525.Az

98 il əvvəlin odlu-atəşli avqust günləri


 

MİLLİ DÖVLƏTÇİLİYİMİZİN TARİXİNƏ PARLAQ SƏHİFƏ KİMİ YER ALMIŞ SAVAŞIN - BAKI UĞRUNDA DÖYÜŞLƏRİN NÖVBƏTİ İLDÖNÜMÜ TAMAM OLUR

98 il əvvəlin odlu-atəşli avqust günləri<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Qafqaz İslam Ordusu iki qrupa bölünərək düşmənə qarşı mübarizə aparırdı: Cənub qrupu və Şimal qrupu.

Cənub qrupu ordu birləşmələri 4 avqustda Bakı cəbhəsinə çata bilmişdi. Puta stansiyasına çata bilən ordunun piyada və topçu qüvvələri şimal qrupunun sərəncamına verildi. Türk ordu birlikləri, başlanılacaq həlledici hücuma hazırlıq ilə məşğul ikən, düşmən qüvvələri ani bir həmlə ilə Qurd qapısı təpəsini ələ keçirdi. Şərq Cəbhəsi Komandanlığı, bütün birliklərə göndərdiyi əmrdə, düşmənə, 5 avqust 1918-ci il tarixində sübh saat 4-də, basqın şəklində bir hücum təşkil ediləcəyini bildirdi. Hücum planına görə, əsl qüvvə mərkəzi yenə də cəbhənin sağ cinahında, yəni Bakının aşağısındakı yüksəkliklərin önündə yerləşən birliklərdə olacaqdı. Mürsəl paşa bu bölgənin ərazi strukturunun şəhərdəki uzun mənzilli toplar ilə gəmilərdəki toplardan açılan atəşin təsirini qırdığını düşünürdü. Türk ordusunun sol cinahının yerləşdiyi bölgənin şəhərə daha uzaq olması səbəbiylə, yüksəkliklərin keçilməsindən sonra qarşıdakı düz ərazinin arxadan bəslənməyi çətinləşdirəcəyini, eləcə də Mehmetçiyin, düşmən topçusunun açıq hədəfi halına düşəcəyini hesab edirdi. Düşmən cəbhəsinə ilk həmlə, süngü hücumu şəklində ediləcəkdi. Cəbhədən yarılaraq geri oturdulan düşmən birləşmələri tamamilə dağıdıldıqdan sonra, şəhərə giriləcək və ehtimal olunan küçə döyüşlərindən sonra, Bakı ələ keçiriləcəkdi. Əsl hücum birlikləri şəhərə girərkən, Bakının qərbindəki Bayıl yüksəkliklərinə çıxarılacaq səhra topu ilə limandakı sərnişin gəmisi və dənizdəki gəmilərin qaçmasına fürsət verilmədən batırılacaqdı.

Şimal qrupu komandanı vəzifəsini qərargah zabiti Osman bəy yerinə yetirirdi. Qrupun tabeliyindəki 13-cü Qafqaz alayı Bakının qərbindəki Qurd qapısı təpələrində mövqe tutmuşdu. Süvari minbaşı Zehni bəyin komandası altında isə nizami süvari alayı, "Dikaya diviziya"nın süvari bölükləri və rus əsarətindən qaçan türklərdən ibarət bir piyada bölüyü ilə, 9-cu Qafqaz alayı pulemyot bölüyü və Ləzgi alayının bir qismi xidmət edirdi. Zehni bəyin ordu birləşmələri şimal qrupunun sol cinahını təşkil edirdi və Xırdalandan Masazır bölgəsinə qədər olan geniş bir düzənliyə yayılmışdı.

Sumqayıt məntəqəsinin şimalında isə 38-ci piyada alayı 11-ci batalyondan bir bölük, bir milis süvari dəstəsi ilə bir pulemyotçu dəstəsi var idi. Bu birliyin vəzifəsi, şimaldan qatar yolu ilə gələ biləcək təhlükənin qarşısını almaq idi. Cənub qrupu, azərbaycanlı podpolkovnik Həbib Səlimovun komandanlığı altında 26-cı piyada batalyonundan bir bölük, Diviziya istehkam bölüyü, bir süvari dəstəsi, iki rus səhra topu və zirehli qatar ilə Ələtdə yerləşmişdi. Bunların vəzifəsi isə Xəzər dənizindən gələ biləcək hər hansı təhlükənin qarşısını almaq idi. 

