525.Az

Dini əqidə, əməl və nəticə


 

ONLARIN ARDICILLIĞI VƏ VƏHDƏTİ ZƏRURİ AMİL KİMİ

Dini əqidə, əməl və nəticə<b style="color:red"></b>

Rafiq ƏLİYEV
fəlsəfə elmləri doktoru,
professor

www.raliyev.az
[email protected]

 

Demokratik cəmiyyətdə dinin və əqidənin rolunu çoxları səhvən eyniləşdirir, bu iki məfhumu düz anlamır və bəlkə də, belə yanaşma səbəbindən terrorizm, ekstremizm, din, əqidə anlayışları və onların bir-biri ilə əlaqəsi çox zaman nəinki adi vətəndaş üçün, hətta, bu sahədə çalışan adamlar üçün də qaranlıq qalır. Əqidə azadlığı dini etiqad azadlığı ilə qarışdırılır.

Beynəlxalq paktlarda, konvensiyalarda, qərar və qətnamələrdə əqidə azadlığı hüquqi insan haqlarının əsas tərkib hissəsi kimi qəbul edilmiş və demək olar ki, bütün dünya dövlətlərinin konstitusiyalarında öz əksini tapmışdır.

Lakin belə bir faktı nəzərə almalıyıq ki, insanın əqidəsi təkcə dinlə məhdudlaşmır və əslində əqidə azadlığının özü də qanunlarla tənzimlənir, müəyyən hüquqi çərçivədə həyata keçirilir:

Tarixə qısa ekskurs etsək, görərik ki, insanların əqidəsi, o cümlədən, dini əqidəsi heç də həmişə onların fəaliyyəti ilə müqayisədə ziddiyyətsiz olmamışdır.

Cəmiyyətdə, hətta ailədə yaranan bir sıra gərginliklərin və münaqişələrin əsasında ilkin amil kimi əqidə məsələləri də durmuşdur.

Qədim dövrlərdən başlayaraq bu günədək baş verən dəhşətli müharibələr, faciəli münaqişələr, dəfələrlə dünya xəritəsinin dəyişdirilməsi, imperiyaların yaradılması və iflası təkcə hakimiyyət uğrunda deyil, həmçinin əqidə uğrunda, çox zaman dini əqidə uğrunda mübarizənin tərkib hissəsi olmuşdur. Tarixi faktlar göstərir ki, din uğrunda, yaxud din pərdəsi altında aparılan müharibələrdə tökülən qanlar heç də birinci və ikinci dünya müharibələrində tökülən qanlardan az deyil.

Bütpərəstlər tərəfindən Yerusəlimin dağıdılması, IV əsrin sonu – V əsrin əvvəllərində xristianlığın yayılması ilə antik Roma sivilizasiyasının məhv edilməsi, səlib yürüşləri, islam fütuhatları, orta əsr inkvizisiyası və s. birbaşa dini əqidə ilə bağlı hadisələr və faktlar bir daha onu göstərir ki, din forması almış əqidələr cəmiyyətdə öz yerini heç də həmişə sülh yolu ilə tutmamış, bəzən nüfuz sahibi olmaq üçün gücdən, silahdan istifadə etmişdir.

Söhbət dinlərin əsl ilahi mahiyyətindən yox, bu mahiyyəti necə başa düşməkdən, dinin cəmiyyətdə praktikasmdan gedir.

2001-ci ilin 11 sentyabrından dərhal sonra terroru və ümumiyyətlə, terrorizmi birbaşa dinlə bağlayanlar çox oldu. Hətta islamı terror dini adlandıranlar da tapıldı. Dəhşətli terror aktlarından bir il keçib. Lakin heç kəs cəsarət edib dinlə, dini əqidə ilə terrorun və ekstremizmin əlaqəsinin olub-olmadığına aydınlıq gətirmək istəmir. Bəziləri dinlə terrorun və ekstremizmin əlaqəsinin olduğuna ehtiyatla işarə edir, bəziləri dini əqidə ilə terrorun və ekstremizmin qətiyyən əlaqəsi olmadığını sübuta yetirməyə, dini, dini təşkilatları tamamilə sığortalamağa cəhdlər göstərirlər.

Lakin din, əqidə mücərrəd məfhumlar deyil. Terrorist də, ekstremist də, özünü din yolunda şəhid edənlər də mücərrəd yox, konkret insanlardır və hər birinin dini, milli və dövləti vətəndaşlıq mənsubiyyəti vardır.

