525.Az

İmperiyalar və onların süquta sürüklənməsi


 

İmperiyalar və onların süquta sürüklənməsi <b style="color:red"></b>

(Əvvəli ötən şənbə sayımızda)

Rusiya çarı I Nikolayın 1917-ci ildə taxt-tacdan əl çəkməyə məcbur edilməsi əsrlərlə davam edən imperiyanın sonu demək idi.

Təbiətcə utancaq və fikrini asanlıqla dəyişən olan Nikolay erkən yaşlarında Rusiyada avtoritar hökmdar rolunu oynamağa girişdi. Onun irticaçı münasibəti daxili və xarici siyasət işlərinin icrasında ümumi səriştəsizliyi ilə birləşməklə, xalq arasında ondan narazılığın yaranmasına səbəb olmuşdu.

II Nikolay 1868-ci ildə Tsarskoye Seloda, Sankt-Peterburq yaxınlığındakı çara məxsus olan yay saraylarının birində anadan olmuşdu. 1881-ci ildə III Aleksandr kimi çar olan Tsareviçin və onun arvadı Mariya Fyodorovnanın (danımarkalı Daqmarın) oğlu idi. 1894-cü ildə ölən atasını taxt-tacda əvəz etmişdi.

Nikolay nə təcrübəsinə, nə də xarakterinə görə mürəkkəb işlərə yaramırdı, bu işlər isə geniş imperiyanın bir avtoritar hökmdarı kimi onu gözləyirdi. O, müəllimindən hərbi təhsil almışdı, onun zövqü və marağı isə gənc Rusiya qvardiya zabitinə məxsus olan qaydada idi. Rəsmi işlərdə özünü xəstə kimi hiss edirdi. Təbəələri ilə ünsiyyətdən qaçırdı, əsasən öz ailə dairəsindəki özəl həyata üstünlük verirdi.

Arvadı Aleksandraya ehtirasla vurulmuşdu. Bu qadın isə öz ərində olmayan möhkəm xarakterə malik idi və Nikolay özünü bütünlüklə ondan asılı hesab edirdi. Arvadının təsiri altında Qriqori Rasputin kimi şarlatanın məsləhətlərinə ehtiyac duyurdu. Nikolay həm də digər məsuliyyətsiz favoritlərə malik idi, onlar isə çarı təhrif olunmuş məlumatlarla təmin edirdilər. Onu istənilən vaxt aldada bilirdilər, öz nazirlərinə isə o, inanmırdı, çünki onlar intellektual səviyyədə ondan yuxarıda idilər.

O, öz hökumətinə mütəşəkkil qaydada işləməyə imkan vermirdi, onun birgə fəaliyyətini əslində heçə endirməyə çalışırdı. O, hökumətə tapşırıqlar vermək əvəzinə, nazirləri ayrı-ayrılıqda qəbul edir, hökuməti aramla işləməyə qoymurdu.

Avtoritar hakimiyyətin rolu barədə baxışı da sadəcə uşaq təsəvvüründən uzağa getmirdi. O, güman edirdi ki, hakimiyyəti Allahdan almışdır və yalnız onun qarşısında cavabdehdir. Vətən və xalq qarşısında məsuliyyət daşımaq məsələsi isə onu düşündürmürdü. Özünün əksinə hərəkət edərək, təbiətcə iradəsizliyini pozaraq qitədəki mürəkkəb mübarizə sahəsinə öz istəyindən asılı olmayaraq daxil olmalı idi. Ağıl və iradə döyüşündə isə o, başqalarına məxsus olan silahdan əsasən məhrum idi.

1905-ci ildə o, alman imperatoru II Vilhelmlə ittifaq bağladı, baxmayaraq ki, Rusiya Almaniyanın ənənəvi düşməni olan Fransa ilə artıq müttəfiq idi.

