525.Az

Milix Yevdayevə “Şöhrət” ordeni təqdim edildi


 

Milix Yevdayevə “Şöhrət” ordeni təqdim edildi<b style="color:red"></b>

Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində prezident İlham Əliyevin Milix İlxananoviç Yevdayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında imzaladığı sərəncama əsasən ordenin təqdimetmə mərasimi keçirilib.

Komitədən 525.az-a verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı Yevda Abramov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, Azərbaycanın baş müftisi Hacı Salman Musayev, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev, eləcə də Azərbaycanda fəaliyyət göstərən digər dini konfessiyaların nümayəndələri iştirak ediblər.

Komitə sədri Mübariz Qurbanlı çıxış edərək Milix Yevdayevin ölkəmizdə multikultural, tolerant ənənələrin qorunması istiqamətindəki xidmətlərindən danışıb.

O, bu xidmətlərin prezident tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Ölkəmizdə mövcud olan dini vəziyyət barədə məlumat verən M.Qurbanlı Azərbaycanda müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib.
 
Bildirib ki, pravoslav və katolik kilsələri, sinaqoqlar, Atəşgah məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkib hissəsidir. Dini konfessiyaların fəaliyyəti barədə məlumat verən sədr yəhudilərin Azərbaycanda məskunlaşma tarixindən danışıb.

O qeyd edib ki, bütün dini qurumlara, o cümlədən qeyri-müsəlman dini icmalara dövlət tərəfindən mütəmadi maliyyə yardımı göstərilir. Komitə sədri Azərbaycanda uzun əsrlərdən bəri tolerantlıq ənənələrinin mövcud olduğunu, həmin ənənələrin bu gün də davam etdirildiyini, müxtəlif dinlər, məzhəblər arasında qarşılıqlı ünsiyyət və əlaqələrin qorunub saxlandığını diqqətə çatdırıb.
Sonra “Şöhrət” ordeni Milix Yevdayevə təqdim olunub.

Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev onun fəaliyyətinə verilən bu qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Daim Azərbaycan dövlətinin möhkəmlənməsinə xidmət etdiyini deyən M.Yevdayev Azərbaycanın tolerantlıq rəmzi olduğunu və burada bütün dinlərin nümayəndələrinə eyni münasibətin göstərildiyini vurğulayıb.
 
O bildirib ki, Azərbaycan öz müsbət nümunəsi ilə müsəlmanların, yəhudilərin və xristianların sülh və qarşılıqlı hörmət şəraitində dinc yanaşı yaşamaq imkanlarını sübuta yetirir. Yəhudilərin Azərbaycanda məskunlaşmasının 2000 ildən çox tarixi var.

Ölkədə həmişə yəhudilərə doğma münasibət olub və həmin münasibət bu gün də davam edir. Digər konfessiyalar kimi, yəhudi icmasının nümayəndələri də öz dini ayinlərini və adət-ənənələrini azad şəkildə həyata keçirirlər.

Hacı Salman Musayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin salamlarını və təbrikini çatdıraraq deyib ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Yevda Abramov, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Abik Çaruxçev Azərbaycanda mövcud olan multikultural və tolerantlıq ənənələrindən danışıb, Prezident İlham Əliyev tərəfindən Milix Yevdayevin belə mötəbər ordenlə təltif edilməsini dövlətimizin dini konfessiyalara, qeyri-İslam dini icmalara göstərdiyi yüksək diqqət və qayğısının təzahürü kimi dəyərləndiriblər.

Cavid QƏDİR

 





24.08.2016    çap et  çap et