydadı. Ömrünü biznesə yox, araşdırmalara həsr eləmiş, axtarışları elmi mühitdə təsdiqlənmiş bir alim barədə 60 illik həyatında bir dəfə layiq olduğu xoş sözün cüzi hissəsini deməyin yenidən sağlıq kimi başa düşülməsi ehtimalı çox ağırdır.

Üçüncüsü, Kamran Əliyevin özüdü. Bütün alimlər kimi, Kamran da özündən sonra danışacaq sözünü kitablarına köçürüb. Onun taleyini mənim və ya bir başqasının bu gün dediyi sözlər yox, kitabları müəyyənləşdirəcək. Kamran içi ilə yaşayan və danışan insan kimi bir həqiqəti çox gözəl anlayır: çox yazan, çox oxuyan Mövlana Rumi demiş, həmişə həddini bilir. İllüziyalara qapılmadan həyatda həddini, elmdə də yerini dəqiq bildiyindən müxtəlif vəzifələrdə işləmiş Kamran Əliyev ömrü boyu heç kəsin artırıb-azalda bilməyəcəyi, özünün də mənəvi təskinlik tapdığı bir prinsiplə yaşayıb-yaradıb və yaşayır-yaradır: həmişə, bütün hallarda özü olaraq qalmaq! Kimliyindən asılı olmayaraq, hər bir bəndənin, o cümlədən Kamran Əliyevin arxada qalan və gələcəkdəki ömrünü fərqləndirən əsas cəhət budur: özü olaraq qalmaqla yaşamaq bacarığı!

 





05.03.2013    çap et  çap et