525.Az

“Azərbaycan dilinin tarixi qrammatikası” dilçilik elmimizə yeni töhfə kimi


 

“Azərbaycan dilinin tarixi qrammatikası” dilçilik elmimizə yeni töhfə kimi<b style="color:red"></b>

Roza EYVAZOVA
filologiya elmləri doktoru,

Bəhram CƏFƏROĞLU
ADPU-nun elmi işçisi

Azərbaycan dilçiliyinin digər sahələri kimi dil tarixinin öyrənilməsi də hər zaman dilçi alimlərimizin diqqət mərkəzində olmuşdur. Azərbaycan dilinin tarixi qrammatikasına aid sanballı elmi əsərlər yazılmışdır.

 Bəkir Çobanzadədən başlayan elmi axtarışlar, yeni nəsil dilçi alimlər – Əbdüləzəl Dəmirçizadə, Hadı Mirzəzadə, Samət Əlizadə, Tofiq Hacıyev, Kamil Vəli, Qəzənfər Kazımov, Nizami Xudiyev, Firudin Cəlilov, Nizami Cəfərov, Əzizxan Tanrıverdi tərəfindən davam etdirildi. Adları çəkilən dilçi alimlərimiz Azərbaycan dili tarxinin ayrı-ayrı dövrlərini tədqiq etmişlər.

Bu alimlərdən yalnız professor H.Mirzəzadə və professor Əzizxan Tanrıverdi “Azərbaycan dilinin tarixi qrammatikası” adlı dərslik yazmağa müvəffəq olmuşdur. Elmi yaradıcılığını bütünlüklə Azərbaycan dilinin tarixi qrammatikasının öyrənilməsinə həsr edən professor Hadi Mirzəzadə dilimizin morfoloji quruluşuna dair tədqiqatlarını ümumiləşdirərək 1962-ci ildə “Azərbaycan dilinin tarixi morfologiyası” adlı dərslik nəşr etdirmişdir. Ötən əsrin 60-cı illərinin elmi-pedaqoji səviyyəsində hazırlanan bu dərslikdə “Zərf” və “Modal sözlər” kimi nitq hissələri verilməmişdir. Hadi Mirzəzadənin vaxtsız ölümü ona morfologiya dərsliyini təkmilləşdirməyə, sintaksisə aid tədqiqatlarını dərslik halında çap etdirməyə imkan vermədi. Tədqiqatçı alimin sintaksisə aid yazdığı zəngin elmi materiallar 1968-ci ildə, dünyasını dəyişdikdən sonra nəşr edildi.

1990-cı ildə isə professor T.Hacıyev və professor Hadi Mirzəzadənin qızı Çimnaz Mirzəzadə mərhum professor Hadi Mirzəzadənin Azərbaycan dilinin tarixi qammatikası” dərsliyini bəzi dəyişikliklərlə yenidən nəşr etdirdilər.

Ötən dövr ərzində görkəmli dilçi alimlərimizin bu sahəyə aid müxtəlif elmi araşdırmalar aparmasına baxmayaraq, “Azərbaycan dilinin tarixi qrammatikası” adlı fundamental əsər yazılmamışdır. Nəhayət 2010-cu ildə professor Əzizxan Tanrıverdinin türkologiyanın son nailiyyətlərinə istinadən yazdığı “Azərbaycan dilinin tarixi qrammatikası” adlı əsəri işıq üzü gördü. Təbii ki, professor Hadi Mirzəzadədən sonra belə bir əsərin nəşr olunması həm elmi cəsarət, həm də tutarlı elmi səbəblər tələb edir.

