525.Az

Türk əsgəri Suriyada: terrora ağır zərbəyə beynəlxalq dəstək


 

Türk əsgəri Suriyada: <b style="color:red">terrora ağır zərbəyə beynəlxalq dəstək</b>

Suriya böhranının sürprizləri davam edir. Dünyanın və regionun böyük dövlətləri bu ölkədəki hadisələrə aktiv müdaxilə etməkdədirlər.

Açığı deyilsə, indi Suriya bir bataqlığı xatırladır. Bir neçə ildir ki, ABŞ başda olmaqla Qərb dövlətləri, Rusiya, İran, Səudiyyə Ərəbistanı burada mübarizə aparırlar. Lakin hələ də konkret nəticə yoxdur, silahlı toqquşmalar səngimir və terror digər regionları da təhdid etməkdədir. Bu arada Türkiyə xüsusi təyinatlıları Suriyanın şimal hissəsində Azad Suriya Ordusuna (ASO) güclü dəstək verməyə başlayıb. Artıq strateji əhəmiyyətli Cerablus şəhəri terrorçulardan təmizlənib. Ankara prosesin bütövlükdə bölgə İŞİD və PYD-dən tam təmizlənənə qədər davam edəcəyi haqqında informasiyalar yayır. Maraqlıdır ki, böyük dövlətlər Türkiyənin bu addımına elə də etiraz etməyiblər. Hətta Amerika, Fransa və Almaniya birmənalı Ankaranın yanında olduqlarını bəyan ediblər. Bunlarla yanaşı, ekspertlər Suriyaya əsgər göndərməyin ciddi riskli tərəflərinin də olduğunu vurğulayırlar. Proseslər necə sonuclana bilər?

"Fərat qalxanı": Ankara xüsusi əməliyyatlara başladı

Azad Suriya Ordusu artıq Türkiyə xüsusi təyinatlılarının yardımı ilə ölkə sərhədindən 20-30 kilometr məsafədə olan Cerablus şəhərində təmizləmə işləri aparır, burada rəsmi qurumların fəaliyyətinin bərpası ilə məşğuldur. Hərbi əməliyyatı Türkiyə "Fərat qalxanı" adlandırıb. Bunun həm hərbi, həm də geosiyasi mənası vardır. Söhbət Fəratın qərb sahillərini müdafiə etməkdən və burada Türkiyənin maraqlarını təmin etməkdən gedir.

Bu hadisə dünya KİV-də mühüm hal kimi qiymətləndirilir. Ekspertlər məsələnin geosiyasi aspekti üzərində geniş dayanırlar. Belə anlaşılır ki, böyük dövlətlər Türkiyənin Suriyaya hərbi qüvvə göndərməsinə loyal yanaşıblar. Rusiya KİV-in yaydığı informasiyaya görə, Ankara ABŞ, Rusiya və İranı həmin əməliyyatla bağlı vaxtında məlumatlandırıb. Hətta hərbi əməliyyatların vaxtını da müəyyənləşdirib – 15 gün (bax: məs., Антон Подковенко. Турция заранее оповестила Россию, США и Иран о вторжении в Сирию / "Vesti.ru", 24 avqust 2016).

Rusiyalı müəllifin fikrincə, "hər bir halda, Türkiyənin regionda siyasətinin dəyişməsi göz qabağındadır. Ankara Moskva və Vaşinqtonla yeni təmas nöqtələri arayır. Ola bilsin ki, Cerablusdakı əməliyyatın inkişafı gedişində Suriya böhranının tənzimlənməsində yeni qüvvələr nisbətinin necə olacağını demək mümkün olacaq" (bax: əvvəlki mənbəyə).

Onu vurğulayaq ki, Qərb ekspertləri də təqribən eyni mövqedədirlər. Deməli, Türkiyə addım atmazdan əvvəl onun məzmunu və məqsədini lazım bildiyi dairələrə kifayət qədər dəqiq anladıb. Amerika, Rusiya, Fransa, Almaniya, İran kimi dövlətlərdən verilən bəyanatlar, ifadə edilən fikirlər bunu təsdiqləyir. Bununla Türkiyənin müasir dövrün qabaqcıl hərbi və informasiya üsullarından istifadə edərək davrandığı nəticəsini çıxarmaq olar. Bu məqam olduqca böyük əhəmiyyət kəsb edir.

Müşahidəçilər diqqəti ona yönəldirlər ki, Cerablusa hücum ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə gəlişi günü oldu. Ölkənin baş naziri və prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Amerika rəsmisi Ankaraya gec gəldiyinə görə üzr istəyib. O, Vaşinqtonun Türkiyəyə ən yaxşı dost olduğunu bəyan edib.

Baş nazir Binəli Yıldırım bir neçə telekanala verdiyi müsahibədə bu sözlərin arxasında konkret faktların dayandığını qeyd edib (bax: Başbakan Yıldırım Habertürk, Show Tv, Bloomberg HT ortak yayınında konuştu / "Habertürk‎", 24 avqust 2016).

Əlavə olaraq, Vaşinqton kürd radikal qruplarının Fərat çayının şərqinə çəkiləcəyinə təminat verib. Dövlət katibi Con Kerri bundan cəmi bir gün sonra bildirib ki, PYD-YPG gücləri söz verildiyi mövqeyə çəkilməyə başlayıblar. Bunu o, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığında bildirib (bax: Kerry: PYD Fırat'ın doğusuna çekiliyor / "Habertürk‎", 25 avqust 2016). C.Kerrinin dediyinin həqiqət olub-olmadığı yaxın günlərdə məlum olacaq.

