525.Az

Cənubi Qafqazda geosiyasət: Ermənistanın absurd iddiaları və gerçəkliklər


 

Cənubi Qafqazda geosiyasət: <b style="color:red">Ermənistanın absurd iddiaları və gerçəkliklər</b>

Son zamanlar Rusiya, Azərbaycan, İran və Türkiyə arasında intensiv müzakirələr gedir.

Bu ölkələr əməkdaşlığın yeni imkanlarını axtarırlar. Bakıda Rusiya, İran və Azərbaycan rəhbərlərinin, Sankt-Peterburqda isə Türkiyə və Rusiya prezidentlərinin görüşü bu aspektdə ümidverici məqamların mövcudluğunu təsdiqləyib.

Bu görüşlərdən sonra Moskvada Vladimir Putinin Serj Sarkisyanla apardığı danışıqlar daha çox rəmzi xarakter daşıyıb. Çünki burada hər hansı yeni əməkdaşlıq məqamı haqqında razılığın əldə edildiyi müşahidə edilməyib. Onlar ənənəvi cümlələrini təkrar söyləyiblər. Erməni mətbuatı bu hadisələrə müəyyən reaksiya verib.
 
Aparılan təhlil göstərir ki, İrəvan qeyri-müəyyənlik içindədir və özünün geosiyasi proseslərdən kənarda qalmasına ağrılı reaksiya verməkdədir. Bunun fonunda ermənilər absurd iddialar irəli sürür və demək olar ki, hər kəsdən narazılıqlarını ifadə edirlər. Bütün bunlar əbəsdir, çünki Ermənistanı yalnız gerçəkliyi nəzərə alan xarici siyasət xilas edə bilər. Bunun reallaşması isə mümkünsüz görünür. Məsələ ondan ibarətdir ki, ermənilər müstəqil dövlətçilik fəlsəfəsini hələ mənimsəyə bilməyiblər – onlar köhnə siyasi təsəvvürlərin əsiri olaraq qalırlar.

Özünütəcrid: əsassız siyasətin acı bəhrələri

Ermənistan Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərin kontekstindən kənarda qalmaqdadır. İrəvan nə hadisələrin iştirakçısı ola bilir, nə də onlara təsir etmək imkanlarına malikdir. Rusiya tərəfi onu yalnız alınan qərarlar barədə məlumatlandırır. Serj Sarkisyanı Moskvada qəbul edən Vladimir Putin ona özünün Bakı və Rəcəb Tayyib Ərdoğanın Sankt-Peterburq səfəri barədə lazım bildiyi informasiyaları deyib. Hiss olunur ki, bu durum erməni ekspertlərini ciddi surətdə pərt edib. Çünki Ermənistan kütləvi informasiya vasitələrində də yeni antirusiya təbliğat kampaniyasına başlanıldığı duyulur.

Real olaraq isə Cənubi Qafqazda olduqca maraqlı geosiyasi proseslər gedir. Aydın görünür ki, Rusiya, Türkiyə, İran və Azərbaycan yeni əməkdaşlıq formaları axtarır, əlaqələri müasir mərhələnin tələblərinə uyğunlaşdırmağa çalışırlar. Bakıda Vladimir Putin, Həsən Ruhani və İlham Əliyevin apardıqları müzakirələrdə regional əhəmiyyətli qərarlar qəbul edilib.

Azərbaycan bu vacib hadisələrin mərkəzində yer alır. Rusiya və İran Bakının iqtisadi, siyasi, təhlükəsizlik, nəqliyyat və enerji sahələrində oynadığı rolu yüksək qiymətləndirirlər. Onlar bu istiqamətlər üzrə Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını gizlətmirlər. Məsələnin digər tərəfi isə Türkiyəyə bağlıdır. Hətta bir sıra ekspertlər vurğulayırlar ki, Ankara Bakı görüşündə rəsmi təmsil olunmasa da, dolayısı ilə burada alınan qərarları qəbul edir. Bu mənada Bakıda faktiki olaraq dörd dövlət əməkdaşlıq məsələlərini müzakirə etmiş oldu.

