525.Az

İtirdiklərimizin acısı və həsrəti


 

İtirdiklərimizin acısı və həsrəti<b style="color:red"></b>

Dünya yaranandan üzü bəri bütün yaradılmışlar itirmək qorxusu ilə yaşayır. İnsan şüurlu şəkildə itirməkdən qorxur.

Odur ki, həyatda nə varsa, canlı-cansız dediyimiz hər bir şey can qorxusu ilə bir-birinə zəncirvari şəkildə bağlıdır. Birinin canı digərinin əlindədir. Birinin həyatda qalması, yaşaması üçün digərinin canı mütləq mənada qurban olmalıdır. Bu təbiətin nizamıdır. Əslində təbiətdə heç nə itmir, nə vaxtsa bir başqa formada yenidən yaranır...

İnsan oğlu olaraq biz hər gün, hər an, hər saat itiririk. Axı, görəsən itirməyə məhkumuqmu? Niyə təbiətin bir parçası olduğumuzu unudub göyləri başımızın, yerləri ayağımızın altından qaçırırıq. Taleyimizlə çilingağac oynaya-oynaya itirdiklərimizin fərqində belə deyilik. İtirdikcə unutqanmı oluruq axı, özü də belə qəddarcasına...

Təzada bax ki, hələ itirdiklərimizi bilə-bilə xatırlamaq üçün təqvimdə ayrıca bir gün də bəlirləmişik: "Beynəlxalq itkinlər günü". İtirməyin bir adı var: Qorxu. İtirilən şeyi heç kim sevinclə axtarmır. Gözün qorxu içində böyüyür, ürəyin qorxu ilə döyünür. Bilirsiniz, bu niyə belədir? Ona görə ki, sonda nəyisə, kimisə tapa bilməyəndə ümidini itirməkdən qorxursan və "Ümid axırıncı ölür" misalı ondan sonra adiləşir, cılızlaşır və get-gedə yox olub itir. Yenə də itirmək...

İtirdiklərinin baiskarı və günahkarı insan özüdür. Müharibə, qan tökmək, ölüm. Bütün bunlar təkcə insan, torpaq itkisi ilə kifayətlənmir. Biz içimizi, hissimizi, duyğumuzu, ilkinliyimizi itiririk. Bizi Yaradanın bizə olan inamını, bizə olan sevgisini də itiririk...

Və bir xalq kimi biz itirməyin nə olduğunu yaxşı bilirik. Çünki tarixən böyük Azərbaycanımızı hissə-hissə, parça-parça itirmişik. İtirmək deyəndə gözlərimizin önünə öncə Təbriz, sonra İrəvan, Borçalı, Dərbənd gəlir.

Torpaq itkisi dərdlərin ən böyüyüdür və insan dünyadan köçəndən sonra belə bu dərd onu addımba addım izləyir, göynədir, sızıldadır.

Hər kəsin içində itirmək qorxusu var və bu münasibətlə də avqustun 30-u, BMT-nin qərarı ilə təqvimə İtkinlər Günü kimi düşüb. İtirənlər itirdiklərinin dəyərini bilib bu günü qeyd edirlər.

İtkinlər...

Qarabağ müharibəsindən sonra bu ağırlığa çiyinlərimiz tab etmədi. İtən bir nəfər olsa da axtaranların itik dərdi min oldu. Gözləri yol çəkən analar, atalar "nə vaxtsa gələr deyib", uçan quşdan, qopan daşdan belə soraq gözlədilər. Elə bu gün də gözləyirlər...

Biz gözləyirik, dərdimizi göyərdə-göyərdə...

Hə, avqustun 31-də də Qubadlını itirmişik...

Hafiz TƏMİROV
polis mayoru

 





26.08.2016    çap et  çap et