525.Az

Türkiyə və Rusiya regionda yeni əməkdaşlıq formatı yaradır


 

Türkiyə və Rusiya regionda yeni əməkdaşlıq formatı yaradır<b style="color:red"></b>

Türkiyə və Rusiya regionda yeni əməkdaşlıq formatı yaradır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərindən bir müddət ötməsinə baxmayaraq səfər hələ də Qərb ölkələrinin siyasi dairələri, dünyanın nüfuzlu analitik mərkəzlərinin müzakirə mövzularından biri olaraq qalır.

Dünya siyasətində öz mühüm siyasi roluna görə fərqlənən hər iki ölkənin dövlət başçılarının 10 aya yaxın davam edən soyuq təmaslarının ardınca yenidən yaxın siyasi dialoqlarının yaranması bəzi gücləri narahat etsə də, Rusiya və Türkiyə əlaqələrin intensivliyini daha da artırırlar.

Xüsusilə də məlum 15 iyul hadisələrindən sonra qlobal geosiyasi düzəndə yeni Türkiyənin yaradılması uğrunda səylərini artıran prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə bir çox məsələlərdə ortaq məxrəcə gəlməsi Türkiyənin müstəqil xarici kursuna yeni cizgilər əlavə etməkdədir. Tarixin müxtəlif dövrlərində qlobal siyasi-ictimai hadisələrin təsiri nəticəsində Rusiya-Türkiyə münasibətlərində gərginliklər olub. Amma bu, çox uzun sürməyib, əlaqələr bərpa olunub, inkişaf edib. Rusiya hökumətinin üzvləri bunu açıq şəkildə etiraf edirlər. Hətta Avropa Birliyinin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etdiyi vaxt rəsmi Ankara buna qoşulmadı və Rusiya ilə iqtisadi əməkdaşlığı daha da artırdı, ölkəyə mal ixracının həcmini çoxaltdı.

Enerji şirkətlərinin Rusiyanın regiondakı tranzit dəhlizlərində iştirakını məhdudlaşdırmağa çalışmasına rəğmən Türkiyə siyasi iradə nümayiş etdirərək həmin regional enerji marşrutlarının genişlənməsinə səbəb olub. Xüsusilə də iqtisadi əlaqələrin intensiv inkişafı dövlətlərarası münasibətlərin dinamikasını daha da artırıb. Hər iki ölkə regionda müqyisəolunmayacaq dərəcədə enerji, nəqliyyat və kommunikasiya layihələrinə imza atıblar. “Mavi axın” layihəsi enerji marşrutları sırasında mühüm tranzit dəhlizi kimi çox mühüm yer tutur. İki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş mövcuddur. Moskva Türkiyə ərazisindən öz təbii enerji daşıyıcılarının nəql edilməsinə xüsusi əhəmiyyət verir. "Cənub axını" adlanan beynəlxalq layihə reallaşıb. Eləcə də, tikinti, sənaye sahələrində Türkiyə ilə Rusiyanın çox böyük layihələri mövcuddur. Turizm və otelçilik sahəsində çalışan şirkətlərin sıx əməkdaşlığı regionda ən yaxşı iqtisadi layihələrdən sayıla bilərdi. Həmçinin, türk şirkətləri meyvə-tərəvəz məhsullarının Rusiya bazarlarında tədarük olunmasında lider idilər. 2014-cü ildə Türkiyənin Rusiyaya ixracı 5,9 milyard dollara çatıb. Türkiyənin ixracında qida məhsullarının 20, yüngül sənaye mallarının 15 faizi məhz Rusiyaya göndərilib. Rusiyadan Türkiyəyə ixrac isə 25 milyard dollar olub. Rusiyadan ildə 28 milyard kubmetr mavi qaz idxalı Türkiyənin bu enerji növünə olan tələbinin 57 faizi deməkdir. Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi qaz idxal edən ölkədir. Ölkənin istehlak etdiyi neftin 30 faizi Rusiyadan gəlir. Türkiyə Misirlə birlikdə Rusiyadan ən çox taxıl məhsulları idxal edən ölkələr sırasındadır. Hər il Rusiya iş adamları Türkiyə bazarında 4,1 milyon ton taxıl satırlar. Eyni zamanda Türkiyə Rusiya istehsallı polad məhsullarının əsas alıcılarındadır.

