525.Az

"İşğalçı dövlət nizamlanma prosesinə hazır deyil"


 

"İşğalçı dövlət nizamlanma prosesinə hazır deyil"<b style="color:red"></b>

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın mövqeyində dəyişiklik yoxdur. Ona görə də Ermənistan tərəfi bu məsələdə çox böyük həyasızlıq nümayiş etdirir". 

Bu barədə politoloq Qabil Hüseynli Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan son danışıqlara münasibət bildirərkən deyib.

O bildirib ki, Ermənistan rəsmilərinin "bir qarış torpaq vermərik", "Qarabağ müstəqil olmalıdır" kimi şantaj xarakterli çıxışları işğalçı dövlətin nizamlanma prosesinə hazır olmadığını göstərir:
 
"Dağlıq Qarabağ məsələsində əsas rol oynayan Rusiyadır və əgər o qəti mövqe tutsa, münaqişənin beynəlxalq hüquq normalarına, BMT-nin müvafiq qətnamələrinə uyğun həll etmək istəsə,  ermənilər nə kəradilər ki, dirəniş göstərsinlər? Onlar bütün məsləhətləri Kremldən alır və ona uyğun da hərəkət edirlər".

Q.Hüseynli düşünür ki, Ermənistana hər hansı ciddi təzyiq göstərilmir:
 
"Təzyiq olsa, belə abırsız formada danışa bilməzdilər. Azərbaycana 350 milyard dollardan çox ziyan vurublar, ərazimizi işğal ediblər, bir milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Beynəlxalq birlik tərəfindən işğalçı ilə işğala məruz qalan arasında ciddi fərq qoyulmadıqca ermənilər belə həyasız bəyanatlar verməkdə davam edəcəklər".

Politoloq Cümşüd Nuriyev isə Ermənistanda cərəyan edən daxili proseslərə diqqət çəkərək, bunun Qarabağ münaqişəsinin nizamlanmasının təsirinə toxunub.
 
Onun sözlərinə görə, baş verən mitinqlərin müəyyən qədər nisbi sakitliyə keçməsi, daha çox tələbələrin gəlişinin gözlənilməsi ilə bağlıdır. Çünki erməni saytları da qeyd edir ki, onların əsas gücü tələbələrdir.
 
O bildirib ki, Ermənistanda vəziyyət sentyabr ayında yenidən gərginləşəcək:

"Ümumiyyətlə, son günlər Ermənistanda baş verənləri sakitlik kimi qələmə verməzdim. Bu, daha çox tufanqabağı sakitliyə bənzəyir. Hadisələrin gedişatı da göstərir ki, sentyabr, oktyabr aylarında Ermənistanda yenidən mitinq dalğası güclənəcək".

C.Nuriyev qeyd edib ki, Ermənistan cəmiyyətinin əsas tələbi Serj Sarkisyanın istefası ilə bağlıdır:

"Bu ölkədə baş verənlər göstərdi ki, düşmən ölkə həm Jirayr Səfilyanla, həm də baş nazirin istefasının tələbi ilə bağlı məsələdə kifayət qədər ikiüzlü mövqe tutur.
 
Təbii ki, bütün bunların Serj Sarkisyanın yarıtmaz siyasəti ilə bağlıdır. Çünki o, kifayət qədər yalançı, ikiüzlü və riyakardır. Ermənistanda bunu dərk edən kifayət qüvvələr var. Xüsusilə də ölkə müxalifəti onu qəbul etmək istəmir. Lakin burada digər məsələ var, ki bu da Dağlıq Qarabağla bağlıdır. Belə ki,  Ermənistan cəmiyyətinin Sarkisyanın istefasını istəməsində Dağlıq Qarabağ münaqişəsinin həllinin növbəti dəfə təxirə salmağa cəhd etmək dayanır. Lakin Azərbaycan prezidentinin problemin həlli ilə bağlı mövqeyi ortadadır. Ermənistanda çevriliş olsa belə, bizim mövqeyimiz dəyişilməzdir".

PƏRVANƏ

 





23.08.2016    çap et  çap et