525.Az

Əmir Pəhləvan: "Millətimin qarşısında alnıaçığam"


 

Əmir Pəhləvan: "Millətimin qarşısında alnıaçığam"<b style="color:red"></b>

Yazıçı-dramaturq, kinorejissor, tanınmış  jurnalist Əmir Pəhləvan "Xeberinfo.com" saytına müsahibə verib. Müsahibəni oxuculara təqdim edirik. 

- Əmir müəllim, Sizi oxuculara təqdim etməyə o qədər də ehtiyac duymuruq. Əmir Pəhləvan imzası öz sözünü hələ 70-80-ci illərdə demişdi.  İndi Siz Vətəndən uzaqlarda çalışırsınız. Necə oldu ki, qürbətə üz tutmalı oldunuz?

- Dünyanın bütün ağrı-acılarını, şikəstələrini saf ürəyinə, tər-təmiz ciblərinə yığıb, müqəddəs və ağrılı bir yük gəzdirən qələm sahibi anadangəlmə fitri istedad olaraq mürəkkəb, ziddiyyətli bir aləmdir. Bu ilk növbədə onun şəxsiyyət dramı ilə bağlıdır. Mənə belə gəlir ki, imza müsbət mənada öz fərdi təsdiqini tapırsa, bütün zamanlarda öz sözünü deyir, sahibinə şərəf və qürur gətirir. Oxucularımın və tamaşaçılarımın gözlərindən yayınaraq, nə artıq tərifə, nə də əskik tənqidə bürünə bilmərəm. 40 illik  jurnalist təcrübəsi olan bir insan kimi səmimi etiraf etmək istəyirəm ki, gözəl parıltılarda, qulaqları çığırtılarda olanların  xəstə dünyasında Ziqmund Freydə böyük ehtiyac var. Mən sadə adamam, amma sadəlövh deyiləm. Öz daxili senzuram var. Bu, ləyaqət senzurasıdır.

Hər bir yazıçının içində bir qürbət keçirən mənlik var. Ona görə də heç bir cəmiyyət heç bir sənətkarı heç zaman axıracan başa düşməyib. Əslində zəka və fitri istedad  sahibləri, içi mən qarışıq, hamısı qürbət həyatı yaşayırlar. Mən  isə fərqli olaraq həmin qürbətin "Vətən" adlı içində yaşayıram. Bu da mənim dözüm qismətimdir.

- Publisistikanızda olduğu kimi kino yaradıcılığında da yeni orijinal xəttiniz çox keçmədi ki,  parladı. Sizcə indiki dövrdə nə üçün tamaşaçını düşündürən filmlər çəkilmir? Avropadan baxanda kino ekranımız necə görünür?

- Mənə görə Qafqaz bütün dünya xalqlarının ana beşiyidir. Avropada bu gün onların sivil hesab etdiyi toplum məhz böyük və kiçik Qafqaz sıra dağları arasında ümumdünya etnoslar izdivacından törəyib. Odlar diyarı Azərbaycan Qafqazın göz  bəbəyidir, Günəşidir. Mənin üçün Azərbaycan bəşəriyyətin cənnət bir guşəsidir. Bakı mənim şah damarımdır. Bakı məni bir körpə kimi böyüdüb. Mavi Xəzər laylamı çalıb. Ali təhsilimi Bakıda almışam. "Bakı"-"Baku" qəzetlərində işləmişəm. Bakı şəhərinin "mətbuat yayımı" firmasının rəhbəri olmuşam. İki oğul payı verib Bakı mənə. Bakı bu gün mənim arxamdı, Bakını çox sevirəm, bakılılara sonsuz sevgilərim var.

- Kino yaradıcılığınızda nə kimi yeniliklər var? İndi hansı ədəbi-bədii filmlər üzərində işləyirsiniz?

-Filmlərim haqqında çox danışmaq istəmirəm, çünki virtual aləmdə kifayət qədər yayılıb tanınıb, sevilib. Film zəngin və bahalı istehsal sahəsidir. 15 filmin ssenari müəllifi və rejissoruyam. Hələ heç bir dövlət, sponsor yardımı görməmişəm və gözləmirəm də. Mən çəkdiyim və çəkəcəyim filmlərdə bitirəm, bunları qiymətləndirmək artıq tarixin işidir. Mən millətimin qarşısında alnıaçığam.

- Əmir müəllim, Azərbaycan ədəbiyyatı dünya çapında necə görünür?

- Azərbaycan ədəbiyyatı uzun illər Sovet siyasi rejiminin basqısı altında olub, onun dünyaya çıxmasına ciddi məhdudiyyətlər qoyulub. Dünya ədəbiyyatının Azərbaycan dilinə tərcüməsinə senzura nəzarəti olduğu kimi Azərbaycan ədəbiyyatının dünya dillərinə çevrilməsi məsələsi də nəzarət altında olub. Mərkəzi hakimiyyətlə bağlı olan nəşriyyatlar həmişə planlı surətdə fəaliyyət göstəriblər və bu kontekstdə milli ədəbiyyatlara, o cümlədən, Azərbaycan ədəbiyyatına sadəcə, çoxmillətliliyə örnək olaraq kiçik bir yer ayrılıb, yalnız bəzi ədəbi nümunələr dünyaya çıxa bilib. Buna görə də Azərbaycan ədəbi ictimaiyyəti dünya ədəbiyyatının ən layiqli nümunələrindən xəbərsiz olduğu kimi milli ədəbiyyatın layiqli örnəkləri də dünya oxucularına çatdırılmayıb. Azərbaycanın müstəqillik əldə etməsi, ictimai-siyasi həyatın bütün sferalarında olduğu kimi ədəbi-mədəni sahədə də yeni baxışlar sisteminin əsasını qoydu. Ədəbiyyatın imperiya boyunduruğundan azad olması, sosialist realizmi metodunun süqutu, senzuranın ləğvi söz sənətinin inkişafı üçün müəyyən qədər münbit  şərait yaratdı və ədəbiyyatımızın tanıdılması prosesinə yeni imkanlar açdı. Əvvəlki illərdən fərqli olaraq, bu gün Azərbaycan ədəbi nümunələri pərakəndə şəkildə dünya dillərinə tərcümə olunmaqda, müxtəlif dillərdə nəşr edilməkdədir. Bu işin uğur qazanması üçün sistemli və davamlı fəaliyyətə ehtiyac var.

- Əmir müəllim, yeni yaradıcılıq planlarınız haqqında nə demək istərdiniz?

- Sevdiyim filmlərin birində qartala qoşulub onunla uçmaq istəyən sərçənin rəvayəti danışılır. Bir xeyli özündən yuxarı uçan sərçə dili əsə-əsə qartaldan soruşur:

- Hara uçursan?

Qartal:

- İrəli!

Xeyli gedəndən sonra bu sual dəfələrlə təkrarlanır. Nəhayət, öz uçuş orbitini itirməkdə olan sərçə son kərə göylər şahına sorur:

- Hara uçursan?

Qartal tam bir soyuqqanlıqla təkrarən deyir:

- İrəli, yalnız irəli!

Mən öz yaradıcılığımda məhz o qartala bənzəmək istəyirəm.

Vəli SƏMƏDLİ

 





25.08.2016    çap et  çap et