525.Az

Gülən tərəfdarları Azərbaycana necə gəlib?


 

Gülən tərəfdarları Azərbaycana necə gəlib?<b style="color:red"></b>

Məlumdur ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) uzun illərdir Azərbaycanda da fəaliyyətini genişləndirməklə məşğul olub.

Türkiyədə olduğu kimi ölkəmizdə də mövqelərini gücləndirməyə çalışan bu təşkilatın əsl mahiyyəti üzə çıxdıqdan sonra Azərbaycanın hüquq-mühafizə orqanları terror şəbəkəsinin tam zərərsizləşdirilməsi istiqamətində sərt addımlar atmağa başlayıb.

Ölkəmiz üçün ciddi təhlükə mənbəyinə çevrilən bu məsələ yerli mətbuatın da daimi diqqət mərkəzindədir. Rəhbəri Fətullah Gülən olan terror şəbəkəsinin Azərbaycana necə öz nümayəndələrini yerləşdirməsi və tərəfdarlarının sayının artırması ciddi araşdırma mövzusuna çevrilib.

Bu barədə "Musavat.com"da yerləşdirilən məqalədə qeyd olunub ki, Azərbaycanın siyasi və xəbər həyatı Fətullah Gülən camaatına bağlı gəlişmələrlə çalxalanır: "Türkiyədə keçirilən həbslər, aparılan kampaniyalar Azərbaycana da sıçrayıb. Bakıda Gülənlə gizli əlaqələrdə suçlanan müxalif yönümlü fəallar həbsə alınır. Gülən camaatı, çoxsaylı iddialara görə, Azərbaycanda olduqca ciddi təsir imkanlarına sahibdir. Bu iddialar kifayət qədər yüksək və mötəbər dairələrdən gəlir. Lakin bu iddialar olmasa da, aydındır ki, 20-22 il ərzində Azərbaycanda 20-dən artıq məktəb, universitet, radio-televiziya qurmuş bir şəbəkə ölkəmizdə ancaq iqtidardan zəif ola bilər. Onlarda olan imkan Azərbaycanın bütün müxalifətinin imkanlarının cəmindən daha yüksək sayıla bilər.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bu barədə danışmış, açıq və bəzən də yarımgizli mesajlar vermişdi. Cənab səfir qəzetin müvafiq suallarına cavab verərkən, ortaya çox ciddi bir gerçəklik də çıxmışdı. Belə məlum oldu ki, Gülən camaatına, getdikləri bütün ölkələrdə Türkiyə dövləti arxa durub. Onların dünya çapında uğur qazanmalarının əsas səbəbi də budur! İllərdir ki, dünyanın hər yerində onları Türkiyə adına qəbul edir, buna görə də adekvat münasibət göstərirlər. Hər kəs bu gücün, bu missiyanın Türkiyəni təmsil etdiyinə inanıb, buna əmin olub.

Bu yazılanlara qədər "Camaat" Türkiyədə iqtidar ortağı idi, doğrudan da müəyyən sferalarda qardaş ölkəni təmsil edirdi və dövlətlə, AK Parti iqtidarı ilə iç-içəydi. Onlar o qədər güclü idilər ki, Türk Silahlı Qüvvələrinin yüzlərlə general və zabitlərini, tanınmış yazar və jurnalistlərini həbsə alır, onlara saxta "Ergenekon işi" açır, dövlətin gücünü orduya qarşı istifadə edə bilirdi. 2013-cü ilin dekabrına qədər "Camaat" demək, əslində Türkiyə dövləti demək idi...

Onların qarşısında Tayyib Ərdoğan kimi güclü bir lider, Türkiyə dövlətinin gerçək başçısı olmasaydı, hələ 2013-dən sonra "Camaat" Türkiyəyə tam və qəti şəkildə sahiblənəcəkdi. Ərdoğan bütün hesabları qarışdırdı, gözləniləndən daha güclü çıxdı; türk milləti isə öz liderinə sarıldı və onu tək buraxmadı...

Son qanlı hərbi çevrilişə qədər Ərdoğanı qınayanlar, "Camaat"a müəyyən simpatiya bəsləyənlər ola bilərdi. Lakin qan töküldü, qırğın düşdü, ilımlı təhsil missionerlərinin əlləri qana batdı və ...pərdələr açıldı.

İndi onların yaxın zamanlara qədər nə qədər güclü olduğunu, necə şəbəkələşdiklərini, Türkiyəni necə sarmaşıq kimi sardıqlarını hər kəs görür. Bu cür şəbəkələşmə Azərbaycanda da var. Bu barədə iki il öncə də mətbuatda yazılmışdı.

Gülən camaatından "Azərbaycan" deyib, ilk dəfə yola çıxan 11 nəfər olub. Özlərinin nəql etdiklərinə görə, onlar Fətullah Gülənin göstərişi ilə Azərbaycana üz tutublar. 1990-cı il, 10 yanvar tarixində aralarında Sadetdin Başar, Mehmet Tanrısevər, Sadetdin Kültürel, Cahid Dəyərli, Muammer Türkyılmaz, Halit Esendir, Mehmet Şefki Erol və digərləri olan 11 nəfərlik qrup Türkiyədən avtomobillə yola çıxaraq, Azərbaycana doğru istiqamət alıblar, Batuma, sonra isə Tiflisə gəliblər. Azərbaycanın Gürcüstanla sərhədinə çatanda 11 nəfərdən 6-sı Gürcüstanda qalır, 5-i isə Azərbaycana keçir. Onları Qazax rayonunda azərbaycanlı könüllü əsgərlər və Xalq Cəbhəsi hərəkatının nümayəndələri qarşılayır. Türkiyədən gələn hər kəsə göstərilən xoş münasibət onlara da göstərilir.

