525.Az

Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış (davamı)


 

Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış <b style="color:red">(davamı)</b>

Müsahibimiz görkəmli filosof, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. Söhbətimizin məğzini Azərbaycanda dini və etnik tolerantlığın tarixinə, mərhələlərinə fəlsəfi-psixoloji aspektdən baxış təşkil edir.

(Əvvəli ötən sayımızda)

– Belə çıxır ki, millətlərin mədəni nailiyyətləri, elmi-fəlsəfi yaradıcılığı daha çox ortaq səciyyə daşıyır?

– Əlbəttə, müasir millətlərin istifadəsində olan təkcə öz yaratdıqları deyil. Bütün digər millətlərin həm elmi-fəlsəfi yaradıcılığı, həm də sivilizasiyanın inkişafına olan digər töhfələri ümumiyyətlə bəşəriyyətin istifadəsinə verilmişdir. Ona görə də, tarix boyu ümumbəşəri fikir və mədəniyyət xəzinəsinə çox şey verib, indi ondan az faydalananlar olduğu kimi, tarixi keçmişdə xidmətləri az olmasına baxmayaraq, indi bu ümumi xəzinədən hamıdan çox faydalananlar da vardır. Burada maraqlı bir məqamla rastlaşırıq. Milli mentalitetdə nəyə isə yiyələnməyə, mənimsəməyə, yoxsa verməyə, xidmət göstərməyə daha çox meyllilik bu məsələdə də, ümumxalq, ümummillət səviyyəsində özünü göstərir. Əl tutmaq, kömək etmək, xidmət göstərmək istəyənlər özlərinin indi nə qədər geridə qaldıqlarını unudaraq, yenə də başqalarına qarşı səxavət və qonaqpərvərlik nümayiş etdirməyə çalışırlar. Fərdi miqyasda həqiqətən çox gözəl olan bu keyfiyyət ümummilli miqyasda, xüsusi dövlətçilik mövqeyindən yanaşdıqda çox mənfi nəticələrə gətirir. Halbuki, öyrənməyin, mənimsəməyin də öz texnologiyası var. Bu özü bir mədəniyyətdir və ona yiyələnmədən müasir qloballaşma şəraitində ancaq ziyan çəkmək olar.  Şübhəsiz, hər dövrün, ictimai-siyasi mühitin dini və etnik məsələlərə təsiri ilə yanaşı, hər bir millətin ümumiyyətlə, səciyyəvi xüsusiyyətləri mövcuddur. Bu xüsusiyyətlər başqa millətlərə, başqa dinlərə münasibəti də ehtiva edir.  Eqoist adamlar olduğu kimi, ancaq özünü sevən, millətçilik əhval-ruhiyyəsi güclü olan eqoist millətlər də var. O cür inkişaf etmiş ölkədə, Almaniyada keçən əsrin 30-cu illərində faşizm yayıldı, hakim düşüncə tərzinə çevrildi, xeyli tərəfdarları tapıldı. O şəkildə ifrat millətçilik də birdən-birə yaranmır. Təbii ki, onun üçün bir psixoloji zəmin də var imiş. Milli düşüncənin öz stukturunda müvafiq oriyentasiya var imiş ki, hakim ideologiya onu asanlıqla səfərbər edə, bütövlükdə xalqı ayağa qaldıra bilibmiş.

– Azərbaycan xalqı ən çox nə ilə səciyyələnir? Bizim millətdə “özümüzünkü” və “başqası” bölgüsü nə dərəcədə yayılmışdır?

