525.Az

Beynəlxalq mədəni əlaqələrimizin inkişafı və Mehriban Əliyeva faktoru


 

AZƏRBAYCANIN QƏDİM VƏ ZƏNGİN MƏDƏNİYYƏTİ ÜMUMDÜNYA MƏDƏNİYYƏTİNİN BİR PARÇASINA ÇEVRİLİB

Beynəlxalq mədəni əlaqələrimizin inkişafı və Mehriban Əliyeva faktoru<b style="color:red"></b>

Bu gün Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda, onların ən mütərəqqi baxışlarını əxz edir.

Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi-mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır. Hazırda Azərbaycan dünyada zəngin milli-mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Biz qloballaşma prosesində beynəlxalq birliyə birtərəfli inteqrasiya yolunu seçməmişik. Bu yol ikitərəflidir, çünki dünyaya öz mədəni zənginliyimizi təqdim və təbliğ etməyi bacarır, dünyanı bizdən nələrisə öyrənməyə təşviq edə bilirik. Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməkdir.

Bu baxımdan UNESCO çoxtərəfli beynəlxalq təşkilat olduğu üçün müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığına geniş şərait yaradır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası təhsil, elm və mədəniyyət sahələrində UNESCO vasitəsilə müxtəlif ölkələrlə və eləcə də təşkilatın özü ilə geniş əlaqələr qurur və əməkdaşlığını genişləndirir.

Azərbaycan - UNESCO münasibətlərinin inkişafında və onun genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzolunmaz rolu var.  Mehriban xanım Əliyeva mədəniyyət, təhsil və idman sahəsində geniş fəaliyyət göstərir. 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə festivallar, sərgilər, mədəniyyət tədbirləri və konsertlər təşkil etməklə, Mehriban xanım ölkəsinin mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində böyük xidmətlər göstərib. Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb. Keçən illər ərzində UNESCO çərçivəsində Nəsrəddin Tusinin anadan olmasının 800 illik, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, məşhur xalçaçı-rəssamı Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri yüksək səviyyədə qeyd edilib.

Ümumiyyətlə, birinci xanımın səyi ilə Azərbaycan-UNESCO münasibətləri ən yüksək inkişaf səviyyəsinə çatıb. Bununla yanaşı, Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatının müxtəlif strukturları arasında münasibətlərin inkişaf  edib möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə geniş miqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə xanım Mehriban Əliyeva 2006-cı il noyabrın 4-də İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.

Hələ 2005-ci ilin oktyabrında UNESCO-nun 60 illiyinə həsr edilən “Sivilizasiyalararası dialoq” həftəsi cərcivəsində Parisdə kecirilmiş “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında” adlı tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb, sonrakı illərdə bu yöndə əməli addımların atılması, konkret təşəbbüslərin irəli sürülməsi və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bunu bir daha təsdiqləyib.

UNESCO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilən 31-ci sessiyasında qəbul edilən qərara əsasən, Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilib. Azərbaycanın təbii irsinin qorunması məqsədi ilə Hirkan meşələrinin namizədlik sənədləri hazırlanaraq Ümumdünya İrs Komitəsinə təqdim olunub. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir.

2009-cu il  sentyabrın 28-dən oktyabrın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Qeyri-Maddi Mədəni İrs nümunəsi kimi Novruz Bayramı UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına  daxil edilib ki, bu da Azərbaycan mədəniyyəti üçün mühüm hadisə hesab edilməlidir.

Məhz bu fəaliyyətin sayəsində 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan olunub. Şərq ilə Qərbi birləşdirən İpək Yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, bu il çərçivəsində də respublikamızın paytaxtı festivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar mərkəzinə çevrilib. Bütün bu fəaliyyətin nəticəsində, 2010-cu il  iyulun 30-da  UNESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya UNESCO-nun baş direktoru İrina Bokova tərəfindən “Qızıl Motsart” medalı təqdim olunub.

“Bakı İslam Mədəniyyəti Paytaxtı - 2009”un açılışında çıxış edən Prezident İlham Əliyev  bildirib ki, bütün bu təşəbbüslər bir məqsəd güdür: “Dünyada sülh bərqərar olunsun, əmin-amanlıq olsun, sivilizasiyalar arasında dialoq daha da möhkəmlənsin. Bəzi hallarda sivilizasiyalararası dialoq haqqında çox danışılır, ancaq daha da çox işlər görülməlidir. Azərbaycanın bu işlərdə rolu getdikcə artmaqdadır".

Təbii ki, Azərbaycanı dünya üçün mənəvi ünsiyyət, mədəniyyətlərarası dialoq məkanına çevirən bu tədbirlərin, məqsədyönlü fəaliyyətin zirvəsi ölkəmizin evsahibliyi edəcəyi Dünya Forumu olmalı idi. Məlum olduğu kimi, mədəniyyətlərarası dialoqa həsr olunan Dünya Forumu barədə təşəbbüs 2008-ci il dekabrın 2-3-də Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda Bakıda keçirilən konfransda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.

