525.Az

“Böyük çölün hekayələri” Bakıda təqdim olunub (Fotolar)


 

“Böyük çölün hekayələri” Bakıda təqdim olunub <b style="color:red">(Fotolar)</b>

GÖRKƏMLİ QAZAX ƏDİBİ BERİK ŞAXANOV VƏ AİLƏSİ AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNDƏ KEÇİRİLƏN MƏRASİMDƏ İŞTİRAK EDİB

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış qazax yazıçısı Berik Şaxanovun “Böyük çölün hekayələri” kitabının təqdimatı keçirilib. Tədbiri açan AYB- nin sədri, Xalq yazıçısı Anar qazax yazıçısını və ailəsini Yazıçılar Birliyində salamlamaqdan məmnunluğunu ifadə edib. AYB sədri Berik Şaxanovu qazax ədəbiyyatında öz mövqeyi olan ədəbiyyat ustası kimi səciyyələndirib: “Baxmayaraq ki, yazıçı Bakıya ilk dəfə gəlir, o, Azərbaycanla sıx bağlılığı olan adamdır. Ona təşəkkür edirəm ki, vaxtilə mənim əsərlərimi də qazax dilinə tərcümə edib. Sonra bizim başqa cavan yazıçıların da əsərlərini qazaxcaya tərcümə edib. Şadam ki, ədəbi əlaqələrimiz belə genişlənir”.

Kitabın tərtibçiləri yazıçı Elçin Hüseynbəyli və şair Elxan Zal Qaraxanlı çıxışlarında ədibin yaradıcılığından, kitabda yer alan əsərlərdən söz açıblar: “Azərbaycan dilində ilk dəfə nəşr olunan Şaxanov iyirmi və iyirmi birinci əsrin qovşağında yazıb-yaradan qələm adamlarındandır. O, Abayın xələfi, Muxtar Auvezov və Oljas Süleymenovun çağdaşıdır. Qazaxlar dünya ədəbi cameəsinə verdikləri müəlliflərlə öyünə bilərlər. Ötən əsrin altmışıncı illərində ədəbiyyata gəlmiş, keçmiş Sovetlər Birliyinin bir çox respublikasında, o cümlədən də Moskvanın nüfuzlu nəşrlərində çap olunan Berik Şaxanov modernist yazıçı deyil. Ümumiyyətlə, onun əsərlərində hansısa bir “izm”i axtarmaq doğru deyil. O, sırf klassik üslubda yazıb-yaradan ustadlardandır. Bir az romantik, bir az duyğusal yazıçı təsiri bağışlayan Şaxanov realist ədəbi məktəbin davamçılarındandır. Bəzi əsərləri impressionistlərlə səsləşsə də onun impressionizmi hisslərdən yox, xatirələrdən doğur”. E.Hüseynbəyli yazıçının hekayələrinin bədii məziyyətlərindən də danışıb: “Berik bəyin “İlğım” və “O nəğməni unutmaram” hekayələri gənclərin sevgisindən bəhs edir. “Cilov” hekayəsində insan tamahı və müdrikliyi öz əksini tapıb. “Kəhər haqqında nağıl”da isə qazaxların at kultu ön sıraya çıxır. “Irıs nənə” povestində dünyanın faniliyi, amma bu fanilikdə bir yurd, torpaq istəyi qabardılır. Hər bir hekayədə aul həyatı, qazax çölləri, təbiəti, ilin fəsilləri elə rəngarəngliklə verilir ki, adam valeh olmaya bilmir. Bayaq dediyim kimi bu əsərlərə realist boyalarla birgə bir nostalji də hopub. Və adamı həyəcanlandırır”. Yazıçının insani keyfiyyətlərindən də bəhs edən E.Hüseynbəyli Berik Şaxanovun xoşbəxtliyini əsərlərindəki baba obrazını yaşamağı ilə əlaqələndirib.

E.Z. Qaraxanlı B. Şaxanovun ailəsində qonaq olduqlarını və aldığı təəssüratları tədbir iştirakçıları ilə bölüşüb: “ Mən onların ailəsində qonaq olanda gördüm ki, onlar Azərbaycan ədəbiyyatını, xüsusilə də Xalq yazıçısı Anarın əsərlərini necə sevirlər. Biz Elçin Hüseynbəyli ilə qərara gəldik ki, bu sevginin qarşılığını göstərək. Çünki sevgi qarşılıqlı olmalıdır və onda bu kitabın tərtib olunması ideyası meydana gəldi”.