Sonra ilk fətullahçılar Gəncəyə, oradan da Bakıya gəlirlər. Yol üstündə olan rayonlarda, kəndlərdə yerli camaatla görüşə-görüşə Sovet ordusunun əsarətində olan Bakıya çatırlar. Qrup üzvləri Bakıdakı vəziyyətlə, insanların yaşayış şəraiti, ölkədəki iqtisadi-siyasi durumla tanış olduqdan sonra yanvarın 17-də yenidən Gəncəyə qayıdırlar. Gəncədə yerli camaat tərəfindən böyük izdihamla qarşılanırlar. Buradan Gürcüstana keçir, oradan isə Türkiyəyə dönürlər. Yanvarın 19-da Fətullah Gülən və "Camaat"ın rəhbər heyəti ilə görüşürlər. Azərbaycanda olan 5 nəfərlik qrupun üzvləri gördüklərini, eşitdiklərini, yerli camaatla ünsiyyətdə olarkən gəldikləri nəticəni F.Gülənin də iştirak etdiyi söhbətdə "Camaat"a çatdırırlar.

Azərbaycandan gələnlərin danışdıqlarından sonra F.Gülən "Camaat" üzvlərinin mütləq Azərbaycana getməli olduqlarını deyir. Beləliklə, "Camaat" qərar verir - "Azərbaycana gedirik".

20 Yanvar faciəsindən sonra "Zaman" qəzetinin Yılmaz Polad adlı müxbiri və bir neçə əməkdaşı Azərbaycana gəlir. Onlar 20 Yanvar hadisələri və Azərbaycanda baş verənlərlə bağlı qəzet üçün material toplayırlar. "Zaman" qəzetindən gələn bu şəxslər o zamankı baş nazir Həsən Həsənovla görüşürlər. H.Həsənov "Zaman" qəzetindən gələn türkiyəli jurnalistlərə zamin durur və 1990-cı ilin əvvəllərində qəzetin Azərbaycanda ilk bürosu açılır. Beləliklə, "Zaman" qəzetinin əməkdaşları Azərbaycanda rəsmi səviyyədə dəstək alaraq, çalışmağa başlayan ilk xarici mətbuat nümayəndələri olurlar.

Bir qrup gənc fətullahçı Türkiyədən Azərbaycana birdəfəlik köç etməyi qərarlaşdırır. Hilmi Öney adlı iş adamı həyat yoldaşı və üç uşağı ilə Azərbaycana köçən ilk "Gülən camaatı" üzvü olur. Gələnlər Azərbaycanda biznes qurmaqla yanaşı, türk və ingilis dillərində dərs verməyə də başlayırlar. Bu ərəfələrdə tələbələrin Türkiyədəki universitetlərə göndərilməsi ilə bağlı da işlər görülür.

Hilmi Öneyin təşkilatçılığı ilə "Çağ"ın ilk ofisi açılır. Azərbaycandan Türkiyəyə, Türkiyədən isə Azərbaycana tələbələrin göndərilməsi üçün ikitərəfli razılıq əldə olunur.  Bundan sonra iki ölkə arasında tələbə mübadiləsi genişlənməyə başlayır".

"Musavat.com" qeyd edir ki, Azərbaycanda "Camaat"a məxsus 21 lisey, bir gimnaziya, Qafqaz Universiteti və Azərbaycanın 10 müxtəlif şəhər və rayon mərkəzlərində - paytaxt Bakıda Xətai, Sabunçu, Nərimanov, bölgələrdə olan Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Şamaxı və Qax "Araz kursları" fəaliyyət göstərirdi: "Adlarını qeyd etdiyimiz müəssisələr "Çağ Öyrətim İşlətmələri"nə aid idi. Yalnız Naxçıvanda fəaliyyət göstərən 3 lisey "Zaman" öyrətim şirkətinə daxil idi.

2014-cü ildə baş nazir kimi Azərbaycana səfər edən Rəcəb Tayyib Ərdoğan "Camaat"la açıq döyüşünü prezident İlham Əliyevlə də müzakirə etdi. Hətta Ərdoğanın ölkə başçısına "Camaat" üzvlərinin adlarını və onların müəssisələrinin siyahısını təqdim etməsi ilə bağlı iddialar da yayıldı.  Elə həmin il Bakıda və bölgələrdəki türk liseylərinin fəaliyyəti dayandırıldı.

"Camaat"a qarşı Azərbaycandakı əməliyyatlar yenidən start götürüb və iddialara görə, məsələ ciddidir. Artıq "Zaman Azərbaycan" qəzeti, Qafqaz Universiteti bağlanıb. Gülənçi müəllimlər Azərbaycandan çıxarılıb, şəbəkə əhəmiyyətli şəkildə dağıdılıb.

Görünən budur ki, Azərbaycan iqtidarı AK Parti iqtidarı ilə sinxron şəkildə hələ illərlə "Camaat"la döyüşməli olacaq.

İddialar var ki, artıq xüsusi tədbirlər hazırlanıb və yaxın günlərdə Azərbaycanda genişmiqyaslı "FETO əməliyyatları" başlayacaq. Bu məqsədlə Türkiyədən də müəyyən kəşfiyyat və əməliyyat dəstəyinin olacağı gələn iddialar arasındadır".

 





24.08.2016    çap et  çap et