525.Az

98 il əvvəlin odlu-atəşli avqust günləri


 

MİLLİ DÖVLƏTÇİLİYİMİZİN TARİXİNƏ PARLAQ SƏHİFƏ KİMİ YER ALMIŞ SAVAŞIN - BAKI UĞRUNDA DÖYÜŞLƏRİN NÖVBƏTİ İLDÖNÜMÜ TAMAM OLUR

98 il əvvəlin odlu-atəşli avqust günləri<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Müstəqil Azərbaycanın, milli dövlətçiliyimizin, xüsusən də paytaxtımız Bakının tarixində ən unudulmaz və şərəfli səhifələrdən biri kimi qeyd etdiyimiz 15 sentyabr zəfərinə aparan vuruşmaların böyük qismi 1918-ci ilin qızmar avqust günlərində baş verib.
 
Çünki qardaş Osmanlı Türkiyəsinin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə göndərdiyi hərbi qüvvələri bu ayda bir sıra tarixi əhəmiyyətli döyüşlərə girərək qalibiyyətə nail olub.
 
Bu döyüşlər nəticəsində, həm Cümhuriyyətimizə qarşı yaranacaq ciddi təhlükə aradan qalxıb, həm də Bakı və ətraf rayonlarda erməni-bolşevik zülmünə son qoyulub.Bu yazı ilə o günləri bir daha xatırlayır, vətənimizin, paytaxtımızın azadlığı uğrunda qəhrəmancasına savaşmış soydaşlarımızı ehtiramla, minnətdarlıqla yad edirik.

5 avqust hücumundan sonra Qafqaz İslam Ordusu arasında Bakıdan göndərildiyi güman edilən bir dəvət məktubu yayıldı. Məktubda belə deyilirdi:

"Bakı kimi milyon və milyardlarla sərvətin olduğu şəhərin qapıları qarşısında günlərdən bəri zəfər quşunun qanadını yaxalamaq istəyən Türk ordusuna: Ürəkaçan bu gözəl şəhəri əgər siz azad etməsəniz, Türkün və ordusunun şərəfini indi içində olduğunuz xəndəklərdə basdıracaqsınız. Əgər siz bu sərvət və qızıl şəhərini ələ keçirməsəniz, sevgili böyük vətənimizə ən qiymətli bir hədiyyəni vermək fürsətindən məhrum olacaqsınız. Əgər siz mavi dənizin bu məşhur şəhərini ələ keçirməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhərli xəncərin üzərinə "eyvah, Türk bizə imdada gəlmədi" cümləsi yazılacaqdır. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdır.

Əgər siz bu böyük İslam şəhərini azad etməsəniz, "Allah" deyənlərin varlığını ortadan qaldıran və qaldırmaq istəyən düşmənlər sizi öndən və arxadan əhatəyə alacaq, qıcırdılmış dişlər, yeni zülmlər üçün itilənmiş olacaqdır. Əgər siz dəmir borulardan dünyaya var-dövlət axıdan və dünyanın tərəzisində çox ağır gələcək olan bu hərb şəhərini azad etməsəniz, tarixin hüzurunda utancla yerə baxacaqsınız. Və bu gün dost-düşmən məmləkətlərində, ən kiçik bir evdə, ən adi adamların belə dillərində gəzən Bakı şəhəri nağılı türklərin məğlubiyyəti ilə bitmiş olacaqdır. Düşmənlər böyük və çox əzəmətli bir zəfərin açarlarını əllərinə keçirmiş olduqlarını, bəlkə də bir az haqlı olaraq elan edəcəklər. Dostlar belə bir itkidən doğan üzüntülərini gizlətməyəcəklər və bizi qəmləriylə üzəcəklər.