Azərbaycan dilinin tarixinə dair fundamental əsərin yazılmasını zəruri edən amillərdən biri zaman amilidir. Bəllidir ki, H.Mirzəzadənin yazdığı “Tarixi qrammatika” əsərinin nəşrindən 20 ildən artıq vaxt keçmişdir. Bu müddət ərzində aparılan yeni tədqiqatlar, dil tariximizdə üzə çıxarılan elmi faktlar, qeyd olunan dərslikdə əks olunmamışdır. Bununla yanaşı, H. Mirzəzadənin“Azərbaycan dilinin tarixi qrammatikası” əsərində kəsr sayılan, miqdar saylarının etimologiyası, felin inkarlıq, təsirli, təsirsizlik, növ kateqoriyaları, feli birləşmələr haqqında məlumat yoxdur. Əlbəttə, H.Mirzəzadənin dərsliyinin müsbət cəhətlərini, tutarlı elmi faktlarla zəngin olmasını da unutmaq olmaz. Təqdirəlayiq haldır ki, Ə.Tanrıverdi yeni dərsliyində yeri gəldikcə H.Mirzəzadənin fikirlərinə də istinad edir, müəyyən elmi məsələlərdə sələfi ilə razılaşır. Bununla bərabər, Əzizxan Tanrıverdi Hadi Mirzəzadəni təkrar etmir yeni bir elmi istiqamət götürərək tarixi dil faktları ilə zəngin, bütün türk xalqlarının ortaq dil elementlərini özündə birləşdirən, orta əsrlərdən türkcəmizdə mövcud olan, lakin bir çox alimlər tərəfindən sezilməyən tarixi normaları göstərərək unikal bir dərslik yaratmağa nail olur. Yeni dərsliyin unikallığı özünü bir neçə aspektdən göstərir. Öncə qeyd etmək lazımdır ki, dərslikdə verilmiş istinad mənbələri olduqca mötəbər mənbələrdir. Əsərin ilk bölmələrində “Orxon-Yenisey”dən başlayan elmi faktlar Mahmud Kaşğarinin “Divani-luğat it-türk”, “Kitabi-Dədə Qorqud” xətti ilə davam etdirilərək XIV əsrə qədərki mənbələri əhatə edir. Bu isə öz növbəsində imkan verir ki, bütün türkdilli xalqların nümayəndələri, alimləri, müəllim və tələbələri bu əsərdən istifadə etsinlər. Digər tərəfdən, professor Ə. Tanrıverdi adıçəkilən abidələrdən seçilən nümunələrə də xüsusi həssaslıqla yanaşmışdır. Müəllif, Mahmud Kaşğarinin “Divan”ında, “Dədə Qorqud”da olduğu kimi oxucunu yormayan, əksinə, oxucuda bədii-estetik cəhətdən zövq yaradan nümunələrə yer verir. Məsələn, düzəltmə sifətlərə aid “Dədə Qorqud” abidəsindən “...Təxt vergil, ərdəmlidir!.. Binər olsun, hünərlidir” və yaxud süd qardaşı-əmikdaş, qıpqızıl kimi elementlərin müəyyənləşdirilib dərsliyə salınması əsərin dəyərini daha da artırır.

Müəllifin elmi faktları ifadə etmək tərzi olduqca aydın, səlis və tələbənin anlaya biləcəyi bir dildədir. Dərslikdəki elmi faktların zənginliyi, müasir dir normaları ilə vəhdətdə təqdimi, onun geniş oxucu kütləsi üçün nəzərdə tutulmasından xəbər verir. Belə bir dərsliyin araya-ərsəyə gəlməsi zəngin, çoxillik elmi axtarış və elmi-pedaqoji təcrübənin məhsuludur. Təsadüfi deyildir ki, müəllif bu dərsliyə qədər “Kitabi-Dədə Qorqud”da şəxs adları” (1999), “Kitabi-Dədə Qorqud və qərb ləhcəsi” (2002), “Kitabi-Dədə Qorqud”un obrazlı dili” (2006), “Kitabi-Dədə Qorqud”un söz dünyası” (2007), “Dədə Qorqud” kitabının dil möcuzəsi” (2008) kimi irihəcmli monoqrafiyalarını nəşr etdirmişdir.

“Azərbaycan dilinin tarixi qrammatikası” əsərinin bir bölməsi “Kitabi-Dədə Qorqud” dastanına həsr olunub. “Kitabi-Dədə Qorqud” dastanı professor Ə.Tanrıverdinin üzərində uzun illər tədqiqat apardığı tarixi mənbələrdəndir ki, bu da öz növbəsində onun abidənin dilinə daha dərindən bələd olmasını sübut edir. Abidəni tarixi dil faktları baxımından tədqiq edən müəllif “Kitabi-Dədə Qorqudun” fonetik, leksik, morfoloji, sintaktik xüsusiyyətləri adlanan bölmələrdə bir sıra maraqlı dil faktlarını təhlil etmişdir.

Əsərin “Dialekt və şivələr” adlı bölməsi də öz orijinallığı ilə seçilir. Bölmədə yazılı abidələrimizlə şivələrimiz müqayisəli şəkildə tədqiq olunmuşdur.

