525.Az

Kövrək duyğuların tərənnümçüsü


 

Kövrək duyğuların tərənnümçüsü<b style="color:red"></b>

Radio dalğalarının yaydığı mahnılardan biri belə adlanır: “Mənə dəniz verin”.

Həzinliklə bərabər xoş ovqat bəxş edən şərqinin sözləri, sonradan bilmişəm ki, tanınmış şair Sabir Abdininmiş. Bir neçə ildir ki, yaxın yoldaşıq. Bir zaman Mərdəkandakı sanatoriyada daimi ünsiyyətimizin təməlini qoymuşuq. O vaxt həmkarımın çapa hazırladığı qələm məhsullarını mən də gözdən keçirib, axıcılıqla, oynaqlıq və məzmunla zəngin misraları xoşladım.

Bu yaxınlarda “Yazıçı” nəşriyyatına getmişdim. Direktor Şəmsi Vəfadar Sabir Abdinin təzəcə işıq üzü görmüş kitabını bağışlayıb dedi: “Bəlkə mətbuat səhifələrində öz təəssüratını bildirəsən?”. Beləliklə müəllifin “Adını sən seç” şeirlər kitabını yubanmadan oxudum və ləngimədən qeydlərimi qısa şəkildə də olsa oxuculara çatdırmaq qərarına gəldim. Bəri başdan bildirim, toplunun ön səhifələrində görkəmli professor, ədəbiyyatşünas alim, Respublika Dövlət Mükafatı laureatı Nizaməddin Şəmsizadənin “Bədii sözə ehtiram” sərlövhəli məqaləsi yer alıb. Yazıda diqqət çəkən belə cümlələrlə rastlaşdım: “Dünyada şairlik ixtisası yoxdur. Təhsilin sahəsinə görə hüquqşünas, aqronom, çilingər və s. peşələr var. İnsan ya şair doğulur, ya da yox, sadəcə nəzm qaydaları üzrə sözqoşan olur...”

Nüfuzlu hüquqşünas Sabir Abdin yüz on yarpaqdan ibarət misra düzümünü maraqlı başlıqlarla bölmələrə ayırıb. “Bir sən idin, bir də mən”, “Pəncərəmi döyən yağış”, “Bağlı qapılar”, “Ölüm və mən”. Mövzu rəngarəngliyi, məna dərinliyi, təsvir üsulları o qədər təsirləndirici oldu ki, bəzi bəndləri, beytləri, sətirləri seçib ayırdım. Onlardan bir neçəsini misal göstərmək istəyirəm.

İşğala məruz qalan, nankor qonşuların tapdalayıb xarabaxanaya çevirdiyi torpaqlarımızın taleyi Sabir müəllimi bərk düşündürür. Kövrək duyğuların tərənnümçüsü ürək ağrısı ilə yazır:

Bənövşənin xalı yox,
Göz açmağa halı yox;
Durnaların yolu yox,
Qarabağa yaz gəldi.

“Sizsiz, sizinlə”, “Sənə məktublarım”, “Qınamasın yurdum məni” - bu şeirlər Sabir Abdin qələminin vətənpərvər oxuculara töhfələridir.

Əbədiyaşar, unudulmaz Milli Qəhrəmanımız Mübariz İbrahimliyə həsr etdiyi şeir daha təsirlidir:

Böyük türk ellərində,
Doğma Azərbaycanın
Hər qarış torpağında,
Hər könüldə, ürəkdə,
Hər arzuda, diləkdə
Sənin evin, ocağın var,
Sənin isti bucağın var!

Odlar ölkəsinin gözəlliklərini söz rəssamı kimi nəzərimizdə canlandıran müəllif doğulduğu, boya-başa çatdığı dədə-baba məskənini, uşaqlıq çağlarını, həyatın enişli-yoxuşlu yollarında sabaha doğru inamla irəliləməyini yadda qalan lövhələrlə xatırladır.

Kitabda zövq oxşayan nəğmə mətnlərinə də yer verilib. İstedadlı bəstəkar Nazim Əzimlinin musiqisi ilə uyğunlaşan poeziya mətnləri də təqdirəlayiqdir.

Ümumiyyətlə, tanınmış şair Sabir Abdinin “Adını sən seç” toplusu onun ictimaiyyətlə növbəti, uğurlu görüşü sayılmalıdır.

 





29.08.2016    çap et  çap et