Birliyin katibi Rəşad Məcid qonaqları salamlayaraq, onu təəəcübləndirən məqamları açıqlayıb: “Bizi çox heyrətləndirdi və sevindirdi ki, qazaxlar Anarın əsərlərinə bu qədər dərindən bələddirlər. Bizim sevimli xalq yazıçımıza Qazaxıstanda belə münasibətin olması, əlbəttə, çox kövrək məqamlar doğurur. Anar müəllimə Astanada Türk dünyasında İlin Ədəbiyyat Adamı ödülü verilirdi və biz bu şənliklərin içərisində imkan tapıb bu ailənin üzvləri  ilə tanış olduq. Və bizim üçün həqiqətən də o mükafat real göstərici oldu ki, təkcə Azərbaycanda deyil, türk dünyasının başqa xalqları arasında da Anar müəllimin yaradıcılığı belə sevilir. Çox xoşdur ki, Elçin Hüseynbəyli və Elxan Zal belə bir təşəbbüs irəli sürərək bu kitabı tərtib ediblər”.

Xalq şairi Fikrət Qoca kitabdakı əsərləri dilimizə çevirənlərə, bu nəşri ictimaiyyətə təqdim edən yazarlara təşəkkürünü bildirib.

AYB-nin katibi Arif Əmrahoğlu Xalq yazıçısı Anarın bədii irsinin Qazaxıstanda sevilməsindən məmnunluğunu dilə gətirib və Azərbaycanda da qazax ədəbiyyatının rəğbətlə qarşılandığını, qazax yazıçılarının əsərlərinin maraqla oxunduğunu bildirib: “Azərbaycanda hazırda qazax ədəbiyyatına aid beş dissertasiya yazılır. Onların ikisinin elmi rəhbəri mənəm. Bu günlərdə də Muxtar Auvezovun hekayələrindən ibarət kitab işıq üzü görəcək. İkinci vurğulamaq istədiyim məqam isə Berik Şaxanovun kitabının böyük bir ənənənin üzərində ərsəyə gəlməsidir. XX əsrin əvvəllərində qazax ədəbiyyatında böyük bir nəsil formalaşıb. Berik Şaxanovun da gücü bunun üzərində dayanmasıdır. Bizim təsəvvürümüzdə Qazaxıstan həm də SSRİ-nin müxtəlif yerlərindən ziyalıların sürgün məkanı kimi assosasiya olunur. Onu da bilirik ki, qazaxların da çox sanballı ziyalılarından repressiyaya məruz qalanları var. Bugünkü qazaxların həyatı Berik Şaxanovun əsərlərində öz ifadəsini tapır. Bu, çox yaxşı haldır. Bizim qarşıda duran əsas vəzifələrimizdən biri yadlaşmanın qarşısını almaqdır. Əsas işimiz bu qardaşlığı daha da gücləndirməkdən ibarət olmalıdır. Mən bu kitabı da o qardaşlığın nümunələrindən biri hesab edirəm”.

Gənc yazar Pərvin Nurəliyeva çıxışında Astana şəhəri ilə bağlı təəssüratlarından danışıb: “Biz Almataya çatanda da, oradan çıxanda da qaranlıq idi. Amma Şaxanovlar ailəsinin sayəsində Qazaxıstan, o şəhər mənim yaddaşımda çox işıqlı, al-əlvan qaldı. Orada bizim müzakirələrimizin əsas mövzusu Anar müəllimin yaradıcılığı idi”.

Tədbirdə şair Oqtay Rza, Qazaxıstanın ölkəmizdəki səfirliyinin əməkdaşı da çıxış edərək kitabla bağlı təəssüratlarını bölüşüblər.

Təqdimat mərasimində Berik Şaxanov və ailə üzvləri – xanımı Dərican Şaxanova, oğlu Qazıbəy Şaxanov çıxış edərək Azərbaycanda gördükləri isti münasibətə, qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.

Sevinc MÜRVƏTQIZI

 





06.03.2013    çap et  çap et