“Azərbaycan dilinin tarixi qrammatikası” əsərinin bir bölməsi “Qohum və qohum olmayan dillərə həsr olunmuşdur. Əsərdə qohum olan dillərin-türk dillərinin tarixi inkişaf qanunauyğunluqları izlənilməklə yanaşı, əski abidələrin dilində işlənmiş türk kökənli sözlərin türk dillərindəki yayılma arealları da göstərilmişdir. Ə.Tanrıverdi həmçinin müəyyənləşdirmişdir ki, müasir Azərbaycan dilində şivə səviyyəsində işlənən bir sıra arxaizmlər Türkiyə türkcəsində ədəbi dil vahidi kimi səciyyəvidir.

Əsərin bir bölməsi tarixi faktlarla zəngin bir mənbə kimi XVI əsr qıpçaq (poloves) dilinə həsr olunmuşdur. Müəllif Azərbaycan dilçiliyində ilk dəfə olaraq XVI əsr qıpçaq (poloves) dilinin leksik və qrammatik xüsusiyyətlərini izah etmişdir.

Əsərin digər bölməsi Azərbaycan yazılı və şifahi ədəbiyyatının tarixi-linqvistik aspektdə araşdırılmasına həsr olunmuşdur. Bu bölmədə şifahi və yazılı abidələrin dil tarixinin öyrənilməsində xüsusi rola malik olduğu qeyd edilir, “Kitabi-Dədə Qorqud” eposu, Xətai, Fədai, Füzuli və s. bu kimi onlarla klassiklərimizin dil-üslub xüsusiyyətlərinin müasir Azərbaycan dili ilə müqayisəli şəkildə tədqiq olunmasının vacibliyi qeyd olunur.

“Azərbaycan dilinin tarixi qrammatikası” əsərinin əsas bölmələrindən biri tarixi fonetika adlanır. Müəllif burada dilimizin fonetik sistemində saitlərin və samitlərin, eləcə də fonetik qanun və hadisələrin səciyyəvi cəhətlərini tarixi-linqvistik müstəvidə tədqiqata cəlb etmişdir. Bu bölmədə türk xalqlarının tarixən istifadə etdiyi bir sıra əlifbaların olduğu qeyd olunur, daha çox VII əsrdən 1929-cu ilə kimi istifadə etdyimiz ərəb qrafikalı Azərbaycan əlifbasına, onun qədim dövr yazılı abidələrimizin oxunmasında yaratdığı çətinliklərə nəzər salınır. Müəllif, tarixi fonetika bölməsində sait səsləri tədqiq edərək göstərmişdir ki, Azərbaycan yazılı abidələrində doqquz sait səs müşahidə edilir. Həmin sait səslər bu gün də öz varlığını qoruyub saxlamışdır.

Əsərin tarixi fonetika adlanan bölməsində fonetik hadisə və qanunlar da diqqətdən kənar qalmır. Abidələrimizdə ahəng qanunundan danışan professor Ə.Tanrıverdi tarixi mətnlərdə qalın və ya incə saitlərin assonansı ilə yaradılan poetikliyə də diqqət yetirir. Müəllifin fikrincə, “Dədə Qorqud” dastanında saitlərlə samitlərin ahənginin bir cümlə daxilində təzahürünə rast gəlmək olar. Dastanda işlənən “Gəldi geyəsini geydi [evinə getdi]” cümləsinin poetik səslənməsi dilönü məxrəcli ə,i,e saitlərinin assonansı ilə dilönü məxrəclə “g” samitinin alliterasiyasının (gəl, gey, get) qovuşuq şəkildə olması ilə bağlıdır.

Tarixi abidələrdə ahəng qanununu əsaslı şəkildə tədqiq edən müəllif, belə bir nəticəyə gəlir ki, bir sıra alınma sözlər hazırda dilimizin fonetik sisteminə uyğunlaşmış vəziyyətdədir; yazılı abidələrimizdəki qalınlaşma hadisəsi şivələrimizdə mühafizə olunur və bu cür sözlər şivə səviyyəsində işlənsə də, dilmizin zənginliyini təsdiqləyən detallardır.

Professor Ə.Tanrıverdi Azərbaycan dilinin tarixi morfoloji sistemini, nitq hissələrinin daxili quruluşunu, əsas və köməkçi nitq hissələrinin oxşar və fərqli cəhətlərini tarixi-linqvistik müstəvidə araşdırmışdır. Əsərdə diqqət çəkən məqamlardan biri də budur ki, müəllif tarixi morfologiya ilə məşğul olmuş bir çox dilçi alimlərin elmi fikirlərinə yaradıcı yanaşmış, təkrarçılığa yol verməmiş, bəzi qrammatik məsələlərə tamamilə fərqli mövqedən yanaşmışdır.