O, ilk Rusiya hökmdarı idi ki, Asiyaya tam şəxsi maraq göstərmişdi. Tsareviç kimi 1891-ci ildə Hindistana, Çinə və Yaponiyaya səfər etmişdi. Onun Koreyada Rusiyanın təsirini möhkəmləndirmək cəhdi, oranı özünün dayaq nöqtəsi hesab edən Yaponiyanı narazı salmaya bilməzdi və bu, müəyyən dərəcədə rus-yapon müharibəsi (1904-1905-ci illər) üçün səbəb rolunu oynadı. Məğlubiyyət Rusiyanı böyük Avrasiya dövlətinə çevirmək barədəki onun arzularını alt-üst etdi. Bu qeyri-real arzular isə çox böyük idi. O, Çini, Tibeti, Persiyanı öz nəzarəti altına almağı düşünürdü.

O, yaxşı siyasətçi kimi tanınan baş nazirlərin məsləhətlərinə məhəl qoymurdu. P.A.Stolıpin Rasputinin neqativ təsiri barədə danışmağa cəsarət etdiyinə görə hökmlü imperatriçənin xoşuna gəlmirdi. İmperator da ona inanmırdı və intriqalar vasitəsilə onun nüfuzunun laxladılmasına imkan verirdi.

Uzaq Şərq barədəki ambitsiyaları yaponlar tərəfindən məhv edildikdən sonra Rusiya öz diqqətini Balkanlara tərəf çevirdi. Nikolay slavyanların milli ruhda canlanmalarına rəğbətlə yanaşırdı və Türkiyə boğazlarına nəzarəti ələ keçirmək istəyirdi. I Dünya müharibəsi başlananda monarxiya güclənmişdi. Lakin idarə edən qrupla ictimai rəy arasındakı uçurum genişlənməkdə davam edirdi. 1915-ci ildə çar arvadının təhriki ilə öz əmisi oğlunu baş komandanlıqdan azad edib, özü onun yerini tutdu. Lakin o, müharibə aparmaq təcrübəsinə malik deyildi.

8 mart 1917-ci ildə Petroqradda qiyam baş qaldırdıqda, Nikolay qoşunları şəhərə göndərdi ki, qayda bərpa olunsun. Hökumət istefa verdi, ordunun dəstəklədiyi Duma imperatoru taxt-tacdan əl çəkməyə çağırdı. Nikolay qardaşı Mixailin xeyrinə taxt-tacdan getdi, Mixail isə bundan imtina etdi. Taxt-tacdan devrildikdən sonra II Nikolayı öz xalası oğlu Corc dəvət etdi ki,  ailəsi ilə birlikdə Böyük Britaniyada yaşasın, ailəsindəki problemlərə, xüsusən oğlunun səhhətinə görə bu səfər baş tutmadı.

1918-ci ilin aprelində keçmiş çar, ailəsi ilə birlikdə Yekaterinburqa götürüldü və iyulun 16-dan 17-nə keçən gecə çar, arvadı və beş övladı yaşadıqları evin zirzəmisində öldürüldülər.

İngiltərə kralı V Corc 1865-ci ildə anadan olmuşdu, sonralar VII Eduard kimi kral olmuş prints Albert Eduardın ikinci oğlu idi. Öz böyük qardaşı prints Albert Viktorun 1892-ci ildəki ölümünə qədər o, hərbi-dəniz donanmasında xidmət etmişdi. O, xüsusi məşq etməli idi, çünki artıq taxt-taca varis olmuşdu. O, öz mərhum qardaşının nişanlısı olan printsessa Mariya Tekliyə evlənmişdi.

Atası 1901-ci ildə taxt-taca çıxdıqdan sonra o, Uels prinsi olmuşdu. 1901-ci və 1908-ci illərdə Avstraliyaya, Afrikaya və Kanadaya, 1905-ci 1906-cı illərdə isə Hindistana səfər etmişdi. O, 1910-cu ilin martında vəfat edən atasının yerini tutmuşdu.