Bununla regionda perspektivli əməkdaşlıq formatı öz təsdiqini tapmaqdadır. Burada iqtisadi, enerji, nəqliyyat sferaları ilə yanaşı, təhlükəsizlik aspekti də ciddi surətdə nəzərə alınır. Deməli, söhbət həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllindən gedir. Təbii ki, Rusiya, İran, Türkiyə və Azərbaycan danışıqlar vasitəsi ilə problemin ədalətli həlli variantı üzərində işləyə bilərlər. Azərbaycan tərəfi başqa heç bir ssenarini qəbul etmir. Çünki ərazi bütövlüyü şərti dəyişilməzdir.

Bunların fonunda Vladimir Putinin Ermənistan prezidentinə Moskvada münaqişənin ATƏT-in Minsk qrupu üzvlərindən bəzilərinin fəallığını artırması ilə həll edilə biləcəyinə işarə verməsi təsadüfi deyil. Erməni ekspertlər bunu Türkiyənin prosesə daha aktiv qatılması siqnalı kimi qiymətləndiriblər. Onu vurğulayaq ki, Ankara bir qədər əvvəl Minsk qrupunun iclaslarından birini Türkiyədə keçirməyi təklif etmiş və bu, həmsədrlər tərəfindən razılıqla qarşılanmışdı.

Buna baxmayaraq, erməni tərəfi bu addımı Rusiyanın geri çəkilməsi və Türkiyənin daha çox işə qarışması kimi təqdim etməyə çalışır. Bu informasiyaların fonunda isə Vladimir Putinin "Rusiya və Minsk qrupunun bir sıra dövlətləri Dağlıq Qarabağ münaqişəsinin tənizmlənməsinin qarantı ola bilərlər" fikrini həyəcanla qarşılayaraq Rusiya prezidentinin "həmsədrlər" sözünü işlətməməsini onun faktiki olaraq Türkiyəni nəzərdə tutması kimi mənalandırırlar (bax: Наира Айрумян. Россия и Турция предложили гарантии по Карабаху, Армения отказалась / "lragir.am", 11 avqust 2016).

Yanlış manevrlər və tərəddüdlər: şikayətçi İrəvan çıxılmaz dairədə

Lakin maraqlıdır ki, ermənilərin özləri də dediklərinə inanmayıb başqa bir versiyanı irəli sürürlər. Onlar hesab edirlər ki, Dağlıq Qarabağ məsələsi Ermənistanın etirazlarına görə gələn ilin yazına qədər "dondurulub". Bunun başqa səbəbi kimi isə Rusiya, Türkiyə, İran və Azərbaycanın münaqişəni həll etmək üçün lazımi səviyyədə imkanlarının olmaması göstərilir (bax: Наира Айрумян. Карабахский вопрос заморожен до весны будущего года / "lragir.am", 12 avqust 2016).

Əslində, bu cür məntiqsiz izahların əsas səbəbi Ermənistanın baş verən proseslərdən kənarda qalması və gerçəkliyi təhrif edərək uydurma arqumentləri təhlil etməyə çalışmasıdır. Məhz buna görədir ki, onlar bir tərəfdən Ermənistanın Rusiyadan tam asılı olduğunu etiraf edir, digər tərəfdən də İrəvanın hansısa "güc" nümayiş etdirməsindən dəm vururlar.

Hətta bir ovuc erməni separatçısının qondardığı qurumun "müqavimətindən" də yazırlar (bax: məs., Акоп Бадалян. Россия и Армения отреклись друг от друга / "lragir.am", 12 avqust 2016 və Карабахский депутат: Пусть Россия решает проблемы с Донбассом, Абхазией / "lragir.am", 13 avqust 2016). Mənəviyyatı xəstə, şüuru məntiqsiz olan bu adamlar anlamırlar ki, Ermənistan adlanan ölkə birbaşa Rusiya imperiyasının layihəsidir və Kreml istədiyi zaman onu yox edə bilər. Azərbaycan torpaqlarını da "qəhrəman erməni əsgərləri" deyil, SSRİ ordusunun müəyyən hissələri işğal edib. İndi Rusiyanın tarixi missiyalarından biri bu ədalətsizliyi bərpa etməkdən ibarətdir. Vladimir Putin bunu reallaşdıra bilsə, doğrudan da tarixi adım atmış olar.