Birinci Bakı hücumu 

Şərq Cəbhəsinə tabe olan ordu, 5 avqust 1918-ci il, səhərə yaxın saat 04:30-da bütün istiqamətlərdən Bakıya tərəf irəli hərəkətə başladı. Türk topçusunun güclü atəşi ilə müşayiət olunan hücum qarşısında, birləşmiş düşmən qüvvələri mövqelərini qoruyub saxlamağa çalışırdılar. Havanın işıqlanması ilə hücumu şiddətləndirən türk əsgəri qarşısında ingilis, rus və erməni birləşmiş qüvvələri Bakıya doğru addım-addım geri çəkilməyə başladılar. Şimal qrupu Bakının cənub-qərbindəki Bayıl yüksəkliklərini ələ keçirərək, şəhərə daha da yaxınlaşdı. Düşmən qüvvələri cəbhənin ortasındakı koridordan Salxana istiqamətində və arxadakı məzarlığa doğru qaçmağa çalışırdılar. Türk topçu atışları şəhərə zərər vermək istəmirdi və yalnız əsgər səngərlərini hədəfə alırdı. Top səslərini eşidən rus və ermənilər qorxu və təlaş içində sahildəki gəmilərə tərəf qaçırdılar. Bakı limanında 5-6 gəminin şəhərdən qaçmağa hazırlaşan insanlarla dolu olduğu görünürdü. Hücum xəttinin sol tərəfinə qarşı irəliləməyə çalışan düşmən, geriyə oturduldu. Xırdalandakı bəzi piyada və süvarilərin də geriyə çəkildiyi görünürdü. Düşmən gəmilərindən atılan top atəşləri hücumda olan türk əsgərini dayandıra bilmirdi.

Köməyə gəlmiş ingilis döyüşçüləri 

Qafqaz İslam Ordusu düşmən birliklərinin telefon danışıqlarını da dinləyirdi. Bunlardan birindən başa düşüldüyü qədərincə, türklərin şəhərə girməsi halında mümkün olan yol və istiqamətlərin top atəşinə tutulması kimi tədbirlərdən söhbət gedirdi. Başqa bir dinləmədə də şəhəri qorumağa çalışan düşmən qüvvələrinin sol və sağ cəbhələrinin süqut etmək üzrə olduğu məlum oldu. Buna görə podpolkovnik Əzizov olduğu bildirilən bir bölük komandiri Bakının müdafiəsini idarə edən general Kornilovu təcili telefona çağırırdı. Əzizov müdafiə xətlərinin qırıldığını və türk əsgərinin şəhərə girmək ərəfəsində olduğunu bildirərək, bu vəziyyətdə nə edəcəklərini soruşurdu. Bu və buna bənzər məlumatları vaxtında qiymətləndirən Şərq Cəbhəsi Komandanı Mürsəl paşa vəziyyəti Nuru paşaya vaxtında çatdırır və hücumun planlaşdırılan şəkildə uğurla davam etdiyini söyləyirdi. Türk ordusu, Bakının yandırılıb-dağıdılmasını, xaraba olmasını istəmədiyi üçün, şəhərin ziyan vurulmadan alınacağına olan ümid getdikcə artırdı.

Birinci Bakı hücumunda erməni, rus və ingilis birləşmiş qüvvələrindən 2 mindən çox ölən və yaralanan olmuşdu. Türk ordusunun itkiləri isə, zabitlərdən - 9 şəhid, 19 yaralı, əsgərlərdən -139 şəhid, 444 yaralıdan ibarət idi. Cəmi 547 piyada tüfəngi, 37 pulemyot yararsız hala düşmüşdü. Şərq Qrupu Komandanı Xəlil paşa, 31 iyul 1918-ci il tarixində Batumdan keçərək Tiflisə getmişdi. Bakıya birinci hücum Xəlil paşanın Tiflisdə olduğu günlərə təsadüf edirdi. Gürcü qəzetləri hadisəni "Türklər Bakıya hücum etdilər, məğlub oldular, geri qaçırlar" kimi ifadələrlə oxuculara çatdırırdılar.

Bu xoşagəlməz xəbərlərdən narahat olan komandanlıq düşmənin Xəzər dənizində olan döyüş gəmilərindən açdığı atəşi susdurmaq məqsədi ilə dörd ağır top batareyası, hava hücumundan müdafiə üçün bir dəstə, müxtəlif çaplı 28 min top mərmisi, min qutu mauzer tüfəngi mərmisi və rus piyada tüfəngləri üçün beş yüz qutu mərmi, telefon və teleqraf rabitəsinin lazımi qaydada yerinə yetirilməsi üçün zəruri avadanlıqlar və iyirmi hərbi nəqliyyat vasitəsinə təcili ehtiyac duyulduğunu qeyd edirdi.

5 avqust hücumundan sonra Qafqaz İslam Ordusu arasında Bakıdan göndərildiyi güman edilən bir dəvət məktubu yayıldı.

(Ardı var)

Ramil HİKMƏT

 





23.08.2016    çap et  çap et