 – Azərbaycanlıların  ideya-siyasi baxışlarını, mentalitetini, həyat tərzini, dinin özünün Azərbaycanda spesifik surətdə oturuşmasını, cəmiyyətin mənəvi həyatını araşdırmaqla xalqımızın səciyyəvi xüsusiyyətlərini qismən də olsa, müəyyənləşdirmək mümkündür. Məncə, bu məsələyə tarixi aspektdə yanaşmaq daha düzgün olar. Bolşevik inqilabına qədər olan dövrdə-XIX əsrin axırları – XX əsrin əvvəllərində Azərbaycanda milli dirçəliş müşahidə olunurdu. Bu, xalqımızın tarixində qızıl dövrdur. Bəlkə də milli məfkurənin, milli konsolidasiyanın, milli səfərbərdedici fikrin ən yüksək energetik potensialı həmin dövrə təsadüf edir. Milləti formalaşdıran, onu identifikasiya edən, başqa millətlərdən fərqləndirən, səciyyələndirən cəhətlər, ilk növbəd, dil, din, adət-ənənələrdir, ən əsas komponent də mədəniyyətdir. Birgə iqtisadi həyat şərti, siyasi amillər və sair bir az sonra gəlir. Əsas din, dil və mədəniyyət önəmli faktordur. Və bunların hamısının əsasında duran düşüncə tərzidir. Xalqı səciyyələndirəndə fikir verirlər ki, o, nə uğrunda yaşayır, hərəkətverici qüvvə nədir? Xalqın da həm intellektual, həm səviyyə, həm maddi təminat, həm ictimai-iqtisadi göstəriciləri, həm siyasi yön baxımından müxtəlif təbəqələri var. Amma qeyd edim ki, maariflənmə, savadlanma, kollektivləşmə, millətləşmə olmayanda camaat xalq olmur, kütlə olur, bundan artıq bir şey olmur. Belə olanda nə milli, nə dini, nə ideoloji aspektlərdən danışmaq mümkün deyil.  Tarixən bir az da qabağa getsək, Azərbaycanın həyatında taleyüklü hadisələrdən biri Vətənimizin “Gülüstan” və “Türkmənçay” müqavilələri ilə parçalanması, bir qisminin İran dövlətinin tərkibində qalması, şimali qisminin isə Rusiya imperiyasının hakimiyyəti altına keçməsi idi. Buna o vaxt himayə deyilirdi, daha doğrusu, Rusiyanın müstəmləkəsinə çevrildik. Parçalanmaq, ikiyə bölünmək, milli bütövlüyün itirilməsi baxımından, bu, əlbəttə, faciədir. Amma Rusiyanın müstəmləkəsinə çevriləndən sonra bizim prioritetlərimiz necə dəyişdi? Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyat tərzi, inkişaf istiqamətləri  bizdən nə ilə fərqləndi? Ona qədər də bizdə dil və din birliyi mövcud idi. Şimali Azərbaycan Rusiyaya birləşdiriləndən sonra millət olaraq fərdi özünüqoruma instinkti istər-istəməz milli özünüqorma və özünü hansı formada isə ayırmaq və saxlamaq, bunun naminə birlşəmək hissləri yaratdı. Fikir verin, İranın tərkibində qalan Cənubi Azərbaycanda dini eyniyyət var. Ona görə də vahid din onları əritdi. Yəni islam dini və dindən gələn adət-ənənələr adı altında oradakı azərbaycanlılar, farslar və digər millətlər amorflaşdılar və orada azərbaycanlıların özünü müstəqil milli varlıq kimi dərk etməsi olmadı. Şimali Azərbaycanda isə tam tərsinə, “gavurlar”ın əlində qaldığımız üçün rəsmi və qeyri-rəsmi olaraq mənəvi faktor yarandı və bu faktor bizi millət olaraq birləşdirdi. Çünki həm dil, həm adət-ənənə, həm din Rusiyadakından fərqli idi, bunları qorumaq isə bizim amalımıza çevrildi. Amma o dövlətin də əsas məqsədi bizi millət olaraq əritmək idi. Lakin Rusiya imperiyası üçün bir müsəlman xalqını öz içində əritmək çətin idi, çünki fərqləndirici amillər çox idi. Amma müsəlman imperiyası –İran üçün bu asan oldu. Ona görə də cənubda qalan soydaşlarımızın milli şüuru inkişaf eləmədi, tam tərsinə, Rusiya imperiyasının tərkibində bizim milli şüurumuz inkişaf elədi. Paradoksal bir vəziyyət yarandı. Amma bu cəhətə, tədqiqatçılar, təəssüf ki, çox az diqqət yetiriblər. Yəni bunun səbəbinə diqqət yetirmirlər. XIX əsrdə artıq bizim Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadə və onların istiqlalçı xələfləri kimi ziyalılarımız var idi. Onlar məhz azərbaycanlı olaraq düşünməyə başladılar, Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini də inkişaf etdirməyə çalışdılar. Müstəqilliyimizin ən müsbət cəhətlərindən biri də o oldu ki, sovet dövründə qadağan olunmuş bu cür şəxsiyyətlərimizi yaxından öyrəndik, üzə çıxartdıq, onların əsərlərini çap elədik. İndiki söhbət məqamında isə məni maraqlandlıran ayrı-ayrı şəxslər yox, o dövrün ruhu, dövrün səciyyəsidir, onun ictimai-siyasi və milli siması və öz dininə, başqa dinlərə münasibət məsələsidir. Biz yaşadığımız ölkədə, ərazidə hakim din xristian dini, daha çox da onun pravoslav təriqəti olub. Ona görə bizim dinimiz islam öz mövcudluğunu qoruyub saxlasa da, əlbəttə ki, başqa dinlərə öz iradəsini diqtə edə bilməzdi. Prinsipcə, mümkün deyildi ki, digər dinlərə dözümsüzlük göstərək. Çünki biz onda hakim din deyildik. Bu da çox önəmli məsələ idi. Məhz Rusiyaya birləşdirildiyimiz, onun tərkib hissəsi olduğumuz üçün mümkün deyildi. Bundan sonra bir tərəfdən bizim özünüqoruma instinktimiz işə düşdü, digər tərəfdən isə dini tolerantlıq öz-özünə yarandı. Çünki onda biz öz dinimizi hakim dinin içərisində qoruyub saxlamağa çalışırdıq, daha başqasına diqtə eləməyə yox. Ataların bir sözü formalaşdı onda: “Oğul odur din içində din bəsləyə”. Biz başqa dinlərə qarşı çıxmadan öz dinimizi bəslədik, qoruduq. Bu, psixoloji bir cəhətdir o dövr üçün.