XX əsrdə, hətta son 50 ildə baş verənləri səthi də olsa təhlil eləsək, yəqinlik hasil edərik ki, bugünkü müharibələrdə, münaqişələrdə, onların ideolojiləşdirilməsində dini amilin mövcudluğu danılmazdır.

Son illərin hadisələri, konkret olaraq İsrail-Fələstin qarşıdurması, 30 ildən çox tarixi olan Olster faciələri, Yuqoslaviyada baş verənlər, birinci və ikinci çeçen müharibəsi və nəhayət Azərbaycanın 20 faiz ərazisinin işğal olunması deyilənlərə konkret məzmun verir. Çoxlu insan tələfatı ilə müşayiət olunan bu müharibə və münaqişələr dini amilin təsirindən kənar deyil. Onların bəzilərinin ideya mənbəyi də dindir, dini təşkilatlardır. Erməni kilsəsi Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həlli sahəsində görülən işləri sözdə dəstəkləsə də, bu münaqişənin Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olduğunu bugünədək etiraf etməyib və 1988-1989-cu illərdə isə Qarabağ ermənilərinin separatçı ideyalarını dəstəkləmişdir.

Odur ki, dinin demokratik cəmiyyətdə rolunu müzakirə edəndə ilahi dinlərin həqiqətən sülh məramlı, sülh mahiyyətli müqəddəs kitablarından, daha doğrusu, dinlərin normativ idealından çıxış edilməməli, daha çox dinin praktikasını həyata keçirən insanların fəaliyyəti demokratiya və sivil cəmiyyət qanunları prizmasından nəzərdən keçirilməli, dini təşkilatların, dini liderlərin cəmiyyətdə yüksək nüfuzu olduğunu nəzərə alaraq, onların demokratik cəmiyyətdə rolu və məsuliyyəti müəyyən edilməlidir.

Bu məsuliyyət ən azı din xadimlərinin demokratik cəmiyyətin onlara verdiyi imtiyazlara, onların vətəndaş hüquqlarını qoruyan beynəlxalq və yerli qanunlarının verdiyi təminata adekvat cavab reaksiyası olmalıdır. Bu gün demokratik cəmiyyətdə gedən prosesləri təhlil edərkən aydın olur ki, insanların hüquqlarını, o cümlədən, dini etiqad hüquqlarını qorumaq və onlara həqiqi təminat vermək üçün demokratik cəmiyyətdə güclü hakimiyyət və effektiv idaraetmə vacibdir.

Cəmiyyət üçün vacib olan bu iki amil birbaşa mənəviyyatla, dolayısı yolla əqidə ilə də bağlıdır.

1.Əminəm ki, dini ekstremizmlə mübarizənin ön cərgəsində tanklar, toplar, qırıcı təyyarələr yox, məhz əsl din xadimləri, nüfuzlu dini liderlər durmalı, vətəndaşları olduqları demokratik cəmiyyətin bütövlüyü uğrunda mənəvi cihad elan etməlidirlər. Lakin belə bir mübarizədə “din dövlətdən ayrıdır” məfhumu arxa plana keçməli, ümumi səylər cəmiyyəti terror kimi dəhşətli xəstəlikdən xilas etməyə yönəlməlidir. Belə bir müştərək fəaliyyətin parametrləri olduqca aydın və başadüşülən olmalıdır. Din, dini liderlər və dini təşkilatlar mənəviyyatla bağlı fəaliyyətləri sayəsində hakimiyyəti möhkəmlətməyə kömək edir, güclü hakimiyyətin isə əqidə azadlığı hüquqlarını daha qətiyyətlə təmin etmək imkanı genişlənir.

Belə sıx əməkdaşlıq heç bir tərəfin hüquq və imtiyazlarını, səlahiyyətlərini artırıb-azaltmağa yönəlməməlidir. Bu, ümumi sülh uğrunda birgə işin spesifik bir forması kimi qəbul edilməlidir.

2. Qənaətimə görə, dini ekstremizm və dinlə motivləşdirilən terrorizmə qarşı mübarizənin əsas tərkib hissələrindən biri də düzgün dini maarifçilik fəaliyyətinin təşkilidir. Cəmiyyətdə din haqqında məlumat qıtlığı olmamalıdır. Lakin bu, prioritet məlumat sahəsinə çevrilməli deyil. Eyni zamanda, din haqqında məlumat insanlara təkcə din xadimlərindən yox, digər mənbələrdən, hətta, dövlət tərəfindən də təqdim edilməlidir. Bu əslində ifrat dini təəssübkeşlik meyllərini zəiflədər və obyektivliyi daha çox təmin edə bilər.