Ey Türk əsgəri, əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr qonaqsız qalacaq, sənin üçün tikilən paltarı düşmən geyəcəkdir. Sənə verilən vədlər yerinə yetirilməyəcək, sənin ayağın altında kəsilməli olan qurbanlar düşmənə qalacaq. Sənin üçün hazırlanan qızılı düşmən qarət edəcək. Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə də mübarək İslam qanları qızıl şərab kimi vəhşi işgəncələrlə axıdılacaqdır. Sənin zəfərin üçün duaya açılan əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu sarı işıqlı qızıl şəhəri almasan, qadınlar saçlarını yolacaq, ağıllarını itirəcəklər. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq. Sən də bu tozlu-torpaqlı yerlərdə pərişan və səfil dolaşacaqsan. Türkün gözlərini oyub saplara düzən düşmənlərə bayramlar hazırlayacaqsan. Lakin sən, ey Türk əsgəri, ingilislərin gücünü Çanaqqalada qırdın. Ən böyük döyüş gəmilərinin böyük top mərmilərinə aylarla sinə gərdin. Qut-ül-Amarədə 14 min əsir aldın. Qarşıdakı düşmənin çoxunu, erməniləri Qarsdan, Azərbaycandan bəri qabağına qataraq bu şəhərə qovdun. Türk adını ucaldan Çanaqqala, Qut-ül-Amara, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını. Vətəninə bir qızıl ərmağan apar!"

Qafqaz İslam Ordusunun güclənməsi 

Qafqaz İslam Ordusu silah, xüsusilə də top mərmisi çatışmazlığından sıxıntı çəkməsinə baxmayaraq, Bakıya hücum etməyi qərara almışdı. Bakı kimi təbii səngərlər - təpə və vadilərlə əhatələnmiş bir şəhəri ələ keçirmək üçün hücuma keçən ordunun aramsız atəşə tutulması qorxusu vardı. Ona görə də düşmənin müqavimətini qıracaq və piyadalara dəstək verəcək top atəşinə ehtiyac duyulurdu. Mehmetçik, buna rəğmən Bakının ətraf məhəllələrinə qədər irəliləmiş, ancaq bu əsnada toplar tamamilə susmuşdu. Türk qərargahında bu ehtimallar hesablanmışdı. Çünki Baş Komandanlıq vəkaləti göndərdiyi əmrlərdə, Bakının tez bir zamanda ələ keçirilməsini istəyirdi. Nuru paşa raportunda belə deyirdi:

"Düşmən Bakıda əli silah tutan və hər millətdən olan kişiləri silahlandırmaqdadır. Bakıdakı düşmən qüvvəsinin 10 min nəfər olduğu təxmin edilməklə bərabər, əlavə qüvvə aldıqları da casuslar vasitəsilə öyrənilmişdir. Bakının zəbti üçün aşağıdakı gücə və cəbbəxanaya ehtiyac var: 

1. Beş min yeni qüvvə,

2. İki səhra batareyası və düşmənin döyüş gəmilərinin Ələt-Puta dəmir yolu xəttindən və Bakı limanından uzaqlaşdırılması üçün 4 ağır batareya,

3. Bir təyyarə bölüyü,

4. Bir teleqraf bölüyü (telefon və teleqraf xətlərinin işləməsini təmin etmək üçün)

5. Buradakı toplar üçün 10 min qüdrətli top, 8 min şnayder, 4 min Rus dağ, 6 min Rus səhra topu mərmisi ilə min qutu piyada mauzer və 500 Rus piyada tüfəngi cəbbəxanası,

6. Təxminən iyirmi ədəd nəqliyyat vasitəsi.

Nuru paşa, Gəncəyə çatdıqdan sonra Azərbaycan türklərindən ibarət bir ordu yaratmaq üçün işə başlamışdı. Lakin gözlənilən nəticə alınmamışdı. Təşkil edilən az saylı milis qüvvələrinin də istər Göyçay və istərsə də Bakı hücumlarında göstərdikləri hərbi qabiliyyətlər qənaətbəxş olmamışdı.

Qurulmasına çalışılan Azərbaycan ordusu dörd piyada alyından ibarət olan iki piyada diviziyası şəklində təşkil olunacaqdı. Gənclər ölkənin müxtəlif yerlərindəki yerli komandanlıqlar vasitəsilə orduya çağırılacaqdı. Qurulacaq batalyon, alay və diviziyalara Osmanlı zabitləri komandanlıq edəcək, daha sonra yetişdirilən azərbaycanlı zabitlər tədricən bunların yerini tutacaq. Bu ordunun təchizatını isə Azərbaycan hökuməti, məhəlli idarələr və yerli komitələr edəcəkdilər. Azərbaycan Milli Korpusu Komandanı vəzifəsinə rus çar ordusunda general rütbəsinə qədər yüksələn Əliağa Şıxlinski təyin olundu.