Yeni kral hökmranlığının erkən dövründə qorxulu təhlükələrlə üzləşməli olmuşdu. 1909-cu ildə baş nazir Devid Lloyd Corcun liberal hökumətinin büdcəsi Lordlar Palatası tərəfindən qəbul edilmədikdə, İcmalar Palatası yuxarı palatanın səlahiyyətlərini məhdudlaşdırmağa cəhd etmiş, parlamentdə konstitusional mübarizə başlanmışdı. Corc öz krallığı dövründə baş nazir olmuş H.H.Askvitə göstəriş verdi ki, mübahisəyə son qoymaq üçün müxalifətlə anlaşma yollarını arasın. Bir qədər sonra isə hökumət İrlandiyanı idarə etmək barədə bəzi təkliflər irəli sürdü, bu da ciddi toqquşmalara səbəb oldu. Kral siyasi liderləri öz sarayında konfransa topladı, lakin I Dünya müharibəsinin başlanması ilə onun nəticəsi heç nəyə çevrildi. Müharibə ərzində isə kral Corcun hörməti xeyli artdı və o, bir neçə dəfə Fransadakı cəbhələrdə oldu.

I Dünya müharibəsindən sonra kral bir neçə ciddi sənaye buntları ilə qarşılaşdı və yeni baş nazir axtarmağa məcbur oldu. Kral Stenli Bolduini seçdi. 1928-ci ilin sonunda kral Corc ciddi xəstə idi və hökmranlığının sonrakı illərində öz sağlamlığına xüsusi qayğı göstərməli oldu. 1931-ci ildə funt sterlinqin kəskin devalvasiyası və nəticədə əmələ gələn maliyyə böhranı Leyborist Partiyasını parçaladı. O, partiyaları koalisiya hökumətini yaratmağa inandıra bildi. 1935-ci ilin mayında Corcun krallığının gümüş yubileyində xalq ona hüsn-rəğbətini və valeh olduğunu ifadə etdi.

Atasından fərqli olaraq, kral Corc azacıq sosial maraqlara malik idi. Onun özəl dostluğu erkən illərdəki köhnə dənizçi yoldaşları ilə qapanıb qalırdı. Onun zövqü ölkə centlemeninin zövqü idi, o, ovçuluğu çox sevirdi və dövrünün sərrast ovçularından biri hesab olunurdu.

Kral Corcun beş oğlu var idi, onlardan biri kral VIII Eduard və digər kral VI Corc idi. Kiçik oğlu prints Con gənc yaşında ölmüşdü. Qızı Mariya isə saray printsessası olmaqla, 6-cı qraf Heyavuda ərə getmişdi.

13. Qohum imperatorlar düşmənlərə çevrildilər

I Dünya müharibəsi əvvəlki müharibələrdən fərqli olaraq yaxın qohum olan üç imperatorun bir-birilə vuruşması, qohumluğu unudub, imperiyanın möhkəmlənməsi naminə bir-birinə düşmən olması ilə əlamətdar oldu. Britaniya kralı V Corc, Rusiya çarı II Nikolay və Almaniya kayzeri II Vilhelm təkcə qohum deyildilər, hətta Britaniya hökmdarı ilə Rusiya çarı bir-birinə həddən çox oxşayırdılar. Onlar öz dövlətlərinə mənsub olan uniformanı geyinməsəydilər və fərqlənmə nişanlarını taxmasaydılar, bu iki doğma xalaoğlunu hətta dəyişik salmaq olardı.

Lakin onları fərqləndirən cəhətlər daha çox idi, bu da əsasən onların xarakterlərinin xüsusiyyətləri və öz ali vəzifələrinə bəslədikləri münasibət idi. Bu məsələdə onlar tam müxtəlif adamlar idilər və başçılıq etdikləri dövlət quruluşlarına onlar öz xarakterlərindən irəli gələn damğaları vurmuşdular.

