525.Az

Ramil Usubov Fransa səfiri ilə görüşüb


 

Ramil Usubov Fransa səfiri ilə görüşüb

Bu gün daxili işlər naziri Ramil Usubov Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən nazir qeyd edib ki, hüquq-mühafizə fəaliyyətinə dair yeni qanunvericiliyin işlənib hazırlanmasında Avropa Şurasının ekspertləri kimi Fransa Daxili İşlər Nazirliyinin nümayəndələri də yaxından iştirak ediblər.

Daha sonra daxili işlər naziri kriminogen durumla bağlı məlumat verib, ölkəmizdə təhlükəsizliyin təmini, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlərdən danışıb. R.Usubov fransız şirkətlərinin iqtisadiyyatımıza xeyli sərmayə yatırdığını, prezident İlham Əliyevin bu yaxınlarda Fransaya işgüzar səfərindən sonra dostluq və tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Paskal Mönye qəbula və ətraflı məlumata görə təşəkkür edib, təmsil etdiyi dövlətin regionda təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu nəzərə çatdırıb. Ölkəmizin Fransadakı səfirliyinin Xocalı soyqırımına həsr etdiyi tədbirdə iştirakını xatırladan səfir Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonun heç kimin marağında olmadığını, onun dəyişilməsinin vacibliyini qeyd edib, fəaliyyəti dövründə bu problemin həlli və ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə edilib.

 





26.09.2012    çap et  çap et