“Bakı prosesi” adını alan təşəbbüs Azərbaycan rəhbərliyinin mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və işbirliyinə verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan bu beynəlxalq tədbirə bir sıra müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə qlobal mədəniyyətlərarası dialoqa pəncərə açdı. Konfransda çıxış edən Prezident İlham Əliyev mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi” təşəbbüsündən danışıb: “Mən çox istərdim ki, bu gün başlanan ”Bakı prosesi" uzunmüddətli olsun. Çox istərdim ki, bu konfransın keçirilməsindən sonra konkret mexanizmlər işlənilsin, fəaliyyət planı hazırlansın. Belə tədbirlərin keçirilməsi ənənəyə çevrilsin". Konfransda mədəniyyətlərarası dialoqa dair “Bakı Bəyannaməsi” qəbul olunub və tarixi prosesin əsası qoyulub.

Ötən müddətdə “Bakı prosesi”nin ideyadan praktik müstəviyə keçməsi üçün görülən işlər nəticəsini verib və Azərbaycan 2011-ci il aprelin 7-8-də ilk dəfə olaraq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi edib.

2013-cü il sentyabrın 17-də Parisdə, UNESCO-nun mənzil qərargahında TÜRKSOY-un, Azərbaycan, Qazaxıstan və Türkiyənin bu beynəlxalq qurum yanında daimi nümayəndəliklərinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə həsr edilən bayram tədbirləri keçirilib. Şərqdə ilk musiqili operettanın müəllifi olan Üzeyir Hacıbəylinin “Arşın mal alan” beynəlxalq səviyyədə tanındığı, həmçinin onun bir çox dillərə tərcümə olunduğu və dünyanın bir çox ölkələrində müvəffəqiyyətlə nümayiş etdirildiyi haqqında məlumat verilib. Bununla yanaşı, bu operettanın dünya incəsənətinin nadir incilərindən olduğu diqqətə çatdırılıb,  zəngin və qədim tarixə malik Azərbaycan mədəniyyətinin parlaq nümunəsi kimi səciyyələndirilib, onun 100 illiyinin UNESCO kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən qeyd olunması ölkəmiz üçün əlamətdar hadisə kimi dəyərləndirilib.

Azərbaycanın UNESCO-ya üzv qəbul olunmasının 20 illiyi münasibətilə 2013-cü il iyulun 18-də Parisdə qurumun baş qərargahında keçirilmiş mərasimdə Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxışında qeyd edib ki, Azərbaycan UNESCO-nun müxtəlif sahələrdə məqsədlərinin təşviqinə sadiqdir: “Son 20 ildə biz ölkəmizdə təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə xususi diqqət yetirmişik. Biz dərindən inanırıq ki, yalnız yüksək səviyəli təhsilə malik olan ölkə uğurlar əldə edə və xalqı üçün daha yaxşı həyat keyfiyyətini təmin edə bilər. Biz, eyni zamanda, elmin və müasir texnologiyaların inkişafına çoxlu sərmayə yatırırıq. Bu ilin fevral ayında Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azərspeys-1”in kosmik fəzaya buraxılması bunun bariz nümunəsidir”.

Mədəni irsin qorunmasının Azərbaycan höküməti üçün prioritet istiqamət olduğunu bildirən Mehriban xanım Əliyeva muğam, aşıq musiqisi, tar ifası, Novruz bayramının UNESCO-nun Qeyri-Maddi İrs siyahısına daxil edildiyini xatırlatmaqla, eyni zamanda, Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısına salındığını diqqətə çatdırıb.

Bununla yanaşı, Azərbaycanın həm də UNESCO ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq etdiyini bildirən Azərbaycanın birinci xanımı qeyd edib ki, bu gün beynəlxalq ictimaiyyət ölkəmizi yüksək dini və etnik dözümlülük sahibi, dialoq mərkəzi kimi tanıyır və əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda sülh, harmoniya şəraitində yaşayıblar. UNESCO ilə Azərbaycan arasında bağlanmış çərçivə sazişinin də mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən Mehriban xanım Əliyeva ölkəmizin UNESCO ilə əməkdaşlığını davam etdirəcəyinə və mövcud olan böyük potensialı reallaşdırmaq üçün gələcəkdə əlaqələrimizin daha da güclənəcəyinə əmin olduğunu bildirib.

Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilən beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək, aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən irəli sürülüb. Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir. Bu baxımdan ölkə rəhbərliyi, hökumət qurumları ilə yanaşı, qeyri-dövlət xətti ilə görülən işləri, ilk növbədə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüslərini xüsusi qeyd etmək lazımdır.

Azərbaycanın çoxtərəfli beynəlxalq mədəni əlaqələrinin inkişafına nəzər saldıqda aydın olur ki, müasir geosiyasi şəraitdə nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən, UNESCO tərəfindən dəstəklənən möhtəşəm tədbirlər respublikamızın beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirmiş, ölkəmizin tolerantlıq və dialoq məkanı kimi indiyədək oynadığı tarixi missiyanın icrasına təkan verib və nəticə olaraq mədəniyyətlərarası dialoq üzrə qlobal platformanın əsası qoyulub.

Aynur FƏRMANOVA
Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, “Azərbaycan  Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Elm, təhsil və mədəniyyət şöbəsinin müdiri

 





26.08.2016    çap et  çap et