Bu imperatorların qohumluq əlaqələri iki kral ailəsindən qaynaqlanırdı. Onlardan ikisinin - II Vilhelmin və V Corcun, birincisinin anasına görə, ikncisinin isə atasına görə nənəsi məşhur Britaniya kraliçası Viktoriya idi. Onun övladları və nəvələri Avropanın çox monarxları ilə qohum olduğuna görə ona “Avropanın nənəsi” deyirdilər. Danimarka kralı IX Kristian da qızlarına monarxlara verdiyinə görə, onu “Avropanın babası” adlandırırdılar.

Viktoriya 1837-ci ildə Britaniya taxt-tacına yüksəlmiş, yalnız 1901-ci ildə ölümü ilə monarxlıqdan getməklə 64 il ərzində imperiyanı idarə etmişdi. Hazırkı kraliça II Elizabet də onun taxt-tacdakı rekordunu təzələmək üzrədir. Viktoriya Britaniya taxt-tacına yalnız şəraitin diktəsi ilə düşmüşdü, bu şəraitlər olmasaydı, onun kraliça olmağa heç bir şansı yox idi. Bu şansın necə meydana çıxmasını izah etmək üçün isə xeyli əvvələ qayıtmaq lazım gəlir.

İngilis yazıçısı Uilyam Tekkereyin yazdığı kimi: “Bizim taxt-tacdakı Hannover monarxları sülaləsinə görə biz britaniyalılar I Hannover kurfyurstu Ernst Avqustun bağladığı uğurlu nikaha borcluyuq. Ondan 9 il sonra Karl Styuartın (1649-cu ildə edam edilən ingilis kralı - müəllif) boynu vuruldu, onun qohumu olan qız, digər devrilmiş monarxın, bədbəxt Pfalts Kurfyurstunun çoxsaylı bostanından olan Sofiya Ernst Avqustun arvadı oldu və ona kasıblığına görə öz ölümünə qədər bütün üç Britaniya taxt-tacına varis olmaq hüququnu cehiz kimi gətirdi”. 1714-cü ildə ölən kraliça Anna Karlın (1600-1649-cu illər) nəvəsi, kral II Ceymsin (1633-1701-ci illər) qızı idi.

Ernst Avqust 1698-ci ildə öldü. Kral I Karlın qız qohumu olan Sofiya kraliça Annanın ölümündan iki ay əvvələ qədər yaşamadı və taxt-taca onun oğlu Georq Lyudoviq (1660-1734-cü illər)- I Georq (və ya ingiliscə adlanan I Corc - müəllif) tutdu. Onun arvadı alman qızı idi.

Britaniya kralı II Corc da ənənəyə müvafiq olaraq alman qızı Karolina Brandenburq Anebaxskaya evləndi. Corc ingilis dilini bilmirdi, ümumiyyətlə, Londonda deyil, onun ürəyinə yatan Hannoverdə yaşamağa üstünlük verirdi. O, kraliça Viktoriyanın dədə-babası oldu. Bir ingilis tarixçisinin sərrast qaydada dediyi kimi, tarixdə heç vaxt ingilislərin monarxları ingilis olmamışdı. Bircə Oliver Kromvel sırf ingilis idi, o isə kral I Karlı edam edən inqilabdan sonra monarx yox, ölkəni idarə edən kimi lord-protektor tituluna yiyələnmişdi. İngiltərə taxt-tacında isə danimarkalılar, normandlar, holland, şotland, nəhayət, XVIII əsrin əvvəllərindən başlayaraq Hannover sülaləsindən olan almanlar olmuşlar. Yalnız I Dünya müharibəsinin gedişində, 1916-cı ildə almanlarla vuruşan ingilislərin düşmən almanlara nifrətini nəzərə alaraq sülalənin əvvəlki adı dəyişdirilib, yaşadıqları qəsrlərdən birinin və həmin mahalın adı olan Vindzor sülaləsi adını qəbul etmişdi.

(Ardı var)

 





29.08.2016    çap et  çap et