Böyük savaşın başlanğıcı: qalib olmaq şansı

Bütün hallarda belə təəssürat yaranır ki, Vaşinqton Türkiyə məsələsinə son dərəcə həssaslıqla yanaşmağa başlayıb. Bu ölkənin Qərbin təhlükəsizliyi üçün ciddi rol oynadığı etiraf edilir. NATO-dan onun çıxarılması mümkün deyildir. Əksinə, o da hiss olunur ki, Aİ-nin böyük dövlətləri Ankaraya dəstəyi gücləndiriblər. Cerablusa müdaxiləni Paris ‎"məmnunluqla qarşılayırıq‎" deyə qiymətləndirib, Berlin isə ‎"bu, Türkiyənin təbii haqqıdır‎" söyləyib. Rusiya güclü dəstək verməsə də, ciddi etiraz da etməyib. Kreml proseslərin sülhə aparmasını arzuladığını ifadə edib. Bəşər Əsəd məsələsinə görə isə ümumi vəziyyəti qayğıverici adlandırıb.

Bunlara yanaşı, Dəməşqin reaksiyası maraqla gözlənilirdi. B.Əsəd iqtidarı Türkiyənin bu hərəkətini tənqid edib, Suriya ərazisinin işğalı adlandırıb. Ancaq ekspertlər sual verirlər ki, Suriyada indi bir neçə ölkənin xüsusi təyinatlıları vardır. Onda belə çıxır ki, bu ölkədə "işğal"la suverenliyin sərhədi itib. Yalnız sabitlik yaranandan sonra kimin-kim olduğu bilinər.

Məsələnin digər tərəfi Suriyanın şimalının kürd qrupları tərəfindən faktiki olaraq zəbt edilməsinə bağlıdır. Həmin səbəbdən ABŞ və hətta İraq kürd muxtar regionunun rəhbərləri Ankaranın hərəkətlərinə etiraz edə bilmirlər. Onlar terrorla mübarizədə Türkiyənin yanında olduqlarını bəyan ediblər.

Bütün bunlar Yaxın Şərqdə geosiyasi mənzərənin yenidən dəyişməkdə olduğunu göstərir. Konkret olaraq, Türkiyə öz iradəsini ortaya qoyaraq özünün təhlükəsizliyini təmin etmək istiqamətində cəsarətli addım atmağa hazır olduğunu nümayiş etdirir. Lakin problemin başqa yönlərini də unutmaq olmaz. Məsələ ondan ibarətdir ki, Suriya, doğrudan da bir bataqlıqdır. Buraya daxil olan necə çıxacağını yaxşı düşünməlidir. ABŞ hələ də Suriyanı tərk edə bilmir. Fransa əsgərlərini buraya göndərməyin ağır bədəlini ödəyir. Bütövlükdə Avropa ölkələri Suriya böhranının yaratdığı miqrasiya probleminin həllində aciz qalıblar. İran seçilmiş əsgərlərini həmin bölgəyə göndərib, ancaq ciddi itkilər verməkdədir. Hansı uğuru qazandığı isə bəlli deyil.

Bunlardan başqa, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Livan və başqa ölkələr də Suriyadan salamat qurtula bilmirlər. Bunların fonunda Türkiyənin addımı xeyli risk daşıdığını göstərir. Ancaq Türkiyənin bu mövzuda vəziyyəti onların hamısından fərqlidir. Məsələ burasındadır ki, Suriyada fəaliyyət göstərən radikal qruplar həm də Türkiyədə terror aktları törədir, sərhəddən keçərək müxtəlif yerlərdə qətliamlar edirlər. Bununla yalnız Suriyaya deyil, həm də Türkiyəyə təhlükə olduqlarını ifadə edirlər.

Onların sırasında olan və PKK-nın Suriya qolu adlanan PYD isə açıq-aşkar Ankaranı təhdid etməkdədir. Türkiyənin müdafiə naziri Fikri İşığın təbirincə desək, bu qruplaşma özünü "şıltaq məhəllə uşağı" kimi aparırdı (bax: Fikri Işık'tan Cerablus açıklaması: PYD ve DAEŞ akıllı olurlarsa çatışmadan çekilir giderler / "Habertürk‎", 25 avqust 2016).

Bunlara rəğmən, Türkiyənin Suriya ərazisinə hərbi qüvvə göndərməsinin mümkün nəticələri barədə birmənalı proqnoz vermək çətindir. Çünki burada fəaliyyət göstərən xarici güclər Ankaranı da oda atmaqda maraqlıdırlar. Bu məqsədlə müxtəlif təxribatlar törədilə bilər. Türk əsgərinin buradan çıxmaması üçün müəyyən dairələr planlar hazırlayarlar. Bütövlükdə yaranmış situasiyanın mürəkkəbliyindən istifadə edərək Türkiyəni üzücü müharibəyə sürükləməyə çalışarlar.

Təbii ki, bu ssenariləri istisna etmək olmaz. Ancaq yenə də Türkiyə bu addımı atmağa məcbur idi. Ankara üçün məsələ strateji-geosiyasi əhəmiyyət kəsb edir. Çox güman ki, Türkiyə qarşısına qoyduğu problemləri həll etdikdən sonra bölgəni tərk edəcək. Ancaq türk əsgəri artıq növbəti qəhrəmanlıq dastanı yazdı. 8 saat müddətində Cerablusun azad edilməsinə nail oldu və PYD-ni xəbərdar etdi. Böyük dövlətlərin də onu anlaması göstərir ki, Ankaranın qarşısına ciddi maneə çıxmaya bilər. Onun iki cəbhədə – PKK və İŞİD istiqamətində savaş aparmaq iqtidarında olduğuna ekspertlər əmindirlər. Əslində, Cerablus əməliyyatı bir daha göstərdi ki, Türkiyə güclü hərbi sistemə malikdir.

Newtimes.az

 





27.08.2016    çap et  çap et