Bir millətin millət kimi formalaşması prosesi hələ dövlət yaranmamışdan əvvəl, başqa bir dövlətin, millətin içərisində də gizli şəkildə, alt qatda – ədəbiyyat, mədəniyyət vasitəsilə həyata keçir.  Amma açıq siyasi hadisə, hüquqi-siyasi akt kimi ancaq dövlət yarananda millətin formalaşması üçün də həqiqi geniş meydan açılmış olur. XIX-əsrdə də biz dövlətsiz deyildik, biz Rusiya dövlətinin təbəələri idik. Dövlət var idi, sadəcə milli dövlət deyildi. İnsanlar milli dövlət uğrunda mücadilə aparırlar ki, öz mədəniyyətlərini də, mənəvi intellektual potensiallarını da daha yaxşı realizasiya edə bilsinlər, inkişaf etdirə bilsinlər, siyasi həyatla mənəvi həyat ararsından ziddiyətlər olmasın. Yəni siyasi həyat həmin millətin mənəvi həyatı üçün şərait yaratsın. Amma başqa, yad bir dövlətin içərisində olarkən dövlətin sənə təlqin etdiyi yad dil, yad din, yad mənəviyyat, yad mədəniyyət və yad əxlaqdır. Bu zaman ikiləşmə gedir, özünə aid olanı içində gizlətməyə məcbur olursan, zahirən başqa olursan. Bu da faciədir. Ləyaqətli insanlar üçün bu ikiləşmə çox çətindir. Milli istiqlal uğrunda ona görə mücadilə aparırlar ki, gələcək nəsillər, övladlarımız üçün elə ictimai-siyasi mühit qoyub gedək ki, onlar orada başqalaşmadan, yaltaqlanmadan, riyakar olmadan, özgələşmədən yaşaya bilsinlər. Özü kimi olmaq bir əskiklik yox, üstünlük sayılsın. Təəssüflər olsun ki, indiyədək dediyimiz məsələlərlə bağlı, o dövrün fəlsəfi səciyyəsi aparılmayıb.

Millətləşmək üçün yol maarifçilikdən keçir. Savadlanmaq, oxumaq, keçmişini öyrənmək, tarixi ilə qürur hissi keçirmək, özünü dərk eləmək üçün millətin ən parlaq tarixi səhifələrini bilməlisən. Bir millət öz intellektual üstünlüyünü, mədəniyyətini, xeyirxahlığını ancaq dialoq vasitəsilə nümayiş etdirə bilər. Dövlət də milli dövlətdirsə, anlayır ki, onun funksiyası xalqına xidmət eləməkdir. Lakin sovetlər rejimində artıq dini bərabərlik təmin edildi. Yeni dəyərlər sistemi yarandı və bu dəyərlər sisteminə görə hamı ateist olmalı idi. Rusiya imperiyası bu yolla hər xalqı öz dinindən ayırmaq istəyirdi.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





06.03.2013    çap et  çap et