525.Az

İsmayıllı, Qəbələ və Şamaxı folklor kollektivləri Bakıda


 

İsmayıllı, Qəbələ və Şamaxı folklor kollektivləri Bakıda<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni yaradılmış Bakı şəhəri, Nizami küçəsində yerləşən təsviri sənət məkanında avqustun 20-də İsmayıllı, Qəbələ və Şamaxı rayonlarının incəsənət nümunələri təqdim olunub.

Nazirlikdən 525.az-a verilən məlumata görə, İsmayıllı rayonunun “Lahıc”, Şamaxı rayonunun “Şirvan” folklor ansamblları və Qəbələ rayonundan “Zopu-Zopu” etnoqrafik folklor rəqs kollektivi geniş konsert proqramı ilə çıxış edib. Çıxışlar şəhər sakinləri və turistlərin böyük marağına səbəb olub.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynovun sözlərinə görə, bugünkü tədbirin məqsədi regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor kollektivlərini üzə çıxarmaq və onları paytaxt sakinləri və qonaqlara təqdim etməkdir. Bölgələrimizdə fəaliyyət göstərən folklor kollektivlərinin ölkəmizi dünyada layiqincə təmsil etdiklərini, dəfələrlə müxtəlif folklor festivallarında iştirakını qeyd edən qalereyanın direktoru bu tədbirlərin davamlı olacağını deyib. Bildirib ki, növbəti həftələrdə də ölkəmizin digər regionlarından olan istedadlı insanlar, el sənətkarları və folklor kollektivləri Bakıda çıxış edəcəklər.

Tədbirdə, həmçinin həmin bölgələrdə yaşayıb-yaradan el sənətkarlarının əl işlərinin sərgi-yarmarkası keçirilib.

Qeyd edək ki, folklor kollektivlərinin çıxışı bir gün nəzərdə tutulub. Sənətkarların əl işlərinin nümayişi avqustun 23-dək davam edəcək.

Cavid QƏDİR

 





23.08.2016    çap et  çap et