Qafqaz İslam Ordusunun cəbbəxana çatışmazlığı üzündən Bakı yaxınlığında çarəsiz gözləməsi, labüd Dağıstan və Cənubi Azərbaycan hərəkatlarını da təxirə salırdı. Bu da, İstanbulda Osmanlı Baş Qərargahının planlarına mənfi təsir göstərirdi. Xüsusilə Cənubi Azərbaycanda Ənzəli, Rəşt, Tehran və Təbriz ilə Urmiya gölü ətrafında təşkil olunması vacib olan hərbi əməliyyatlar gecikdikcə, İraqdakı Mosul və Bağdad ətrafında olan türk əsgəri birliklərinin vəziyyəti də çətinləşirdi. Qafqaz İslam Ordusunun əlavə güc və təchizata ehtiyacı olduğundan Şərq Orduları Qrupu Komandanlığı 9-cu Ordunun sərəncamında olan 107-ci Qafqaz alayının Bakıya göndərilməsini qərarlaşdırdı. 107-ci Qafqaz alayının 1.200 nəfərlik şəxsi heyəti və 12 pulemyotu vardı.  

Bakıdakı hərbi qüvvələr 

Bakı rəhbərliyi erməni əsilli həkim Araratyanın başçılığı ilə bir heyəti, ingilis generalı Deustervildən kömək istəmək üçün təlimatlandırmışdı. General Deustervil Azərbaycan heyəti ilə keçirdiyi görüşlərdə Bakıya köməyə gələcəklərini, müdafiə üçün bəzi təşkilati işlər görəcəklərini, ancaq türk ordusuna qarşı erməni və rusların da onlarla birlikdə döyüşmələrinin vacibliyini qeyd etmişdi.

Azərbaycanın cənubundakı Lənkəran bölgəsində yaşayan ruslar, 10 avqustda Ənzəlidə olan Deustervil ilə əlaqə yaratmışdılar. Lənkəran və ətrafındakı ruslar 5 min nəfərlik bir hərbi birləşmə də təşkil etmişdilər. Əllərində kifayət qədər top və tüfəngləri də var idi. İngilislərə un, ərzaq, taxıl tədarükü görmüş, iki dənə də gəmi hədiyyə etmişdilər. Türklərə qarşı ingilislərlə birlikdə döyüşəcəklərini bildirmiş, üstəlik Muğan düzündə yaşayan ruslara hərbi təlim verilməsini də istəmişdilər.

Böyük Britaniya hərbi maşını Bakı cəbhəsində döyüş zamanı 

Deustervil bu təkliflərdən son dərəcə məmnun olmuşdu. Bakı-Gəncə dəmir yoluna yaxın olan Lənkəran və Muğan düzündən, Qafqaz İslam Ordusuna arxadan zərbə vurulacağı hesablanırdı. Ərazinin dəniz kənarında yerləşməsi, üstəlik yaxşı silahlanmış beş min nəfərin türklərə qarşı müharibəyə hazır olması və taxılla bolluca təchizat, Deustervili həddindən artıq məmnun etmişdi. O, bölgəni tədqiq etmək və hərbi vəziyyətə əlverişli əraziləri təyin etmək məqsədi ilə Muğan düzünə bir hərbi heyət göndərdi.

Qafqaz İslam Ordusu Bakıda olan erməni-rus-ingilis birləşmiş qüvvələri haqqında müxtəlif yollarla məlumatlar ala bilirdi. Düşmən hərbi birləşmələrinin Salyan kazarmasından Bakının qərbindəki Qurd qapısı təpələrinə qədər olan sol cinah cəbhəsində 6 min, bu kazarmadan cənuba doğru uzanan bölgədəki Biləcəri məntəqəsi və şərqindəki cəbhədə (düşmənin şimal və qərb cəbhəsi) 4 min və şəhər teatrı ətrafında da 2.300 olmaqla cəmi 12.500 nəfərlik qüvvəyə malik olduğunu təxmin etmişdi. Düşmən qüvvələri avqust ayında Bakıya edilən hücumlar nəticəsində 2 min itki vermiş, şəhər xəstəxanaları yaralılarla dolmuşdu. Bakıda bahalaşma, qıtlıq artmışdı, əhalinin yeməyə çörəyi belə tükənmək üzrə idi. Orduda isə belə bir sıxıntının olmaması barədə xəbərlər gəlirdi.

(Ardı var)

Ramil HİKMƏT

 





24.08.2016    çap et  çap et