Dinə ciddi surətdə aludə olan insanları inzibati yolla təqib etmək, onları ikinci növ adam kimi hesab etmək gizli dini fəaliyyətə yol açır. Gizli fəaliyyət isə, xüsusən gənclərdə, romantik inqilabçı ruhu tərbiyə edir ki, bu da terror və ekstremizm üçün baza rolunu oynaya bilər.

3. Hakimiyyət və din cəmiyyətin əsasını təşkil edən iki mühüm elementdir. Birinci qununun aliliyi, ikinci isə, qanunun mahiyyəti – əxlaq və mənəviyyatdır. Hakimiyyət, əxlaq və mənəviyyat əslində cəmiyyətin həyatında bir-birini tamamlayır. Başqa sözlə, hakimiyyət, yəni əxlaq və mənəviyyat kriteriyalarının məhsulu olan qanunlar cəmiyyət üçün bütövlükdə prioritet xarakter daşıyır.

Əslində qanun əxlaq və mənəviyyatı müdafiə edir. Tarix göstərir ki, əxlaqi keyfiyyəti zəif olan hakimiyyətin ömrü uzun olmur. Əxlaq isə ənənəvi olaraq dini dəyərlərlə qidalanır. Deməli, hakimiyyət və din bir-biri üçün vacibdir, zəruridir, ancaq avtonom birgəyaşayış şəraitində. Bunun əksini sübut edəcək tutarlı faktlar, yaxud uğurlu təcrübə tarixə bəlli deyil. Burada ən əsas sual ortaya çıxır. Bu avtonom birgəyaşayış necə olmalıdır ki, siyasət əxlaq və mənəviyyatca zəif olmasın, ilahi dinlərin əsl mahiyyətini qoruyub saxlaya bilmək üçün şərait yarada bilsin, eyni zamanda cəmiyyətdə dinin ictimai statusu elə müəyyən olunmalıdır ki, o, cəmiyyətdə ictimai əlaqələrin tənzimləyicisi rolunu oynayan hakimiyyətə öz funksiyasını yerinə yetirməyə mane olmasın.

4. Demokratik əsaslar üzərində qurulan cəmiyyətdə hakimiyyət dini təəssübkeşliyə yol verməməli, bütün dinlər və əqidələr üçün eyni şərait yaratmalıdır. Hakimiyyət üçün imtiyazlı əqidə forması olmalı deyil. Zənnimcə, dinlərarası uzunmüddətli dialoqun uğursuzluğunun əsas səbəblərindən biri dinlərin imtiyazlı, ənənəvi, qeyri-ənənəvi, destruktiv dinlər kimi təqdim olunmasında və onlara yanaşmanın bu təməl mövqeyindən formalaşmasındadır. Söhbət əqidədən gedirsə, bizi onun sağlam və qeyri-sağlam, cəmiyyət üçün faydalı, yaxud zərərli olması maraqlandırmalıdır. Zərərli əqidə strukturlaşıb din forması almış olarsa, ona qarşı cəmiyyətdə ciddi müqavimət formalaşmalı və buna hakimiyyət də yardım etməlidir. Zərərli əqidənin din pərdəsi altında yayılmasına qarşı mübarizəni dini etiqad azadığı hüquqlarını pozmaq kimi qiymətləndirmək olmaz. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlarda məhz belə yanaşma üsulu hökm sürür. Dinləri və əqidələri müxtəlif olan vətəndaşlar üçün cəmiyyətdə yeganə bir qanun dövlətin konstitusiyasıdır.

Din və din xadimləri üçün, əlbəttə, insanların mənəviyyatı, dini əqidələri prioritet fəaliyyət sahəsidir. Əxlaqı təmiz, mənəviyyatı saf insanlar tərbiyə etməklə din xadimləri və dini liderlər siyasətə birbaşa qarışmadan öz müqəddəs missiyalarını yerinə yetirir və eyni zamanda hakimiyyətə yardım edərək, son təqdirdə dini fanatizmin və ifrat təəssübkeşliyin ekstremizmə yuvarlanmasının qarşısını alaraq cəmiyyət qarşısında böyük xidmət göstərmiş olurlar. Fikrimcə, bu, müasir demokratik cəmiyyətdə din və dövlət münasibətlərində avtonom birgəyaşayışın ən optimal forması kimi qəbul edilə bilər və din-dövlət münasibətləri bu fundamental əsas üzərində qurulmalıdır.

 





06.03.2013    çap et  çap et