İki ölkə arasında investisiya layihələrinə aparıcı dövlət və özəl şirkətlər cəlb ediliblər. Türkiyə “Rosatom”la nüvə reaktorunun quraşdırılmasını nəzərtə tutan 20 milyard dollarlıq müqavilə imzalayıb. Avropa İttifaqı “Cənub axını” layihəsinə yox

deyəndən sonra Moskva hələ də “Turk axını” ideyasına alternativ qaz nəqli layihəsi kimi baxır. Bu onu göstərir ki, əlaqələrin bərpa olunması labüddür.

Ümumiyyətlə, son illərdə bu ölkələrin iqtisadi və ticari əlaqələri ən yüksək səviyyəyə çatmışdı. Təəssüf ki, ötən ilin sonlarında münasibətlərin soyuqlaşması bir sıra iqtisadi layihələrin dondurulmasına, ticarət dövriyyəsinin azalmasına səbəb oldu. Türkiyə ilə Rusiya arasında 2016-cı ilin ötən dövrləri arasında iqtisadi əlaqələrin dinamikasında yaranan soyuq atmosfer hər iki tərəf üçün müəyyən itkilərin yaranmasına gətirib çıxardı. Dövlətlər arasında enerji, nəqliyyat, logistika, tranzit layihələrinin dayandırılması və yaxud intensivliyin azaldılması təkcə əmtəə dövriyyəsinin aşağı düşməsinə deyil, həm də perspektiv layihələrin icracını dayandırdı.

Amma R.T.Ərdoğanın avqustun 9-da Rusiyaya səfəri təxminən 10 aya yaxın davam edən soyuq buzu sındırdı və əlaqələrdə yenidən hərarəti bərpa etdi. Rusiya prezidenti Vladimir Putinin qeyd etdiyi kimi, bu səfər hər iki tərəf arasında əlaqələrin bərpasına imkan verdi. Rusiyanın Türkiyə ilə tamformatlı əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bəyan edən Rusiyanın dövlət başçısı ikitərəfli iqtisadi-ticarət mübadiləsi, turizm və çarter reyslərinin bərpası və nəhəng layihələr olan Türk Axını və Rusiyanın Türkiyədə nüvə elektrik mərkəzinin inşası perspektivlərinə də yaşıl işıq yandığını vurğulayıb.

Rusiyanın Türkiyə ilə əlaqələrinin inkişafını regiondakı vəziyyət, gecoğrafi tendensiyalar, Azərbaycanla hər iki ölkənin sıx münasibətləri fonunda real iqtisadi mühit də labüd edir. Hər üç ölkə regionda birgə geniş iqtisadi proqramlar, layihələr həyata keçirə bilərlər. Hələ 3 il əvvəl Azərbaycan, Türkiyə və Rusiyanı iş adamları siyasi, iqtisadi, sosial və mədəni sahələrdə geniş əlaqələrə malik olan Azərbaycanda birgə layihə həyata keçirə biləcəyini düşünərək Türkiyə-Azərbaycan-Rusiya əlaqələri (TAR) haqqında Konsepsiyasını irəli sürüb. Konsepsiya Türkiyə, Azərbaycan və Rusiya arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə xidmət edir. Bu, həmçinin, Türkiyə və Rusiyadan informasiya texnologiyalarının transferi yolu ilə Azərbaycanda iqtisadi dəyəri olan böyük layihələrin həyata keçirilməsini nəzərdə tutur. Ona görə də, düşünürəm ki, yaxın perspektivdə Rusiya ilə Türkiyə arasında münasibətlər normallaşacaq və Azərbaycanın da iştirak etdiyi regionda yeni iqtisadi təşəbbüslər reallaşacaq.

 





25.08.2016    çap et  çap et