525.Az

Vitse-prezidentlik konstitusion sistemimizdə yeni institutdur


 

"PREZİDENT İNSTİTUTUNUN GÜCLƏNMƏSİ DÖVLƏT HAKİMİYYƏTİNİN DİGƏR QOLLARININ ZƏİFLƏDİLMƏSİNİ ŞƏRTLƏNDİRMİR"

Vitse-prezidentlik konstitusion sistemimizdə yeni institutdur<b style="color:red"></b>

"Prezidentlik institutunun gücləndirilməsi, vitse-prezidentlik institutunun yaradılması, vitse-prezidentlərin səlahiyyəti ilə bağlı təklif edilən dəyişikliklərin hakimiyyətlərin bölünməsi prinsipini pozması və parlament nəzarətini zəiflədəcəyi istiqamətində fikirlər səslənir.

Ümumi olaraq qeyd edilməlidir ki, Prezident institutunun güclənməsi heç də dövlət hakimiyyətinin digər qollarının zəiflədilməsini şərtləndirmir. Burada parlamentin icra hakimiyyəti üzərində nəzarət və təsir imkanları ilə bağlı müddəa və təminatlara əsas diqqət yetirmək vacibdir. Mövcud Konstitusiyada bu təminatlar dəyişməz olaraq qalır. Bunlar dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət, yüksək vəzifəli şəxslərin, o cümlədən, hakimlərin təyinatında iştirak, Azərbaycan Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması, Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi, referendum təyin edilməsi, amnistiya və digər səlahiyyətlərdir. Qeyd edilənlər, həmçinin qanunların Prezidentin etirazını doğurduğu halda qüvvəyə minməsi ilə bağlı Parlamentin üstün mövqeyini təmin edən təminatlar dövlət hakimiyyətin digər qolları üzərində səmərəli parlament nəzarətinin həyata keçirilməsi üçün imkanlar və balans təmin edir". Bu sözləri Milli Məclisin deputatı Vüsal Hüseynov Konstitusiyaya dəyişikliklər edilməsi haqqında Referendum Aktı layihəsində yer alan bəzi maddələri şərh edərkən deyib.

O bildirib ki, vitse-prezidentin təyinatı proseduru ilə bağlı əsas yanaşma kimi, bu təyinatın parlamentdən yan keçməsi və bununla da parlamentin rolunun əhəmiyyətli zəifləməsi kimi qeyd edilir: "Lakin mövcud Konstitusiyadakı mexanizmlə bu yeniliyi müqayisə etsək əslində təklif edilən dəyişikliyin hakimiyyətlərin bölgüsü prizmasından əhəmiyyətli dəyişiklik və ya geriləmə gətirməyəcəyi görsənir. Belə ki, Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydasında müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına Parlament tərəfindən üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, yeni dəyişikliyə əsasən Azərbaycan Respublikası Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilməsi üçün müddət 3 aydan 60 günədək yəni 1 ay müddətinə qısaldılır. Bu halda Prezident səlahiyyətlərini icra edən şəxsin maraqları kiçildilir, ictimaiyyətin maraqları isə gücləndirilir".

Deputat qeyd edib ki, vitse-prezident institutu konstitusion sistemimizdə yeni institutdur və məqsəd prezidentlik institutunu gücləndirmək, ölkənin sabit inkişafına xidmət edəcək idarəçilik sistemini təmin etməkdir: "Təkliflərə vitse-prezidentin konkret fəaliyyətinin necə olacağı və səlahiyyətlərinin nədən ibarət olacağı ilə bağlı məsələlər qeyd edilmir. Bu baxımdan indiki mərhələdə bu vəzifənin statusu barədə vaxtından əvvəl səsləndirilən mülahizə və şərhlərin heç bir əsası yoxdur. Bu məsələ gələcəkdə müvafiq normativ hüquqi aktlarla, Konstitusiya Qanunu ilə tənzimlənəcəkdir. Təkliflərdə hazırda vitse-prezidentin toxunulmazlığı və təminatı ilə bağlı məsələlər yer almışdır ki, bunlar da ümumi normalardır".