Ermənistan dövlət olaraq xarici siyasətini müstəqil apara bilmir. Bu, danılmaz faktdır. Erməni ekspertlərin özləri də bunu açıq etiraf edirlər. Belə bir şəraitdə İrəvanın hansı müqavimətindən danışmaq olar? Cəfəng iddiadır. Həm də onu nəzərə almaq gərəkdir ki, İrəvan Qərblə əlaqələrini qura bilmir. O, Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü kimi başqa cür davrana da bilməz.

Həmin kontekstdə İqor Muradyan yazır: "...Ermənistan Cənubi Qafqazın geosiyasi cəhətdən ən zəif həlqəsi, dövlət olaraq ən çox asılı olanıdır, ancaq dünya güclərinin onunla əlaqə qurması asan deyil, çox mürəkkəbdir" (bax: Игорь Мурадян. Интересы США в отношении Армении / "lragir.am", 12 avqust 2016). Buna görədir ki, ABŞ real əməkdaşlıq əvəzinə zaman-zaman İrəvana "şikayətlər kitabı"na nəsə qeyd etməyi təklif edir. Belə çıxır ki, Ermənistan, ümumiyyətlə, dövlət kimi formalaşmayıb və onunla əməkdaşlıqdan ciddi çərçivədə danışmağın mənası yoxdur. Ermənistan rəhbərlərinin yalnız axmaq siyasi iddiaları vardır və ona da ermənilərdən başqa kimsə inanmır. Belə olmasaydı, Vaşinqton "şikayət kitabı"nı göstərməzdi, Rusiya isə dərhal təhlükəsizlik məsələləri ilə hədələməzdi.

Bəzi erməni ekspertləri özlərindən mücərrəd geosiyasi ssenarilər qurub, Ermənistanın əhəmiyyətini vurğulamağa çalışsalar da, reallıqda İrəvan regionun geosiyasi mənzərəsindən kənarda qalıb. Bu proses getdikcə dərinləşir. Hazırda Ermənistan region miqyasında cərəyan edən bütün əməkdaşlıq formatlarından kənardadır. Onun hətta Gürcüstanla əhəmiyyətli əməkdaşlıq proqramı yoxdur. ABŞ və Avropanın regional reallıqları nəzərə almadan ermənilər üçün hansısa fədakarlığı edəcəyinə ümid etmək tam əsassızdır. Təcrübə göstərir ki, hətta Suriyada belə Qərb istədiyi kimi hərəkət edə bilmir.

Dünyanın geosiyasi dinamikasının ümumi mənzərəsi belədir ki, meydana çıxan yeni güclərin təsir imkanları getdikcə genişlənir. ABŞ və Avropa öz iradələrini əvvəlki kimi yeridə bilmirlər. Bu reallıq prizmasından Ermənistanın vəziyyətinə baxdıqda, onun tamamilə havadan asılı qaldığını görürük. İrəvan nə region dövlətləri ilə münasibətlərini konstruktiv müstəvidə qura, nə də Qərblə ciddi əməkdaşlığa gedə bilir. Nəticədə, onun hərəkətlərində yanlış manevrlər və tərəddüdlər özünü daha çox göstərməyə başlayıb.

Belə görünür ki, Ermənistana layiq olduğu yer qətiyyətlə göstərilməyincə, şıltaqlıq edəcək. Beynəlxalq ictimaiyyət, ilk növbədə BMT, ATƏT, Avropa İttifaqı İrəvana ciddi təzyiq göstərməlidir. Xüsusilə böyük dövlətlər uzun illərdir apardıqları geosiyasi oyunlara son qoyub, həqiqəti söyləməlidirlər. Bunlar olmasa, Ermənistan adlandırılan qondarma dövlət Cənubi Qafqazın baş ağrısı olaraq qalacaq. Belə bir vəziyyətin isə hamı kimi, supergüclərə də xeyri yoxdur. Anlamayanlara zaman başa salacaq. Onda gec olmayacaq ki?!

Newtimes.az

 





24.08.2016    çap et  çap et