525.Az

Heç bir Konstitusiya sabit deyil


 

"DƏYİŞİKLİKLƏRƏ DAHA ÇOX DAVAMLI KONSTİTUSİYA KİMİ TANINAN ABŞ KONSTİTUSİYASINA 27 DƏFƏ DƏYİŞİKLİK EDİLİB"

Heç bir Konstitusiya sabit deyil<b style="color:red"></b>

"Referendum layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təklif edilib və onun dünyada bu gün mövcud olan çağırışlar, geosiyasi proseslər, müharibə vəziyyətində olmağımız, postneft dövrünün iqtisadi çağırışları, ictimai münasibətlərin inkişaf səviyyəsi və mövcud təhlükələr fonunda ölkəmizin gələcək davamlı inkişafına, sabitliyin təmin edilməsinə və Konstitusiya çərçivəsində demokratik quruluşuna baxışını ifadə edir.

Konstitusiyanın mətninə dəyişikliklər yalnız ümumxalq səsverməsi ilə qəbul edilir və bu baxımdan yalnız xalqın səsverməsi və iradəsi ilə bu layihədə yer alan müddəalar tətbiq edilə, reallaşdırıla bilər". Bu sözləri Milli Məclisin deputatı Vüsal Hüseynov Referendum Aktı layihəsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, konstitusiyanın dəyişdirilməsi təkmil demokratik quruluşa malik, yaxud əsas qanuna məhdud sayda dəyişikliklər etmək ənənələri olan ölkələr istisna olmaqla əksər ölkələrdə tətbiq edilən təcrübədir: "Konstitusiya özü də bir qanundur və ictimai münasibətlərin inkişaf səviyyəsi, dövlət idarəçilik quruluşunun təkmilləşdirilməsi zərurəti onun da dəyişdirilməsini şərtləndirə bilər.

Heç bir Konstitusiya mütləq dəyişkən və ya mütləq sabit kimi qəbul edilmir, belə qruplaşdırma nisbidir. Məsələn, dünya dövlətləri arasında dəyişikliklərə daha çox davamlı olan konstitusiya kimi tanınan Amerika Birləşmiş Ştatlarının konstitusiyasının özünə də, çox uzun zaman kəsiyini əhatə etməsinə baxmayaraq, 27 dəfə dəyişiklik edilib. Dəyişkən konstitusiya dövlətin inkişafının göstəricisi kimi çıxış edir. Bundan başqa, dəyişkən konstitusiyalar ictimai rəyin nəbzini daha asanlıqla tuta və insanların düşüncələrini əks etdirə bilir".

Deputat hesab edir ki, dəyişməz konstitusiyalar dəyişən sosial və iqtisadi şəraitə uyğunlaşmaqda çətinliklə üzləşir: "Konstitusiyanın bu cür sərtliyi müəyyən zamanlarda cəmiyyətin irəli addımlamasına baxmayaraq, Konstitusiyanın yerində sayması ilə nəticələnir. Bu isə, istənilən halda cəmiyyətin inkişafının ləngiməsinə təsir edir. Bu yanaşmanı tarixən iki müxtəlif hüquqi inkişaf yolunu seçmiş dövlət - Fransa və Böyük Britaniyaya nəzər yetirməklə müşahidə etmək mümkündür. Böyük Britaniyanın yazılı konstitusiyası yoxdur, bununla belə konstitusiya anlayışı özünü tam formada əks etdirir. Böyük Britaniyada konstitusion dəyişikliklər, adi qanunlara edilən dəyişikliklər kimi, Parlament tərəfindən həyata keçirilə bilir. Bu mənada, Böyük Britaniya konstitusiyası tarixən dəyişkən olub. Digər tərəfdən, Fransa konstitusiyası olduqca sabit, dəyişdirilməsi çətin olub. Bu səbəbdən, Böyük Britaniyada parlamentarizmə keçid prosesi daha asan olub, əksinə Fransada isə konstitusiyanın dəyişməzliyi səbəbindən inqilabla üzləşib və müxtəlif vaxtlarda 5 fərqli konstitusiya qəbul edilib".

V.Hüseynov bildirib ki, Konstitusiyaya dəyişikliklərin qəbul edilməsi qaydasının siyasi mürəkkəbliyi, məsuliyyəti, referendum yolu ilə olması bir çox ölkələrdə bu praktikadan çəkindirir: "Təkrar Amerika Birləşmiş Ştatlarının nümunəsinə qayıtsaq, 229 il ərzində konstitusiyaya cəmi 27 dəyişiklik edilməsinin əsas səbəbi həm də onun 5-ci maddəsində əks olunan tələblərin ağırlığı ilə bağlıdır. Belə ki, konstitusiyaya dəyişiklik həm Senat, həm də Nümayəndələr Palatasında üçdə iki səs çoxluğu ilə və yaxud da ştatların üçdə ikisinin təşəbbüsü ilə edilə bilər. Hər iki halda, prosesin ikinci mərhələsi olaraq, dəyişikliyin qəbul edilməsi üçün ştatların dörddə-üçünün ratifikasiyası tələb olunur. Dəyişiklik prosedurunun bu cür ağırlığını nəzərə alsaq, əslində 27 dəyişikliyin heç də az olmadığı aydınlaşar.