V.Hüseynov bildirib ki, Referendum Aktında nəzərdə tutulduğu kimi prezidentə növbədənkənar prezident seçkilərini keçirmək səlahiyyətinin verilməsi ölkə başçısına etimad səsi qazanmaq üçün xalqa müraciət etmək imkanı təmin edir: "Bu isə hər hansı qeyri-müəyyən vəziyyətlərdə xalqın öz iradəsini təkrar bildirməsi və bununla stabilliyin təmin edilməsi üçün imkanlar yaratmaq məqsədi daşıyır. Prezidentin səlahiyyət müddətinin uzadılması kontekstində belə səlahiyyətin müəyyən edilməsi xüsusilə əhəmiyyətlidir. Prezident respublikasında prezidentin növbədənkənar seçkilər təyin etmək səlahiyyəti bir sıra ölkələrin təcrübəsində mövcuddur. Oxşar təcrübə parlament demokratiyası olan ölkələrlərdə də müəyyən edilib. Nümunə üçün, 1997 və 2000-ci illərdə Kanadanın dövlət başçısı tərəfindən iki növbədənkənar seçki təyin edilmişdir. Həmçinin, Danimarka konstitusiyasının 32-ci maddəsinə əsasən, baş nazirin parlamentə növbədənkənar seçki təyin etmək hüququ vardır. Oxşar mexanizm Yaponiya konstitusiyasının 7-ci maddəsində də öz əksini tapır. Dövlət və yaxud da hökumət başçısının növbədənkənar seçki təyin etmək səlahiyyətinin əhəmiyyəti məhz siyasi böhran baş verən zaman xalqın öz iradəsini yenidən ifadə etmək imkanının tanınmasıdır".

Deputat hesab edir ki, parlament demokratiyası olan ölkələrdə dövlətin siyasi və idarəetmə sütununu parlament, prezidentli respublikalarda isə prezident institutu təşkil etdiyi üçün müvafiq olaraq hər biri ilə bağlı növbədənkənar seçkilərin keçirilməsi mexanizminin mövcudluğu bu siyasi və idarəetmə sistemindəki stabilliyin qorunmasına xidmət edir: "Beləliklə, prezidentin respublika idarəetmə formasına malik olan dövlətlərdə dövlət başçısının növbədənkənar seçki təyin etməsi də eyni məqsədə xidmət edir - hakimiyyətin mənbəyi olan xalqın iradəsinin ifadəsi üçün zəmin yaratmaq".

Milli Məclisin deputatı Rövşən Rzayev isə qeyd edib ki, bu gün ölkəmiz daha böyük geosiyasi dövlətə çevrilib: "Azərbaycan Konstitusiyasına təklif edilən dəyişiklikləri də ölkəmizin inkişafının davamı kimi qiymətləndirmək olar". O SİA-ya bildirib ki, təklif edilən dəyişikliklərə əsasən, ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması dövlətimizin güclənməsi ilə yanaşı, xalqımızın daha da firavan yaşamasına xidmət göstərəcək: "Azərbaycan həm iqtisadi, həm də siyasi cəhədən güclü dövlətdir. Bu gün Azərbaycan xalqı daha intensiv və çevik siyasət gözləyir. Bu baxımdan ölkəmizdə fəaliyyət göstərən icra orqanları da Prezident İlham Əliyevin istədiyi kimi daha çevik, fəal və qətiyyətli addımlar atmalıdır. Belə olan halda, ölkəmiz daha da güclənər, xalqımız daha firavan yaşayar. Bu baxımdan düşünürəm ki, ölkəmizdə vitse-prezidentlik institutlarının yaranması məhz bu siyasətə dəstək və kömək olacaq".   

R. Rzayev qeyd edib ki, ölkə başçısının  "ASAN Xidmət" proqramı ilə Azərbaycan xalqı bir çox bürokratik aparatlardan canını qurtara bilib: "Bu baxımdan yeni yaradılacaq institut da bu siyasətin davamıdır. Vitse-prezidentlik Azərbaycan xalqına, dövlətçiliyinə daha uğurlu və çevik siyasət gətirəcək. Bundan həm Azərbaycan xalqı bəhrələnəcək, həm də ölkəmiz daha da güclənəcək. Ümumiyyətlə, sentyabrın 26-da ölkəmizdə keçiriləcək ümumxalq səsverməsi - Referendumdan sonra  yeni institutların yaranması, yeni islahatlar bütövlükdə ölkəmizin xeyrinə atılacaq addımlar olacaq".

Ceyhun ABASOV

 





26.08.2016    çap et  çap et