Professor Əzizxan Tanrıverdi sifət nitq hissəsinin Azərbaycan yazılı abidələrinin işlənmə imkanlarını da nəzərdən keçirmişdir. Müəllifin fikrincə, sifət nitq hissəsinin səciyyəvi xüsusiyyətləri isim və zərf nitq hissələri konteksində daha aydın hiss olunur. Sifətin zərf və isim nitq hissələri ilə oxşar və fərqli cəhətlərini qeyd edən müəllif türk mənşəli sifətləri Müasir Azərbaycan dili, Orxon-Yenisey abidələri, M.Kaşğarinin “Divani-lüğət-it türk” əsəri, “Kitabi-Dədə Qorqud” müstəvisində nəzərdən keçirir. professor Ə.Tanrıverdi bir çox dilçi alimlərin mürəkkəb sifət kimi qəbul etdiyi sözlərə fərqli prizmadan yanaşır. O yazır: “H.Mirzəzadəyə görə, on səkkiz arşunlu cida” eləcə də “Qazan Xanın qarıcıq olmuş” vahidləri mürəkkəb sifətdir. Fikrimizcə, birinci nümunə birinci növ təyini söz birləşməsidir. İkinci nümunənin isə “feli sifət tərkibinin əmələ gətirdiyi mürəkkəb sifət kimi” götürülməsi qeyri dəqiqdir. Birincisi, bu nümunədə feli sifət tərkibi deyil, feli sifət işlənmişdir(qarıcıq olmuş) ikincisi, həmin nümunə üçüncü növ təyini söz birləşməsi modelindədir: Qazan Xanın qarıcıq olmuş anası, üçüncüsü müəllifin feli sifət tərkibi hesab etdiyi, əslində isə feli sifət olan “qarıcıq olmuş” sözü birləşmənin ikinci tərəfindəki sözü izah edir: Qazan xanın anası – Qazan xanın qarıcıq olmuş anası. Deməli, H.Mirzəzadənin təqdim etdiyi nümunələrin heç biri mürəkkəb sifət deyil”.

Əsərdə müəllifin sifət nitq hissəsinin dərəcəsi ilə bağlı fərqli mövqeyi verilmişdir. “Müasir ədəbi dilimizdə işlənən dümağ, tünd yaşıl, zil qara kimi sifətlər çoxaltma dərəcəsindədir. H.Mirzəzadəyə görə, düm və tünd kimi sözlər XIX əsrə qədərki, yazılı abidələrin dilində “hələlik” nəzərə çarpmır. Qeyd edək ki, müasir ədəbi dilimizdəki “düm” morfemi M.Kaşğarinin “Divanında “tüm” şəklindədir: tüm kara at – zil qara at. Deməli, sifətin çoxaltma dərəcəsinin yaranmasında iştirak edən düm və tünd sözlərini yalnız müasir ədəbi dil baxımından izah etmək düzgün deyil”.

“Azərbaycan dilinin tarixi qrammatikası” əsərində say nitq hissəsi də tədqiqatdan kənar qalmamışdır. Əsərdə əvəzliklər, xüsusilə şəxs əvəzlikləri haqqında maraqlı məlumatlara rast gəlmək mümkündür. “Mən əvəzliyi. Protürkdəki arxetipi ilkin mərhələdə ba/be, sonrakı mərhələdə isə ban/ben hesab olunur. Qədim türk və Azərbaycan yazılı abidələrində mən/bən şəklindədir. Daha dəqiqi, Orxon-Yenisey abidələrində 28 dəfə mən, 48 dəfə bən, M.Kaşğarinin “Divan”ında 105 dəfə mən, 3 dəfə bən, “Kitab”da 403 dəfə mən, 54 dəfə bən şəklində işlənmə müəyyənləşdirilmişdir... Biz əvəzliyi Arxetipi “bi” hesab olunur, – z isə cəmlik bildirən elementdir (bi+z=biz). Sən əvəzliyi. Arxetipi sa/se-dir. Siz əvəzliyi. Arxetipi “si-dir. z isə cəmlik əlamətidir. Ol əvəzliyi. Arxetipi qo/o; qol/ol vahidləridir”. Beləliklə, şəxs əvəzliklərinin ilkin işlənmə məqamlarına aydınlıq gətirən müəllif bu əvəzliklərin abidələrimizin dilində tarixi inkişaf xəttini müəyyənləşdirmişdir. Professor Ə.Tanrıverdi felləri araşdırarkən belə bir qənaətə gəlmişdir ki, XVIII əsrə qədərki Azərbaycan yazılı abidələrində rast gəlinən fellərin əksəriyyəti müasir ədəbi dilimizdə eynilə və ya müəyyən fonetik dəyişmələrlə işlənir. Müəllifin tarixi fellər haqqında irəli sürdüyü elmi mülahizələr sırasında fel nitq hissəsinin inkarlıq kateqoriyası barəsində söylədiyi faktlar daha maraqlıdır: – ma2 inkar şəkilçisinin arxetipi “ba” hissəciyidir. Bu fikir elmi əsərlərdə qeyd olunsa da dərsliklərə yol tapmamışdır.

