525.Az

"Rusiya ilə Türkiyənin dostluq münasibətləri strateji arzumuzdur"


 

"Rusiya ilə Türkiyənin dostluq münasibətləri strateji arzumuzdur"<b style="color:red"></b>

Rusiya prezident Vladimir Putin avqustun 31-də futbol oyununu izləmək üçün Türkiyəyə səfər edəcək.  Bu, ötən ilin noyabrında təyyarə hadisəsindən sonra Rusiya liderinin Türkiyəyə ilk səfəridir. Bundan əvvəl isə prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib. Bəs qarşılıqlı səfərlərdən sonra iki ölkə arasında problemlərin tamamilə aradan qalxacağını gözləmək olarmı?
 
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Türkiyə-Rusiya münasibətlərinin yaxın zamanda tam olaraq normallaşması mümkün deyil.

Onun sözlərinə görə, Rusiyanın NATO üzvü olan dövlətlərə, o cümlədən,  Türkiyəyə qarşı sabit və bəlli bir mövqeyi var: "Rusiya NATO dövlətləri içərisində yeganə Türkiyəyə qarşı münasibətini müsbət istiqamətə dəyişmişdi, bu da ona görə idi ki, Türkiyə çox böyük dövlətdir və Rusiyanın qonşusudur. Amma hələ təyyarə vurulmamışdan əvvəl də Türkiyə Rusiya ilə sabit bir münasibət ortaya qoya bilmirdi. "Türk axını" ilə bağlı məsələni götürək. "Türk axını" qaz kəmərinin çəkilməsi ilə bağlı birmənalı mövqe olmadı. Səbəb də budur ki, Türkiyənin həm NATO, həm də Avropa İttifaqı qarşısında öhdəlikləri var idi. NATO-nun üzvüdü, Aİ də üzv olmağa hazırlaşır. Yəni Türkiyə Rusiya münasibətlərində təyyarə vurulmamışdan əvvəl də kifayət qədər ziddiyyətlər var idi. Təyyarə hadisəsindən sonra ziddiyyətlər daha da kəskinləşdi. İndi hesab etmək olar ki, diplomatik yaxınlaşma var. Rusiyanın Türkiyə ilə münasibətləri normallaşdırmaqda məqsədi var. Moskva Suriya məsələsində kəskin addımlar atdı. Türkiyə Rusiya ilə barışandan sonra hətta Suriya ərazisinə qoşun yeritdi, Türkiyə artıq Suriyanın ərazisindədir. Bütün bunlar onu göstərir ki, ola bilər bu iki dövlət düşmənçilikdən "mehriban düşmən" mərhələsinə keçib. Rusiya və Türkiyə bir-birilə dil tapmağa məcburdu. Ona görə də Ərdoğan Sankt-Peterburqa gəldi, indi də futbol oyununa baxmaq adı ilə Putin Türkiyəyə səfər edəcək. Hesab edirəm ki, yaxın vaxtlarda Suriya məsələsi ilə bağlı çox dəqiq bir qərar veriləcək, nəticə alınacaq. Bütün hallarda  iki dövlətin münasibətlərində düşmənçiliyi istisna edirəm".

Politoloq iki ölkənin yaxınlaşmasının Azərbaycan üçün, o cümlədən, Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirindən də danışıb: "Bizim Dağlıq Qarabağ məsələsində siyasətimiz müstəqildir. Qarabağ problemində Azərbaycanın xeyrinə olan ən böyük dəyişiklik Rusiyanın mövqeyinin dəyişməsidir. Bu, müstəsna olaraq Azərbaycan prezidentinin özünün apardığı siyasətin nəticəsidir. Rusiyanın Qarabağ məsələsində Azərbaycana doğru mövqeyini dəyişməsi Rusiya-Türkiyə münasibətlərinin ən gərgin dövrlərində də dəyişmədi. Rusiya və Türkiyənin yaxın olması, dostluq münasibətləri bizim strateji arzumuzdur".

PƏRVANƏ

 





25.08.2016    çap et  çap et