Onu da qeyd etmək lazımdır ki, bugünədək ABŞ konstitusiyasına 11 000 dəyişiklik edilməsi təklif olunmuşdur. Bu rəqəmlər, hətta ABŞ misalında belə Konstitusiyanın dinamik olması, cəmiyyətin və ictimai münasibətlərin inkişafı ilə ayaqlaşmasının zərurətinin göstəricisidir. Digər bir tərəfdən nəzərə almalıyıq ki, ABŞ-da konstitusiya dəyişdirilməsə belə bu ehtiyacı və prosesi əsasən Ali Məhkəmə öz qərarları və şərhləri ilə həyata keçirib. Başqa sözlə ABŞ-da da konstitusion qanunvericilik inkişafdadır. Sadəcə anqlo-sakson və kontinental hüquq sistemlərinin hər birinin öz inkişaf xüsusiyyətləri var. Azərbaycan isə sonuncu hüquq sisteminin tərkib hissəsidir".

Seçkili vəzifələrə yaşla bağlı tələblərin olmaması Almaniya, Fransa, Norveç, Finlandiya, Avstriya, Danimarka, Estoniya, İngiltərə və sair qərb ölkələrində tətbiq edildiyini deyən V.Hüseynov söyləyib ki, bu tələblərin götürülməsi eyni zamanda gənclərin seçkili vəzifələrə marağını artıracaq, ictimai həyatda daha aktiv olmalarını təmin edəcək: "Deputat seçilmək üçün 25 yaş tələbinin əsas mahiyyəti namizədlərin müəyyən təhsil, bilik və təcrübə bacarıqlarına malik olmasını şərtləndirməkdir. Deputatın seçkili vəzifə olması, ölkəmizdə majoritar seçki sisteminin tətbiq edilməsi ilə bağlı nəticəni birbaşa vətəndaşların səsinin həll etməsi fonunda 25 yaş tələbinin vətəndaşların seçilmə, dövlət idarəetməsində iştirak hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bu baxımdan bu tələbin götürülməsi demokratik yanaşmadır və müsbət hal kimi qəbul edilməlidir".

Milli Məclisin üzvü qeyd edib ki, deputatlıqdan məhrumetmə və deputatların səlahiyyətlərinin itirilməsi ilə bağlı 89-cu maddəyə təklif edilən dəyişikliklər deputatların fəaliyyətində şəffaflığın artırılması və etik davranış qaydalarına tam riayət edilməsini təmin edəcək, potensial maraqlar toqquşmasının qarşısının alınması və deputatların fəaliyyətinə ictimai etimadın artırılmasını təmin edəcək: "Bu maddənin qəbul edilməsi yəqin ki, eyni zamanda deputatlar üçün daha əhatəli ayrıca qanun formasında etik davranış qaydalarının qəbul edilməsini şərtləndirəcək".

Deputat hesab edir ki, qanunvericilik hakimiyyəti ilə bağlı əhəmiyyətli yeniliklərdən biri də Milli Məclisin buraxılması ilə bağlı əlavə edilən yeni maddədir: "İlkin olaraq bu maddə ilə bağlı elə təəssürat yarana bilər ki, burada yanaşma Parlament institutunun rolunun nisbətən zəiflədilməsidir. Lakin maddəni daha yaxından təhlil etdikdə əsas vurğunun daha çox sabitliyin təmin edilməsi və parlament daxili hansısa qeyri müəyyən, böhran və xaotik vəziyyətlərdə dövlət idarəçiliyinin, dövlət hakimiyyəti qollarının normal və fasiləsiz fəaliyyətinin təmin edilməsində olması görsənir. Nümunə üçün bu hal Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və ya Milli Məclisin fəaliyyəti aradan qaldırıla bilməyən səbəblər üzündən icra edilə bilinmədikdə son zərurət tədbiri kimi tətbiq edilə bilər. Parlamentin buraxılması ilə bağlı oxşar yanaşma və mexanizmlər Fransa, Almaniya, İtaliya, İrlandiya, Rumıniya, Rusiya və sair ölkələrin Konstitusiyalarında da müəyyən edilib.

V.Hüseynov bildirib ki, vitse-prezident vəzifələrinin təsis edilməsi prezidentin iş fəaliyyətinə dəstək, prezident xarici səfərlərdə olduqda və ya zərurət yarandıqda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etmək məqsədi ilə müəyyən edilib: "Layihədə vitse-prezidentin statusu və fəaliyyəti ilə bağlı ümumi müddəalar yer alıb. Bu, Azərbaycan üçün yeni bir institutdur və fəaliyyətinin gələcəkdə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək. Bu ilin aprel ayında cəbhə xəttində baş verən hadisələr də göstərib ki, belə institutun yaradılması zərurəti mövcuddur. Prezidentlik müddətinin artırılması əsas diqqətin sabitlik, iqtisadi inkişaf, sosial rifah və digər dövlət proqramlarının icrasına yönləndirilməsinə imkan verəcək. Prezidentin seçilmə müddətinin ölkədəki demokratik vəziyyətə və demoktratik institutların fəaliyyətinə təsiri yoxdur.

Dünya üzrə bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 5 ildən çox 6-7 il müəyyən olunub. İtaliya, Finlandiya, Avstriya, İsrail, İrlandiya, Rusiya və Meksika kimi ölkələr buna nümunədir. Fransada və Türkiyədə uzun müddət prezidentlik müddəti 7 il olub və bu dövrdə Fransa və Türkiyədə demokratiya və iqtisadi vəziyyət geriləməyib. Ümumi olaraq qeyd edilməlidir ki, yeni layihə ölkəmizin konstitusion quruluşunda və idarəçilik ənənələrinə yeni səhifə gətirir və gələcək silsilə islahatların əsasını müəyyən edir".

Ceyhun ABASOV

 





25.08.2016    çap et  çap et