Əsərdə zərf nitq hissəsi də diqqət mərkəzində saxlanılmış ədəbi dilimizdə işlənən bir neçə zərfin etimoloji izahına diqqət yetirilmişdir. Daha dəqiq desək, müəllif aşağa (aşağı) və indi (indi) zərflərinə fərqli yanaşır. Onun fikrincə, aşağa zərfi, qədim türk dilində aş felinə – ak/aq şəkilçisinin qoşulması ilə aşağı hissə, düzənlik və digər anlamlı aşak/aşaq ismi yaranıb.Həmin isim yönlük hal şəkilçisini qəbul etdikdə aşaka-aşaqa-aşağa formasına düşür. Yəni aş+aq+a modeli reallaşır. Qeydlər təsdiqləyir ki, aş (fel)+aq (isim düzəldən şəkilçi)+a aşağa sözü şivələrimizdə eynilə mühafizə olunur. Deməli, qədim türk dilindəki “aşağa” sözü müasir ədəbi dilimizdə “aşağı” (a>ı əvəzlənməsi ilə) şəklində sabitləşmişdir.

“Azərbaycan dilinin tarixi qrammatikası” əsərinin bir bölməsi də Azərbaycan dilinin sintaktik quruluşunun tarixi-linqvistik müstəvidə tədqiqinə həsr olunmuşdur. Öz orijinallığı ilə seçilən bu bölmədə müəllif, tarixi abidələrimizin dilində sintaktik vahidlərin işlənmə arealını dəqiqliklə müəyyən edir, mübahisə doğuran faktlara həssaslıqla yanaşır. Məsələn, tarixi abidələrdə işlənən mübtəda cümlə üzvünün ifadə vasitələri haqqında danışan müəllif, H.Mirzəzadənin “...Dədə Qorqud dastanlarının dilində elə cümlələr də verilir ki, orada mübtəda iştirak etmir” fikri ilə razılaşmır. O, H.Mirzəzadə tərəfindən təqdim olunmuş “Atından yerə endi. Arı sudan abdəst aldı” və s. cümlənin düzgün təqdim olunmadığını göstərir və qeyd edir ki, bu cümlələr “Atından endi, arı sudan abdəst aldı” şəklində olmalıdır. Bundan başqa, bu cümlələr “Dədə Qorqud” dastanında “Qazan bəy gördü ki, kafər qatı yaqlandı” cümləsindən sonra işlənib. Deməli, buraxılan mübtədaların üçüncü şəxsdə işlənməsini həm də birinci cümlənin mübtədasına əsasən (Qazan bəy) müəyyənləşdirmək mümkündür.

Professor Ə.Tanrıverdi tabesiz mürəkkəb cümlələrdən danışarkən səbəb-nəticə və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələri bir-birindən fərqləndirmək üçün maraqlı bir üsul təqdim edir. Müəllif yazır: “Səbəb nəticə əlaqəli cümləni qarşılaşdırma əlaqəli cümlə formasına çevirdikdə semantika baxımından məntiqə uyğun olmayan cümlə yaranır: Qazanı küçicik ölüm tutdu, uyıdı – Qazanı küçicik ölüm tutdu, amma uyumadı. Deməli, səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr həm də bu müstəvidə öyrənilməlidir”.

 Artıq üç ildir ki, “Azərbaycan dilinin tarixi qrammatikası” əsəri bu sahə ilə məşğul olan alimlərin, tələbələrin, geniş oxucu kütləsinin ixtiyarındadır. İnanırıq ki, uzun illər bu əsər dilimizin tarixi inkişaf qanunauyğunluqlarını öyrənmək üçün tutarlı mənbələrdən biri olacaq.

 





07.03.2013    çap et  çap et